Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-144/2021 16.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1970-ci ildə Ağdaş rayonu, Şördəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Şördəhnə kəndində qeydiyyatda olan və yaşayan, barəsində 11 oktyabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdə ”COVİD-19” infeksiyasının yoluxması ilə bağlı verdiyi testin nəticəsi pozitiv olduqdan sonra 15 avqust 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə SMS gələrək 14 avqust 2021-ci il tarixdə ”COVİD-19” pandemiyasının yoxlanılması məqsədi ilə verdiyi testin nəticəsinin Pozitiv olması barədə məlumat verilmiş, bundan sonra yeni növ koronavirus ”COVİD-19” infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus ”COVİD-19” infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə ”COVİD-19” infeksiyasına yoluxduqdan sonra yaşayış yerini tərk etməməli olduğu halda, təcrid olunma qaydalarına əməl etməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 161 nömrəli qərarının 4.5.5 və 4- 1.2-ci bəndlərinin tələblərini pozaraq 21 avqust 2021-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı evdən yaşadıqları küçəyə getməklə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 20:05 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus ”COVİD-19” infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində 14 avqust 2021-ci il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsdə ”COVİD- 19” pandemiyasının yoxlanması məqsədi ilə analiz verdiyini, 15 avqust 2021-ci il tarixdə yaşadığı evdə olan zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə SMS gəldiyini və həmin SMS-i oxuyan zaman 14 avqust 2021-cil tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsdə ”COVİD-19” pandemiyasının yoxlanması məqsədi ilə verdiyi analizin nəticəsi “pozitiv” olduğunu bildiyini, həmin SMS-də ona “verdiyiniz testin nəticəsi Pozitivdir, xahiş olunur siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz, karantin rejmini pozduğunuz təqdirdə Azərbaycan Respublikası İXM-də və CM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” yazıldığını, həmçinin həmin gün Ağdaş RMX-da tanıdığı həkim Nüşabə Hacıyeva tərəfindən onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanıldığını və evi 14 gün ərzində tərk etməməyini bildirdiyini, evi tərk etdiyi halda məsuliyyətə cəlb olunmağı barədə ona xəbərdarlıq olunduğunu, 21 avqust 2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə olunan Karonavirus xəstələrinin vəziyyətinə dair reyd keçirilən zaman həmin gün saat 20:05 radələrində yaşadığı evin qarşısında küçəyə çıxıb iribuynuzlu heyvanlarını həyətində olan tövləyə küçədən gətirib salan zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və ona “sən karantin rejimi qaydalarına riayət etməmisən, buna görə sən cinayət məsuliyyəti daşıyırsan” dediklərini, həmin zaman polis əməkdaşları tərəfindən küçədə olduğu üçün videoçəkiliş aparıldığını və videoçəkiliş zamanı ona “nə üçün 14 gün müddətində evdə müalicə olunmalı olduğun halda evi tərk etmisən” dediklərini, həmin videoçəkiliş zamanı “iribuynuzlu heyvanlarımı tövləyə salmaq üçün küçəyə çıxmışdım” dediyini, həmin zaman polis əməkdaşı sonradan adını bildiyi Şahid1 ona “küçədən kənar şəxslər keçir onlarla yaxın təmasda ola bilərsiniz və həmin xəstəliyi yaya bilərsiniz” dediyini, bu barədə protokol tərtib olunduğunu, həmin protokol özü və iştirakçılar tərəfindən imzalandığını, həmçinin fotoşəkillərinin çəkildiyini, daha sonra yaşadığı evə keçməyini bildirdiklərini, yaşadığı evə keçdiyini, sonrada barəsində Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanması barədə məlumatlandırıldığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin İTB-də sahə rəisi vəzifəsində xidmət etdiyini, 21 avqust 2021-ci il tarixdə günorta radələrində Ağdaş RPŞ-nin İTB-nin sahə polis nəfərləri, polis baş serjantı Müşfiq Bilalov və polis serjantı Şahid3 ilə birlikdə Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində inzibati sahədə olduğunu, həmin gün saat təxminən 20:00 radələrində COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyatda olan Ağdaş rayonu, Şordəhnə kəndində yaşayan Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozduğunu aşkar etdiklərini, bundan sonra tərəfindən həmin polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq 21 avqust 2021-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı evi tərk edərək evdə mülaciə olunmalı olduğu halda yaşadığı küçədə aşkar olunduğuna görə protokol tərtib edildiyini Təqsirləndirilən şəxs aşkar olunduğu yerdə fotoşəkilləri çəkildiyini, həmçinin videoçəkiliş aparıldığını, bundan sonra Şöhrətin barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün raportla Ağdaş RPŞ-nin rəhbərliyinə müraciət etdiyini bildirdi. İş üzrə Şahidlər X1 və Şahid3 Natiq oğlu məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 02.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14.08.2021-ci il tarixdə Ağdaş RMX-da COVİD-19 infeksiyasına görə analizi alınmış, 15.08.2021-ci il tarixdə nəticə pozitiv olduğu üçün stasionar mülaicəyə cəlb olunmuş, 15.08.2021-ci il tarixdə ev şəraitində “14 gün evdə fərdi təcridə” evə buraxılmış, müşahidəyə götürülmüşdür. Təqsirləndirilən şəxs bu barədə iltizam vermişdir. Tələbnamədən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf etməsini, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-144/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-144/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver