Məhkəmə qərarları › İş №1(014)-17/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-17/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-17/2024 10.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1999-cu il tarixdə Ukrayna Respublikasının Simferopol şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdaş şəhəri, H.Əliyev prospektində qeydiyyatda olmaqla, Ağdaş şəhəri, Azadlıq küçəsi, 42-ci məhəllədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, qanunsuz olaraq ümumi təmiz çəkisi 0.985 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb, daşımış, 09 oktyabr 2023-cü il tarixdə saat 18:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Azadlıq küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda, həmin tarixdə saat 19:04-dən 19:21-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan narıncı rəngli köynəyin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0.985 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 09 oktyabr 2023-cü il tarixdə təxminən saat 18:20 radələrində yaşadığı Ağdaş şəhəri, Azadlıq küçəsində hərəkət edərkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmiş, o, əynində olan narıncı rəngli köynəyin sol cibindən 01 ədəd üzərinə “Vinçester” sözü yazılımış siqaret qutusunu, qara rəngli şalvarın sağ cibindən 01 ədəd “Blackview” markalı mobil telefonu, həmin şalvarın sol cibindən 01 ədəd pul qabını və köynəyin sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş sellofan bükümün içərisindəki maddənin narkotik vasitə olan “patı” olmasını bildirmiş, bundan sonra 01 ədəd şəffaf rəngli sellofan büküm kəsilmiş, baxış zamanı içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisinin 1,2 qram olması müəyyən edilmişdir. 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf onun, müdafiəçiəsi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağını bildirilmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər, narkotik vasitələrin və psixortrop maddələrin satışı ilə məşğul olmamış, üzərində psixotrop maddə olan metamfetaminin olmasından və onu şəxsi istifadəsi üçün saxlamağından heç kimin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, İİ Vətən müharibəsindən sonra narkotik vasitə istifadə etməyə başlamışdır. O, müharibədə iştirak edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən medallarla təltif olunmuşdur. Əməlindən peşmandır, bütün bunları nəzərə alıb ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Ağdaş şəhəri, H.Əliyev prospekti 8/3-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Məhəmmədli Əliyevin şübhəli şəxs qismində saxlanılması və Ağdaş RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. 09 oktyabr 2023-cü il tarixdə saat 18:20 radələrində Təqsirləndirilən şəxs onun və Ağdaş RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə Ağdaş şəhəri, Azadlıq küçəsində saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmamış və buna görə də onu Ağdaş RPŞ-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs onlarla razılaşmış və Ağdaş RPŞ-nin inzibati binasında təhqiqatçı Elçin Mütəllimovun xidməti otağına gətirilmişdir. Həmin vaxt axtarış aparılmasında iştirak etməkdən ötrü müdafiəçi təhqiqatçı Elçin Mütəllimovun xidməti otağına dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmuş, daha sonra onun, müdafiəçinin, Şahid2 iştirakı ilə təhqiqatçı Elçin Mütəllimovun RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Xəyyam Mehtiyevin video çəkiliş aparması ilə onun üzərində axtarış aparılmağa başlanmış, axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan narıncı rəngli köynəyin sol cibindən 01 ədəd üzərinə “Vinçester” sözü yazılımış siqaret qutusunu, qara rəngli şalvarın sağ cibindən 01 ədəd “Blackview” markalı mobil telefonu, həmin şalvarın sol cibindən 01 ədəd pul qabını və köynəyin sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan bükümün içərisindəki maddənin narkotik vasitə olan “patı” olmasını bildirmişdir. Bundan sonra 01 ədəd şəffaf rəngli sellofan büküm açılmış və baxış zamanı içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş narkotik vasitəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisinin 1,2 qram olması müəyyən edilmişdir. 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf Təqsirləndirilən şəxs, müdafiəçi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə saxlanılıb RPŞ-yə gətirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq olunmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:20 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan narıncı rəngli köynəyin sol cibindən 01 ədəd üzərinə “Vinçester” sözü yazılımış siqaret qutusunu, qara rəngli şalvarın sağ cibindən 01 ədəd “Blackview” markalı mobil telefonu, həmin şalvarın sol cibindən 01 ədəd pul qabını və köynəyin sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamış, üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan büküm kəsilmiş, baxış zamanı içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, həmin büküm elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisi 1,2 qram olmuş, 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla, içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər maddə 01 ədəd siqaret qutusu kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2023-cü il tarixli 17/743 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0.985 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 1791 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 26 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 09 yanvar 2024cü il tarixli məktubundan və Ağdaş Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli hökmü ilə təyin olunmuş cəza 9 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş və Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı 08 aprel 2020ci il tarixdə tam olaraq çəkib qurtarmışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 17 oktyabr 2023-cü il tarixli 116 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 17 oktyabr 2023-cü il tarixli 1109 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: anası X1 (1963). İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən Təqsirləndirilən şəxs «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli sərəncamına əsasən “Vətən müharibəsi işirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək və Müvəqqəti saxlama yerindən azad etmək haqqıda” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetamin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, İİ Qarabağ müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini və buna görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli sərəncamına əsasən “Vətən müharibəsi işirakçısı” medalı ilə təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin dövlət ittihamçısının çıxışında təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə təklifini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,935 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli , Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 72 (yetmiş iki) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,935 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 72 (yetmiş iki) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar