Məhkəmə qərarları › İş №1(014)-160/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-160/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-160/2023 23.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1977-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri, N.Nərimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda hazırlayaraq həyətyanı sahədə saxlamışdır. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin fevral ayının ortalarında yaşadığı Ağdaş şəhəri, N.Nərimanov küçəsində yerləşən özünə məxsus, nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, bundan sonra həmin bitkilərin yarpaqlarının bir hissəsini qanunsuz olaraq toplayaraq qurutmaqla, şəxsi istehlak miqdarından artıq miqdarda, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 6,89 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək həmin həyətyanı sahədə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı sahədə torpağa əkdiyi 8 (səkkiz) ədəd qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş və yabanı halda bitmiş 1 (bir) ədəd yaş vəziyyətdə aqrotexniki qaydada qulluq edilməmiş ümumi təmiz çəkisi 7560 (yeddi min beş yüz altmış) qram çətənə (kannabis) bitikiləri və həmin bitkilərdən toplamaqla, qurudub həyətyanı sahədə olan kəsilmiş dam örtüyünün üzərində saxladığı 2 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,78 qram və 4,11 qram olmaqla ümumi təmiz çəkisi 6,89 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək təxminən 2023-cü ilin fevral ayının ortalarında yaşadığı evin həyətindəki köhnə tualetin içərisində 1 ədəd, həyətin sağ tərəfində 5 ədəd və oradan təxminən 3 metr aralıda su arxının kənarında isə 1 ədəd ümumilikdə 7 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu əkdiyini, eləcə də su arxının kənarında 2 ədəd yabanı çətənə kolu bitdiyini, onlara qulluq etdiyini, onları suvardığını, yalnız birinə qulluq etmədiyini, çətənə kollarının böyüməsi üçün onlara yetərincə qulluq etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Ağdaş şəhəri, N.Nərimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olarkən yoldan kiminsə onu səsləməsini eşitdiyini, yola çıxarkən Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını, yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, ona görə də, həmin yerə baxış keçirəcəklərini bildirdiklərini, özünün də, polis əməkdaşlarına Ağdaş şəhəri, N.Nərimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə kolları əkdiyini bildirdiyini, bundan sonra yaşadığı evin həyətinə getdiklərini və həmin çətənə kollarını onlara göstərdiyini, belə ki, həyətdəki köhnə tualetin içərisində əkdiyi 1 ədəd çətənə kolunu, həyətin sağ tərəfinə əkdiyi 5 ədəd çətənə kollarını və oradan təxminən 3 metr aralıda, su arxının kənarına əkdiyi 1 ədəd çətənə kolunu polis əməkdaşlarına göstərdiyini, su arxının kənarında olan 2 ədəd yabanı çətənə kolu bitdiyini, həmin kolların yabanı olmasını, onları əkmədiyini və onlardan birinə qulluq göstərdiyini bildirdiyini, polis əməkdaşları ilə birlikdə gələn aqronomun həmin bitkilərə baxış keçirib rəy bildirdiyini və onun 2 ədəd yabanı olmasını bildirdiyi çətənə kollarından birinə qulluq edilməsini söylədiyini, sonra polis əməkdaşlarının həmin çətənə bitkilərini kökündən çıxardıqlarını, sonra həmin çətənə kollarının hündürlüklərinin ölçüldüyünü, onlardan ən kiçiyinin 110 sm, ən hündürünün isə 240 sm olduğunu, sonra həmin çətənə kollarının torbaya qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, daha sonra isə yaşadığı evin həyətində dəmir parçasının üzərinə özünün istifadə etməyi üçün qoyduğu içərisində narkotik vasitəyə bənzər bitki kütlələri olan 2 ədəd kağız bükümü göstərdiyini və həmin narkotik vasitəyə bənzər bitki kütlələrini köhnə tualetin içərəsində əkmiş olduğu narkotik tərkibli bitkinin yarpaqlarından 2023-cü ilin iyun ayının əvvəllərində yığmağını və qurumuları üçün günün altına qoymağını bildirdiyini, sonra 2 ədəd kağız bükümdə olan bitki kütlələrinin elektron tərəzidə çəkildiyini və çəkilərinin 4,8 qram və 6,5 qram olduğunu, sonra həmin içərilərində narkotik vasitəyə bənzər bitki kütlələri olan 2 ədəd kağız bükümün 1 ədəd içi boş kağız zərfə qablaşdırıldığını, üzərinin iştirakçılar tərəfindən imzalandığını və üzərinin möhürləndiyini, bundan başqa həmin yerdən heç bir şey aşkar olunmadığını, baxışın başa çatdığını, protokol tərtib olunduğunu, özünün və digər iştirakçıların həmin protokola imza etdiklərini, daha sonra onu Ağdaş RPŞ-yə gətirdiklərini və özünün Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu və seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmamasının soruşulduğunu və əgər varsa təqdim etməyi bildirildiyini, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd alışqan və üzərinə “Vinçestr” sözləri yazılmış 1 ədəd siqaret qutusunu çıxarıb təqdim etdiyini, həmin əşyaları masanın üzərinə qoyduğunu, bundan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa hər hansı qanunsuz əşya və predmet aşkar edilmədiyini, daha sonra üzərindən aşkar edilmiş siqaret qutusunun açıldığını və içərisindən siqaret dənələri aşkar edildiyini, sonra üzərindən aşkar edilmiş əşyaların özünə qaytarıldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis şöbəsinə gətirilərkən ona hər hansı formada təzyiq göstərilmədiyini, özünün hərdən narkotik tərkibli maddələrdən, yəni marixuanadan istifadə ediyini, həmin çətənə kollarını da özü üçün məhsul vaxtı götürüb qurudub özü istifadə etmək üçün saxladığını, 7 ədəd çətənə kolu əkdiyini, həyətindən aşkar edilmiş digər 2 ədəd çətənə kolunun isə yabanı şəkildə bitdiyini və onlardan birinə qulluq etmədiyini, həmin bitkilərin toxumlarını Ağdaş şəhərindən tanımadığı küçədən, yoldan tapdığını, yaşadığı ev və həmin evin həyətyanı sahəsinin qohumu X2 adına olsa da, ev və həyətyanı sahənin özünə məxsus olduğunu, sadəcə o vaxt qohumu Qüdrətin adına sənədləşdirdiyini, əkinə özü nəzarət etdiyini, özündən başqa heç kimin xəbəri olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər, S.Səlimoğlu küçəsi 6/4-də qeydiyyatda olan və Ağdaş şəhəri, N.Nərimanov küçəsi ünvanında yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, qəbul etməsi, yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu təşkil etdiklərini, bundan sonra əməliyyat qrupu olaraq, baxış üçün aqronomla birlikdə baxış keçirilməsi üçün Ağdaş şəhəri, N.Nərimanov küçəsi ünvanında yaşayan, Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiklərini, həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evdə olduğunu və onları qarşıladığını, bu zaman təhqiqatçının onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərarla tanış edərək yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkməkdə şübhəli olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs bundan sonra yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkdiyini və həmin kolları təqdim edə biləcəyini bildirdiyini, Seymurun göstərdiyi yerə baxış keçirdiklərini, baxış zamanı Seymurun həyətdə yerləşən yarımtikilinin (tualetin) içərisindən 1 ədəd, həyətin sağ hissəsindən 5 ədəd və həyətin sol hissəsindən isə 3 ədəd narkotik tərkibli bitkiləri göstərdiyini və həmin bitkilərdən 7 ədədini özü əkib, böyüməsi üçün onlara qulluq etdiyini, lakin aşkar olunan 2 ədəd narkotik tərkibli bitki kollarını özü əkmədiyini, həmin bitkilərin özü bitdiyini və onlara heç bir qulluq göstərmədiyini, eyni zamanda aqronomun baxış zamanı həmin aşkar edilmiş 9 ədəd bitkilər çətənə bitkiləri olduğunu, onlardan 8 ədəd aqrotexniki qaydada qulluq olunmaqla, sulanmış dibləri boşaldıldığını, lakin 1 ədədinə qulluq göstərilmədiyini, bundan sonra aşkar edilmiş ümumilikdə 9 ədəd çətənə bitkiləri torpaqdan çıxarıldığını, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşamasının müəyyən edildiyini, bitkilərin çıxarıldığını, uzunluqlarının ölçüldüyünü və ən uzununun 240 sm, ən balacasının isə 110 sm olduğunu, həmin aşkar edilmiş bitkilərin 3 ədəd içi boş sintetik kisəyə qablaşdırıldığını, üzərinin iştirakçılar tərəfindən imzalandığını və DİN-in zərflər üçün möhürü ilə möhürləndiyini, şifahi qaydada aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs bitkilərdən 7 ədədi özünə məxsus olduğunu, 2 ədəd bitkini özünün əkmədiyini, yabanı şəkildi bitdiyini, təxminən 2023-cü ilin fevral ayında əkdiyini, həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, bitkilərə özü qulluq göstərdiyini, həmin bitkilərin diblərini suladığını və boşaltdığını bildirdiyini, lakin 2 ədəd bitkiyə qulluq göstərmədiyini, başqa yerdə narkotik tərkibli bitki əkmədiyini, baxış zamanı Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitəsi olub olmaması soruşulan zaman, onun yaşadığı evin həyətində 2 ədəd bükümdə narkotik vasitəni quruması üçün saxladığını bildirdiyini və həmin 2 ədəd kağız bükümdə olan narkotik vasitələri təqdim etdiyini, həmin kütləni əkmiş olduğu narkotik tərkibli kollardan yığdığını, qurutmaq üçün saxladığını bildirdiyini, aşkar edilmiş həmin bükümlərin elektron tərəzidə çəkildiyini və onların çəkilərinin müvafiq olaraq 4.8 və 6.5 qram olduğunu, daha sonra aşkar edilmiş bükümlərin 1 ədəd kağız zərfə qablaşdırıldığını və üzərinin iştirakçılar tərəfindən imzalanaraq təsdiqləndiyini, bundan sonra baxışın sonlandırıldığını, daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-yə gətirilərək şübhəli şəxs qismində tutulduğunu və seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını, üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar edilmədiyini, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra videoçəkilişin sonlandırıldığını, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkmiş olduğu yerə onun iştirakı ilə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxsla hər hansı ədavət və düşmənçiliyi, qərəzi olmadığını, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, Ağdaş şəhər, S.Səlimoğlu küçəsi 6/4-də qeydiyyatda olan və Ağdaş şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 13.04-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə Ağdaş şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış zamanı torpağa əkdiyi 09 (doqquz) ədəd qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 3 ədəd sintetik kisəyə qablaşdırılaraq DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra şəxsi axtarış sonlandırılmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparılan zaman Təqsirləndirilən şəxs Ağdaş şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin həyətində çətənə kollarını təxminən 2023-cü ilin fevral ayının ortalarında şəxsi istifadəsi üçün əkdiyini bildirmiş, daha sonra şəxsi axtarış sonlandırılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/533 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş narkotik tərkibli bitkilərə oxşar bitkilər..” sözləri, adlar və imzalar olan 03 (üç) ədəd sintetik kisələrin içərindəki, ümumilikdə 09 (doqquz) ədəd, uzunluqları 110-sm-dən 240 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 7560,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X9 07 iyul 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir, 1 (bir) ədəd çətənə (kannabis) bitkisinə isə aqrotexniki qaydada qulluq göstərilməmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş içərisində narkotik tərkibli bitki kütləsi olan 2 ədəd kağız büküm..” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 2 (iki) ədəd kağız bükümlərə, ayrı-ayrılıqda təmiz çəkiləri – 2,78 qr., 4,11 qr., ümumi təmiz çəkisi – 6,89 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdimata təqdim olunmuş 2 (iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdimata təqdim olunmuş 2 ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar ilə 8 (səkkiz) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2023-cü il tarixli 1306 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X12 09 avqust 2023-cü il tarixli PHŞ-6-22/2-1202/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X12in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 avqust 2023-cü il tarixli, 890 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, N.Nərimanov küçəsində yaşamaqla ailə tərkibi – arvadı X3, oğulları - xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:15də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:20-də tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2021-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hər iki əməl üzrə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə prolaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan, 6,89 qram kustar üsulla hazırlanmış marixuana ekspertiza tədqiqatından sonra ümumilikdə 6,79 qram qalığı və 9 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35,97 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə prolaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan, 6,89 qram kustar üsulla hazırlanmış marixuana ekspertiza tədqiqatından sonra ümumilikdə 6,79 qram qalığı və 9 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar