Məhkəmə qərarları › İş №1(014)-162/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-162/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-162/2023 25.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1965-ci ildə ünvan 1ində anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1i ünvanında qeydiyyatda və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayətini törətmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı Ağdaş rayonu, Aral 2 kəndində yerləşən, özünə məxsus nömrəsiz evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 11 (on bir) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 12:44 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə həmin tarixdə saat 12:44-dən saat 13:17-dək keçirlimiş baxış zamanı həyətyanı sahədə torpağa əkdiyi 11 (on bir) ədəd yaş vəziyyətdə, 53-320 sm uzunluğunda ümumi təmiz çəkisi 990,0 qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş xeyli miqdarda çətənə (kannabis) bitikiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ünvan 1ində yaşadığını, əvvəllər narkotik tərkibli bitki əkməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, cəzasını çəkib qurtardığını, iki ay əvvəl saat 10 radələrində həmkəndlisi ilə oturub çay içdiyini və hərbi xidmətdən yeni qayıtmış oğlunu gözlədiyini, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, onu polis söbəsinə aparacaqlarını bildirdiklərini və onu maşına əyləşdirdiklərini, maşına əyləşərkən maşında Samid və Elçin adlı polis əməkdaşlarının olduğunu, ona maşında həyətində narkotik tərkibli bitkilərin əkdiyini bildirdiklərini, özünün isə buna etiraz edərək həyətində narkotik tərkibli bitki əkmədiyini bildirdiyini, sonradan polis əməkdaşlarının həyətinə baxış keçirmək istədiklərini və onlara etiraz etmədiyini, baxış zamanı həyətindən iki ədəd narkotik tərkibli bitki aşkar olunduğunu, həmin bitkilərin polis əməkdaşları tərəfindən əkildiyini, digər aşkar edilmiş bitkilərin isə qonşusu ilə sərhəd olan divarın dibindən aşkar edildiyini və həmin bitkiləri özünün əkmədiyini, onların varlığından belə xəbəri olmadığını bildirmişdir. Ona bəraət verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, əsasən narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, məhkumluğunun narkotik vasitələrin əkini və epidemiya qaydaları əleyhinə olduğunu, Ağdaş rayonu, Aral 2 kəndində özünə məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində meyvə ağaclarının olduğunu, torpaq sahəsinin müəyyən hissəsinin isə kol-kos ilə əhatələndiyini, 2023-cü ilin mart ayının əvvəllərində Ağdaş rayonu, Aral 2 kəndində olan çöllük torpaq sahəsində olan zaman 11 ədəd toxum tapdığını, həmin toxumları yerdən götürüb qoxuladığını və onların narkotik vasitə çətənə bitkisi toxumu olduğunu bildiyini, həmin toxumları özü ilə götürdüyünü və fərdi yaşayış evinə gətirdiyini, həmin toxumları fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkdiyini, həmin toxumlara aqrotexniki qaydada qulluq etməyə başladığını, belə ki, həmin toxumlara su və digər mineral maddələr verdiyini, bir müddət sonra həmin toxumların cücərməyə başladığını, mütəmadi olaraq həmin narkotik vasitə çətənə bitkisi kollarına qulluq etdiyini, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində narkotik vasitə çətənə bitkisi kolları əkməsindən ailə üzvlərinin və başqa şəxslərin xəbərinin olmadığını, fərdi yaşayış evində tək yaşadığını, arvadı xəstə olduğu üçün Bakı şəhərində müalicə aldığını, əkdiyi narkotik vasitə çətənə bitkisi kollarından istifadə etmədiyini və satmadığını bildirdiyini, həmin narkotik vasitə çətənə bitkisi kollarını əkməkdə məqsədinin şəxsi istifadə ilə bağlı olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında fərdi yaşayış evində olan zaman Ağdaş RPŞ-nin əməkdaşlarının fərdi yaşayış evinə gələrək fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik vasitə çətənə bitkisi kolları əkməkdə şübhəli olduğunu bildirdiyini və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirdiklərini, polis əməkdaşları ilə razılaşdığını, bundan sonra polis əməkdaşları və baş aqronomun iştirakı ilə fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə daxil olduqlarını və baxış keçirməyə başladıqlarını, baxış zamanı təhqiqatçı tərəfindən həyətyanı torpaq sahəsindən 11 ədəd aqrotexniki qaydada qulluq etdiyi narkotik vasitə çətənə bitkisi kolları aşkar olunduğunu, həmçinin baxış zamanı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 1 ədəd plastik su qabı aşkar olunduğunu, həmin 11 ədəd narkotik vasitə çətənə bitkisinin təhqiqatçı tərəfindən uzunluğunun ölçüldüyünü və ən böyüyünün 320 sm, ən kiçiyinin isə 53 sm olduğunun müəyyən olunduğunu, daha sonra həmin narkotik vasitə çətənə bitkilərinin təhqiqatçı tərəfindən ağ rəngli sellofan torbaya qablaşdırıldığını və möhürləndiyini, həmçinin 1 ədəd plastik su qabının da iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırıldığını və götürüldüyünü, daha sonra polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞyə gəldiyini və ona dövlət hesabına müdafiəçi X1 təyin edildiyini, bundan sonra üzərində şəxsi axtarışın davam etdirildiyini, şəxsi axtarış zamanı təhqiqatçının üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etdiyini, həmin vaxtı əynində olan ağ-qara xətli qısaqol köynəyin sol ön cibindən 1 ədəd siqaret qutusu və alışqanı, göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 1 ədəd cib dəsmalını çıxarıb təqdim etdiyini, daha sonra üzərində şəxsi axtarışın davam etdirildiyini, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, daha sonra təhqiqatçının fərdi yaşayış evinin həyətyanı sahəsindən narkotik vasitə çətənə kollarının aşkar olunduğunu bildirdiyini, həmin narkotik vasitə çətənə kollarını mart ayında özünün əkdiyini və sahədən tapdığını bildirdiyini, təhqiqatçının fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman onun həmin narkotik vasitə çətənə bitkisi kollarını özünə məxsus olmadığını və xəbərinin olmadığını dediyini, həmin sözləri özünü müdafiə etmək üçün dediyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsində, üzərində gəzdirməsində və tərkibində narkotik maddələr olan çətənə bitkilərini yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkməsinin qeyd olunduğunu, həmin məlumat üzrə Təqsirləndirilən şəxs Aral İki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində Təqsirləndirilən şəxs Aral İki kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəldiklərini, baxışda özünün, Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid2, baş aqronom Arif Səmədov və ekspert kiriminalist Elçin Yahyayevin iştirak etdiyini, bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə daxil olduqlarını, baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən 11 ədəd aqrotexniki qaydada qulluq etdiyi narkotik vasitə çətənə bitkisi kollarının aşkar olunduğunu, həmçinin baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 1 ədəd plastik su qabının aşkar olunduğunu, həmin 11 ədəd narkotik vasitə çətənə bitkisinin təhqiqatçı tərəfindən uzunluğu ölçüldüyünü və ən böyüyünün 320 sm, ən kiçiyinin isə 53 sm olduğunun müəyyən olunduğunu, daha sonra həmin narkotik vasitə çətənə bitkilərinin təhqiqatçı tərəfindən ağ rəngli sellofan torbaya qablaşdırıldığını və möhürləndiyini, həmçinin 1 ədəd plastik su qabının da iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırıldığını və götürüldüyünü, daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-yə dəvət olunduğunu, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi X1 təyin edildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirildiyini, şəxsi axtarış zamanı təhqiqatçının Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan ağ-qara xətli qısaqol köynəyin sol ön cibindən 1 ədəd siqaret qutusu və alışqanı, göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 1 ədəd cib dəsmalını çıxarıb təqdim etdiyini, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirildiyini, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, daha sonra təhqiqatçının Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən narkotik vasitə çətənə kollarının aşkar olunduğunu bildirdiyini, Təqsirləndirilən şəxs da həmin narkotik vasitə çətənə kollarını mart ayında özünün əkdiyini və kənd ərazisindəki sahədən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid Ağdaş RPŞ-nin Post Patrul Xidməti Bölməsinin polis nəfəri, Şahid2 da iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış keçirilən yer Ağdaş rayonu, Dəhnəxlil kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsidir. Təqsirləndirilən şəxs ilkin olaraq bildirilmişdir ki, həyətyanı topraq sahəsində narkotik tərkibli bitkilərin olması ilə bağlı Ağdaş RPŞ-yə məlumat daxil olmuşdur. Bununla bağlı olaraq həyətyanı topraq sahəsinə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, baxış keçirilməsinə heç bir etirazı yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanılmışdır. Həyətə daxil olduqda ağacların arası ilə hərəkət etmişlər. Həyətdə çoxlu sayda ağac və kollar var idi. Həyətin sağ tərəfində bir ədəd tövlə onun arxasında isə bir mərtəbəli yaşayış evi yerləşir. Həyətin sol tərəfi isə ağaclardan ibarət idi. Daha sonra onlar kolluqların arası ilə hərəkət etmişlər. Ağacların arasında 3 ədəd yerə basdırılmış narkotik tərkibli bitki kolları aşkar olunmuşdur. Bundan sonra həyətin sol kənarında hasarın yanında 8 ədəd narkotik tərkibli bitki kolları aşkar olunmuşdur. Bundan sonra Təhqiqat Bölməsinin təhqiqatçısı Nail Məhəmmədli tərəfindən torpaqda olan çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış, aqronom baxış zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanmış dibləri boşaldılmışdır. Həmçinin, həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bitkilər çıxarılmış, 1 ədəd içi boş kisəyə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış Ağdaş RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan ağ-mavi rəngli qısaqol köynəyinin sinə cibindən bir ədəd alışqan və siqaret qutusu, əynindəki şalvarın sol cibindən 1 ədəd cib dəsmalı və sağ cibindən isə 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərində Təhqiqat Bölməsinin təhqiqatçısı Nail Məhəmmədli tərəfindən axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamışdır, üzərindən aşkar olunmuş “Nokia” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən mobil telefon qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/528 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş 11 ədəd narkotik bitkilərə bənzər bitki kolları...” yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki, 11 (on bir) ədəd, uzunluqları 53 sm-dən 320 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 990,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X9 05 iyul 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicəyə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2- 1102/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “epizodik həşiş qəbulu” diaqnozu ilə profilaktik narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə amnistiya tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 6 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-43/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-32-12/2-325/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs İkinci Aral kəndi ünvanında qeydiyyatda olmaqla ailə tərkibi arvadı xx.xx.1974-cü il təvəllüdlü X2 və oğlu xx.xx.2003-cü il təvəllüdlü X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:47də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 13:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında təqsirini boynuna almaması, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır, işin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə dindirilmiş şahidlərin hər biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin 988,90 qalığı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin 988,90 qalığı məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar