Məhkəmə qərarları › İş №1(014)-164/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-164/2023

29.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-164/2023 29.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxx 1970-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Ləki kəndi ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Ağdaş Rayon Məhkəməsinin 1(014)- 164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin may ayının əvvəllərində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş 4 (dörd) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə həmin tarixdə, saat 20:20dən saat 20:40-dək keçirilmiş baxış zamanı həyətyanı sahədə torpağa əkdiyi 4 ədəd uzunluqları 116 sm-dən 210 sm-dək, yaş vəziyyətdə təmiz çəkiləri 560,0 qram əkilibbecərilməsi xeyli miqdarda qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində heç bir ruhi-əsəb xəstəliyi olmadığını, fərdi əməklə məşğul olduğunu, təxminən 2023-cü ilin may ayının əvvəllərində yaşadığı evin həyətinin sağ tərəfində dəmir divarın kənarında 3 ədəd və həyətin sol tərəfində 1 ədəd olmaqla, ümumilikdə 4 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu əkdiyini, onlara qulluq edib, suvardığını, çətənə kollarının böyüməsi üçün onlara yetərincə qulluq etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində olarkən yoldan kiminsə onu səsləməsini eşitdiyini, yola çıxarkən Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumatlarının olduğunu, ona görə də, həmin yerə baxış keçirəcəklərini bildirdiklərini, özünün də, polis əməkdaşlarına Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkdiyini, bundan sonra yaşadığı evin həyətinə getdiklərini, kultivasiya etdiyi çətənə (kannabis) kollarını onlara göstərdiyini, belə ki, həyətin sağ tərəfində dəmir divarın kənarında əkdiyi 3 ədəd və həyətin sol tərəfində əkdiyi 1 ədəd çətənə kolunu polis əməkdaşlarına göstərdiyini, polis əməkdaşları ilə birlikdə gələn aqronomun həmin bitkilərə baxış keçirib rəy bildirdiyini, sonra polis əməkdaşlarının həmin çətənə (kannabis) bitkilərini kökündən çıxardıqlarını, hündürlüklərinin ölçüldüyünü, onlardan ən kiçiyinin 116 sm, ən hündürünün isə 210 sm olduğunu, sonra həmin çətənə (kannabis) kollarının torbaya qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özünün və digər iştirakçıların həmin ekspertizaya göndəriləcək torbanın üzərinə imza etdiklərini, bundan əlavə həmin yerdən heç bir şey aşkar olunmadığını, protokol tərtib olunduğunu, özünün və digər iştirakçıların həmin protokola imza etdiklərini, daha sonra onu Ağdaş RPŞ-yə gətirdiklərini və özünün Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu və seçdiyi dövlət hesabına müdafiçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmamasının soruşulduğunu və əgər varsa təqdim etməyi bildirildiyini, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd üzərinə “Arqo” yazılmış 1 ədəd siqaret qutusunu, həmin şalvarın sol yan cibindən isə 1 ədəd kibrit qutusunu, şəxsiyyət vəsiqəsini və “kgtel” markalı mobil telefonunu çıxarıb təqdim etdiyini, həmin əşyaları masanın üzərinə qoyduğunu, bundan sonra üzərinin polis əməkdaşı tərəfindən yoxlanıldığını, şəxsi axtarış zamanı yuxarıda göstərilənlərdən başqa üzərindən heç bir şey aşkar olunmadığını, daha sonra üzərindən aşkar edilmiş siqaret qutusu və kibrit qutusunun açıldığını və içərilərindən müvafiq olaraq siqaret dənələri və kibrit dənələrinin aşkar edildiyini, daha sonra ona məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq götürüldüyünü, zərfin üzərinə imza etdiklərini, zərfin üzərinin möhürləndiyini, sonra üzərindən aşkar edilmiş digər əşyaların özünə qaytarıldığını, özünün hərdən narkotik tərkibli maddələrdən, yəni marixuanadan istifadə etdiyini, həmin çətənə kollarını da özü üçün məhsul vaxtı götürüb, qurudub, istifadə etmək üçün əkdiyini, 4 ədəd çətənə (kannabis) kolu əkməyindən ailə üzvlərindən məlumatı olanın olmadığını, əkinə özü nəzarət etdiyini, onun 4 ədəd çətənə (kannabis) kolu əkməyindən heç kəsin xəbəri olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş rayon, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, qəbul etməsi, yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu təşkil etdiklərini, bundan sonra əməliyyat qrupu olaraq, baxış üçün aqronomla birlikdə baxış keçirilməsi üçün Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan, Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiklərini, həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evdə olduğunu və onları qarşıladığını, bu zaman təhqiqatçının onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış edərək yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkməkdə şübhəli olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs bundan sonra yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkdiyini və həmin kolları təqdim edə biləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs göstərdiyi yerə baxış keçirdiklərini, baxış zamanı Elşadın həyətin sağ hissəsində 3 ədəd, sol hissəsindən isə 1 ədəd narkotik tərkibli bitkiləri göstərdiyini və həmin bitkiləri özünün əkdiyini, böyüməsi üçün onlara qulluq etdiyini, eyni zamanda aqronomun baxış zamanı həmin aşkar edilmiş 4 ədəd bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulandığını, diblərinin boşaldıldığını bildirdiyini, bundan sonra aşkar edilmiş ümumilikdə 4 ədəd çətənə bitkilərinin torpaqdan çıxarıldığını, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşamasının müəyyən edildiyini, bitkilərin çıxarıldığını, uzunluqlarının ölçüldüyünü və ən uzunun 210 sm, ən balacasının isə 116 sm olduğunu, həmin aşkar edilmiş bitkilərin 1 ədəd içi boş sintetik kisəyə qablaşdırıldığını, üzərinin iştirakçılar tərəfindən imzalandığını və DİN-in zərflər üçün möhürü ilə möhürləndiyini, şifahi qaydada aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 4 ədəd bitkilərin özünə məxsus olduğunu, təxminən 2023-cü ilin may ayının əvvəllərində əkdiyini, həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, bitkilərə özü qulluq göstərdiyini, həmin bitkilərin diblərini suladığını və boşaltdığını bildirdiyini, başqa yerdə narkotik tərkibli bitki əkmədiyini, həmçinin başqa yerdə narkotik vasitəsi olmadığını, bundan sonra baxışın sonlandırıldığını, daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirilərək şübhəli şəxs qismində tutulduğunu və seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını, üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar edilmədiyini, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra videoçəkilişin sonlandırıldığını, Elşadla ədavət və düşmənçiliyi, qərəzi olmadığını, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 Füzuli oğlu da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 20:20-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evinin həyətinə baxış zamanı torbağa əkdiyi 4 (dörd) ədəd qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 1 ədəd sintetik kisəyə qablaşdırılaraq DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparılmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparılan zaman Təqsirləndirilən şəxs Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evinin həyətində çətənə kollarını təxminən 2023-cü ilin may ayının əvvəllərində şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 21 iyul 2023-cü il tarixli, 17/555 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı... evin həyətindən aşkar olunmuş 4 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər...” yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki, 4 (dörd) ədəd, uzunluqları 116 sm-dən 210 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri – 560,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X5 20 iyul 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 1542 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 09 avqust 2023-cü il tarixli PHŞ-6-22/2-1201/2023 nömrəli arayışdan görünür ki, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X8in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 avqust 2023-cü il tarixli, 5-32-12/2-577/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Yuxarı Ləki kəndi ünvanında yaşamaqla ailə tərkibi – xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, həmin qərarla 18:00-da tanış olmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 1(014)-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon Polis şöbəsinin 08 noyabr 2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu ərazisində tutularaq Ağdaş rayon Polis şöbəsinə gətirilərək MSY-yə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı övladının olmasını və onları təkbaşına böyütməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün və Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(014)-164/2023 saylı qərarı ilə 08 noyabr 2023-cü il tarixdən 29 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 21 (iyirmi bir) gün olmaqla, cəmi 1 (bir) ay 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 3 (üç) ay 16 (on altı) gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 4 ədəd çətənə bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (alt) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün və Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(014)-164/2023 saylı qərarı ilə 08 noyabr 2023-cü il tarixdən 29 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 21 (iyirmi bir) gün olmaqla cəmi 1 (bir) ay 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 3 (üç) ay 16 (on altı) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan 4 ədəd çətənə bitkiləri məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar