Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-172/2023 26.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 7,99 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 22:30-da Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Orta Ləki kəndində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 23:14-dən 23:32-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan mavi rəngli qısaqol köynəyin döş cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,24 qram və 1 ədəd ağ rəngli qutuda təmiz çəkisi 4,75 qram olmaqla, ümumilikdə təmiz çəkisi 7,99 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu, əvvəllər narkotik vasitə istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağdaş rayonu, Orta Ləkidə yolun kənarı ilə evə gedən zaman yolun kənarında yulğun kolunun dibində yerdə büküm olduğunu gördüyünü, həmin bükümü götürüb içinə baxanda içərisində yaşıl rəngli, narkotik vasitəyə bənzər bitki kütləsi olmasını gördüyünü, həmin yaşıl rəngli maddənin narkotik vasitə olan “marixuana” olmasını güman etdiyini, həmin bükümü sonra istifadə etmək məqsədilə cibinə qoyduğunu, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu Orta Ləki kəndində yaşadığı evin yerləşdiyi küçənin girişində hərəkətdə olduğunu, tapdığı bükümün də üzərində olduğunu, saat təxminən 22:30-da polis əməkdaşlarının ona yaxınlaşdığını, narkotik vasitələrdən istifadə etməyi barədə onlara məlumat daxil olduğunu, üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini, onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində ona hüquqlarını müdafiə etməyi üçün öz seçdiyi dövlət hesabına vəkil təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarının sağ tərəfindəki ön cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, sol cibindən isə 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əsginaslarını masanın üzərinə qoyduğunu, daha sonra əynində olan mavi rəngli qısaqol köynəyin sol döş cibindən 1 ədəd kibrit qutusunu və 1 ədəd ağ rəngli qutunu da masanın üzərinə qoyduğunu, üzərindən aşkar edilmiş qutuların hər birinin ayrı-ayrılıqda açıldığını, içərilərində yaşıl rəngli, spesifik iyə malik bitki kütlələri aşkar olunduğunu, daha sonra hər birinin ayrıayrılıqda elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 6,3 qram və 8,6 qram olduğunu, bundan sonra həmin qutuların zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özünün və digər iştirakçıların zərfə imza etdiklərini, sonra polis əməkdaşının ondan həmin maddənin nə olduğunu və onu haradan əldə etdiyini soruşduğunu, həmin maddənin narkotik vasitə olan marixuana olmasını və Ağdaş rayonu, Orta Ləki kəndində yolun kənarı ilə gedən zaman yulğun kolunun dibindən-yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını söylədiyini, sonra üzərində şəxsi axtarış aparıldığını, daha sonra isə 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əsginaslarının iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, 1 ədəd “Samsung” markalı mobil telefonun isə qablaşdırıldığını, üzərinin iştirakçılar və özü tərəfindən imzalandığını, möhürlənərək götürüldüyünü, bundan sonra yaşadığı evə baxış keçirilməsinin təklif edildiyini, buna heç bir etiraz etmədiyini, yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir etirazının olmaması ilə bağlı Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, daha sonra yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən evə videoçəkilişdən istifadə etməklə baxış keçirildiyini, lakin baxış zamanı yaşadığı evdən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilmədiyini, götürülmədiyini, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini, ucadan oxunduğunu, özünün və digər proses iştirakçıları həmin protokolu imzaladıqlarını, bundan sonra baxışın başa çatdığını, üzərində olan qurudulmuş bitki kütləsi narkotik vasitə olan “marixuana” olduğunu, narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitəni Ağdaş rayonu, Orta Ləki kəndində yolun kənarından-yulğun kolunun dibindən tapdığını,narkotik vasitələrdən ara-sıra olaraq istifadə etdiyini, mobil telefon işlətdiyini, mobil nömrəsinin isə ***-***-**-** olduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 22:30-da Ağdaş RPŞ-nin PPX Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş rayonu, Orta Ləki kəndində Zauru saxladıqlarını, özlərini təqdim edərək Zaura üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Zauru RPŞ-yə dəvət etdiklərini, Zaurun da onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, həmçinin Zaura dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, Zaurdan üzərində narkotik vasitə olub-olmamasının soruşulduğunu, əgər varsa təqdim etməyi təklif edildiyini, şəxsi axtarış zamanı Zaurun əynindəki mavi rəngli cins şalvarının sağ tərəfindəki ön cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, sol cibindən isə 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əsginaslarını masanın üzərinə qoyduğunu, daha sonra əynində olan mavi rəngli qısaqol köynəyin sol döş cibindən 1 ədəd kibrit qutusunu və 1 ədəd ağ rəngli qutunu da masanın üzərinə qoyduğunu, üzərindən aşkar edilmiş qutuların hər birinin ayrı-ayrılıqda açıldığını, içərilərində yaşıl rəngli, spesifik iyə malik bitki kütlələrinin aşkar olunduğunu, daha sonra hər birinin ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 6,3 qram və 8,6 qram olduğunu, bundan sonra həmin qutuların zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özünün və digər iştirakçıların zərfə imza etdiklərini, polis əməkdaşının Zaurdan həmin maddənin nə olduğunu və onu haradan əldə etdiyini soruşduğunu, Zaurun həmin maddənin narkotik vasitə olan marixuana olmasını və Ağdaş rayonu, Orta Ləki kəndində yolun kənarı ilə gedən zaman yulğun kolunun dibindən-yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını söylədiyini, sonra Zaurun üzərində şəxsi axtarışın aparıldığını, daha sonra isə 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əsginasları iş üçün əhəmiyyət kəsb etmədiyindən Zaurun özünə qaytarıldığını, 1 ədəd “Samsung” markalı mobil telefonun isə qablaşdırıldığını, üzərinin iştirakçılar tərəfindən imzalandığını, möhürlənərək götürüldüyünü, bundan sonra Zaura yaşadığı evə baxış keçirilməsinin təklif edildiyini, Zaurun buna heç bir etiraz etmədiyini, yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir etirazının olmaması ilə bağlı Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, daha sonra yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən evə videoçəkilişdən istifadə etməklə Zaurun, müdafiəçisinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, lakin baxış zamanı Zaurun yaşadığı evdən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilmədiyini, götürülmədiyini, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini, ucadan oxunduğunu, özünün və digər proses iştirakçılarının həmin protokolu imzaladıqlarını, bundan sonra baxışın başa çatdığını, ilkin sorğu zamanı Zaur üzərindən aşkar edilmiş narkotik vasitəni, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağdaş rayonu, Orta Ləki kəndində gedərkən yolun kənarından yulğunun dibindən-yerdən büküm tapdığını, içərisində yaşıl rəngli bitki olduğunu, yəni narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləsi olduğundan onu götürdüyünü, istifadəçisi olduğu üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Zaur üzərində narkotik vasitə “nəşə” olduğunu söyləmiş, Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, sol cibindən 1 ədəd beş manatlıq, 5 ədəd isə bir manatlıq pul əsginası, əynindəki mavi rəngli qısaqol köynəyin sol döş cibindən isə 1 ədəd kibrit qutusu və ağ rəngli qutunu çıxararaq təqdim etmiş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir əşya aşkar olunmamış, üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusu və 1 ədəd ağ rəngli qutu açılmış, bundan sonra hər iki qutunun içərisində xüsusi iyə malik, yaşıl rəngli, qurudulmuş bitki kütləsi olması müəyyən edilmiş, kibrit qutusunun və ağ rəngli qutunun təxmini çəkiləri müəyyən edilməsi üçün elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, müvafiq olaraq təxmini çəkilərinin 6,3 qram və 8,6 qram olması müəyyən edilmiş, 1 ədəd kibrit qutusu və 1 ədəd ağ rəngli qutu zərflərə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-in 111 №li möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Ağdaş rayonu, Orta Ləki kəndində yolun kənarı ilə gedən zaman tapdığını söyləmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış keçirilən yer Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus olan yaşayış evi idi. Təqsirləndirilən şəxs ilkin olaraq bildirilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:05-də Ağdaş RPŞ-nın inzibati binasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bununla əlaqədar olaraq onun yaşadığı evə evə öz ərizəsi əsasında baxış keçiriləcək. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlamışlar, həyətə daxil olmuşlar. Həyətə daxil olduqda beton yolu ilə davam etmişlər. Həyətin sol tərəfində bir mərtəbəli yaşayış evi yerləşirdi. Həmin yaşayış evində Təqsirləndirilən şəxs otağına, mətbəxə və hamama baxış keçirilmiş, lakin baxış zamanı evdən hər hansı dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/613 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusu...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 3,24 qram olan bitki mənşəli kütlə tərkbində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd qutu...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd ağ rəngli kağız qutuda, təmiz çəkisi – 4,75 qram olan bitki mənşəli kütlə tərkbində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1489 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli 18-1-22/2-1397/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX X9in poliklinika şöbəsində ruhi-əsəb və narkolofi xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-32-12/2-480/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Orta Ləki kəndi ünvanında yaşamaqla ailə tərkibi arvadı- xx.xx.1980-ci il təvəllüdlü X2; oğlu – xx.xx.2001-ci il təvəllüdlü X7; oğlu – xx.xx.2010-cu il təvəllüdlü X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 05 dekabr 2018-ci il tarixli M/V № 084997 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 23:05də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 21:00-də tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində bir az yaşlı övladının olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və “ İ Vətən Müharibəsi” veteranı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 7,89 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 7,89 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-172/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-172/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver