Məhkəmə qərarları › İş №1(014)-150/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-150/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-150/2024 06.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı1, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmiş, Ağdaş şəhəri M.Şeyxzadə küçəsi 27 qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 29,06 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, 21 avqust 2024-cü il tarixdə saat 18:55-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq Ağdaş RPŞ-nin Ağdaş şəhəri, M.İsayev, 12 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda, həmin tarixdə saat 19:33-dən 19:45-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın ön sağ cibindən 01 ədəd parça kisədə təmiz çəkisi 29,06 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5 ildir narkotik vasitə istifadə edir. 21 avqust 2024-cü il tarixdə təxminən saat 09 radələrində Ağdaş şəhəri, “Soyuqbulaq” adlanan ərazidə yerləşən su kanalının kənarı ilə gəzərkən yerdə 01 ədəd qara rəngli kisə görüb, götürüb içərisinə baxdıqda narkotik vasitə olan marixuana olmasını bilmişdir. Kisəni istifadə etmək üçün üzərində saxlamışdır. 21 avqust 2024-cü il tarixdə təxminən saat 18 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində olarkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli kisəni təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman üzərindən başqa hər hansı bir şey aşkar olunmamışdır. 01 ədəd kisə açılmış, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunmuşdur. Narkotik vasitəyə oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, təxmini çəkisinin 38,70 qram olması müəyyən edilmişdir. O, heç vaxt narkotik vasitələrin və ya psixiatrop maddələrin satışı ilə məşğul olmamışdır. İfadəsinin alınmasında ona qarşı güc və ya psixoloji təzyiq tətbiq edilməmişdir. Əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı var və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 21 avqust 2024-cü il tarixdə saat 18:55 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərindən aşkar olunmuş əşyalara baxış keçirilmişdir. 01 ədəd parça kisə açılmış, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunmuşdur. Narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd parça kisənin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu 01 ədəd parça kisənin təxmini çəkisi 38,70 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə “nəşə”, yəni narkotik vasitə olan marixuana olmasını, onu istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni 21 avqust 2024-cü il tarixdə təxminən saat 09 radələrində Ağdaş şəhəri, “Soyuqbulaq” adlanan ərazidə su kanalının kənarı ilə yol gedərkən yerdən tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, həmin tarixdə saat 18:55 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd parça kisəni, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuş, bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar olunmamışdır. Daha sonra 01 ədəd parça kisə açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi aşkar edilmiş, həmin 01 ədəd parça kisə elektron tərəzidə çəkilmiş və çəkisi 38,70 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi 01 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret qutusu açılmış, içərisində siqaret dənəciklərinin olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusu və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə “nəşə”, yəni narkotik vasitə olan marixuana olmasını, onu istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində Ağdaş şəhəri, “Soyuqbulaq” adlanan ərazidə su kanalının kənarı ilə yol gedərkən yerdən tapmasını bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 22 avqust 2024-cü il tarixli 3-16-16/2-17/727 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kisədə təmiz çəkisi 29,06 qram olan bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 avqust 2024-cü il tarixli 1451 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 30 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarından görünür ki, 1) Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2) Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3 və 67.1-ci maddələrinə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli hökmü dəyişdirilərək, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən üzərində qəti olaraq 01 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 22 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndi tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsinə dair qərar qəbul edilmiş, 21 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. 3) Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 05 aprel 2023cü il tarixli qərarına əsasən 24 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilərək, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 148/2023 saylı 05 aprel 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 22 iyun 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 20 gün müddət və 24 yanvar 2023-cü il tarixdən bugünədək, yəni 05 aprel 2023-cü il tarixədək həbsdə olduğu 2 ay 12 gün, cəmi 6 ay 2 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə üzərinə X11ni gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı yəni axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulmuşdur. Qərar Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icraatına 02 may 2023-cü il tarixdə daxil olmuş və məhkumun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. 08 may 2023-cü il tarixdə məhkum Ağdaş Rayon İcra və Probasiya şöbəsinə gələrək qeydiyyatdan keçmiş və 11 may 2023-cü il tarixdə ona X11 tətbiq edilmişdir. 06 noyabr 2024-cü il tarixə kimi məhkum Təqsirləndirilən şəxs 1 il 11 ay 26 gün cəzasından 1 il 5 ay 28 gününü çəkmiş, onun çəkilməmiş 5 ay 28 gün cəzası qalmışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 06 sentyabr 2024-cü il tarixli 177 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – X1, X10, övladları X8, X6 və X3 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati Ərazi Dairəsi nümayəndəliyinin verdiyi 06 sentyabr 2024-cü il tarixli 118 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş şəhər İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İş materiallarında olan portaldan əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 oktyabr 2014-cü il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması, onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 21 avqust 2024-cü il tarixdə saat 18:55-dən hesablanmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmək haqqında” 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 18:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmasını, təyin olunmuş cəzanı çəkib qurtarmadan və təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq yenidən cinayət törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli 1(107)-148/2023 saylı qərarı ilə üzərində olan 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) ay 29 (iyirmi doqquz) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ilə qismən birləşdirilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2024cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təbriz Hüseynovun üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 28.96 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təbriz Hüseynovun üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 90 (doxsan) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apelyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 1(107)- 148/2023 saylı qərarı ilə üzərində olan 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) ay 29 (iyirmi doqquz) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Həbs etmənin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Anar İsrəfilovun üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 28.96 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təbriz Hüseynovun üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB********************, VÖEN ********** saylı) hesabına 90 (doxsan) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar