Məhkəmə qərarları › İş №1(014)-148/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-148/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-148/2022 27.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Ağdaş rayonu, Yeniarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Yeniarx kəndində qeydiyyatda olan və yaşayan, barəsində 05 sentyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən və naməlum vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkiləri 1.668 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və 03 sentyabr 2022-ci il tarixdə, saat 21:29 dəqiqədən 21:45 dəqiqəyədək üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1.268 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.400 qram metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində bildirdi ki, “patı” adlanan psixotrop maddə olan metamfetamin hərdənbir istifadə edir, xx.xx.2022-ci il tarixdə, təxminən saat 20:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “1inci” marketin qarşısında piyada gedən zaman polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və onun üzərində narkotik vasitə olması barədə məlumatının olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları onu rayon Polis şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəlmişdir. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd üzərində “Kent” yazılan siqaret qutusu, 02 ədəd 20 qəpiklik və 03 ədəd 10 qəpiklik pul sikkələri, həmin şalvarın sağ yan cibindən 01 ədəd əski parçası və 01 ədəd alışqan aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisindən isə içərisində maye olan 01 ədəd şpris və 02 ədəd kağız büküm aşkar edilmişdir. Həmin kağız bükümlər açılan zaman onlardan birinin içərisində ağ rəngli, kristal halında maddə, digər kağız büküm açılan zaman isə həmin kağız bükümün içərisindən 01 ədəd sellofan büküm aşkar edilmişdir. Daha sonra həmin sellofan büküm açılmış və onun da içərisindən ağ rəngli, kristal halında olan maddə aşkar edilmişdir. Həmin kağız bükümdə olan maddənin “patı” adlanan narkotik vasitə olmasını, sellofan bükümdə olan maddənin isə nə maddəsi olmasını bilmədiyini bildirmişdir. İlkin sorğu zamanı həmin bükümləri yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ağdaş RPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Yeniarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs oğlunun üzərində narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də onun tərəfindən həmin tarixdə müvafiq sənədləşdirmələr aparılmış və raportla rəisə məruzə olunmuşdur. Həmin gün təxminən saat 20:40 radələrində o, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində olan zaman Təqsirləndirilən şəxs “1-inci” marketin qarşısında olmasını görmüş, buna görə də dərhal ona yaxınlaşmış və özünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə Ağdaş RPŞ-nə məlumat daxil olmasını bildirmiş və üzərinə şəxsi axtarış aparılması üçün onlarla birlikdə Ağdaş RPŞ-nə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Ağdaş RPŞ-nə gəlmiş, Ağdaş RPŞ-də əvvəlcə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm və 01 ədəd kağız büküm aşkar edilmişdir. Daha sonra həmin sellofan və kağız bükümlər açılmış və içərilərindən ağ rəngli, kristal formada maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kağız bükümdə olan maddənin “patı” adlandırılan psixotrop maddə olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Lakin sellofan bükümdəki maddənin nə olmasını bilmədiyini, duza oxşatdığını bildirmişdir. Daha sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmış, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ilkin sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddəni həmin gün, yəni xx.xx.2022ci il tarixdə tutulmamışdan bir neçə saat əvvəl tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2022-ci il tarixli 17/704 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzaları yazılmış zərfin içərisindəki; 01 ədəd şəffaf sellofan və 01 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1.268 qram və 0.400 qram, ümumi təmiz çəkiləri 1.688 qram olan maddələr tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmindir. 01 ədəd şprisin içərisində həcmi 1.6 ml olan maye halında olan maddə narkotik və psixotrop maddələrə aid deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1755 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞnin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm və 01 ədəd kağız büküm aşkar edilmişdir. Daha sonra həmin sellofan və kağız bükümlər açılmış və içərilərindən ağ rəngli, kristal formada maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kağız bükümdə olan maddənin “patı” adlandırılan psixotrop maddə olmasını və özü istifadə etmək üçün üzərində saxladığını, lakin sellofan bükümdəki maddənin nə olmasını bilmədiyini, duza oxşatdığını bildirmişdir. Daha sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, himayəsində bir azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, 03 sentyabr 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün, təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu, cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkünlüyü qənaətinə gələrkən onun şəxsiyyətini səciyyələndirən halları, üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 27 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimakn tədbiri ləğv edilməli, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan psixotrop maddə 1.568 qram metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, yeddi ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimakn tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan psixotrop maddə 1.568 qram metamfetamin məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar