Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-148/2023 03.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1, ev 2-də qeydiyyatda olmaqla Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin may ayının əvvəllərində yaşadığı Ağdaş rayonu, Məşəd küçəsində yerləşən, özünə məxsus nömrəsiz evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 5 (beş) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 23.40 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə həmin tarixdə saat 23:44-dən saat 23:57-dək keçirlimiş baxış zamanı həyətyanı sahədə torpağa əkdiyi 5 (beş) ədəd yaş vəziyyətdə, 19-105 sm uzunluğunda ümumi təmiz çəkisi 217,31 qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 4 ildir ki, narkotik vasitə istifadə etdiyini, əsasən qurudulmuş marixuana istifadə etdiyini, narkotik vasitə istifadə etməyəndə bədənində ağrılar yarandığını, 2023-cü il may ayının əvvəlində səhər saatlarında Ağdaş şəhəri, Məşəd küçəsi yaxınlığında yerləşən qəbirstanlığın yanı ilə piyada hərəkət edən zaman yerdə yumrulanmış halda olan kağız parçası gördüyünü, həmin kağız parçasının onun marağına səbəb olduğunu və həmin kağız parçasını yerdən götürdüyünü, bundan sonra həmin kağız parçasının içərisində 5 ədəd narkotik vasitə çətənə bitkisinin toxumunun olduğunu gördüyünü, həmin toxumları kağız parçası ilə birlikdə əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyduğunu, bundan sonra fərdi yaşayış evinə gəldiyini, fərdi yaşayış evinin arxa tərəfində bağ sahəsi olduğunu, həmin bağ sahəsində müxtəlif növ meyvə ağacları əkdiyini, həmin 5 ədəd çətənə bitkisi toxumlarını bağ sahəsində əkməyi qərarlaşdırdığını, bundan sonra həmin 5 ədəd çətənə bitkisi toxumlarını bağ sahəsində əkdiyini, həmin çətənə bitkisi toxumlarına mütamadi olaraq su verdiyini, təxminən 5-10 gündən sonra həmin çətənə bitkisi toxumlarının cücərməsini gördüyünü, ailə üzvlərinə fərdi yaşayış evinin həyətyanı sahəsində çətənə kolu əkməyi barədə heç bir məlumat vermədiyini, həmin çətənə bitkisinin kolları böyüdükdən sonra onların yanında taxta dirək basdırdığını, əkdiyi çətənə bitkisi kollarından istifadə etmədiyini, 15 iyun 2023cü il tarixdə qardaşına məxsus fərdi yaşayış evində qaldığını, 16 iyun 2023-cü il tarixdə səhər saat 10:05 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını, həmin şəxslərin öz xidməti vəsiqələrini təqdim edərək Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları olduqlarını bildirdiklərini, daha sonra polis əməkdaşlarının ona fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində qanunsuz olaraq narkotik maddələr olan çətənə bitkisi əkdiyini deyərək, bununla bağlı fərdi yaşayış evinə baxış keçirdiklərini və oradan 5 ədəd çətənə bitkisi kolu aşkar etdiklərini, həmin çətənə bitkisi kollarını şəxsi istifadə məqsədilə əkdiyini, daha sonra polis əməkdaşlarının onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon Polis şöbəsinə gəldiyini, rayon polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşının onu xidməti otağa gətirdiklərini, xidməti otaqda polis geyimində olan bir nəfərin ona özünü Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Nail Məhəmmədli kimi təqdim etdiyini, təhqiqatçı Nail Məhəmmədlinin qanunsuz olaraq fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik vasitə çətənə bitkisi əkdiyini bildirdiyini və bu səbəbdən saxlanılaraq rayon Polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş verdiyini, daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdiyini, müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunduğunu, daha sonra təhqiqatçı Nail Məhəmmədlinin onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirdiyini, təhqiqatçının üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etdiyini, özünün də əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd alışqan və 1 ədəd üzərində “Prima” sözü yazılmış siqaret qutusunu, həmin şalvarın sol yan cibindən isə 1 ədəd 5 manatlıq pul əsginasını və 3 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pulları çıxarıb masanın üzərinə qoyduğunu, sonradan üzərində şəxsi axtarışın davam etdirildiyini, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmadığını, üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edildiyini və iştirakçılar tərəfindən imzalandığını, polis əməkdaşlarının ona yaxınlaşan vaxt ona heç bir fiziki güc və yaxud zor tətbiq etmədiklərini, Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 5 ədəd çətənə bitkilərini bədənində ağrılar olduğuna görə, gələcəkdə istifadə etmək üçün özünün əkdiyini, həmin çətənə kollarının özünə məxsus olduğunu, həmin çətənə kollarını bədənində olan ağrılarını sakitləşdirmək üçün əkdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin ərazisində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu təşkil etdiklərini, bundan sonra əməliyyat qrupu olaraq, baxış üçün aqronomla birlikdə baxış keçirilməsi üçün Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiklərini, həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evdə olmadığını, onları Valehin onun yoldaşı sonradan ad soyadını bildiyi Şahid2 qarşıladığını, bu zaman təhqiqatçının onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərarla tanış edərək onun əri Valehin yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkməkdə şübhəli olduğunu bildirdiklərini, Şahid2 bundan sonra yaşadığı evin həyətyanı sahəsində ərinin çətənə kolları əkdiyini və həmin kolları təqdim edə biləcəyini bildirdiyini, Günelin göstərdiyi yerə baxış keçirdiklərini, Günelin 5 ədəd çətənə bitkilərini göstərdiyini və həmin bitkilərə əri Valehin böyüməsi üçün qulluq etdiyini bildirdiyini, eyni zamanda aqronom baxışı zamanı həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanmış dibləri boşaldıldığını bildirdiyini, bundan sonra 5 ədəd çətənə bitkiləri torpaqdan çıxarıldığını, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edildiyini, bitkilərin çıxarıldığını, uzunluqlarının ölçüldüyünü və ən uzununun 105 sm, ən balacasının isə 19 sm olduğunu, 1 ədəd içi boş sintetik kisəyə qablaşdırıldığını, üzərinin iştirakçılar tərəfindən imzalandığını və DİN-in zərflər üçün möhürü ilə möhürləndiyini, şifahi qaydada aparılan sorğu-sual zamanı Şahid2 bitkilərin əri Valehə məxsus olduğunu, təxminən iki ay bundan qabaq əkdiyini, əri Valehin həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, bitkilərə özünün heç bir qulluq göstərmədiyini, həmin bitkilərə əri Valeh qulluq etdiyini, diblərinin sulandığını və boşaltdığını bildirdiyini, əri Valehin başqa yerdə narkotik tərkibli bitki əkmədiyini, eləcə də narkotik vasitəsi olmadığını, bundan sonra baxışın sonlandırıldığını, bundan sonra səhəri gün yəni, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsi ərazisində saxlanıldığını, rayon Polis şöbəsinə gətirilərək Təhqiqat Bölməsinə təhvil verildiyini, rayon polis şöbəsində Valehin şübhəli şəxs qismində tutulduğunu və seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını, üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar edilmədiyini, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra videoçəkiliş sonlandırıldığını, Təqsirləndirilən şəxsla hər hansı ədavət və düşmənçiliyinin olmadığını, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində əvvəllər məhkum olunmadığını, heç bir yerdə işləmədiyini, yaşadığı evin həyətində kiçik torpaq sahəsində əkinçiliklə məşğul olduğunu, evin həyətində, arxa tərəfdə kiçik, təxminən 1 sot bağı olduğunu, həmin bağ sahəsində müxtəlif meyvə ağacları olduğunu, əri Təqsirləndirilən şəxs təxminən iki ay bundan əvvəl həyətyanı torpaq sahəsində bitkilər əkdiyini, daha sonra həmin əkdiyi bitkilərə qulluq etdiyini, kolların böyüməsi üçün ona yetərincə qulluq etdiyini, əkdiyi bitkiləri evin arxasındakı sahədə olduğunu, yaşadıqları evin arxasında yerləşən kiçik əkin sahəsinə 5 ədəd bitki əkdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 23.30 radələrində yaşdığı evin həyətində olarkən Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının onun yaşadığı ünvana gəldiklərini, onlarda yaşadığı evin həyətində əri Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, ona görə də, yaşadığı evin həyətinə baxış keçirəcəklərini bildirdiklərini, özünün də onlara razılığını bildirdiyini və onları həyətinə dəvət etdiyini, polis əməkdaşlarına yaşadığı evin həyətində evin arxa tərəfindəki bağ sahəsində əri Təqsirləndirilən şəxs bitkiləri əkdiyini, bundan sonra həmin kolları onlara göstərdiyini, polis əməkdaşları ilə birlikdə gələn aqronomun həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra polis əməkdaşlarının həmin çətənə bitkilərini kökündən çıxardıqlarını, həmin zaman həmin bitkilərin çətənə kolları olmasını müəyyənləşdirdiyini, sonra həmin çətənə kollarının hündürlüyü ölçüldüyünü, ən hündürünün 105 sm, ən qısasının hündürlüyünün isə 19 sm olduğunu, sonra həmin çətənə kollarını torbaya qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, bundan başqa onun yaşadığı evin həyətindən heç bir şey aşkar olunmadığını, baxışın başa çatdığını, protokol tərtib olunduğunu, özünün və digər iştirakçıların həmin protokola imza etdiklərini bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 23.30-da Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs arvadı Şahid2 razılığı ilə Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış zamanı torbağa əkdiyi 05 (beş) ədəd qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 1 ədəd sintetik kisəyə qablaşdırılaraq DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra şəxsi axtarış sonlandırılmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparılan zaman Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin həyətində çətənə kollarını təxminən 2023cü ilin may ayının əvvəllərində şəxsi istifadəsi üçün əkdiyini bildirmiş, daha sonra şəxsi axtarış sonlandırılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/472 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs sahəsindən aşkar olunmuş 5 ədəd narkotik tərkibli bitkilərə bənzər bitkilər..” yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki 5 (beş) ədəd, uzunluqları 19 sm-dən 105 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 217,31 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X11 15 iyun 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1305 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-973/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X13in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan ********* saylı cinayət işinə Azərbaycan Respublikası CM-in 73-cü maddəsinə əsasən xitam verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 816 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsi ünvanda yaşamaqla ailə tərkibi arvadı - Şahid2, oğulları – 1998-ci il təvəllüdlü X9, 2002-ci il təvəllüdlü X6, 2005-ci il təvəllüdlü X7 və 2007-ci il təvəllüdlü X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 10:35də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(014)-43/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X2 vəsatəti təmin edilməmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir, o, həmin qərarla 12:00-da tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 5 ədəd çətənə bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 5 ədəd çətənə bitkiləri məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-148/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-148/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver