Məhkəmə qərarları › İş №1(014)-147/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-147/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-147/2021 28.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1985-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 21 avqust 2021ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 avqust 2021-ci ildə naməlum mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 1,334 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini və bir ədəd konvalyut kəsiyində 3 ədəd methadone 40 göstəricisi olan qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,12 qram narkotik vasitə olan metadonu satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış və 19 avqust 2021-ci il tarixdə, saat 19:40 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən Ağdaş RPŞ-nin növbətçi hissəsinə gətirilmiş və həmin tarixdə saat 20:20 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və metadon üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində narkotik vasitələrin istifadəçisi olduğunu, 19 avqust 2021-ci il tarixdə, təxminən saat 19:40 radələrində Ağdaş şəhərində H.Əliyev prospekti ilə piyada gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol cibindən üzərinə “kent” yazılmış 01 ədəd siqaret qutusu aşkar edildiyini, daha sonra həmin siqaret qutusu açılan zaman içərisindən üzərinə “metadon 40” sözləri yazılmış içində 03 ədəd həb olan yarım list və 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, dərman həblərinin ağrı kəsici olduğunu və bədənində ağrlar yarannan zaman onlardan istifadə etdiyini bildirdiyini, bundan sonra aşkar olunmuş sellofan bükümdəki həmin narkotik maddə elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, üzərindən aşkar olunan narkotikv vasitələri 17 avqust 2021-ci il tarixdə Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlığının yaxınlığından tapdığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 19 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 19:40 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən üzərinə “kent” yazılmış 01 ədəd siqaret qutusu aşkar edildiyini, daha sonra həmin siqaret qutusu açılan zaman içərisindən üzərinə “metadon 40” sözləri yazılmış içində 03 ədəd həb olan yarım list və 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, dərman həblərinin ağrı kəsici olduğunu və bədənində ağrılar yaranan zaman onlardan istifadə etdiyini bildirdiyini, bundan sonra aşkar olunmuş sellofan bükümdəki həmin narkotik maddə elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni 17 avqust 2021-ci il tarixdə Ağdaş şəhərində yerləşən Maşad qəbirisitanlığının yaxınlığından yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirdiyini göstərdi. İş üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 20 avqust 2021-ci il tarixli 17/616 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,334 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində methadone 40 sözləri yazılmış 01 ədəd blister kəsiyində 03 ədəd həblərin tərkibini müvafiq labaratoriya cihazı olmadığından təyin etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 noyabr 2021-ci il tarixli 6/4886 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şəki regional Bölməsi №2” dairəvi möhür əksi olan, vət. Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə üzərində methadone 40 göstəricisi olan bir ədəd konvalyut kəsiyində 3 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,12 qram (1 ədəd həbdə 0,04qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. İş üzrə keçirilmiş məhkəmə narkoloji ekspertizasının 25.10.2021-ci il tarixli 4121 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən üzərinə “kent” yazılmış 01 ədəd siqaret qutusu aşkar edilmiş,həmin siqaret qutusu açılan zaman içərisindən üzərinə “metadon 40” sözləri yazılmış içində 03 ədəd həb olan yarım list və 01 ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, dərman həblərinin ağrı kəsici olduğunu və bədənində ağrılar yaranan zaman onlardan istifadə etidyini bildirmiş, həmin maddənin narkotik vasitə heroin olduğunu, 17 avqust 2021-ci il tarixdə Ağdaş şəhərində yerləşən Maşad qabiristanlığının yaxınlığından yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını demiş, aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 01 gün hissəsi Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən birləşdirilərək 01 il 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şəki Rayon Məhkəməsinin 7(075)-371/2021 №-li 22.12.2021-ci il tarixli qərarı ilə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən təyin edilmiş 01 il 08 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 23 gün hissəsi 06 ay azaldılmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməiş cinayətlərə görə məhkumluqlar residivin müəyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir.Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oğlunun cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Ağdaş Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 08 gün müddətə azadlıqdan məhrum etmə cəzasının 06 ay 08 gün hissəsi ilə qismən toplayaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırki cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 19 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 136 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə 1,284 qram heroin və 02 ədəd metadon həbləri məhv edilməli, 01 ədəd CD diski cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası Ağdaş Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş bir il səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının altı ay səkkiz gün hissəsi ilə qismən toplanılaraq qəti cəza, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 136 manat 94 qəpik (yüz otuz altı manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə 1,284 qram heroin və iki ədəd metadon həbləri məhv edilsin, bir ədəd CD diski cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar