Məhkəmə qərarları › İş №1(014)-155/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-155/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-155/2023 24.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Nehrəxəlil kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əməlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən X1 məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsindəki taxta qapını təpik ilə sındırıb açmaq yolu ilə qanunsuz daxil olaraq həmin evin yataq otağındakı Ağdaş rayonu, Aşağı Ləki kənd sakini Zərərçəkmiş şəxs məxsus 2 ədəd işlək vəziyyətdə hər biri 1200 manat ümumilikdə 2400 manat dəyərində Cənubi Koreya istehsalı, 110 dioqanallı, “LG TLC” markalı televizor və 1 ədəd, işlək vəziyyətdə ümumilikdə 600 manat dəyərində Tayvan istehsalı “Asus” markalı notbuku gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində X2 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə müraciəti və Zərərçəkmiş şəxs Ağdaş rayon Polis şöbəsinə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Ağdaş şəhərində yerləşən tikinti materialları bazarında fəhlə kimi işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində Rasul Sultanova məxsus fərdi yaşayış evinin olduğunu, Rasul Sultanovun uzun müddətdir ki, Rusiya Federasiyasında yaşadığını, Rasul Sultanovu tanıdığını, onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, belə ki, Rasul Sultanovun evi yaşadığı Nehrəxəlil kəndinin yaxınlığında yerləşdiyini, maddi vəziyyətində uzun müddətdir ki, problemlər olduğundan Rasul Sultanova məxsus fərdi yaşayış evindən oğurluq etmək qərarına gəldiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində Rasul Sultanova məxsus fərdi yaşayış evinin qarşısına gəldiyini və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra daş hasardan tullanıb fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olduğunu, daha sonra taxta pilləkən ilə ikinci mərtəbəyə çıxdığını və taxta qapını ayağı ilə vuraraq açıb içəri daxil olduğunu, evin otaqlarını axtarmağa başladığını və yataq otağında yerdə olan 2 ədəd “LG” markalı televizor və 1 ədəd “Asus” markalı notbuku götürdüyünü, daha sonra həmin 2 ədəd “LG” markalı televizorları və 1 ədəd “Asus” markalı notbuku özü ilə götürdüyünü və evə daxil olduğu qapıdan çölə çıxıb fərdi yaşayış evinin həyətyanı sahəsinə gəldiyini, daha sonra həmin 2 ədəd “LG” markalı televizorları və 1 ədəd “Asus” markalı notbuku daş hasardan çölə tulladığını, oğurladığı 2 ədəd “LG” markalı televizor və 1 ədəd “Asus” markalı notbuku Rasul Sultanovun evinin yaxınlığında olan su kanalının kənarındakı qamışlıqda gizlətdiyini, ertəsi gün, yəni 26 may 2022-ci il tarixdə həmin əşyaları başqa yerdə gizlətmək üçün Ağdaş rayonu, Ləki qəsəbə sakini Şahid ilə görüşdüyünü, söhbət zamanı Şahid 2 ədəd “LG” markalı televizor və 1 ədəd “Asus” markalı notbuk oğurladığını və həmin notbukları gizlətməkdə ona kömək etməsini istədiyini, Şahid onunla razılaşdığını və həmin 2 ədəd “LG” markalı televizor və 1 ədəd “Asus” markalı notbuku Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən özünə məxsus bağ sahəsində yerləşən tövlədə gizlətməyi təklif etdiyini, razılaşdığını və 2 ədəd “LG” markalı televizor və 1 ədəd “Asus” markalı notbuku gətirəcəyini bildirdiyini, daha sonra Şahid bağ sahələrinə gediyini, fərdi yaşayış evinə gəldiyini və həyətdə olan əl arabasını götürərək qamışlıq sahəyə gəldiyini, 2 ədəd “LG” markalı televizor və 1 ədəd “Asus” markalı notbuku əl arabasına qoyduğunu və onları Şahid məxsus bağ sahəsinə gətirdiyini, Şahid ilə birlikdə 2 ədəd “LG” markalı televizor və 1 ədəd “Asus” markalı notbuku tövlədəki dəmir şiferin arxasında gizlətdiyini, daha sonra isə fərdi yaşayış evlərinə getdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ərizman oğlu ifadəsində X2 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə müraciəti ilə tanış olduğunu, bundan başqa 27 may 2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, fərdi əməklə məşğul olduğunu, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, özünün fərdi yaşayış evində olan məişət əşyalarının sayı çox olduğundan həmin məişət əşyalarının bir qismini qardaşı Rasul Sultanova məxsus Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən fərdi yaşayış evində saxladığını, qardaşının uzun müddətdir ki, Rusiya Federasiyası, Moskva şəhərində yaşadığını, mütəmadi olaraq qardaşının evinə də nəzarət etdiyini, xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində qardaşına məxsus fərdi yaşayış evinə gəldiyini, evin ikinci mərtəbəsinə taxta pilləkən ilə qalxdığını və taxta qapının qarşısına gəldiyini, həmin vaxtı taxta qapının açıq vəziyyətdə olduğunu gördüyünü, oğurluq olmasından şübhələndiyini və dərhal içəri daxil olduğunu, fərdi yaşayış evinin içərisinin dağınıq vəziyyətdə olduğunu, yataq otağına baxan zaman orada olan özünə məxsus 2 ədəd 2400 manat dəyərində, 110 diaqonallı “LG TLC” markalı televizorun və 1 ədəd 600 manat dəyərində “Asus” markalı notbukun oğurlanmasını müəyyən etdiyini, qardaşı və qardaşının qudası Ramin Salmanova zəng edərək evdən oğurluq olması barədə məlumat verdiyini, çünki, fərdi yaşayış evində qardaşı və onun qudası Ramin Salmanova məxsus məişət əşyalarının da olduğunu, daha sonra fərdi yaşayış evini yoxladığını, lakin başqa hər hansı əşyanın və digər qiymətli əşyaların oğurlanmasını müəyyən etmədiyini, bundan sonra Ramin Salmanovun baş vermiş oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə məlumat verdiyini, oğurluq hadisəsi barədə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, daha sonra polis əməkdaşlarının oğurluq hadisəsinin Ağdaş rayonu, Nehrəxəlil kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bildirdiklərini, Təqsirləndirilən şəxs tanıdığını və onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində X2 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə müraciəti və Zərərçəkmiş şəxs Ağdaş rayon Polis şöbəsinə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, 26 may 2022-ci il tarixdə axşam saatlarında Ağdaş rayonu, Ləki qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs onun yanına gəldiyini, söhbət zamanı Təqsirləndirilən şəxs ona 2 ədəd “LG” markalı televizor və 1 ədəd “Asus” markalı notbuk oğurladığını və həmin məişət əşyalarını gizlətmək istədiyini və onun ona kömək etməsini istədiyini, razılaşdığını, həmin məişət əşyalarını Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən bağ sahələrindəki tövlədə gizlətməyi təklif etdiyini, Təqsirləndirilən şəxs də onunla razılaşdığını, bundan sonra bağ sahəsinə gəldiyini, bir müddət sonra Təqsirləndirilən şəxs də bağ sahəsinə gəldiyini, Təqsirləndirilən şəxs yanında əl arabası və həmin arabanın içərisində 2 ədəd “LG” markalı televizor və 1 ədəd “Asus” markalı notbuk olduğunu, Təqsirləndirilən şəxs ilə birlikdə 2 ədəd “LG” markalı televizoru və 1 ədəd “Asus” markalı notbuku istifadə edilməyən tövlənin içərisindəki dəmir materialdan olan şiferin arxasında gizlətdiyini, bir müddət sonra Təqsirləndirilən şəxs Ağdaş rayon Polis şöbəsinə gətirildiyini eşitmədiyini, qorxduğunu və Təqsirləndirilən şəxs oğurluq əşyalarını birgə gizlətməyi barədə polisə məlumat verəcəyini güman etdiyini, buna görə də dərhal bağ sahəsindəki tövləyə gəldiyini, 2 ədəd “LG” markalı televizoru əl arabasına qoyaraq Türyançay çayının Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindən keçən hissəsinə gətirdiyini və həmin televizorları qırıb çaya tulladığını, 1 ədəd “Asus” markalı notbuku isə balaca olduğu üçün dəmir şiferin arxasında gizlətdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-62/2023 saylı məktubundan görünür ki, 2 ədəd, 110 diaqonallı, “LG TLC” markalı televizorun hər birinin qiyməti 1200 (min iki yüz) manat olmaqla, ümumi 2400 (iki min dörd yüz) manat dəyərində; 1 ədəd “Asus” markalı notbukun qiyməti isə 400 manat dəyərindədir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1468 saylı məktubdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-91/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib üç min manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək, 03 iyun 2016-cı il tarixdən 21 sentyabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 3 ay 18 gün nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza yüngülləşdirmiş və qəti cəza, min manat cərimə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-91/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü üzrə cəzasını xx.xx.2021-ci il tarixdə tam olaraq ödəyib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 avqust 2023-cü il tarixli, 5-32-12/2-225/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndi yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: 1957-ci il təvəllüdlü X4 və xx.xx.1958-ci il təvəllüdlü X3. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X9 22 avqust 2023-cü il PHŞ-6-22/2-1281/2023 arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X9 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ziyanın ödənilməsini və zərərçəkən şəxslə barışmasını, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd əl-barmaq izlərinin olduğu zərf cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut 1 ədəd “Asus” markalı notbukun Zərərçəkmiş şəxs olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Asus” markalı notbukun Zərərçəkmiş şəxs olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd əl-barmaq izlərinin olduğu zərf cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar