Məhkəmə qərarları › İş №1(014)-15/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-15/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-15/2024 14.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdaş Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 1(014)-168/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 12 noyabr 2013-cü il tarixdən başlayaraq 19 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 75,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-1246/2013 saylı 16 dekabr 2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib sonuncu dəfə 01 fevral 2023-cü il tarixdə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il xx.xx.2023cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 iyun 2023-cü il tarixədək şəxsi maraq niyyətilə cəmi 5035,00 manat məbləğində alimenti ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən o, 07 fevral 2010-cu il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamadan evlənmişdir. Birgə yaşayışdan 19 may 2011-ci il tarixdə Nuray adını verdikləri övladları anadan olmuşdur. Evləndikdən sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və Ceyhunə uşağı götürüb atası evinə qayıtmışdır. Bir müddət ayrı yaşadıqdan sonra Ceyhunə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə bir uşağın saxlanılması üçün hər ay 50 manat aliment müəyyən etmişdir. Həmin məbləği ödəmişdir. Bir müddət sonra Ceyhunə aliment məbləğinin artırılması barədə yenidən məhkəməyə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsi cavabdeh kimi ondan 12 noyabr 2013-cü il tarixdən başlayaraq 19 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair 16 dekabr 2013-cü il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Lakin maddi imkanı zəif olduğuna, həmçinin Ceyhunə ilə aralarında olan münasibətlərə görə aliment məbləğini ödəməmişdir. Aliment borcunun yarandığını bilir. Həmin məbləği hazırda ödəyə bilmir. Gələcəkdə maddi imkanı yaxşılaşarsa imkanı daxilində alimenti ödəyəcəkdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs sualları cavablandırarkən bildirdi ki, iş yeri olmadığına, heç bir gəliri olmadığına görə 2016-cı ildən alimenti ödəyə bilməmişdir, iş tapıb işləyə bilsə alimenti az-az ödəyə bilər. Hazırda Zərərçəkmiş şəxs olan 5035,00 manat məbləğində aliment borcundan heç bir məbləğ ödəmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinə əlavə edilmiş digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 07 fevral 2010-cu il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamadan evlənmişdir. Birgə yaşayışdan 19 may 2011-ci il tarixdə Nuray adını verdikləri övladları anadan olmuşdur. Evləndikdən sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılarkən uşağın onun himayəsində qalmasına baxmayaraq Aqil uşaqla maraqlanmamış və onun saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, atalığın müəyyən edilməsi və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 13 may 2013-cü il tarixli qətnaməsinə əsasən atalıq faktı, həmçinin uşağın saxlanılması üçün hər ay 50 manat aliment müəyyən edilmişdir. Lakin həmin məbləğlə uşağın maddi təlabatını ödəmək mümkün olmadığından alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsi alimentin miqdarının artırılaraq Təqsirləndirilən şəxs 12 noyabr 2013-cü il tarixdən başlayaraq 19 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair 16 dekabr 2013-cü il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edildiyi ilk vaxtlar Aqil ödənişlər etsə də, son altı ildə heç bir ödəniş etməmiş, barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamışdır. Halbuki, Aqil fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli şəkildə alimenti ödəmir. Uşaq böyüdüyündən onun maddi tələbatları da xeyli artmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın hazrki təlabatı ilə müqayisədə olduqca azdır. Buna baxmayaraq Aqilə güzəşt edərək alimentin artırılması barədə məhkəməyə müraciət etməmişdir. Lakin Aqil buna əhəmiyyət vermir və hazırki qətnamə ilə müəyyən edilmiş məbləği belə ödəmir. Alimenti ala bilmədiyinə görə uşağn maddi təlabatını ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri ağırdır. Uşağın təhsil və digər xərclərini ödəmək üçün müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Dəfələrlə icra məmurlarına da müraciət etmiş, icra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Aqil yenə də alimenti ödəməmiş, ümumiyyətlə uşaqla maraqlanmamışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, uşağın maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixədək yaranmış 5035,00 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs axırıncı dəfə 2015-ci ilin yanvar ayında aliment ödəmiş, ondan sonra ödəniş etməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə alimenti ödəməsi tələb edilsə də, o, aliment borcunu ödəməkdən yayınmışdır. Halbuki Təqsirləndirilən şəxs yetərli qazancı olur, o, istəsə hər ay alimenti ödəyə bilər. Təqsirləndirilən şəxs əlinə pul düşən kimi yalnız yeyib-içir, narkomanlıqla məşğul olur. Alimenti ödəmək isə onun yadına düşmür. Təqsirləndirilən şəxsin telefon nömrəsini bilmədiyinə görə ona zəng edib alimenti tələb etməmiş, lakin alimentin ödənilməsi ilə bağlı bir razılığa gəlmək üçün anası və qızı ilə birlikdə Təqsirləndirilən şəxs evinə getmiş, lakin Təqsirləndirilən şəxs alimenti ödəməyə imkanının olmadığını bildirmişdir. Ola bilsin Təqsirləndirilən şəxs 2015-ci ildən sonra etdiyi ödənişlər onun yadından çıxıb və ya anası alimenti alanda ona deməyi unudub, o, ittihamda olan rəqəmlə razıdır. Onun övladının məktəbə getməyə ayaqqabısı yoxdur, maddi vəziyyəti çox ağırdır, alimentə çox ehtiyacı vardır. Təqsirləndirilən şəxs 5035,00 manat aliment borcunu ödəmədiyinə görə onunla barışmamışdır, ondan şikayətçidir, yığılmış aliment borcunun ödənilməsini tələb edir, əks təqdirdə məhkəmədən Təqsirləndirilən şəxs həbs olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-1246/2013 saylı 16 dekabr 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2013-cü il tarixdən başlayaraq 19 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Həmin icra sənədi üzrə 28 yanvar 2014-cü il tarixli qərarla Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlakı və gəlirləri müəyyən edilməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2018-ci il tarixli qərarla axtarış elan edilmişdir. Borclu xx.xx.2019-cu il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində icra sənədinin mahiyyəti borcluya izah edilmiş, alimentin ödənilməsi tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Lakin borclu ödəniş etməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra da icra tədbirləri davam etdirilmiş, yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Borclu bir müddət aliment ödənişi etsə də, sonradan ödənişləri dayandırmış, görülmüş məcburi icra tədbirləri nəticəsiz qalmışdır. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində yenidən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün heç bir tədbir görməmiş, icra sənədinin icrasına etinasız yanaşmışdır. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılsa da o, açıq şəkildə aliment borcunu ödəmək fikrində olmadığını bildirmişdir. Həmçinin icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, cinayət məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqların edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 06 iyun 2023-cü il tarixədək 5035 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək uşağın maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədə müvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat göndərilmişdir. Şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə qədər, yəni təqdimat verilən müddətə qədər ödəniş etməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə 225 manat, sonuncu dəfə isə xx.xx.2018-ci il tarixdə 65 manat aliment ödəmiş, ondan sonra ödəniş etməmişdir. Təqsirləndirilən şəxs barəsində bütün icra tədbirləri görülmüş, onun əmlak vəziyyəti tam olaraq araşdırılmışdır. Təqsirləndirilən şəxs tələbin ödənilməsinə yönəldiləcək hər hansı əmlakı aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs anasıdır. Qızı Ceyhunə 2010-cu ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və birgə yaşayışdan 2011-ci il tarixdə Nuray adında bir övladları anadan olmuşdur. Bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan aralarında tez-tez mübahisələr baş verdiyindən məcburiyyət qarşısında qalaraq qızı Ceyhunə uşağı da götürüb ata evinə qayıtmışdır. Bundan sonra dəfələrlə Aqil və onun valideynləri ilə əlaqə saxlayaraq övladlarının ailəsini bərpa etməyə cəhd göstərsələr də, bu mümkün olmamışdır. Həmçinin ayrıldıqdan sonra Aqil uşaqla maraqlanmamışdır. Faktiki olaraq ayrıldıqdan xeyli müddət sonra qızı Ceyhunə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə hər ay 75 manat aliment müəyyən edilmişdir. Bir müddət Təqsirləndirilən şəxs aliment məbləğindən qismən ödənişlər etsə də, sonradan ödənişləri dayandırmış və son altı ildən çox müddətdir ki, heç bir ödəniş etmir. Uşaq hazırda məktəblidir və onun maddi təlabatı gündən-günə artmaqdadır. Uşağa baxmaqda qızına köməklik etsələr də, maddi imkanları zəif olduğundan uşağın zəruri xərclərini ödəməkdə çətinlik çəkirlər. Təqsirləndirilən şəxs ayrıldıqdan sonra bir dəfə də olsa uşaqla maraqlanmamış, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti belə ödəməmişdir. Bir neçə dəfə Aqillə görüşüb uşağa qarşı belə münasibət bəsləməməyi və imkanı daxilində alimentdən ödəniş etməyi tövsiyyə etmiş, Aqil hər dəfə ödəniş edəcəyini bildirsə də, bundan sonra da ödəniş etməmişdir. Odur ki, uşaqla çətin maddi vəziyyətdə olduğunu nəzərə alaraq müəyyən edilmiş aliment məbləğinin Təqsirləndirilən şəxs alınaraq qızı Ceyhunəyə verilməsində köməklik göstərilməsini xahiş edir. Şahid X6 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, qızı Ceyhunənin övladı Nuray demək olar ki, anadan olandan onun yanındadır və uşağa o, baxır. Təqsirləndirilən şəxs uşaq 6 yaşına çatana qədər aliment vermiş, ondan sonra bir dəfə də olsun aliment ödəməmişdir. Dəfələrlə olub ki, qızı Zərərçəkmiş şəxs Bakıda yaşadığına görə alimenti qızının verdiyi etibarnamə əsasında o, almışdır. Alimenti demək olar ki, həmişə icra məmuru Mahir Abbasovdan almışdır. Ona 75 manatdan artıq məbləğdə aliment verilməmişdir. Qızı Ceyhunənin övladı X5 təyin olunmuş alimenti evdə ondan başqa heç kim almamışdır. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 ifadəsində göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-1246/2013 saylı 16 dekabr 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2013-cü il tarixdən başlayaraq 19 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Həmin icra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra tərəfindən 28 yanvar 2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. İcra sənədi onun icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs tərəfindən ödənilən alimenti etibarnamə əsasında zərərçəkmiş şəxsin anası X6 almışdır. Sonradan həmin icra sənədi digər icra məmurlarının icraatına verilmişdir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 591 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkməsinin 2(014)-1246/2013 saylı 16 dekabr 2013-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2013cü il tarixdən başlayaraq 19 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan bildirişlərdən, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 07 yanvar 2019-cu il tarixli 3(014)-5/2019 saylı və 01 fevral 2023-cü il tarixli 3(014)- 65/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 16 dekabr 2013-cü il tarixli 2(014)-1246/2013 saylı qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2019-cu il tarixdə 500 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixdə isə 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan 15 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X11 Məşğulluq filialı tərəfindən göndərilmiş məktubun surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisateminin (MEİS) “Əmək və Məşğulluq altsistemində (ƏMAS) xx.xx.2020-ci il tarixdən işaxtaran və ya işsiz şəxs kimi qeydiyyata alınmamışdır. Təqsirləndirilən şəxs adına Nazirliyin MEİS-də (ƏMAS –ın “Əmək müqaviləsi bildirişləri” bölməsində) hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin sorğularına cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs adına heç bir bank hesabı və vəsaiti, nəqliyyat vasitəsi, sosial müavinət və təqaüd, torpaq sahəsi, mal-qara, ev quşları və sair əmlakın olması müəyyən edilməmişdir. İş materiallarında olan Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən, Ağdaş Rayon Məhkəməsinin 10 avqust 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsinə əsasən cəzası 01 il 06 ay müddətə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 1(014)-168/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69-cu maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı 3 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 6 gün müddət cəzasından çıxılmış və üzərində qəti olaraq 1 il 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-194/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri ərazisində tutularaq, Ağdaş rayon Polis şöbəsinə gətirilməklə Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qeyd olunanları nəzərə almaqla məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir və cəzanın məqsədlərini təmin edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 1(014)-168/2023 saylı hökmü ilə üzərində olan 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan yəni, 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 1(014)- 168/2023 saylı hökmü ilə üzərində olan 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar