Məhkəmə qərarları › İş №1(014)-15/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-15/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-15/2021 24.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx.xx.1968-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri Y.Nəbiyev küçəsi ev 39-da qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, yaşadığı Ağdaş şəhəri Y.Nəbiyev küçəsi 39 nömrəli evin həyətyanı sahəsində 2020-ci ilin may ayının əvvəllərində 02 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki toxumlarını qanunsuz olaraq əkərək yetişdirmiş, həmin tarixdən xx.xx.2020-ci il tarixədək yetişdirdiyi kollardan müxtəlif vaxtlarda yığıb qurudaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 420 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq hazırlamış, həmin narkotik vasitəni yaşadığı ünvan 1 nömrəli ünvanda yerləşən evində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxlamış, xx xxxxxx 2020-cu il tarixdə saat 10:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində əməlindən peşman olduğunu, 2015-ci il tarixdən narkotik vasitə marixuanadan mütəmadi olaraq istifadə etdiyini, 2018-ci ildən istifadə etmək üçün əldə etdiyi narkotik vasitə marixuananın içərisindən toxumları yığıb saxladığını, daha sonra heç kəs bilməsin deyə öz həyətyanı sahəsində narkotik tərkibli bitki kolları əkib ondan yığıb istifadə etmək qərarına gəldiyini, həmçinin artıq marixuana əldə edib polis tərəfindən yaxalanacağından qorxduğu üçün topladığı toxumları yaşadığı evin həyətyanı torpaq sahəsində əkmək qərarına gəldiyini, bu məqsədlə 2020-ci ilin may ayının əvvəllərində saxladığı toxumları yaşadığı evin həyətyanı torpaq sahəsində yumuşaltdığı torpağa səpdiyini, sonra toxumları basdırdığı yerə su tökərək, dibini peyinlədiyini, əkdiyi toxumlardan yalnız üçünün cücərib inkişaf etdiyini, bitkilər cücərdikdən sonra mütəmadi olaraq onları sulayaraq dibini yumuşaltdığını, 2020-ci ilin avqust ayının əvvəllərində bitkilərdən bir ədədini kökündən çıxardıb onun bir hissəsini yaşadığı evin otağına aparıb quruması üçün yerləşdirdiyini, bitkini qurutduqdan sonra onun qayçı ilə yarpaqlarını istifadə etməsi üçün kəsdiyini, ağacı tulladığını, həmçinin həyətində olan 02 ədəd bitki kollarının yarpaqlarından yığıb evində saxladığını, bundan əlavə sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında həyətdə əkdiyi bitkiləri suladığını, xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə televizora baxan zaman giriş darvazasının döyüldüyünü eşitdiyini və dərhal küçəyə çıxdığını, giriş qapısını açan zaman bir neçə nəfər mülki geyimli şəxslərin yaşadığı evin giriş darvazasının qarşısında gördüyünü, onların xidməti vəsiqələrini nümayiş etdirib, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını və bir nəfər Şahid1 adlı şəxsin isə aqronom mütəxəssis olduğunu bildirdiklərini, sonra polis əməkdaşlarınının yaşadığı evin həyətinə dəvət etdiyini, vidoçəkiliş zamanı polis əməkdaşı ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, bundan əlavə yaşadığı evdə narkotik vasitə-marixuana saxlaması barədə sual verdiklərini, polis əməkdaşlarının əkdiyi tərkibində narkotik maddə olan çətənə bitkisilərindən xəbərlərinin olduğunu düşündüyünü və onlara bu barədə düzgün məlumat verdiyini, evinə və həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazdığını, sonra polis əməkdaşlarına əkdiyi çətənə bitkilərinin yerini göstərdiyini, polis əməkdaşlarının aqronom Arif müəllimin iştirakı ilə əkdiyi çətənə bitkilərinə baxış keçirdiklərini, aqronomun həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, baxış keçirildikdən sonra polis əməkdaşlarının əkdiyi çətənə bitkilərini kökündən qopardıb evin həyətinə apardıqlarını, çətənə bitkilərinə baxış keçirildikdən sonra sintetik kisədə onu qablaşdırdıqlarını, kisənin üzərinə yapışdırılacaq yazı, uca səslə oxunduqdan sonra tərəfindən imzalandığını, qablaşdırılmış sintetik kisənin üzərinə yazı yapışdırılaraq möhürləndiyini, sonra yaşadığı evin otağında yerə sərdiyi narkotik vasitə marixuananı polis əməkdaşlarına göstərdiyini, polis əməkdaşlarının təqdim etdiyi kütləyə baxış keçirdikdən sonra onu elektron tərəzidə çəkdiyini və ümumi çəkisinin 450 qram olmasının müəyyən edildikdən sonra onu sintetik kisəyə qoyub qablaşdırdıqlarını, sonra ağ kağızının üzəri yazılaraq imzalandığını və sintetik kisənin ağzının möhürləndiyini, bundan sonra polis əməkdaşlarının yaşadığı evin otaqlarına baxış keçirdiklərini, baxış zamanı yaşadığı evin otaqlarından narkotik vasitə, qanunla qadağan edilmiş maddə və sair əşya aşkar edilmədiyini, sonra polis əməkdaşlarının onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirdiklərini, bu barədə polis əməkdaşlarına heç bir etiraz etmədiyini, polis əməkdaşları onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasınına apardıqlarını, şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısının təqdim edildiyini, siyahıdan özünə məüdafiəçi seçdiyini, daha sonra üzərinə şəxsi axtarış apardıqlarını, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və qanunla gəzdirilməsi qadağan edilmiş maddə aşkar edilmədiyini, sonra tərtib edilən protokol uca səslə oxunduğunu və müdafiəçi ilə birlikdə həmin protokola imza etdiyini, evindən aşkar olunan narkotik vasitəni həyətində əkmiş olduğu 3-cü çətənə kolundan yığdığını, üzərinə bir az digər iki çətənə kolundan əlavə etdiyini, 3-cü çətənə kolunu tulladığını, narkotik vasitəni özü istifadə etmək məqsədilə saxladığını, heç bir vaxt narkotik vasitə satmadığını, satmaq fikrinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində 1985-ci il tarixdən Ağdaş rayon Toxum Nəzarəti Xidmətinin baş aqronomu işlədiyini, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Daxili İşlər Nazirliyinin Qərb Bölgəsində Regional Şöbəsinin mənə Ağdaş şəhərinə Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitki kolları əkib-becərməsi barədə məlumat aldıqlarını, həmin məlumatla əlaqədar Nofəlin yaşadığı evə baxış keçirəcəklərini, mütəxəssis qismində baxışda iştirak etməsini bildirdiklərini, bundan sonra həmin gün saat təxminən 10:30 radələrində Daxili İşlər Nazirliyinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birlikdə Nofəl adlı şəxsin yaşadığı ünvana getdiklərini, Nofəli küçədən səslədiklərini, Nofəlin küçəyə çıxdıqdan sonra polis əməkdaşlarının özlərini və onu Nofələ təqdim etdiklərini, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərdiyi barədə məlumat olduğundan baxış keçirmək istədiklərini qeyd etdiklərini, Nofəlin etiraz etmədiyini, həmçinin etirazının olmaması barədə ərizə ilə müraciət etdiyini, bundan sonra Nofəlin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirən zaman oradan 02 ədəd tərkibində narkotik maddələr olan bitki kollarının aşkar edildiyini, həmin bitki kollarına baxan zaman onlara aqrotexniki qaydada qulluq edildiyini, bitkilərin yabanı halda bitmədiyini, bitkilərin hündürlüklərinin 179-281 sm arasında olduğunu, çəkisinin 6685 qram gəldiyini, bu barədə rəy yazdığını, daha sonra Nofəlin evinə baxış keçirildiyini, baxış zamanı Nofəlin yaşadığı evdən yerə sərilmiş formada, yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin tərəzidə çəkilən zaman 450 qram gəldiyini, bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunduğunu və iştirakçılar tərəfindən imzalandığını, Nofəl adlı şəxslə əvvəllər heç bir münasibətlərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində Daxili İşlər Nazirliyinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə Ağdaş şəhəri Y.Nəbiyev küçəsi ev 39-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinnin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kolları əkibbecərməsi, eləcə də qanunsuz olaraq yaşadığı evdə narkotik vasitələt saxlaması barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar raportla tərəfindən şöbə rəhbərliyinə məruzə edildiyini, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu, bundan sonra DİN-in Qərb Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid3 və Ağdaş rayon Toxum Nəzarəti Xidmətinin baş aqronomu Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirildiyini, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilibkeçirilməməsinə etirazının olub-olmamasının soruşulduğunu, Nofəlin etirazının olmadığını bildirdiyini, həmçinin ərizə ilə müraciət edərək evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını rəsmi şəkildə bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı oradan 02 ədəd ümumi uzunluqları 179-281 sm ölçüdə və 6685 qram çəkidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş tərkibində narkotik maddələr olan çətənə kollarının aşkar edildiyini, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evində qurudulmuş marixuana olduğunu bildirdiyini, bundan sonra onun yaşadığı evə baxış zamanı oradan yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin elektron tərəzidə çəkilən zaman 450 qram gəldiyini, həmin bitki kolları və bitki kütləsinın qablaşdırılaraq üzərinə möhür vurulduğunu, Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onları həyətyanı sahəsində aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 03 ədəd kollardan yığıb saxladığını bildirdiyini. həmçinin kollardan birinin yaxşı olmadığı üçün həmin kolun yarpaqlarını yığıb saxladığını, özünü çıxardıb atdığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya aşkar edilmədiyini, Nofəlin narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə etmədiklərini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2020-ci il tarixli 16/609 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş narkotik vasitəyə bənzən kütlə...” sözləri yazılmış sintetik kisədəki təmiz çəkisi – 420 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində (xx.xx.2020-ci il tarixəd Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş tərkibində narkotik maddələr olan bitkilərə bənzər 2 ədəd çətənə kolları yazılar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki 2 ədəd ümumi çəkisi 6000 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Tədqiqata təqdim olunmuş bir ədəd baş hissəsi kəsilmiş sintetik kisədə olan marixuana ilə, bir ədəd baş-başa keçirilmiş sintetik kisədə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 3110 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs ünvan 1-da yaşayır və birinci qrup əlil olan bacısı X3 onun himayəsindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli №**********9 saylı məktubundan görünür ki, Ağdaş şəhəri, Y.Nəbiyev 39 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs bacısı X3 birinci qurup kimi sosial müavinat alır və Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazindən Təqsirləndirilən şəxs 990232 saylı işinə əsasən hər ay birici qrup qulağına görə 50 (əli manat) təqaüd alır, müddətsizdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 941 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələiyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 10:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda hazırlayıb saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olmasını, himayəsində birinci qrup əlil bacısının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 419.8 qram qurudulmuş marixuana və 5999.8 qram tərkibində narkotik maddələr olan 02 ədəd çətənə kolları məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 32 manat 40 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan və ekspertiza tədqiqatından sonra qalan 419.8 qram qurudulmuş marixuana və 5999.8 qram tərkibində narkotik maddələr olan 02 ədəd çətənə kolları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 32 manat 40 qəpik (otuz iki manat qırx qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar