Məhkəmə qərarları › İş №1(014)-179/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-179/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-179/2023 31.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1966-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1i ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 24,08 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayaraq, daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:00-da Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 16:31-dən saat 16:44-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol cibindən 1 ədəd dərman qutusunda təmiz çəkisi 24,08 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 20 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, bədənində ağrılar olduğunu, buna görə də narkotik vasitələrdən istifadə edəndə rahatlaşdığını və bədənində olan ağrılarının kəsdiyini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, sonuncu dəfə isə 2023-cü ilin may ayında cəzasınıı tam çəkib qurtardıqdan sonra cəzaçəkmə müəssisəsindən azad olunaraq azadlığa çıxdığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ağdaş rayonu, Ərəbocağı kəndi ərazisində yerləşən körpünün kənarında təkbaşına olduğu zaman körpünün kənarında, yerdə dərman qutusu olmasını gördüyünü və həmin dərman qutusunun onun diqqətini çəkdiyi üçün götürüb həmin qutuya baxan zaman içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər bitki kütləsi, nəşə, yəni qurudulmuş marixuana olmasını gördüyünü, uzun müddətdir narkotik vasitə istifadəçisi olduğu üçün həmin kütlənin nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana olmasını bildiyini, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə qutu ilə birlikdə götürərək əynində olan şalvarın sol cibinə qoyduğunu, daha sonra Ağdaş şəhərinə gəldiyini və Ağdaş şəhəri, M.İsayev küçəsində təkbaşına olarkən Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞ-yə gətirdiklərini, Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu və maddi imkanı olmadığı üçün dövlət hesabına vəkillə təmin olunmağı ilə bağlı ərizə yazdığını və ona təqdim olunan vəkillərin siyahısından Ağdaş rayonunda fəaliyyət göstərən vəkil Müdafiəçi vəkil kimi seçdiyini, onun seçdiyi Müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu və əgər varsa təqdim etməyi bildirildiyini, əynində olan qara rəngli cins şalvarın sol cibindən 1 ədəd qutunu, kağızı və kağız zərfi, 1 ədəd alışqanı, sağ cibindən 6 ədəd siqaret dənələrini, 08 ədəd 1 manatlıq pul əskinaslarını və özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoyduğunu, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən heç nə aşkar olunmadığını, daha sonra 1 ədəd qutunun açıldığını və içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, narkotik vasitənin təxmini çəkisinin müəyyən olunması üçün qutunun elektron tərəzidə çəkildiyini, narkotik vasitə qurudulmuş marixuana olan qutunun təxmini çəkisinin 33,6 qram olması müəyyən edildiyini, 1 ədəd qutunun 1 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürləndiyini, zərfin onun, müdafiəçisi və iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağının bildirildiyini, həmçinin digər əşyaların iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarıldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 2021-ci ildə narkotik vasitələrə görə azadlıqdan məhrum edildiyini, həmin narkotik vasitə qurudulmuş marixuananı üzərində daşımaqda məqsədi istifadə etmək olduğunu, narkotik vasitə istifadəçisi olduğunu, mobil telefon işlətdiyini və həmin nömrənin ***-***-**-** saylı mobil nömrə olduğunu, polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman üzərində qiymətli əşya olmadığını, polis əməkdaşı tərəfindən üzərindən aşkar olunaraq götürülmüş bir ədəd dərman qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmçinin aşkar olunmuş yuxarıda göstərdiyi əşyaların istintaq əhəmiyyəti olmadığı üçün özünə qaytarıldığını, Ağdaş rayon polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman ona polis əməkdaşları tərəfindən hər hansı bir təyziq və ya zor tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olması qeyd olunduğunu, həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Ağdaş RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildiyini, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs onun və PPXB-nün polis nəfəri Şahid1 iştirakı ilə Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanıldığını, həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığını və buna görə də onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Təqsirləndirilən şəxs onlarla razılaşdığını və onun Ağdaş RPŞ-nin inzibati binasında təhqiqatçı Elçin Mütəllimovun xidməti otağına gətirildiyini, həmin vaxt axtarış aparılmasında iştirak etmək üçün Ağdaş rayon Hüquq məsləhətxanasının vəkili Müdafiəçi qismində təhqiqatçı Elçin Mütəllimovun xidməti otağına dəvət olunduğunu, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğunu, hüquq və vəzifələrinin ona izah olunduğunu, daha sonra onun, müdafiəçinin, PPXB-nün polis nəfəri Şahid1 iştirakı ilə təhqiqatçı Elçin Mütəllimovun video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başladığını, axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən 1 ədəd qutunu, kağızı və kağız zərfi, 1 ədəd alışqanı, sağ cibindən 6 ədəd siqaret dənələrini, 08 ədəd 1 manatlıq pul əskinaslarını və özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoyduğunu, daha sonra təhqiqatçı tərəfindən Xamisin üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən heç nə aşkar olunmadığını, daha sonra 1 ədəd qutunun açıldığını və içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, narkotik vasitənin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini və qutu ilə birlikdə təxmini çəkisinin 33,6 qram olmasının müəyyən edildiyini, 1 ədəd qutu 1 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürləndiyini, zərfin üzərinin Xamisin, müdafiəçisi və iştirakçılar tərəfindən imzalandığını, keçirilmiş şəxsi axtarış ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunduğunu, tərtib olunmuş protokolun ucadan iştirakçılara oxunduğunu, tərtib edilmiş protokolun iştirak edən şəxslər tərəfindən imzalandığını, həmçinin digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Xamisin özünə qaytarıldığını, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla heç bir münasibəti olmadığını, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılıb RPŞ-yə gətirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən 1 ədəd qutunu, kağızı və kağız zərfi, 1 ədəd alışqanı, sağ cibindən 6 ədəd siqaret dənələrini, 08 ədəd 1 manatlıq pul əskinaslarını və özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuş, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən heç nə aşkar olunmamış, daha sonra 1 ədəd qutu açılmış və içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, narkotik vasitənin təxmini çəkisinin müəyyən olunması üçün qutu elektron tərəzidə çəkilmiş, narkotik vasitə qurudulmuş marixuana olan qutunun təxmini çəkisi 33,6 qram olmuş, həmin bitki kütləsi qutu ilə birlikdə 1 ədəd zərfə qablaşdırılıb, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/653 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....1 ədəd qutu” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd dərman qutusunda, təmiz çəkisi – 24,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-сü il tarixli, № 1668 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-14/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli 13/ci ********* saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində X6 poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ərəbocağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ərəbocağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 oktyabr 2023-cü il tarixli, № 5-32-12/2-346/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ərəbocağı kəndi yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: arvadı - X2; xx.xx.1989-cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 16:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 4(014)-52/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 29 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 24,03 qram qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 24,03 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar