Məhkəmə qərarları › İş №1(014)-145/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-145/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-145/2023 26.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1990-cı ildə Ağdaş rayonu, Aral İki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olan və yaşayan, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)- 145/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 14 yanvar 2019-cu il tarixdən hesablanmaqla 18 aprel 2012-ci il təvəllüdlü X8 və 24 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 110,00 manat ümumilikdə 220,00 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-404/2013 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 3(014)-11/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, 24 avqust 2021-ci il tarixli, 3(014)-327/2021 saylı qərarı ilə 15 gün müddətinə, sonuncu dəfə 06 dekabr 2022-ci il tarixli, 3(014)-693/2022 saylı qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 22 yanvar 2020-ci il, 08 sentyabr 2021-ci il və 23 yanvar 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 aprel 2023-cü il tarixinə kimi 9187,54 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs X5 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində X6 uzaq qohumu kimi tanıdığını və belə münasibətlərinin yarandığını, təxminən 2010-cu il tarixdə el adəti ilə evləndiklərini, 2014-cü il tarixdə evliliklərini rəsmiləşdirdiklərini, həmin evlilikdən 18 aprel 2012-ci il təvəllüdlü X8 və 24 mart 2015-ci il təvəllüdlü X10 adlı övladlarının doğulduğunu, evləndikdən sonra Ağdaş rayonu, Aral Bir kəndində valideynləri ilə birlikdə yaşadıqlarını, həmin vaxtlar fərdi əməklə məşğul olduğunu, əvvəllər Sitarə ilə münasibətlərinin yaxşı olsa da, sonradan pisləşdiyini, bu səbəbdən ayrılmaq qərarına gəldiyini, Sitarənin himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etdiyini, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-404/2013 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 14 yanvar 2019-cu il tarixdən hesablanmaqla 18 aprel 2012-ci il təvəllüdlü X8 və 24 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 110,00 manat ümumilikdə 220,00 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsinin qət edildiyini, məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərildiyini, icra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərildiyini, bir müddət Ağdaş Kommunal Müəssisəsində bağban işlədiyi vaxtlarda əmək haqqından tutulmalar olduğunu, lakin işdən çıxdıqdan sonra heç bir aliment ödənişi etmədiyini, alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlandığını, ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli inzibati qərarına əsasən isə 10 gün müddətinə, 24 avqust 2021-ci il tarixli qərarına əsasən 15 gün müddətinə, sonuncu dəfə 06 dekabr 2022-ci il tarixli inzibati qərarına əsasən 20 gün müddətinə həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyini, təqdimat verilən günə, yəni 20 aprel 2023-cü il tarixə kimi X5 ödənməmiş aliment borcunun 9187,54 manat təşkil etdiyini, hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, gündəlik gəlirinin 10,00-15,00 manat təşkil etdiyini, Ağdaş rayonu, Aral Bir kəndində ümümbirgə 3,88 ha kənd təsərrüfatlı pay torpaqlarının olduğunu, həmin torpaq sahəsinin 0,64 ha hissəsinin ona məxsus olduğunu, torpaq sahəsini icarə əsasında başqa şəxsə verdiklərindən, əkinçiliklə məşğul olmadığını, məşğulluq Mərkəzi tərəfindən təklif olunan işlərin əmək haqqlarının onu qane etmədiyindən qeydiyyat üçün müraciət etmədiyini bildirmiş, əməlindən peşmandır, ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən X9 ifadəsində Təqsirləndirilən şəxs uzaq qohumu kimi tanıdığını və münasibətlərinin yarandığını, təxminən 2010-cu il tarixdə el adəti ilə evləndiklərini, 2014-cü il tarixdə evliliklərini rəsmiləşdirdiklərini, həmin evlilikdən 18 aprel 2012-ci il təvəllüdlü X8 və 24 mart 2015-ci il təvəllüdlü X10 adlı övladlarının doğulduğunu, evləndikdən sonra Ağdaş rayonu, Aral Bir kəndində Sehranın valideynləri ilə birlikdə yaşadıqlarını, həmin vaxtlar Təqsirləndirilən şəxs fərdi əmək fəailəyyəti ilə məşğul olduğunu və yetərli qazanc əldə etdiyini, əvvələr Sehran ilə münasibətlərinin yaxşı olsa da, sonradan pisləşdiyini, belə ki, Təqsirləndirilən şəxs tez-tez spirtli içkilər qəbul edib davadalaş saldığından, övladları ilə maraqlanmadığından ayrıldıqlarını və övladlarının onun himayəsində qaldığını, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırdığını, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-404/2013 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2019-cu il tarixdən hesablanmaqla 18 aprel 2012-ci il təvəllüdlü X8 və 24 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 110,00 manat ümumilikdə 220,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs alimenti ödəmədiyindən Ağdaş Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 10 yanvar 2020-ci il tarixli inzibati qərarlarına əsasən isə 10 gün müddətinə, 24 avqust 2021-ci il tarixli qərarına əsasən 15 gün müddətinə, sonuncu dəfə 06 dekabr 2022-ci il tarixli qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs edildiyini, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 20 aprel 2023-cü il tarixə ödənməmiş aliment borcunun 9187,54 manat təşkil etdiyini, Təqsirləndirilən şəxs hazırda Ağdaş şəhərində fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu və yetərli qazanc əldə etdiyini, bir müddət Məşğulluq Mərkəzi tərəfindən Təqsirləndirilən şəxs iş verildiyini və həmin işlədiyi dövrdə əmək haqqından aliment tutulmalarının getdiyini, sonradan aliment ödəməməsi üçün həmin işdən ayrıldığını, Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmadığını, maddi və mənəvi dəstək durmadığını bildirmiş, qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X9 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəməyə gələ bilmir, ona dəymiş zərər ödənilməmişdir və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 Niyazı oğlu ifadəsində Ağdaş Rayon Məhkəməsinin 2(014)-404/2019 saylı 17 sentyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2019-cu il tarixdən başlayaraq 18 aprel 2012-ci ildə doğulmuş X8 adlı və 24 mart 2015-ci il tarixdə doğulmuş X4 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X2 xeyrinə hər ay hər uşaq üçün 110 manat aliment tutulduğunu, göstərilən icra vərəqəsinin 25 oktyabr 2019-cu il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduğunu, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini və tərəflərə göndərildiyini, bildirişin borcluya təqdim edildiyini, borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etmədiyini, icra sənədinin məcburi icrası üçün görülən tədbirlərin nəticə vermədiyini, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməsinin tələb olunduğunu, ancaq onun üzrlü səbəb göstərmədən çağırışa gəlmədiyini, Ağdaş RPŞ tərəfindən barəsində 14 oktyabr 2022-ci il tarixdə 220783 saylı axtarış işi açıldığını, borclu Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən 06 dekabr 2022-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verildiyini, onun icra şöbəsində izahatının alındığını, borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 3(014)-693/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbslə tənbeh edildiyini, inzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün yeni müddət verilsə də borclunun tələbi icra etmədiyini, tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırıldığını, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 2(014)- 404/2019 saylı 17 sentyabr 2019-cu il tarixli icra sənədi üzrə tələbkar X7 20 aprel 2023-cü il tarixə 9187,54 manat ödənilməmiş aliment borcu qaldığını, tələbkar X3 16 noyabr 2022ci il tarixli ərizəylə Ağdaş rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etdiyini, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-404/2019 saylı 17 sentyabr 2019-cu il tarixli icra sənədini inzibati tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etdiyini, onun həm də tələbi icra etməsi üçün ona yaradılmış faktiki imkanlarından istifadə etmədiyini, onun əməllərində qərəzlilik elementlərinin müşahidə olunduğunu, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 Niyazı oğlunun ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən zərərçəkmiş şəxs X9 17 oktyabr 2023-cü il tarixdə və 26 oktyabr 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-404/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qətnaməsi üzrə ona olan aliment borcunu ödəmədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)-404/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 14 yanvar 2019-cu il tarixdən başlayaraq 18 aprel 2012-ci ildə doğulmuş X8 adlı və 24 mart 2015-ci il tarixdə doğulmuş X4 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X2 xeyrinə hər ay hər uşaq üçün 110 manat alimentin tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərarlarının surətlərindən görünür ki, Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 3(014)-11/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 3(014)-327/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 15 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 3(014)-693/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 8(014)-45/2020 saylı, 10 fevral 2020-ci il tarixli qərardadın surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 8(014)-115/2020 saylı, 15 may 2020-ci il tarixli qərardadın surətindən görünür ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinin ümumbirgə (6 nəfər) mülkiyyətində olan Ağdaş rayonu, Birinci Aral kəndində yerləşən 3,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,64 hektar hissəsinin üzərinə həb qoyulması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə sadələşdirilmiş icraat materialının icraatına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-145/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsinə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Ağdaş RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs övladları 18 aprel 2012-ci ildə doğulmuş X8 adlı və 24 mart 2015-ci il tarixdə doğulmuş X4 18 yaşına çatana qədər onların saxlanılmaları üçün 14 yanvar 2019-cu il tarixdən başlayaraq X2 xeyrinə hər ay hər uşaq üçün 110 manat alimentin X5 tutularaq verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-404/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 3(014)-11/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə, Ağdaş Rayon Məhkəməsinin 3(014)-327/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 15 gün müddətinə, Ağdaş Rayon Məhkəməsinin 3(014)-693/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 gün müddətinə inzibati həbs edilməsinə və icra sənədi üzrə tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun məhkəmə istintaqından yayınmasını, zərəri ödəmək üçün real addımlar atmamasını isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar