Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-178/2023 26.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmayan, ünvan 2 qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 0,570 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:19 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 21:53-dən 22:04-dək ünvan 1 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,570 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 22 yaşından etibarən müxtəlif növ narkotik vasitələrdən istifadə etdiyini, lakin təxminən 3 il əvvəl müalicə aldığını və narkotik vasitədən istifadə etmədiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdən çıxaraq Ağdaş rayon icra hakimiyyətinin qarşısına gəzmək üçün getdiyini, həmin vaxt icra hakimiyyətinin qarşısından keçən və Ləki arxı dedikləri su kanalının kənarında qarşıdan gələn avtomobilin işığı düşdüyü üçün parıldayan əşya gördüyünü, həmin əşyanın onun diqqətini çəkdiyi üçün yaxınlaşaraq həmin əşyanı götürmək qərarına gəldiyini, bu zaman həmin əşyanın kiçik ölçülü sellofan büküm olmasını gördüyünü, daha sonra sellofanı açaraq baxmaq istədiyini, sellofanı açdıqdan sonra isə içərisində ağ rəngli, kristal halında olan maddə olmasını gördüyünü, əvvəllər “patı” və “kristal” adlandırdığı psixotrop maddə olan metamfetmindən istifadə etdiyi üçün həmin maddənin də “kristal” yəni psixotrop maddə metamfetamin olmasını bildiyini, buna görə də həmin maddəni götürərək özündə saxlamaq və daha sonra istifadə etmək qərarına gəldiyini, bundan sonra həmin sellofan bükümü yerdən tapdığı siqaret qutusunun içərisinə qoyaraq qatladığını və cibinə yerləşdirdiyini, sonra isə Ağdaş rayon İcra hakimiyyətinin qarşısına gedərək bir qədər orada gəzdiyini, lakin üzərində narkotik vasitə küçədə gəzməkdən qorxduğunu və ətrafa boylanaraq yaxınlıqda polislərin olmamasına baxdığını, daha sonra yaşadığı evə getmək üçün yola düşdüyünü, narkotik vasitəni tapdığı yerdən getməkdən qorxduğu üçün şəhərlə evə getmək qərarına gəldiyini, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq bankın qarşısında ətrafa baxa-baxa yol getdiyini, bu zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını, həmin şəxslərin ona Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, onlara tanış gəlmədiyini və özünü şübhəli aparmasını bildirdiklərini, onun isə həmin şəxslərə Ağdaş şəhərindən olduğunu, uzun müddət Rusiyada yaşadıqdan sonra təxminən 4-5 ay əvvəl Azərbaycana gəldiyini bildirdiyini, bundan sonra polis əməkdaşlarının ona üzərində narkotik vasitə saxlamağı, daşımağı və istifadə etməsi barədə onlarda məlumat olduğunu və həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu bildirdiklərini, polis əməkdaşlarının ondan üzərində narkotik vasitə olub-olmamasını soruşduğunu, onun da polis əməkdaşlarına üzərində “kristal” olduğunu və onu təxminən 1 saat əvvəl küçədən tapdığını söylədiyini, bundan sonra polis əməkdaşlarının onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, onun da onlarla birlikdə RPŞ-yə gəldiyini, RPŞ-yə gəldikdən sonra orada ona müdafiəçidən istifadə etmək hüququnun izah edildiyini, onun da maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edildiyini, onun da həmin vəkillərin siyahısından Müdafiəçi onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istədiyini bildirdiyini, buna görə də Müdafiəçi ona dövlət hesabına müdafiəçi təyin edildiyini, daha sonra müdafiəçinin RPŞ-yə dəvət edildiyini və ona təqdim edildiyini, bundan sonra şübhəli şəxs qismində tutulduğunu, daha sonra RPŞ-nin inzibati binasında xidməti otaqda onun üzərində şəxsi axtarış aparıldiyini, şəxsi axtarış zamanı təhqiqatçının ona hüquqlarını izah etdiyini və üzərində olan əşyaları bir-bir masının üzərinə qoymağı təklif etdiyini, buna görə də həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofan bükümü və sol arxa cibindən 1 ədəd alışqanı təqdim etdiyini, təhqiqatçının ondan sellofan bükümün içərisindəki kütlənin nə olmasını soruşduğunu, onun da təhqiqatçıya həmin bükümün içərisindəkinin “kristal” olmasını bildirdiyini, daha sonra polis əməkdaşının onun üzərində şəxsi axtarış apardığını, lakin üzərindən qanunsuz olaraq saxladığı başqa hər hansı əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra polis əməkdaşının üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümü açdığını və içərisindən ağ rəngli kristal formalı maddə aşkar edildiyini, polis əməkdaşına həmin maddənin “patı” olduğunu, həmin narkotik vasitəni bu gün Ləki arxının kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 0,7 qram olduğunu, daha sonra həmin sellofan bükümdə olan maddənin kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını və şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və həmin protokolu imzaladığını, şəxsi axtarışın başa çatdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını bildirmişdir. Əməlindən peşmandır. Ona həbslə nətcələnməyən cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 15 avqust 2023-cü il tarixdə ona ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradıldığını, Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 əməliyyat qrupuna daxil edildiyini, daha sonra həmin gün təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq üzərində saxlayaraq daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağdaş RPŞ-nin RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirildiyini, keçirilmiş əməliyyat-axtarış tədbirləri və daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində olmasının müəyyən edildiyini, bundan sonra həmin küçəyə getdiklərini, təxminən saat 21:19 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq bankın qarşısı ilə üzü Ağdaş şəhəri istiqamətində piyada hərəkət etməsini gördüklərini, bundan sonra Təqsirləndirilən şəxsa yaxınlaşaraq özlərini təqdim etdiklərini və Ağdaş rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirdiklərini, sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə RPŞ-yə əməliyyat məlumatının daxil olmasını izah etdiyini, həmçinin daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu bildirdiklərini, Təqsirləndirilən şəxs səmimi şəkildə etiraf edərək özü istifadə etmək üçün üzərində “patı” yəni narkotik vasitə olmasını bildirdiyini və onlarla birlikdə Ağdaş rayon polis şöbəsinə getməyə heç bir etiraz etmədiyini, bundan sonra onların birlikdə Ağdaş RPŞ-yə gələrək Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verdiklərini, RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edildiyini, Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istədiyini bildirdiyini, buna görə də Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisi təyin edilməsi barədə qərar qəbul edildiyini və Müdafiəçi bu barədə məlumat verilərək RPŞ-yə dəvət edildiyini, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu və dərhal üzərində şəxsi axtarışın aparılmasına başlanıldığını, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını, şəxsi axtarışa başladıqdan dərhal sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin izah edildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında şübhəli şəxs qismində tutulduğunu və buna görə də şəxsi axtarışa məruz qaldığının bildirildiyini, daha sonra ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsinin təklif edildiyini, bundan sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən əzilmiş halda olan 1 ədəd siqaret qutusunu və həmin şalvarın sol arxa cibindən 1 ədəd alışqanı masanın üzərinə qoyaraq təqdim etdiyini, daha sonra təhqiqatçının Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardığını, lakin onun üzərində qeyd edilənlərdən başqa hər hansı bir əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra sellofan bükümün açıldığını və içərisindən ağ rəngli kristal formalı maddə aşkar edildiyini, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sellofan bükümdə olan maddənin nə olmasının soruşulduğunu, Təqsirləndirilən şəxs həmin maddənin “patı”, yəni narkotik maddə olmasını bildirdiyini, bundan sonra həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 0,7 qram olduğunu, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddəyə bənzər maddənin kağız zərfdə qablaşdırılaraq götürüldüyünü, üzərindən aşkar edilmiş alışqanın isə onun özünə qaytarıldığını, şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edildiyini, ucadan oxunduğunu, heç kimin əlavə və ya düzəlişi olmadığından həmin protokolun imzalandığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı məlumatlar daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmadığını, Təqsirləndirilən şəxs saxlanılan zaman, RPŞ-yə gətirilərkən və ya RPŞ-də hər hansı bir fiziki güc tətbiqinə və ya psixoloji təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 21:53-də başlamış və 22:04-də başa çatmış şəxsi axtarış ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında aparılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə məlumatın daxil olması izah edilmiş, bundan sonra ona üzərində olan əşyaları birbir masanın üzərinə qoymçası təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində “patı” olmasını, həmin narkotik vasitəni həmin gün Ləki arxının kənarından tapdığını bildirmiş, daha sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükülmüş vəziyyətdə siqaret qutusunu və həmin şalvarın sol arxa cibindən 1 ədəd alışqanı masanın üzərinə qoyaraq təqdim etmiş, siqaret qutusnun içərisindən 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan büküm açılmış, içərisindən ağ rəngli, kristal formalı maddə aşkar edilmiş, həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisi 0,7 qram olmuş, bundan sonra həmin sellofan büküm kağız zərflərdə qablaşdırılımış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 16 avqust 2023-cü il tarixli, 17/612 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddəyə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,570 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 02 oktyabr 2023-сü il tarixli, № 1639 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2023-cü il tarixli, ********** saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ (üçüncü) dərəcəli əlilliyə görə hər ay 150 (yüz əlli) manat sosial müavinət alır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 02 sentyabr 2023-cü il tarixli PHŞ-6-22/2-1353/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X8 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 avqust 2023-cü il tarixli, 102 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 avqust 2023-cü il tarixli, № 947 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamaqla ailə tərkibi -xx.xx.1990-cı il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV № 714546 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:41də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 17:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetaminin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, İİİ dərəcəli əlil olmasını, himayəsində iki azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun məhkəmə baxışından üzrsüz səbəbdən 2 dəfə yayınması isə əməlinin ciddiliyini dərk etməməklə, şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 0,520 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat, on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,520 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-178/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-178/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver