Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-176/2023 26.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxx 2002-ci ildə Ağdaş rayonunun Tatlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 104,12 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:25 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 19:00-dan 19:19-dək ünvan 2 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol hissəsində kəmərin altından 1 ədəd sellofan bükümdə təmiz çəkisi 104,12 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Vətən Müharibəsində iştirak edən zaman bir neçə dəfə “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, müharibə bitdikdən sonra təxris olunduğunu, lakin təxris olunandan sonra da bir neçə dəfə narkotik vasitə, yəni “nəşə” istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində yaşadığı ünvan 1ində yerləşən evdən çıxaraq Ağdaş şəhərinə gəlmək üçün Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ərazisində yerləşən 3 yol adlanan yerdə avtobus gözlədiyini, həmin vaxt yaxınlıqda yerləşən kolluqda sarı rəngli sellofan torbanın diqqətini çəkdiyini, buna görə də həmin sellofan torbanı açaraq baxmaq qərarına gəldiyini, bundan sonra həmin sellofan torbanı götürdüyünü və açaraq baxdığını, bu zaman torbanın içərisində quru halında “nəşə”, yəni narkotik vasitə marixuana olmasını gördüyünü, özü əvvəllər də narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin sellofan torba olan qurudulmuş marixuananı özündə saxlamaq, həmçinin özü istifadə etmək qərarına gəldiyini, bundan sonra həmin sellofan torbanı götürdüyünü və Ağdaş şəhərinə gəldiyini, sonra işlədiyi Ağdaş şəhəri, M.İsayev küçəsində, X2 yaxınlığında yerləşən icarəyə götürdüyü bər-bərxanaya gəldiyini, həmin sellofan torbanı əvvəlcə orada gizlətdiyini, bundan sonra bir neçə müştərinin saçını kəsdiyini, həmin vaxt bir qədər həyəcanlı olduğunu və narkotik vasitəni bər-bərxanada dolabın altında gizlətdiyini, lakin sonra bərbərxanaya müştərilər gəldiyi üçün narkotik vasitəni orada saxlamasının təhlükəli olmasını fikirləşdiyini, buna görə də həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində sarı rəngli sellofan torbanın içərisində olan narkotik vasitəni yaşadığı kəndin ərazisində gizlətmək üçün bərbərxanadan çıxdığını və Ağdaş şəhəri, M.İsayev küçəsi ilə üzü Zeynəddin kəndi istiqamətində piyada getdiyini, həmin vaxt mülki avtomobilin onun yaxınlığında dayandığını, daha sonra həmin avtomobildən iki nəfər şəxsin düşərək ona yaxınlaşdığını, həmin vaxt özünü itirdiyini və heç bir hərəkət edə bilmədiyini, həmin şəxslərin ona özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barəsində onlarda əməliyyat məlumatının olduğunu və buna görə də onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olmasını izah etdiklərini, başqa bir çıxış yolunun olmadığını və üzərində olan narkotik vasitəni tullaya bilməyəcəyini bildiyini və polis əməkdaşlarına üzərində “nəşə” olmasını bildirdiyini və polis əməkdaşları ilə Ağdaş RPŞ-yə getməyə razılıq verdiyini, RPŞ-yə gəldikdən sonra orada ona müdafiəçidən istifadə etmək hüququnun izah edildiyini, özünün də maddi imkanını olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edildiyini, özünün də həmin vəkillərin siyahısından Müdafiəçi onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istədiyini bildirdiyini, buna görə də Müdafiəçi ona dövlət hesabına müdafiəçi təyin edildiyini, daha sonra müdafiçinin RPŞ-yə dəvət edildiyini və ona təqdim edildiyini, sonra şübhəli şəxs qismində tutulduğunu, daha sonra RPŞ-nin inzibati binasında xidməti otaqda onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı təhqiqatçının ona hüquqlarını izah etdiyini, üzərində olan əşyaları bir-bir masının üzərinə qoymağı təklif etdiyini, buna görə də həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus “Honor” markalı mobil telefonu və sol tərəfində kəmərin altında saxladığı sellofan torbanı təqdim etdiyini, təhqiqatçının ondan sellofan bükümün içərisindəki kütlənin nə olmasını soruşduğunu, özünün də təhqiqatçıya həmin bükümün içərisindəkinin “nəşə” olmasını bildirdiyini, daha sonra polis əməkdaşının onun üzərində şəxsi axtarış apardığını, lakin üzərindən qanunsuz olaraq saxladığı hər hansı əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra polis əməkdaşının üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümü açdığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşına həmin bitki kütləsinin narkotik vasitə olmasını, həmin narkotik vasitəni bu gün Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ərazisində yerləşən 3 yol adlanan yerdən kolluğun dibindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığı bildirdiyini, bundan sonra həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 108 qram olduğunu, daha sonra həmin sellofan bükümdə olan bitki kütləsinin kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, həmçinin ona məxsus mobil telefonun kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, şəxsi axtarışın videçəkliş vasitəsi ilə qeydə alındığını və şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini, həmin protokolu imzaladığını, bundan sonra şəxsi axtarışın başa çatdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid2 Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin manqa komandiri vəzifəsində işlədiyini, 22 iyul 2023-cü il tarixdə Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradıldığını, özünün də əməliyyat qrupuna daxil edildiyini, daha sonra həmin gün təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən bərbərxanada olması barədə məxfi mənbədən məlumat daxil olduğunu, buna görə də Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi bərbərxanın yerləşdiyi Ağdaş şəhəri, M.İsayev küçəsinə getdiklərini, onlar bir qədər küçədə dayanaraq Təqsirləndirilən şəxs harada olmasını dəqiqləşdirdiklərini, təxminən 18:25 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsi ilə üzü Ağdaş rayonu, Zeynəddin kəndi istiqamətində piyada getməsini gördüklərini, buna görə də dərhal Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını, əvvəlcə özlərini təqdim edərək Ağdaş rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirdiklərini, daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə onlara məlumat daxil olmasını bildirdiyini və həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə Ağdaş rayon polis şöbəsinə getməli olduğunu izah etdiklərini, Təqsirləndirilən şəxs bir qədər həyəcanlandığını və onlarla birlikdə getməyə razılıq verdiyini, bundan sonra onların birlikdə Ağdaş RPŞ-yə gəldiklərini, RPŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verdiklərini, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, Təqsirləndirilən şəxs da maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, sonra Təqsirləndirilən şəxs Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edildiyini, Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq əvvəllər tanıdığı Müdafiəçi onun müdafiəçisi olmasını istədiyini bildirdiyini, sonra təhqiqatçı tərəfindən bu barədə qərar qəbul edildiyini və Müdafiəçi Ağdaş RPŞ-yə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edildiyini, bundan sonra Təqsirləndirilən şəxs dərhal şübhəli şəxs qismində tutulduğunu və üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış başladıqdan sonra Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin izah edildiyini, sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etdiyini, buna görə də Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu və sol böyür tərəfində şalvarının kəmərinin altında gizlətdiyi 1 ədəd sellofan torbanı təqdim etdiyini, sonra təhqiqatçının Təqsirləndirilən şəxs sellofanın torbanın içərisində nə olmasını, haradan əldə etməsini və nə məqsədlə üzərində saxlamasını soruşduğunu, Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisindəkinin marixuana olmasını, həmin marixuananı həmin gün günorta saatlarında işə gələn zaman küçədən tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirdiyini, bundan sonra həmin sellofan torbanın açıldığını və içərisindən yaşıl rəngli bitki kütləsinin aşkar edildiyini, daha sonra həmin sellofan torbanın içərisindəki bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkildiyini, çəkisinin 108 qram olduğunu, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan torba və 1 ədəd mobil telefonun ayrıayrı qablaşdırılaraq götürüldüyünü, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini, şəxsi axtarışın video çəkiliş vasitəsi ilə qeydə alındığını, protokolun ucadan oxunduğunu və iştirakçılar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı məlumatlar daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmadığını, xx.xx.2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olduğunu, daha sonra həmin gün təxminən 18 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən işlədiyi bər-bərxanada olması barədə məxfi mənbədən məlumatın daxil olduğu və həmin gün təxminən 18:25 radələrində Ümid Abbəkirovun işlədiyi bər-bərxanadan çıxaraq piyada gedən zaman tərəflərindən saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanılan zaman, RPŞ-yə gətirilərkən və ya RPŞ-də hər hansı bir fiziki güc tətbiqinə və ya psixoloji təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 19:00-da başlamış və 19:19-da başa çatmış şəxsi axtarış ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında aparılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə məlumatın daxil olması izah edilmiş, bundan sonra ona üzərində olan əşyaları birbir masanın üzərinə qoymçası təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olmasını, həmin marixunanı həmin gün tutulmamışdan əvvəl yaşadığı kəntdən tapdığını bildirmiş, daha sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Honor” markalı mobil telefonu və sol hissəsində kəmərin altından 1 ədəd sellofan torbanı təqdim etmiş, sellofan torba açılmış, içərisindən yaşıl rəngli bitki kütləsi aşkar edilmiş, sonra elektron tərəzidə çəkilmiş və çəkisi 108 qram olmuş, bundan sonra həmin bitki kütləsi və mobil telefon kağız zərflərdə qablaşdırılımış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/559 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd içərisində yaşıl rəngli bitki kütləsi olan sellofan...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 104,12 qram olan bitki mənşəli kütlə tərkbində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1527 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X7 08 avqust 2023-cü il tarixli PHŞ-6-22/2-1185/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX X7in poliklinika şöbəsində ruhi-əsəb və narkolofi xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 5-32-12/2-519/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1i ünvanında yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:45də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 17:16-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və “İİ Vətən Müharibəsi” iştirakçısı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 104,07 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 104,07 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-176/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-176/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver