Məhkəmə qərarları › İş №1(014)-154/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-154/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-154/2023 28.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.2008-ci ildə Ağdaş rayonu, Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, subay, natamam-orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, təkrarən zərərçəkmiş şəxslərə ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamış, yəni oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2023cü il aprel ayının ortalarında günorta saatlarında X2 məxsus Ağdaş şəhəri, Karvan küçəsində yerləşən təmir-tikinti işləri aparılan nömrəsiz fərdi yaşayış evinin həyətinə dam örtüyündən hazırlanmış qapının taxtasını əli ilə açaraq qanunsuz daxil olub, oradan da evə daxil olaraq evin içərisindən Zərərçəkmiş şəxs1 məxsus Türkiyə Cümhuriyyətinin istehsalı olan “Yıldız” firmasına məxsus 1x4 mm ölçüdə, 300 metr uzunluqda, bir topunun dəyəri 65 manat, ümumi dəyəri 195 manat olan 3 top mis materialdan olan elektrik naqilini kəlbətin ilə kəsib gizli yolla oğurlayaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2023-cü ilin aprel ayının sonlarında günorta saatlarında Zərərçəkmiş şəxs2 Niyazi oğluna məxsus Ağdaş şəhəri, F.Səfərov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, ordan da zirzəmiyə daxil olaraq zirzəmidən Türkiyə Cümhuriyyətinin istehsalı olan “Yıldız” firmasına məxsus 1x6 mm ölçüdə, 500 metr uzunluqda, bir topunun dəyəri 130 manat, ümumi dəyəri 650 manat olan 5 top mis materialdan olan elektrik naqilini kəlbətin ilə kəsib gizli yolla oğurlayaraq talamaqla, Zərərçəkmiş şəxs2 Niyazi oğluna ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində hər hansı bir yerdə işləmədiyini, Ağdaş şəhəri 3 nömrəli orta məktəbin 9-cu sinif şagirdi olduğunu, 2023-cü ilin aprel ayının ortalarında asan yolla pul qazanıb xərcləmək üçün oğurluq etmək qərarına gəldiyini, bununla bağlı ev axtarmaq qərarına gəldiyini, 2023-cü ilin aprel ayının ortalarında günorta saatlarında yaşadığı evdən çıxdığını, Ağdaş şəhəri, Karvan küçəsindən keçəndə orada yeni ev tikildiyini gördüyünü, həmin vaxt ətrafa baxdığını və ətrafa baxdıqda kənar şəxslərin olmamasını görüb evin həyətinə uzun dəmir qapısının taxtasını əli ilə açaraq həyətə keçdiyini, həyətin içərisində kiminsə olmadığını gördüyünü, daha sonra evin həyətində olan qapısı olmayan evin otaqlarına qanunsuz daxil olduğunu və evin otaqlarından özü ilə gətirdiyi kəlbətin ilə evin otaqlarında olan elektrik naqillərini kəsdiyini, elektrik naqillərini kəsərək yerindən çıxardığını, sonra həmin elektrik naqillərini toparlayıb özü ilə gətirdiyi kisəyə yığdığını, daha sonra həmin kisəni götürərək evin həyətinə daxil olduğu qapıdan küçəyə çıxdığını və ətrafda heç kimin olmadığını görüb oradan uzaqlaşdığını, həmin gün oğurladığı həmin elektrik naqillərini aparıb su kanalının yanında təkbaşına özündə olan alışqan ilə yandırdığını, yandırandan sonra həmin elektrik naqillərini su kanalının yanında gizlətdiyini, səhəri gün Ağdaş şəhəri ərazisində Yevlax rayonundan olan avtomobil ilə metallom alan tanımadığı şəxsə 30 (otuz) manata satdığını, həmin yanmış elektrik naqillərinin çəkisi 3 kq olduğunu, həmin 30 (otuz) manat pulu şəxsi ehtiyaclarına xərclədiyini, Ağdaş şəhər sakinləri Zərərçəkmiş şəxs2 Niyazi oğlunu və Zərərçəkmiş şəxs1 əvvəllər tanımadığını və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, oğurluq hadisələrini törətdiyi zaman ətrafda heç kimin olmadığını və onu da heç kimin görmədiyini, oğurluqlar etməmişdən əvvəl və oğurluqlar etdikdən sonra hər hansı bir şəxsə demədiyini, oğurluqları təkbaşına törətdiyini və oğurluqları etdiyi zaman onu görən olmadığını, həmin elektrik naqillərini alan şəxslərin polisə məlumat verərlər deyə həmin elektrik naqillərinin ona məxsus olmasını dediyini, həmin şəxslərin tək olduğunu və markasını, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəzib metallom alan şəxslər olduğunu bildirmişdir. Bundan sonra 2023-cü ilin aprel ayının sonlarında asan yolla pul qazanıb xərcləmək üçün oğurluq etmək qərarına gəldiyini, bununla bağlı ev axtarmaq qərarına gəldiyini, 2023-cü ilin aprel ayının ortalarında günorta saatlarında yaşadığı evdən çıxdığını, Ağdaş şəhəri, F,Səfərov küçəsindən keçəndə orada yem ev tikildiyi və orada heç kimin olmadığını gördüyünü, oğurluq etmək qərarına gəldiyini, oğurluq etmək üçün evin giriş qapısının sağ tərəfində yerləşən hasardan aşaraq həyətə qanunsuz daxil olduğunu, evin qabaq tərəfindən evə daxil olmaq istəsə də evin qapısının bağlı olduğunu, bundan sonra evə daxil olmaq üçün yer axtaran zaman evin sol tərəfində zirzəmi olmasını gördüyünü, evin zirzəmisinin qapısından qanunsuz olaraq zirzəmiyə daxil olduğunu, evdə olan elektrik naqillərinin hamısının oradan çəkildiyini gördüyünü və özü ilə gətirdiyi kəlbətin ilə həmin elektrik naqillərini kəsib özü ilə gətirdiyi kisəyə yığmağa başladığını, həmin elektrik naqillərini kəsib kisəyə yığdıqdan sonra ətrafa baxaraq ətrafda heç kimin olmadığını görüb gəldiyi hasardan aşaraq oğurladığı elektrik naqilləri ilə birlikdə oradan uzaqlaşdığını, daha sonra həmin elektrik naqillərini aparıb evinin yanında yerləşən su kanalının yaxınlığında yandırdığını, həmin elektrik naqillərini yandırdıqdan sonra səhəri gün Ağdaş şəhəri ərazisində Yevlax rayonundan olan tanımadığı metallom qəbul edən şəxsə 30 manata satdığını, həmin elektrik naqillərinin çəkisinin 2 kq olduğunu, həmin 30 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Niyazi oğlu ifadəsində ünvan 2 ünvanında yaşasa da Ağdaş şəhəri, F.Səfərov küçəsində yaşadığı evin qonşuluğunda həyəti olan fərdi yaşayış evi tikdirdiyini, özünün həmin torpaq sahəsini təxminən 10 ildir ki, aldığını və təxminən 8 ildir ki, hissə-hissə pulu olduqca həmin torpaqda ev tikdirdiyini, lakin maddi imkanı olmadığına görə bu günədək fərdi yaşayış evinin tikintisini başa çatdırmadığını, evin pəncərələrini qoyduğunu, lakin evinin qapılarının olmadığını, tikilməkdə olan fərdi yaşayış evinin həyətdən girişi olan zirzəmisinin olduğunu, həmin evin zirzəmisindən evinin bütün elektik naqillərini çəkdiyini, zirzəminin qapısının olmadığını, evin həyətinin giriş qapısının dam örtüyü materialında olduğunu, evin zirzəmisinin həyətə daxil olduqda sol tərəfdə yerləşdiyini, ara-sıra evə gedib nəzarət etdiyini, lakin nəzarət məqsədi ilə evə gedən zaman zirzəmiyə daxil olub baxmadığını, təxminən 20 aprel 2023-cü il tarixdə təmir işləri aparılan fərdi yaşayış evinə təkbaşına gələrək nəzarət məqsədilə baxdığını, həmin vaxt fərdi yaşayış evindən hər hansı bir oğurluq və ya hər hansı bır hadisə baş vermədiyini, evin həyətində yabanı otlar bitdiyinə görə həyətin bir hissəsini həmin yabanı otlardan təmizlədiyini, daha sonra isə çıxıb getdiyini, xx.xx.2023-cü il tarixdə yenidən tikilməkdə olan fərdi yaşayış evinə təkbaşına getdiyini, yenə eyni qaydada həyətdə olan yabanı otları təmizləməyə başladığını, bu zaman həyətdə elektrik naqilinin kiçik bir hissəsini tapdığını, buna görə evin zirzəmisinə daxil olduğunu, zirzəmiyə daxil olan zaman yerdə bir qədər elektrik naqilinin kəsilmiş vəziyyətdə olmasını gördüyünü, bir qədər ətrafa nəzər yetirdikdə evin bütün elektrik naqillərinin kəsilərək oğurlanmasını aşkar etdiyini, daha sonra bu barədə, yəni yaşadığı fərdi yaşayış evindən elektrik naqillərinin oğurlanması barədə Ağdaş rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etdiyini, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, fərdi yaşayış evindən Türkiyə Cümhuriyyətinin istehsalı olan “Yıldız” firmasına məxsus 1x6 mm ölçüdə, 500 metr uzunluqda, bir topunun dəyəri 130 manat, ümumi dəyəri 650 manat olan 5 top mis materialdan olan elektrik naqilinin oğurlanması nəticəsində ona ümumilikdə 650 (altı yüz əlli) manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 Niyazi oğlu məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona həbslə əlaqəli olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində qardaşı Ramin Kərimova məxsus fərdi yaşayış evindən oğurluq edən Ağdaş rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, Ağdaş şəhəri, Karvan küçəsində doğma qardaşı Ramin Kərimova məxsus hazırda tikintisi davam etdirilən bir mərtəbəli fərdi yaşayış evi olduğunu, qardaşı Ramin Kərimovun uzun illərdir ki, Rusiya Federasiyasında yaşadığını, 2023-cü ilin yanvar ayında qardaşı X7 rayonuna gələrək Ağdaş şəhəri Karvan küçəsində özünə məxsus torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikdirməyə başladığını, həmin fərdi yaşayış evinin hal-hazırda tikintisinin baş çatmadığını, qardaşı Ramin Kərimovun 2023-cü ilin aprel ayının əvvəllərində Rusiya Federasiyasına getdiyini, bundan sonra onun evin tikinti işlərini şəxsi vəsaiti hesabına etdirdiyini, daha sonra qardaşı Ramin Kərimovun ona həmin xərc çəkdiyi pulları geri qaytaracağını, hazırda evin qapı-pəncərəsinin olmadığını, evin 5 otaqdan ibarət olduğunu, evin elektrik naqillərinin hazırlanıb vurulduğunu, ara-sıra gedərək evə nəzarət etdiyini, xx.xx.2023-cü il tarixdə səhər saat 13 radələrində qardaşına məxsus fərdi yaşayış evinə baxmaq üçün həmin evə getdiyini, evi gəzərkən arxa otaqlarda elektrik naqillərinin öz yerlərində olmadığını aşkar etdiyini, bundan sonra digər otaqlara da baxdığını, digər otaqlarda da naqillərin yerində olmadığını aşkar etdiyini, naqillərin oğurlandığını başa düşdüyünü və bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat verdiyini və Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyini, fərdi yaşayış evindən Türkiyə Cümhuriyyətinin istehsalı olan “Yıldız” firmasına məxsus 1x4 mm ölçüdə 300 metr uzunluqda, bir topunun dəyəri 65 manat, ümumi dəyəri 195 manat olan 3 top mis materialdan olan elektrik naqilinin oğurlandığını, oğurluq nəticəsində ona ümumilikdə 195 (yüz doxsan beş) manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, ona həbslə əlaqəli olmayan yüngül cəza verilməsini xahiş etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 18 avqust 2023-cü il tarixli, ƏQ-58/2023 nömrəli məktubdan görünür ki, Türkiyə Cümhuriyyətinin istehsalı olan “Yıldız” firmasına məxsus 1x4 mm ölçüdə, 1 topunuzunluğu 100 metr, ümumi 3 topun uzunluğu 300 metr olan elektrik naqilinin nəzəri qaydada 1 topunun 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 65 (altmış beş) manat, ümumilikdə isə 3 topunun orta bazar qiyməti 195 (yüz doxsan beş) manat; Türkiyə Cümhuriyyətinin istehsalı olan “Yıldız” firmasına məxsus 1x6 mm ölçüdə, 1 topun uzunluğu 100 metr, ümumi 5 topun uzunluğu 500 metr olan elektrik naqilinin nəzəri qaydada 1 topunun 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 120 (yüz iyirmi) manat, nəzəri qaydada 5 topunun orta bazar qiyməti 600 (altı yüz) manat olmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Xəyal Dolxanovun 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Xəyal Dolxanovun 14 avqust 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 925 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: xx.xx.1956-cı il təvəllüdlü X4, xx.xx.1982-ci il təvəllüdlü Qanuni nümayəndə, xx.xx.1984-cü il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X6. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6- 22/2-1277/2023 nömrəli məktubdan görünür ki, Ağdaş rayonu, Qaradağlı kənd sakini, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, o, həmin qərarla 13:00-da tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mütəxəssis rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, azyaşlı və orta məktəb şagirdi olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, cinayət törədərkən yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vemə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar