Məhkəmə qərarları › İş №1(014)-163/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-163/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-163/2023 24.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 2002-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, bərbər, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 5,22 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, F.Səfərov küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 22:41-dən 23:02-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,22 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu, hal-hazırda bərbər işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, müharibədən gəldikdən sonra səhhətində problemlər yaranmağa başladığını, buna görə də narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başladığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində Ağdaş şəhərində yerləşən Heydər Əliyev parkının ərazisində piyada hərəkət edən zaman ağaclığın altında kibrit qutusunun olduğunu gördüyünü, həmin kibrit qutusuna yaxınlaşıb baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu gördüyünü, həmin narkotik vasitə qurudulmuş marixuananı ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yerdən götürüb əynində olan boz rəngli cins şalvarının sağ arxa cibinə qoyduğunu və həmin yerdən uzaqlaşdığını, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Ağdaş şəhəri, Fariz Səfərov küçəsində piyada hərəkət edən zaman mülki geyimdə olan 2 nəfər şəxsin ona yaxınlaşdığını, həmin şəxslərin özlərini təqdim edib Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını dediklərini, daha sonra narkotik vasitələri üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də razılaşdığını və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, xidməti otaqda polis geyimində olan bir nəfərin ona özünü Ağdaş RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vüsal Əzənmədov kimi təqdim etdiyini, təhqiqatçı Vüsal Əzənmədovun qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu dediyini və daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdiyini, müdafiəçi qismində X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunduğunu, təhqiqatçının şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş verdiyini, daha sonra təhqiqatçı Vüsal Əzənmədovun onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirdiyini, təhqiqatçının üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etdiyini, özünün də əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd “Samsung J6 Plus” markalı mobil telefon, 1 ədəd 5 manatlıq pul əskinası, 1 ədəd 1 manatlıq pul əskinası, şalvarın sağ arxa cibindən 1 ədəd kibrit qutusu, 1 ədəd 50 qəpiklik, 1 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pullar, sol yan cibindən 2 ədəd "xxxx" ASC-yə aid bank kartı, 2 ədəd açar, 1 ədəd ip parçası, şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd naftazin damcı dərmanını çıxarıb təqdim etdiyini, sonradan təhqiqatçı tərəfindən üzərində şəxsi axtarışın davam etdirildiyini, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmadığını, təqdim etdiyi kibrit qutusunda olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində Ağdaş şəhərində yerləşən “Heydər Əliyev” parkının ərazisində yerdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirdiyini, təhqiqatçının kağız parçasını nə məqsədlə saxladığını soruşduqda həmin kağız parçasını narkotik vasitə qurudulmuş marixuananı qəbul edən zaman istifadə etdiyini bildirdiyini, daha sonra təqdim etdiyi kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildiyini və həmin qurudulmuş marixuananın çəkisinin 7,4 qram olduğunun müəyyən olunduğunu, təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın təhqiqatçı tərəfindən zərfə qoyularaq rayon polis şöbəsinin 111 saylı möhürü ilə möhürləndiyini, üzərinə imzalar edildiyini, bundan başqa təqdim etdiyi mobil telefon və kağız parçası da iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırıldığını və üzərinə Ağdaş RPŞ-nin 111 saylı möhürü vurulduğunu, digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən ona geri qaytarıldığını, üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edildiyini və iştirakçılar tərəfindən imzalandığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından və narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamağından heç kimin xəbəri olmadığını, ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini, narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Ağdaş şəhəri, Qaçaq Nəbi, 2A-da qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olması qeyd olunduğunu, həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Ağdaş RPŞ-nə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edildiyini, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Təqsirləndirilən şəxs onun və Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid2 iştirakı ilə Ağdaş şəhəri, F.Səfərov küçəsində saxlanıldığını, həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığını və buna görə də onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Təqsirləndirilən şəxs onlarla razılaşdığını və onun Ağdaş RPŞ-nin inzibati binasında təhqiqatçı Vüsal Əzənmədovun xidməti otağına gətirildiyini, həmin vaxt axtarış aparılmasında iştirak etməkdən üçün Ağdaş rayon Hüquq məsləhətxanasının vəkili X10 müdafiəçi qismində təhqiqatçı Vüsal Əzənmədovun xidməti otağına dəvət olunduğunu, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğunu, hüquq və vəzifələrinin ona izah olunduğunu, daha sonra onun, müdafiəçinin, Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid2 iştirakı ilə təhqiqatçı X15 RPŞ-nin X1 baş inspektor kriminalisti, polis kapitanı Elçin Yahyayevin video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başladığını, axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd “Samsung J6 Plus” markalı mobil telefon, 1 ədəd 5 manatlıq pul əskinazı, 1 ədəd 1 manatlıq pul əskinası, şalvarın sağ arxa cibindən 1 ədəd kibrit qutusu, 1 ədəd 50 qəpiklik, 1 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pullar, sol yan cibindən 2 ədəd "xxxx" ASC-yə aid bank kartı, 2 ədəd açar, 1 ədəd ip parçası, şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd naftazin damcı dərmanını çıxarıb təqdim etdiyini, sonradan təhqiqatçı tərəfindən üzərində şəxsi axtarışın davam etdirildiyini, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmadığını, Elnurun təqdim etdiyi kibrit qutusunda olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində Ağdaş şəhərində yerləşən “Heydər Əliyev” parkının ərazisində yerdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirdiyini, təhqiqatçının kağız parçasını nə məqsədlə saxladığını soruşduqda həmin kağız parçasını narkotik vasitə qurudulmuş marixuananı qəbul edən zaman istifadə etdiyini bildirdiyini, daha sonra təqdim etdiyi kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildiyini və həmin qurudulmuş marixuananın çəkisinin 7,4 qram olmasının müəyyən edildiyini, təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın təhqiqatçı tərəfindən zərfə qoyularaq rayon Polis şöbəsinin 111 saylı möhürü ilə möhürləndiyini, üzərinə imzalar edildiyini, bundan başqa Elnurun təqdim etdiyi mobil telefon və kağız parçası da iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırıldığını və üzərinə Ağdaş RPŞ-nin 111 saylı möhürü vurulduğunu, digər əşyaların iş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən Elnura geri qaytarıldığını, keçirilmiş şəxsi axtarış ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunduğunu, tərtib olunmuş protokolun ucadan iştirakçılara oxunduğunu, tərtib edilmiş protokolun iştirak edən şəxslər tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla heç bir münasibəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 da iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, videoçəklişlə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş rayon Polis şöbəsinin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd “Samsung J6 Plus” markalı mobil telefon, 1 ədəd 5 manatlıq pul əskinası, 1 ədəd 1 manatlıq pul əskinası, şalvarın sağ arxa cibindən 1 ədəd kibrit qutusu, 1 ədəd 50 qəpiklik, 1 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pullar, sol yan cibindən 2 ədəd "xxxx" ASC-yə aid bank kartı, 2 ədəd açar, 1 ədəd ip parçası, şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd naftazin damcı dərmanını çıxararaq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamış, üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusu açılmış, içərisində yaşıl rəngli, xüsusi iyə malik qurudulmuş bitki kütləsi olan narkotik vasitəyə bənzər kütlə olan 1 ədəd kibrit qutusu zərfə qablaşdırılıb, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuş, iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq götürülmüşdür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/604 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kibrit qutusu.” sözləri, adlar və imzalar yazılmış zərfin 1 ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1478 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X20 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-1295/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X20in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 avqust 2023-cü il tarixli, 945 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ÜNVAN 4 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: xx.xx.1971-ci il təvəllüdlü X2, xx.xx.1974-cü il təvəllüdlü X3, xx.xx.1995-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.1997-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X8. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli İ-1907 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli İ-5613 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamıilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, müharibə iştirakçısı olmasını və medallarla təltif edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 5,17 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 5,17 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar