Məhkəmə qərarları › İş №1(014)-151/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-151/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-151/2022 28.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1997-ci ildə Ağdaş rayonu Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,725 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində, S.Vurğun adına tam orta məktəbin qarşısında saxlanılaraq RPŞ-yə gətirilmiş, həmin narkotik vasitə saat 19:35 dəqiqədən 19:43 dəqiqəyədək üzərində aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, ailsi ilə birlikdə yaşayır. Özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. Xəstə olduğu üçün bədənində ağrılar var. Buna görə də narkotik vasitə istifadə edir. Əvvəllər məhkum olunmamışdır. Evlidir və bir azyaşlı övladı vardır. O, 2020-ci ilin sentyabr ayında Vətən müharibəsində iştirak etmək üçün getmiş, döyüşlər zamanı bir neçə dəfə yaralanmış, bunun nəticəsində bədənində ağrılar olmuşdur. Müharibədən qayıtdıqdan sonra bir neçə dəfə müalicə almış, lakin bədənində olan ağrılar azalmamışdır. Buna görə də narkotik vasitə istifadə etməyə başlamışdır. Həmçinin, o, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Ağdaş şəhəri H.Əliyev prospektində S.Vurğun adına tam orta məktəbin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitələri saxlaması və istifadə etməsi barədə onlarda məlumat olmasını bildirmişlər. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. RPŞ-də ona dövlət hesbına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. Daha sonra həmin sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,86 qram olmuşdur. Daha sonra onun üzərindən aşkar edilmiş sellofan büküm kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Həmçinin onlar həmin kağız zərfin üzərinə də imza etmişlər. Polis əməkdaşı ondan həmin sellofan bükümün içərisindəki maddənin nə olmasını və nəyə görə üzərində saxlamasını soruşmuş, o da polis əməkdaşına həmin sellofan bükümün içərisindəki maddənin “kakos” adlandırdığı narkotik vasitə olan heroin olmasını bildirmiş, həmin narkotik vasitə olan heroini hazırda dəqiq olaraq xatırlamadığı yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Heç vaxt heç bir şəxsə narkotik vasitə satmamışdır. İfadəsinin alınması zamanı ona qarşı qarşı hər hansı bir fiziki güc və ya psixoloji təsir edilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də onun tərəfindən həmin tarixdə müvafiq sənədləşdirmələr aparılmış və raportla rəisə məruzə olunmuşdur. Həmin gün təxminən saat 18:55 radələrində o, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində olan zaman Təqsirləndirilən şəxs S.Vurğun adına tam orta məktəbinin qarşısında olmasını görmüş, buna görə də dərhal ona yaxınlaşmış və özünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə RPŞ-yə məlumat daxil olmasını bildirmiş və üzərinə şəxsi axtarış aparılması üçün onlarla birlikdə RPŞ-yə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə RPŞ-yə gəlmiş, RPŞ-də əvvəlcə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmişdir. Daha sonra həmin sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adlandırılan narkotik vasitə olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,86 qram olmuşdur. Bundan sonra həmin sellofan büküm kağız zərfə qablaşdırılmış və üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. O və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişdirlər. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmış, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ilkin sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni bir neçə gün əvvəl tanışı Mingəçevir şəhər sakini Tural adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmamışdır. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməkdaşları və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmiş, sonra həmin sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adlandırılan narkotik vasitə olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,86 qram olmuş, sonra həmin sellofan büküm kağız zərfə qablaşdırılmış və üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmış, Təqsirləndirilən şəxs ilkin sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni bir neçə gün əvvəl tanışı Mingəçevir şəhər sakini Tural adlı şəxsdən 40 manata aldığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/693 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,725 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1484 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 sentyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 sentyabr 2022-ci il tarixli, 357/2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Dəhnəxəlil kənd ünvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası – X1 (1966-cı il təvəllüdlü), anası – X2 (1974-cü il təvəllüdlü), arvadı – X3 (2002-ci il təvəllüdlü), qızı – X4 (2022-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində bir azyaşlı övladı olmasını, Vətən Müharibəsi iştirakçısı olmasını və medallarla təltif olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq müharibə zamanı aldığı xəsarətlərlə bağlı Mingəçevir şəhərində müayinə və müalicə olunur. Ağdaş rayonundan Mingəçevir şəhərinə isə Yevlax rayonunun ərazisindən keçmədən getmək mümkün deyil. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Yevlax rayonlarının, Mingəçevir şəhərinin ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 0,675 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Yevlax rayonlarının, Mingəçevir şəhərinin ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat, on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,675 qram narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar