Məhkəmə qərarları › İş №1(014)-153/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-153/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-153/2024 19.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikaaı vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, “İİ Vətən Müharibəsi” iştrakçısı, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək xeyli miqadarda ziyan vurmuşdur. Belə ki, o, 2024-cü ilin iyun ayının əvvəllərində Ağdaş rayonu, Yenicə kəndi ərazisində yerləşən həmin kənd bələdiyyəsinin mülkiyyətində olan 1.63 hektar kənd təsərrüfatı təyinatlı ümumi istifadəyə verilmiş təmiz örüş torpaq sahəsində olmaqla meşə fonduna daxil olmayan köküstə yaş bioloji inkişafda olan hər biri 80 (səksən) manat dəyərində 76 (yetmiş altı) ədəd yulğun kolunu kök boğazından özünə məxsus 01 (bir) ədəd dəmir dəstəkli balta ilə qanunsuz kəsərək təbiətə ümumilikdə 6080 (altı min səksən) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bildiyini, “2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Talışkənd, Suqovuşan, Murovdağ” istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etmiş, “Suqovuşanın azad olunması və Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Hazırda ailəli olmaqla 2 azyaşlı övladı vardır və heç bir yerdə işləmir. Ağdaş rayonu, Yenicə kənd ərazisində həyət evində yaşayır və həyətyanı topaq sahəsi vardır. Həmin həyətyanı torpaq sahəsində əkinbiçin işləri aparır. Həyətyanı torpaq sahəsinin sol hissəsində bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi vardır. Dolanışıq vəziyyətinin pis olması səbəbi ilə bələdiyyənin baş mühasibi Şahid1 müraciət edərək əkin-biçin işləri aparmaq üçün həyətyanı torpaq sahəmin yanındakı örüş torpaq sahəsindən 1 ha torpaq sahəsi istəmiş, Şahid1 da həmin torpaq sahəsinə gəlib baxaraq müharibə iştirakçısı olmağı səbəbi ilə 1 ha torpaq sahəsini istifadə edə biləcəyini bildirmişdir. Həmçinin o, Şahid1 orada yulğun kolları olması səbəbi ilə təmizlənməli olduğunu bildirmiş, bu zaman Şahid1 ona “yavaş-yavaş təmizləyərsən” demişdir. Bu səbəblə 2024-cü ilin iyun ayının əvvəllərində özünə məxsus dəmir dəstəkli balta ilə qeyd edilən əraziyə getmiş və orada dəqiq sayını bilməsə də ümumilikdə 70-dən çox yaş halda yulğun kollarını kökboğaz hissədən kəsmişdir. Bu proses 1 həftə boyunca davam etmiş, həmin kolları kəsdikcə müxtəlif yerlərdə topa-topa yandırmışdır. 10-xx.xx.2024-tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahid3, Şahid2 və bələdiyyənin baş mühasibi Şahid1 ilə birlikdə qeyd edilən əraziyə baxış keçirilmiş, baxış zamanı qeyd edilən ərazidə 76 ədəd yaş halda yulğun kolunun kökboğaz hissədən kəsilməsi, müxtəlif yerlərdə yandırılması müəyyən edilmişdir. Həmin zaman ondan bu barədə məlumat alındıqda bu işlə heç bir əlaqəsinin olmadığını bildirmiş və yazılı izahat verməkdən imtina etmişdir. Burada məqsədi özünü müdafiə etmək olmuşdur. X9 izahat alan zaman da özünü müdafiə etmək üçün kolları kəsmədiyini bildirmişdir. O, həmin kolların kəsilməsinin qanunsuz olmasını bilmədiyini, yulğun kollarını kəsən zaman istifadə etdiyi dəmir dəstəkli baltanı təqdim etdiyini, hər bir halda etdiyi əməldən peşman olduğunu bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, yulğun kollarını kəsməmişdən öncə Şahid1 bildirmiş, Şahid1 da ona “yavaş-yavaş təmizləyərsən” demiş, lakin kəsən zaman heç kimin xəbəri olmamış, görməmiş və ya köməklik göstərməmişdir. Şahid1 həmin torpaq sahəsini ona müharibə iştirakçısı olmağı səbəbi ilə vermiş, kolları kəsmək müqabilində heç nə istəməmiş və özü də Şahid1 heç nə verməmişdir. O, qeyd edilən ərazidə torpaq sahəsini istifadə etmək və ya yulğun kollarını kəsməyi üçün hər hansı şəxs tərəfindən rəsmi icazə və ya sənədləşmə prosesi aparmamış, həmin ərazidə heç bir əkin-biçin işləri aparmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə-bioloji və məhkəməəmtəəşunaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində 17 may 2022-ci il tarixdən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 Nəzarət və X1 məsləhətçi müfəttişi vəzifəsində işlədiyini bildirmişdir. Ağdaş rayonu, Yenicə kənd sakini X10 və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt" xidmətinə zəng edərək “Təqsirləndirilən şəxs bağlarının arxasında yulğun ağaclarını kəsib” məzmununda müraciət etmişdir. Həmin müraciətin araşdırılması ilə əlaqədar 10-14 iyun 2024-cu il tarixlərdə ETSN-nin əməkdaşları Şahid3, Şahid2, Ağdaş rayonu, Yenicə bələdiyyəsinin baş mühasibi Şahid1 Qismət oğlu və həmin kənd sakini Təqsirləndirilən şəxs ilə birlikdə qeyd edilən əraziyə baxış keçirilmişdir. Baxış zamanı ərazinin Yenicə bələdiyyəsinin mülkiyyətində olması, 76 ədəd yaş halda yulğun kolunun kökboğaz hissədən kəsilməsi, müxtəlif yerlərdə yandırılması müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu-sual zamanı sonuncu bu işlə heç bir əlaqəsinin olmadığını bildirərək yazılı izahat verməkdən imtina etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Yenicə bələdiyyəsi tərəfindən arayış tərtib edilərək yulğun kollarının kəsildiyi ərazinin bələdiyyə mülkiyyətində olan örüş təyinatlı torpaq sahəsi olduğu, yulğun kollarının kim tərəfindən kəsildiyi barədə məlumat olmadığı qeyd edilmişdir. Bundan sonra idarənin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Lakin sonrakı müddətdə Təqsirləndirilən şəxs yulğun kollarını özünün kəsdiyini etiraf etmişdir. 76 ədəd yulğun kolunun qanunsuz kəsilməsi nəticəsində təbiətə 6080 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2009-2019-cu illərdə Ağdaş rayonu, Yenicə bələdiyyəsinin sədri vəzifəsində işləmiş, 2019-cu ildən etibarən isə həmin bələdiyyənin baş mühasibi vəzifəsində işləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt" xidmətinə “Təqsirləndirilən şəxs bağlarının arxasında yulğun ağaclarını kəsib” məzmununda müraciətin araşdırılması ilə əlaqədar ETSN-nin əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə 10-xx.xx.2024-cü il tarixdə baxışda iştirak etmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ailə üzvlərinə məxsus torpaq sahəsinin sol hissəsində bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində 76 ədəd yulğun kollarının kökboğaz hissələrindən kəsilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı ərazidə müxtəlif yerlərdə kolların kəsilmiş hissələrinin yandırılması izləri də müəyyən edilmişdir. ETSN-nin əməkdaşları ilə Təqsirləndirilən şəxs arasında aparılan şifahi sorğusual zamanı sonuncu bu işlə heç bir əlaqəsinin olmadığını bildirərək yazılı izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixdə kənd bələdiyyəsinin sədri Məhəbbət Kərimov tərəfindən arayış tərtib edilərək yulğun kollarının kəsildiyi ərazinin bələdiyyə mülkiyyətində olan örüş təyinatlı torpaq sahəsi olduğu və yulğun kollarının kim tərəfindən kəsildiyi barədə məlumat olmadığını bildirilmişdir. Bundan sonra ETSN-nin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Lakin sonrakı müddətdə Təqsirləndirilən şəxs yulğun kollarını özünün kəsdiyini etiraf etmişdir. Həmçinin Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ailə dolanışıq vəziyyəti yaxşı olmadığından və vətən müharibəsi iştirakçısı olduğundan kənd bələdiyyəsinə torpaq sahəsinin ayrılması üçün şifahi müraciət etmiş, lakin ona hazırda torpaq sahəsi ayrıla bilməyəcəyi bildirilmişdir. Qeyd edilən torpaq sahəsindən yulğun kollarının kəsilməsi ilə əlaqədar hər hansı şəxs ona icazə verməmiş, əvvəlcədən məlumatlı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs yulğun kollarını kəsdiyi torpaq örüş torpaq sahəsi olduğundan ona istifadə üçün verilə bilməz. Təqsirləndirilən şəxs yulğun kollarını kəsdiyi bələdiyyə mülkiyyətində olan örüş təyinatlı torpaq sahəsində heç bir əkin işləri aparmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 02 noyabr 2022-ci il tarixdən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 Nəzarət və X1 məsləhətçi müfəttişi vəzifəsində işləyir. Ağdaş rayonu, Yenicə kənd sakini X10 və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt" xidmətinə zəng edərək “Təqsirləndirilən şəxs bağlarının arxasında yulğun ağaclarını kəsib” məzmununda müraciət etmişdir. Həmin müraciətin araşdırılması ilə əlaqədar 10-14 iyun 2024-cu il tarixlərdə ETSN-nin əməkdaşı Şahid3, Ağdaş rayonu, Yenicə bələdiyyəsinin baş mühasibi X2 və həmin kənd sakini Təqsirləndirilən şəxs ilə birlikdə qeyd edilən əraziyə baxış keçirilmişdir. Baxış zamanı ərazinin Yenicə bələdiyyəsinin mülkiyyətində olması, 76 ədəd yaş halda yulğun kolunun kökboğaz hissədən kəsilməsi, müxtəlif yerlərdə yandırılması müəyyən edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu-sual zamanı sonuncu bu işlə heç bir əlaqəsinin olmadığını bildirərək yazılı izahat verməkdən imtina etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Yenicə bələdiyyəsi tərəfindən arayış tərtib edilərək yulğun kollarının kəsildiyi ərazinin bələdiyyə mülkiyyətində olan örüş təyinatlı torpaq sahəsi olduğu, yulğun kollarının kim tərəfindən kəsildiyi barədə məlumat olmadığı qeyd edilmişdir. Bundan sonra tərəflərindən akt tərtib olunmuşdur. Sonrakı müddətdə Təqsirləndirilən şəxs yulğun kollarını özünün kəsdiyini etiraf etmişdir. Yulğun kollarının məhv edilməsi nəticəsində təbiətə 6080 manat məbləğində maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmçinin onlar araşdırma dövründə Yenicə kənd bələdiyyəsinin sədri Məhəbbət Kərimovun verdiyi arayışa əsasən yulğun kollarının məhv edildiyi ərazinin Yenicə kənd bələdiyyəsinin mülkiyyətində olan örüş təyinatlı torpaq sahəsi olduğunu bilmişlər. Məhkəmə iclasında Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-ci il tarixli, 7/1357-9/6678 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Ağdaş rayon polis şöbəsinin 06 avqust 2024-cü il tarixli məktubuna əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli 84707 №-li aktda göstərilən məlumatlara əsasən Ağdaş rayonu, Yenicə kəndi ərazisində köküstə yaş vəziyyətdə 76 ədəd yulğun kolları kök boğazından kəsilməsi müəyyən olunmuşdur. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2024-ci il tarixli, 7/1357-9/6678 saylı rəyindən görünür ki, bioloji təhqiqat hissəsində göstərilənlərə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına (tikinti və və abadlaşdırma istisna olmaqla) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli 84707 №-li aktına əsasən Ağdaş rayonu, Yenicə kəndi ərazisində köküstə yaş bioloji inkişafda olan 76 ədəd kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 6080,00 manat (76 ədəd x 80,00 manat) müəyyən edilir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 avqust 2024-cü il tarixli 5-32-12/2-341/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Yenicə kəndində qeydiyyatdadır, ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı 1999-cu il təvəllüdlü X3; 2020-ci il təvəllüdlü oğlu X6; 2022-ci il təvəllüdlü X7. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2022ci il təvəllüdlü X4r. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli İ-13928 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə”medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli İ-76201 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 04 senytabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 04 senytabr 2024cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 18 senytabr 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi təzələnmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 18 senytabr 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsinndə əvvəllər seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, “Vətən Müharibəsi” iştirakçısı olduğunu nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 1 ədəd dəmir dəstəkli balta məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 1 ədəd dəmir dəstəkli balta məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar