Məhkəmə qərarları › İş №1(014)-157/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-157/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-157/2024 12.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Müdafiəçilər Ağdaş rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Ağdaş rayonu, Gürcüva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, təqaüdçü, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Gürcüva kəndində qeydiyyatda olmaqla Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx xxxxxx 1989-cu ildə Ağdaş rayonu, Gürcüva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, "xxxx" QSC-nin Yevlax şöbəsində yol montyoru vəzifəsində işləyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Gürcüva kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxx 1995-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, hazırda heç yerdə işləməyən, evli, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, evli olan övladı Şahid2 ilə Zərərçəkmiş şəxs münasibəti olmasını öyrəndikdən sonra sonuncunu cəzalandırmaq məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs qızı Şahid2 vasitəsilə özünə məxsus yaşadığı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən fərdi yaşayış evinə çağırılmasına nail olduqdan sonra 18 avqust 2024cü il tarixdə saat 09 radələrində yaşadığı evin 1-ci mərtəbəsində anbar kimi istifadə olunan otaqda və həyətdə olan tövlədə əvvəlcədən aralarında olan cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 şillə, yumruq, təpiklə, Təqsirləndirilən şəxs1 şillə, yumruq, təpik və taxta parçası ilə, özü isə qayçı ilə saçını kəsib istintaqa məlum olmayan təxminən 1 metr uzunluğunda zəncirlə Zərərçəkmiş şəxs müqavimətini birlikdə qırmaqla baş, boyun, bel və bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq ona qəsdən hər iki gicgah nahiyələrində hematoma ilə müşayiət olunan baş-beyin silkələnməsi və qapalı kəllə-beyin travması ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, boyunun, qarının ön divarının, hər iki bud, dirsək, sol bazu və belin çoxsaylı cırılmış, sıyrılmış yaraları, beyin zolaqşəkilli qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, evli olan əmisi qızı Şahid2 ilə Zərərçəkmiş şəxs münasibəti olmasını öyrəndikdən sonra sonuncunu cəzalandırmaq məqsədilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs əmisi qızı Şahid2 vasitəsilə əmisi Təqsirləndirilən şəxs3 məxsus Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən fərdi yaşayış evinə çağırılmasına nail olduqdan sonra 18 avqust 2024-cü il tarixdə saat 09 radələrində evin 1-ci mərtəbəsində anbar kimi istifadə olunan otaqda və həyətdə olan tövlədə əvvəlcədən aralarında olan cinayətkar niyyətə uyğun olaraq özü şillə, yumruq, təpiklə, Təqsirləndirilən şəxs1 şillə, yumruq, təpik və taxta parçası ilə, Təqsirləndirilən şəxs3 isə qayçı ilə saçını kəsib istintaqa məlum olmayan təxminən 1 metr uzunluğunda zəncirlə Zərərçəkmiş şəxs müqavimətini birlikdə qırmaqla baş, boyun, bel və bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq ona qəsdən hər iki gicgah nahiyələrində hematoma ilə müşayiət olunan baş-beyin silkələnməsi və qapalı kəllə-beyin travması ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, boyunun, qarının ön divarının, hər iki bud, dirsək, sol bazu və belin çoxsaylı cırılmış, sıyrılmış yaraları, beyin zolaqşəkilli qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, arvadı Şahid2 ilə Zərərçəkmiş şəxs münasibəti olmasını öyrəndikdən sonra sonuncunu cəzalandırmaq məqsədilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs arvadı Şahid2 vasitəsilə qayınatası Təqsirləndirilən şəxs3 məxsus Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən fərdi yaşayış evinə çağırılmasına nail olduqdan sonra 18 avqust 2024cü il tarixdə saat 09 radələrində evin 1-ci mərtəbəsində anbar kimi istifadə olunan otaqda və həyətdə olan tövlədə əvvəlcədən aralarında olan cinayətkar niyyətə uyğun olaraq özü şillə, yumruq, təpik və taxta parçası ilə, Təqsirləndirilən şəxs2 şillə, yumruq, təpiklə, Təqsirləndirilən şəxs3 isə qayçı ilə saçını kəsib istintaqa məlum olmayan təxminən 1 metr uzunluğunda zəncirlə Zərərçəkmiş şəxs müqavimətini birlikdə qırmaqla baş, boyun, bel və bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq ona qəsdən hər iki gicgah nahiyələrində hematoma ilə müşayiət olunan baş-beyin silkələnməsi və qapalı kəllə-beyin travması ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, boyunun, qarının ön divarının, hər iki bud, dirsək, sol bazu və belin çoxsaylı cırılmış, sıyrılmış yaraları, beyin zolaqşəkilli qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 avqust 2024-cü il tarixdə kürəkəni Təqsirləndirilən şəxs1 ona zəng edərək Çiçəyə kiminsə mesaj yazdığını, həmin şəxsin Ağdaşlı olduğunu və Çiçəyin bu olanları ona danışdığını demiş, Çiçək isə öz şəkillərinin oğlanda olduğunu, pul verməyəcəyi təqdirdə həmin şəkilləri yayacağı ilə onu hədələdiyini bildirmişdir. O isə şənbə günü dializdə olacağını, bazar günü gəlmələrini, həmin oğlanı da çağırıb məsələni aydınlaşdıracaqlarını demişdir. Həmin tarixdə axşam saatlarında qardaşı oğlu Cavidə zəng edərək “bazar günü bizdə olarsan, 5-10 dəqiqəlik lazım olacaqsan” demiş, Cavid də heçnə deməyərək razılaşmışdır. Şənbə günü axşam yenidən Cavidə zəng edərək, bazar günü saat 08:00-da onlarda olmağını istəmişdir. 18 avqust 2024-cü il tarixdə saat 08:00-da həyat yoldaşı Şahid1 işə aparmış və evə gəlmiş, həmin vaxt Cavid də gəlmişdir. O, olanları Cavidə danışmış və Çiçəyə yazan həmin oğlanı da çağıracaqlarını, söhbət edəcəklərini bildirmişdir. Bir müddət sonra qızı Çiçək, kürəkəni Kərim 2 aylıq övladları ilə birlikdə onlara gəlmişlər. O, Çiçəyə həmin oğlana məlumat verib gizli olaraq onlara gəlməsini tapşırmış, Çiçək də eyni qaydada oğlana məlumat verərək evə çağırmışdır. Həmçinin o, həmin oğlanın Ağdaş şəhər sakini Məhəmməd olmasını bilmişdir. X18 2 mərtəbəli evin 1-ci mərtəbəsində olan, əvvəllər hamam kimi istifadə etdikləri, lakin hazırda məişət əşyaları saxladıqları otağa aparmasını tapşırmışlar. Burada səbəb qonşuların qışqırıq (söyüş və s.) səslərini eşitməməsi olmuşdur. Bundan sonra o, 2ci mərtəbədə, Cavid ayaq yolunda, Kərim isə tövlədə gizlənmişlər. Saat 09 radələrində Məhəmməd evin arxa qapısına gəlmiş, Çiçək də gedib qapını açmışdır. Çiçək Məhəmmədlə birlikdə həyətə daxil olmuş və əvvəldən razılaşdıqları otağa getmişlər. Həmin zaman o, aşağı düşmüş, otağa girdikdə Kərimlə Cavid artıq otaqda olmuşlar. Məhəmmədin üz nahiyyəsinə baxdıqda üzünün qızardığı, bir neçə dəfə şillə vurulduğu hiss olunmuşdur. Məhəmməd qızının şəkilinin özündə olduğunu, ona mesaj yazdığını, 7 ildir qızı ilə görüşdüklərini demiş, bu səbəblə o, əsəbləşərək Məhəmmədin üz nahiyəsindən 1-2 şillə vurmuşdur. Bundan sonra Kərim otaqda olan təxminən 1 metr uzunluqdakı taxta parçasını götürmüş və Məhəmmədin kürək nahiyyəsindən 3-4 dəfə vurmuş, həmin zaman Məhəmməd divara yaxın olduğundan baş və qol nahiyələri divara dəymişdir. Həmin müddətdə onlar əsəbləşərək Məhəmmədi təhqir etmişlər. O, bundan sonra otağın pəncərəsində olan qayçını götürüb Məhəmmədin saçını 2 yerdən kəsmiş, daha sonra otaqda olan təxminən 1 metrə yaxın uzunluqdakı zənciri götürərək 1 dəfə Məhəmmədin kürək nahiyəsindən vurmuş, sonra isə 1 dəfə zəncirin baş hissəsi ilə Məhəmmədin qarnına dirəmiş, sonra zənciri Məhəmmədin üstünə, yəni çiyninə doğru atmış, zəncir də çiyninə dəyərək yerə düşmüşdür. Həmçinin Kərim telefonunu çıxarıb Məhəmmədə tərəf tutan zaman, o Kərimə video çəkməməsini demiş, Kərim isə video çəkmədiyini, sadəcə fənərini yandıraraq guya video çəkirmiş kimi qorxutduğunu demişdir. Kərim Məhəmməddən öz-özünü söyməyi tələb etmiş, Məhəmməd də öz-özünü söymüşdür. O, bundan sonra “day buraxın getsin, vurmayın” demişdir. Daha sonra Məhəmmədi buraxmaq üçün çölə çıxarmışlar. X15 arxa qapı ilə çölə çıxarmaq üçün və qonşular görməsin deyə tövlənin arası ilə aparmış, həmin vaxt o həyətdə dayanmış və onlara baxmışdır. Həmin aralıqda Cavidlə Kərimin bir neçə dəfə Məhəmmədin baş nahiyəsindən şillə vurduqlarını görmüşdür. Daha sonra isə Cavid Məhəmmədin arxa hissəsindən bir təpik vuraraq arxa qapıdan yola salmış və ona “dayanmadan qaç, çıx get” demiş, Məhəmməd də qaçaraq çıxıb getmişdir. Daha sonra Cavid evə, özü isə Çiçəyi evdən götürərək görməsi üçün anasının yanına aparmış, Kərim isə həyətdə qalmışdır. Daha sonra Çiçəklə Kərim çıxıb yaşadıqları evə getmişlər. Bir müddət sonra qudaları arvadı Şahid1 zəng edərək baş verənlər barədə məlumat vermişlər, arvadı da olubbitənləri həmin zaman öyrənmişdir. Bundan sonra arvadı Şahid1 əsəbləşərək ağac parçasını, zənciri və Məhəmmədin saçını evlərinin arxasından keçən axar su kanalına atmışdır. Məhəmmədin saçını kəsdiyi qayçını baxış keçirilən zaman könüllü olaraq təqdim etmişdir. Hadisə zamanı orada özündən başqa, Cavid, Kərim və Məhəmməd olmuş, Çiçək həmin zaman evin 2-ci mərtəbəsində olmuş, həmin vaxt səs-küyə heç kim gəlməmiş, ümumilikdə hadisə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 avqust 2024-cü il tarixdə axşam saatlarında əmisi Natiq zəng edərək “bazar günü bizdə olarsan, 5-10 dəqiqəlik lazım olacaqsan” demiş, o da heçnə deməyərək razılaşmışdır. Şənbə güna axşam saatlarında əmisi yenidən zəng edərək, bazar günü saat 08:00-da onlarda olmağını istəmişdir. O da bazar günü saat 08 radələrində əmisinin yaşadığı evdə olmuş, həmin vaxt əmisi ona kiminsə Çiçəyi telefon vasitəsi ilə narahat etdiyini, birazdan Kərimlə Çiçəyin gələcəyini, həmin şəxsin də gələcəyini demişdir. Bir müddət sonra əmisi qızı Çiçək, əri Kərim 2 aylıq övladları ilə birlikdə gəlmişlər. Əmisi Çiçəyə həmin oğlana məlumat verib gizli olaraq çağırmasını tapşırmış, Çiçək də eyni qaydada oğlana məlumat verərək evə çağırmışdır. Həmçinin o, həmin oğlanın Ağdaş şəhər sakini Məhəmməd olmasını bilmişdir. X18 2 mərtəbəli evin 1-ci mərtəbəsində olan, əvvəllər hamam kimi istifadə edilən, lakin hazırda məişət əşyaları saxlanılan otağa aparmasını tapşırmışlar. Burada səbəb qonşuların qışqırıq səslərini eşitməməsi olmuşdur. Bundan sonra əmisi 2-ci mərtəbədə, özü ayaq yolunda, Kərim isə tövlədə gizlənmişlər. Saat 09 radələrində Məhəmməd evin arxa qapısına gəlmiş, Çiçək də gedib qapını açmışdır. Çiçək Məhəmmədlə birlikdə həyətə daxil olmuş və onu əvvəldən razılaşdıqları otağa aparmışdır. Həmin zaman o, Kərimlə gizləndikləri yerdən çıxaraq otağın qarşısına gələrək Məhəmmədin qarşısına çıxmışlar. Otağa girən kimi hər ikisi Məhəmmədin üz nahiyəsindən 1-2 sillə vurmuş, daha sonra evə nə üçün gəldiyini soruşduqda Çiçəyin özünün onu evə çağırdığını, Çiçəyin şəklinin özündə olduğunu, ona mesaj yazdığını, 7 ildir görüşdüklərini demişdir. Həmin zaman əmisi də içəri girmiş və Məhəmmədin üz nahiyəsindən 1-2 sillə vurmuşdur. Bundan sonra Kərim otaqda olan təxminən 1 metr uzunluqdakı taxta parçasını götürmüş və Məhəmmədin kürək nahiyyəsindən 3-4 dəfə vurmuş, həmin vaxt Məhəmməd divara yaxın olduğundan baş və qol nahiyələri divara dəymişdir. Həmin müddətdə onlar əsəbləşərək Məhəmmədi təhqir etmişlər. Bundan sonra əmisi Natiq otağın pəncərəsində olan dəmir qayçını götürüb Məhəmmədin saçını 2 yerdən kəsmiş, sonra əmisi otaqda olan təxminən 1 metr uzunluqdakı zənciri götürərək 1 dəfə Məhəmmədin kürək nahiyəsindən vurmuş, sonra isə 1 dəfə zəncirin baş hissəsi ilə Məhəmmədin qarnına dirəmiş, sonra zənciri Məhəmmədin üstünə, çiyninə doğru atmış, zəncir də çiyninə dəyərək yerə düşmüşdür. Həmçinin Kərim telefonunu çıxarıb Məhəmmədə tərəf tutan zaman əmisi video çəkməməsini demiş, Kərim isə video çəkmədiyini, sadəcə fənərini yandıraraq, guya video çəkirmiş kimi qorxutduğunu demişdir. Kərim Məhəmməddən öz-özünü söyməyi tələb etmiş, Məhəmməd də öz-özünü söymüşdür. Bundan sonra əmisi “day buraxın getsin, vurmayın” demiş, onlar da əmisinin dediyi ilə razılaşmışdır. Məhəmmədi buraxmaq üçün çölə çıxarmış, əmisi evin qarşısında gözləmiş, o isə Kərimlə birlikdə Məhəmmədi arxa qapı ilə çölə çıxarmaq üçün və qonşular görməsin deyə tövlənin arası ilə aparmış, həmin aralıqda Kərimlə birlikdə bir neçə dəfə Məhəmmədin baş nahiyəsindən sillə vurmuş, daha sonra özü Məhəmmədin arxa hissəsindən bir təpik vuraraq arxa qapıdan yola salmış və “dayanmadan qaç, çıx get” demiş, Məhəmməd də qaçaraq çıxıb getmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 avqust 2024-cü il tarixdə Şahid2 ona Məhəmməd adlı şəxsin onunla Telegram sosial şəbəkəsində aralarında olan danışıq zamanı 5000 manat pul istədiyini, əgər verməsə özündə olan şəklini paylaşacağı ilə hədələdiyini bildirmişdir. O, Çiçəkdən həmin şəxsin kim olduğunu soruşduqda 5 il öncə məktəb zamanı tanış olduqlarını, bundan sonrakı müddətdə əlaqələrinin olmadığını, son dövrlərdə telegram hesabını öyrəndiyini və şəkillərini ələ keçirdiyini, bu səbəblə ona yenidən yazdığını bildirmişdir. O da bu səbəblə qayınatası Təqsirləndirilən şəxs3 zəng edərək Çiçəyə kiminsə zəng etdiyini, həmin şəxsin Ağdaş sakini olduğunu, onu hədələdiyini demiş, qayınatası Təqsirləndirilən şəxs3 isə şənbə günü dializdə olduğunu, bazar günü gəlmələrini, həmin oğlanı da çağırıb məsələni aydınlaşdıracaqlarını demişdir. 18 avqust 2024-cü il tarixdə səhər saatlarında həyat yoldaşı Çiçək və 2 aylıq övladı ilə birlikdə qayınatasının yaşadığı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən evinə gəlmiş, həmin vaxt qayınanası Şahid1 işə getmiş, lakin Çiçəyin əmisi oğlu Cavid də orada olmuşdur. X16 həmin oğlana məlumat verib gizli olaraq evə çağırmasını tapşırmış, Çiçək də ilk öncə Məhəmmədə Telegram sosial şəbəkəsində zəng etmiş, Məhəmməd zəngi açdıqda söndürmüş, daha sonra Məhəmməd mesaj yazdıqda evə gəlməsini istəmişdir. Həmçinin, onlar Çiçəyə Məhəmməd gəldikdə 2 mərtəbəli evin 1ci mərtəbəsində olan, əvvəllər hamam kimi istifadə edilən, lakin hazırda məişət əşyaları saxlanılan otağa aparılmasını tapşırmışdır. Burada səbəb qonşuların qışqırıq səslərini eşitməməsi olmuşdur. Bundan sonra Natiq 2-ci mərtəbədə, Cavid ayaq yolunda, özü isə tövlədə gizlənmişdir. Saat 09 radələrində Məhəmməd evin arxa qapısına gəlmiş, Çiçək də gedib qapını açmışdır. Çiçək Məhəmmədlə birlikdə həyətə daxil olmuş və əvvəldən razılaşdıqları otağa aparmışdır. Həmin vaxt o, Cavidlə gizləndikləri yerdən çıxaraq otağın qarşısına gələrək Məhəmmədin qarşısına çıxmışlar. Otağa girən kimi hər ikisi Məhəmmədin üz nahiyəsindən 1-2 sillə vurmuşlar. Daha sonra evə nə üçün gəldiyini soruşduqda Çiçəyin özünün onu evə çağırdığını, Çiçəyin şəklinin özündə olduğunu, ona mesaj yazdığını, 7 ildir görüşdüklərini demişdir. Həmin zaman Natiq də içəri girmiş və Məhəmmədin üz nahiyəsindən 1-2 sillə vurmuşdur. Bundan sonra o, otaqda olan təxminən 1 metr uzunluqdakı taxta parçasını götürmüş və Məhəmmədin kürək nahiyyəsindən 1-2 dəfə vurmuş, həmin vaxt Məhəmməd divara yaxın olduğundan baş və qol nahiyələri divara dəymişdir. Həmin müddətdə onlar əsəbləşərək Məhəmmədi təhqir etmişlər. Bundan sonra Natiq otağın pəncərəsində olan qayçını götürüb Məhəmmədin saçını 2 yerdən kəsmiş, sonra Natiq otaqda olan təxminən 1 metr uzunluqdakı zənciri götürərək 1 dəfə Məhəmmədin kürək nahiyəsindən vurmuş, sonra isə 1 dəfə zəncirin baş hissəsi ilə Məhəmmədin qarnına dirəmiş, sonra zənciri Məhəmmədin üstünə, çiyninə doğru atmış, zəncir də çiyninə dəyərək yerə düşmüşdür. Həmçinin o, telefonunu çıxarıb guya video çəkirmiş kimi fənəri yandırıb Məhəmmədə tərəf tutmuş, bu zaman Natiq ona video çəkibçəkməməyini soruşmuş, o da video çəkmədiyini, sadəcə fənərini yandıraraq, guya video çəkirmiş kimi qorxutduğunu demişdir. O, Məhəmməddən öz-özünü söyməyini tələb etmiş, Məhəmməd də öz-özünü söymüşdür. Bundan sonra Natiq “day buraxın getsin, vurmayın” demiş, onlar da Natiqin dediyi ilə razılaşmışlar. Daha sonra Məhəmmədi buraxmaq üçün çölə çıxarmışlar. Natiq evin qarşısında gözləmiş, o isə Cavidlə birlikdə Məhəmmədi arxa qapı ilə çölə çıxarmaq üçün və qonşular görməsin deyə tövlənin arası ilə aparmışlar. Həmin aralıqda Cavid bir neçə dəfə Məhəmmədin baş nahiyəsindən şillə vurmuş, daha sonra Cavid Məhəmmədin arxa hissəsindən bir təpik vuraraq arxa qapıdan yola salmış və ona “dayanmadan qaç, çıx get” demiş, Məhəmməd də qaçaraq çıxıb getmişdir. Daha sonra Natiq Çiçəyi götürərək görməsi üçün anasının yanına aparmış, o həyətdə qalmış, Cavid isə çıxıb evə getmişdir. Hadisə zamanı orada özündən başqa, qayınatası Natiq, Cavid və Məhəmməd olmuş, Çiçək həmin zaman evin 2-ci mərtəbəsində olmuş, həmin vaxt səsküyə heç kim gəlməmiş, ümumilikdə hadisə təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin və şahidlər ifadələri, ekspertiza rəyi və cinayət işinə əlavə edilmiş digər materiallarla tam sübuta yetirilmişdir. Daha sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri ayrı-ayrılıqda məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdıqlarını bildirib, barələrində olan icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şahid2 ilə 5 ilə yaxın müddətdir ki, tanış olmuş, sevgili münasibətində olmuşlar. Belə ki, o, Çiçəklə 11-ci sinfi bitirməyi münasibəti ilə keçirilən məzun günündə tanış olmuş, bundan sonra həqiqi hərbi xidmətə getmiş, sonra isə 2-ci Qarabağ müharibəsində iştirak etmiş, həmin müddətdə Şahid2 Kərim adlı şəxslə ailə həyatı qurmuşdur. 2022-ci il tarixdə hərbi xidmətdən gəldikdən sonra Şahid2 İnstagram sosial şəbəkəsində ona mesaj yazmışdır. Şahid2 onu hələ də unutmadığını, Kərimi sevmədiyini, hazırda ayrıldığını demişdir. Bu səbəblə Çiçəklə bir neçə dəfə ata evində heç kim olmadığı zamanlarda, eyni zamanda şəhər ərazisində avtomobildə görüşmüş və öz istəkləri ilə cinsi əlaqədə olmuşlar. Həmçinin sonrakı müddətlərdə o, Çiçəyin boşanmadığını öyrənmişdir. 17 avqust 2024-cü il tarixdə axşam saatlarında Şahid2 Telegram sosial şəbəkəsində mesaj yazaraq anasıgilə gəldiyini, səhər görüşmək istədiyini bildirmiş, o da razılaşmışdır. 18 avqust 2024-cü il tarixdə saat 08:57-də Şahid2 Telegram sosial şəbəkəsində ona zəng etmiş, o zəngi açdıqda zəngi söndürmüş, o mesaj yazaraq nə olduğunu soruşduqda ona evdə heç kimin olmadığını, gələ biləcəyini demişdir. O da hazırlaşaraq evdən çıxmış, saat 09 radələrində Şahid2 ata evinin arxa hissəsində olan zaman Çiçəyə yazmış, Çiçək də gələrək arxa qapını açmışdır. İçəri keçdikdən sonra Çiçək ona 2 mərtəbəli evin 1-ci mərtəbəsində görüşəcəklərini demiş, o da ora gedərkən nə üçün orada görüşdüklərini soruşmuş, Çiçək də yuxarıda uşağın yatdığını, səs olmasın deyə aşağıda görüşəcəklərini bildirmişdir. Bu səbəblə həmin istiqamətdə gedib anbar kimi istifadə olunan otağa girdikdə Şahid2 dərhal ondan aralaşaraq yuxarı qalxmışdır. O, nə olduğunu öyrənmək üçün çölə çıxmaq istəyən zaman adını sonradan öyrəndiyi Çiçəyin əmisi oğlu Təqsirləndirilən şəxs2 yaxınlaşıb sinəsindən tutaraq baş nahiyəsindən 2-3 sillə, 1-2 dəfə isə yumruqla baş və bel nahiyələrindən vurmuş, təhqir etmiş, sonra Çiçəyin həyat yoldaşı Kərim otağa daxil olmuşdur. Həmçinin Çiçəyin atası Natiq əlində zəncir qapının qarşısında gözləmiş, lakin zənciri haradan əldə etdiyini görməmişdir. Kərim birbaşa olaraq “nəyə görə mənim arvadıma yazıb, yoldan çıxarırsan?” deyib, sillə və yumruqla bel və baş nahiyyələrindən vurmağa başlamış, o da “neçə vaxtdı mənlə danışır, 1-ci dəfə deyil, lazımdısa sübut edim” demişdir. Həmin vəxt Kərim yenidən “sən onu yoldan çıxarmısan, təzə tanış olmusuz, yalan danışma” demiş və yenidən Cavidlə Kərim bir neçə dəfə baş və bel nahiyələrinə yumruq və sillə vurmuşlar. Daha sonra Kərim orada olan təxminən 1 metr uzunluqdakı taxta parçasını götürüb kürək nahiyəsindən 3-4 dəfə vurmuşdur. Həmin vaxt o, divara yaxın olduğundan baş və qol nahiyələri divara dəymişdir. Həmçinin onu orada təhqir etmişlər. Bundan sonra Natiq qayçı ilə saçını 2 yerdən kəsmiş, Natiq saçını kəsən zaman 1-2 dəfə də sillə vurmuş, sonra Natiq əlində olan təxminən 1 metr uzunluğundakı zəncirlə təxminən 1-2 dəfə bel nahiyyəsindən vurmağa başlamış, zəncir uzun olması səbəbi ilə ola bilsin ki, başına da dəymiş, sonra Natiq zənciri başına keçirmək istəyərkən o buna mane olmaq istəmiş, Natiq zəncirin baş hissəsində olan ucu şiş dəmir ilə qarın nahiyyəsinə basaraq “sənin qarnını deşəcəm” demiş və zənciri boynuna keçirərək sıxmışdır. Bu anları çəkmək üçün Kərim telefonu çıxararaq ona tərəf yönəltmiş və çəkməyə başlamışdır. Həmçinin, Kərim video çəkdiyi müddətdə ondan özü-özünü təhqir etməsini tələb etmiş, təxminən 15 dəqiqə sonra Natiq boynundakı zənciri sıxaraq çölə çıxarmış və onu dartaraq tövləyə aparmışlar. Natiq tövlənin giriş hissəsində dayanmış, Kərim yumruq və sillə ilə onun baş və bel, təpiklə arxa nahiyəsinə, Cavid isə yumruqla qarın nahiyəsinə vurmağa davam etmişdir. Həmin vaxt Natiq onu vurmamışdır. Kərim bu anı da videoya çəkmişdir. Həmin tövlədəki döyülməyi təxminən 10 dəqiqə davam etmiş, sonra Natiq onu buraxmalarını tapşırmış və ona “bir də bu qələti eləmə” demişdir. Daha sonra onu tövlədən çıxarıb arxa qapıya tərəf apararaq, Cavid arxa nahiyəsindən təpik vurub “dayanmadan qaç, çıx get” demişdir. O da oradan qaçaraq uzaqlaşmış, yolda anası X4 zəng edib döyüldüyünü bildirmiş, evə çatdıqdan sonra anası ilə birlikdə yenidən Çiçəyin ata evinə getmiş, lakin evdə heç kim olmadığından anası 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Hadisə zamanı orada özündən başqa Kərim, Natiq və Cavid olmuş, Çiçək 2-ci mərtəbədə olmuş, səsküyə heç kim gəlməmiş, ümumilikdə hadisə təxminən 25 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayəti yoxdur, ona dəymiş ziyanın ödənilmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, 18 avqust 2024-cü il tarixdə səhər saatlarında oğlu Məhəmməd ona zəng edərək döyüldüyünü bildirmiş, evə çatdıqdan sonra oğlunun bədənində xəsarətlər olduğunu, saçının iki yerdən kəsildiyini görmüşdür. Bundan sonra oğlu ilə birlikdə Çiçəyin ata evinə getmiş, lakin evdə heç kim olmadığından 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək oğlunun döyülməsi barədə məlumat vermiş və oğlunu xəstəxanaya aparmışdır. O, Çiçəklə oğlunun arasında olanları xəstəxanada eşitmişdir, oğlu ona Çiçəyin şəkillərini göstərmiş, o, da həmin şəkilləri Çiçəyin ailəsinə göstərərək qızlarının oğlu ilə könüllü yazışdığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayəti yoxdur, onlara dəymiş ziyanın ödənilmişdir. Daha sonra zərərçəkmiş şəxs və onun nümayəndəsi məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs ilə 2019-cu il tarixdə, 11-ci sinifdə oxuyan zaman tanış olmuş, həmin müddətdən sonra sevgili münasibətində olmuşlar. Daha sonra Məhəmmədin ailəsi onun anasına söz göndərərək istəmiş, lakin ailəsi buna razı olmamış, 2021-ci il tarixdə isə Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuş, birgə nikahdan 1 qız övladları olmuşdur. Məhəmməd 2022-ci il tarixdə əsgərlikdən gəldikdən sonra yenidən mobil telefonla əlaqə saxlayıb zənglərlə danışmışlar. Arada bir atasının yaşadığı evə gəldikdə evdə heç kim olmayan zaman könüllü şəkildə Məhəmmədlə görüşüb cinsi əlaqədə olmuşlar. Həmçinin o, özünə məxsus normal, yarıçılpaq və çılpaq şəkilləri Zərərçəkmiş şəxs atmışdır. 16 avqust 2024-cü il tarixdə yaşadığı Göyçay rayonunda olan zaman əri X10 sosial şəbəkəsində mesajlarını tutmuşdur. Həmin zaman o da qorxduğundan guya Məhəmməddə şəkilləri olduğunu, Məhəmmədin ondan pul istədiyini, vermədiyi halda yayacağı ilə hədələdiyini bildirmişdir. Bundan sonra Kərim atasına zəng edərək kiminsə mesaj yazdığını, həmin şəxsin Ağdaşlı olduğunu və bu olanları ona danışdığını demiş, özü də atası ilə danışan zaman bu şəkildə demişdir. Atası şənbə günü dializdə olacağını bazar günü gəlmələrini, həmin oğlanı da çağırıb məsələni aydınlaşdıracaqlarını demişdir. 18 avqust 2024-cü il tarixdə saat 08 radələrində Kərim və 2 aylıq övladları ilə birlikdə atası evinə gəlmiş, əmisi oğlu Cavid də həmin zaman orada olmuşdur. Atası ona həmin oğlana məlumat verib gizli olaraq evə çağırmağını tapşırmış, o da eyni qaydada Telegram sosial şəbəkəsi vasitəsi ilə Məhəmmədə məlumat verərək evə çağırmışdır. Bundan bir qədər sonra Məhəmməd qapıya çatmış, atası 2-ci mərtəbədə, Cavid ayaq yolunda, Kərim isə tövlədə gizlənmiş, özü isə gedib qapını açmışdır. O, Məhəmmədi atası Natiq, Kərim və Cavidin əvvəldən ona deməsi ilə 2 mərtəbəli evin 1-ci mərtəbəsində olan, əvvəllər hamam kimi istifadə etdikləri, lakin hazırda məişət əşyaları saxladıqları otağa aparmışdır. Burada səbəb qonşuların qışqırıq (söyüş və s.) səslərini eşitməməsi olmuşdur. Məhəmməd otağa girən kimi o, dərhal yuxarı çıxmışdır. Bundan sonra isə ilk öncə Cavid və Kərim, sonra isə atası Natiq Məhəmmədin yanına getmişlər. Həmin vaxt Məhəmmədə kimin nə etdiyini görməsə də, Məhəmmədin qışqırıq səsini eşitmişdir. Təxminən 10 dəqiqə sonra isə həyətdə səs-küy qurtarmış, o aşağı düşdükdə atası Natiq, Kərim və Cavid həyətdə olmuş, Məhəmməd isə getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 18 avqust 2024-cü il tarixdə saat 12 radələrində işdə olan zaman qudası Aynur zəng edərək “sənin qızına Məhəmməd adlı oğlan mesaj yazıb, Natiq də onu həyətə çağırıb döyüb, gəlin Göyçaya” demiş, o, da Natiqlə xəbərləşib tez şəkildə Göyçay rayonuna yola düşmüşdür. Yolda olarkən Natiq ona Çiçəyin Məhəmməd adlı şəxsə mesaj yazdığını, onda şəkili olduğunu, həmin şəxsin Çiçəkdən pul istədiyini, vermədiyi halda şəkillərini yayacağı ilə hədələdiyini, bu səbəblə onu həyətə çağırdıqlarını, yaşadıqları 2 mərtəbəli evin 1-ci mərtəbəsində olan, əvvəllər hamam kimi istifadə etdikləri, lakin hazırda məişət əşyaları saxladıqları otaqda Cavid və Kərimlə birlikdə sillə ilə baş və bədəninin müxtəlif nahiyələrinə vurduqlarını, Kərimin taxta parçası ilə, özünün zəncirlə onu döydüklərini, özünün qayçı ilə həmin şəxsin saçını kəsdiyini, bundan sonra Məhəmmədi buraxdıqlarını demişdir. O, Göyçay şəhərinə gedib gəldikdən sonra əsəbləşdiyindən Məhəmmədin döyüldüyü otaqda olan təxminən 1 metr uzunluqdakı 01 ədəd taxta parçasını, təxminən 1 metr uzunluqdakı zənciri və yerdə olan saçları (tükləri) yaşadıqları evin arxa hissəsindən keçən su kanalına atmışdır. Əri Natiqin deməsi ilə hadisə zamanı orada Natiq, Cavid, Kərim və Məhəmməd olmuş, Çiçək həmin zaman evin 2-ci mərtəbəsində olmuş, həmin vaxt səs-küyə heç kim gəlməmiş, ümumilikdə hadisə təxminən 10 dəqiqə davam etmişdir. İş materiallarında olan 18 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında haqqında protokoldan görünür ki, hadisə Təqsirləndirilən şəxs3 məxsus Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində anbar kimi istifadə olunan otaqda baş vermişdir. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, kürəkəni Təqsirləndirilən şəxs1 və qardaşı oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs həmin yerdə vuraraq xəsarət yetirmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs saçı kəsilən zaman istifadə olunan 01 ədəd gümüşü rəngli, alüminium materiallı qayçını könüllü olaraq təqdim etmiş, lakin X3 döyülməsi zamanı istifadə olunan təminən 1 metrə yaxın uzunluqdakı 01 ədəd taxta parçasını və təminən 1 metrə yaxın uzunluqdakı 01 ədəd zənciri arvadı Şahid1 hadisədən məlumatı olduqdan sonra narahat olaraq yaşadıqları evin arxa hissəsindən keçən su kanalına atdığını, bu səbəblə təqdim edə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan 18 avqust 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “İphone 13” markalı mobil telefonun “Telegram” sosial şəbəkəsində Şahid2 ilə olan mesajlara baxış zamanı, bir-biriləri ilə aralarında sevgi mesajları olması, eləcə də Şahid2 Zərərçəkmiş şəxs normal, yarı çılpaq və çılpaq vəziyyətdə şəkillər yollaması müəyyən edilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, 18 avqust 2024-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs3 məxsus Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində anbar kimi istifadə olunan otaqda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ona qəsdən yumruq, şillə, təpik, taxta parçası və zəncir ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmiş, münaqişə uzun müddət olmamış, qısa müddət çəkmiş, ətrafda heç kim toplaşmamış, ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik edən olmamışdır. İş materiallarında olan 19 avqust 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Şahid2 məxsus “Samsung Galaxy A33” markalı mobil telefonun “Google Fotoğraflar” bölməsinə baxış zamanı, qeydə alınmış bir sıra ekran görüntüləri və çılpaq vəziyyətdə şəkillər olması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekpertizasının 22 avqust 2024-cü il tarixli 420 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-hər iki gicgah nahiyələrində hematoma ilə müşayiət olunan baş-beyin silkələnməsi və qapalı kəllə-beyin travması ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, boyunun, qarının ön divarının, hər iki bud, dirsək, sol bazu və belin çoxsaylı cırılmış, sıyrılmış yaraları, beyin zolaqşəkilli qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər aşkar edilmiş, bərk əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri 18 avqust 2024-cü il tarixə uyğun gəlir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 04 sentyabr 2024-cü il tarixli 18-1-22/2-1249/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-22/2-1250/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan “Göyçay rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 09 sentyabr 2024-cü il tarixli 18-1-40/2-1016/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 “Göyçay rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan 06 aprel 2020-ci il tarixli 846 nömrəli arayışından görünür ki, Ağdaş rayonu Gürcüva kənd sakini, 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 ondan ötrü ki, o, həqiqətən 10 dekabr 2019-ci il tarixdən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsində “Xroniki böyrək xəstəliyi V terminal mərhələ, nefrogen hipertenziya, renal anemiya, Şəkərli diabet, postdiabetik retinopatiya” diaqnozu ilə həftədə 3 dəfə (4 saat) dializ seansı qəbul edir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Gürcüva kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 sentyabr 2024-cü il tarixli 5-32-12/2- 261/2024 nömrəli arayışından görünür ki, 01 yanvar 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Ağdaş rayonu, Gürcüva kəndində qeydiyyatdadır və onun aşağıdakı ailə üzvləri var: həyat yoldaşı X11 (1994), oğlu X12 (2011), qızı X9 (2013), qızı X5 (2023) ibarətdir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan 20 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Ağdaş rayonu Z.Qənbərova küçəsi-2 ünvanında qeydiyyatda olan, xx xxxxxxx 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 18 avqust 2024-cü il tarixdə “Qapalı kəllə beyin travması. Beyin silkələnməsi. Hər iki gicgah nahiyəsinin əziyi. Boyun, qarnın ön divarının, hər iki bud, sol dirsək, sol bazu, belin çox saylı cızılmış, sıyrılmış yaraları” diaqnozları ilə “Ağdaş RMX” PHŞ-nin Təcili yardım bölməsinə gətirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra evə yazılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 sentyabr 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 1-3107 nömrəli vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli 2349 nömrəli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan 1-37995 nömrəli vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan 1-5672 nömrəli vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2369 nömrəli sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan 1-8173 nömrəli vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirlilikləri məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Məhkəmə baxışında Dövlət ittihamçısı2 çıxış edərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, lakin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən, o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onların cinayət məsuliyyətindən azad olunmalarını təklif edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qanunvericiliyin qeyd edilən müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olması, yəni Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışması əsası ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut – Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan X1 kəsilən zaman istifadə olunan 01 ədəd gümüşü rəngli alüminium materiallı qayçı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 həyata keçirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 132 (yüz otuz iki) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi3 132 (yüz otuz iki) manat pul Ağdaş rayon Vəkil Bürosunun ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ******************** saylı) hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan X1 kəsilən zaman istifadə olunan 01 ədəd gümüşü rəngli alüminium materiallı qayçı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs3 göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 132 (yüz otuz iki) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi3 132 (yüz otuz iki) manat Ağdaş rayon Vəkil Bürosunun ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ******************** saylı) hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar