Məhkəmə qərarları › İş №1(014)-18/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-18/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-18/2024 10.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayəti törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, qanunsuz olaraq ümumi təmiz çəkisi 0.427 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb, daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 11:55 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞnin inzibati binasında, xidməti otaqda, həmin tarixdə saat 12:32-dən 12:42-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol ön cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 0.427 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, arada bir narkotik vasitələrdən istifadə etmişdir. 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında balıq tutmaq üçün Ağdaş rayonu, Ağcayazı kənd ərazisindən keçən “Şirvan” kanalına getmişdir. Orada olan zaman kanalın üzərindən keçən körpünün yaxınlığında yerdə sellofan büküm görüb, götürmüş və həmin bükümü açdıqda içərisindən bir ədəd ağ rəngli sellofan büküm olduğunu görmüşdür. Bundan sonra həmin ağ rəngli kağız bükümü də açmış və içərisində ağ rəngli kristal halında psixotrop maddə olduğunu görmüşdür. Həmin ağ rəngli maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu güman etmişdir. Sonra həmin bükümü istifadə etmək məqsədilə cibinə qoymuş, daha sonra isə evə gəlmiş və həmin bükümü cibində saxlamışdır. 17 oktyabr 2023-cü il tarixdə yaşadığı evdən çıxıb Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisi ilə Ağdaş-Qəbələ avtomobil yolunun kənarına getmişdir. Orada olan zaman saat təxminən 11:55 radələrində 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra psixotrop maddələrdən istifadə etdiyi barədə onlara məlumat daxil olduğunu bildirmiş və üzərində şəxsi axtarış aparmaq üçün onu Polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə getmişdir. Polis şöbəsində ona vəkil təyin edilmiş və onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əynindəki boz rəngli cins şalvarın sol tərəfindəki ön cibindən 01 ədəd qara rəngli siqaret qutusunu və sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra isə əynindəki boz rəngli cins şalvarın sağ tərəfindəki ön cibindən “10”; 06 ədəd “5”; 02 ədəd “1” manatlıq pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən hər hansı əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm polis əməkdaşı tərəfindən açılmış, onun içərisində ağ rəngli, kristal halında maddə aşkar olunmuşdur. O, həmin maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu söyləmişdir. Həmin büküm içərisindəki maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,5 qram olmuşdur. Bundan sonra həmin büküm zərfə qablaşdırılaraq üzərinə möhür olan kağız parçaları vurulmuşdur. Özü və digər iştirakçılar zərfə imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, üzərindən aşkar edilmiş metamfetamini 16 oktyabr 2023cü il tarixdə Ağdaş rayonu Ağcayazı kəndi ərazisindən keçən “Şirvan” kanalının yaxınlığında olan körpünün yanında yerdən tapmış və özünün istifadə etməsi üçün üzərində saxlamışdır. O, heç kimə narkotik maddə verməmiş və ya satmamışdır. Narkotik maddədən mütəmadi istifadə etməmişdir. İstifadə etdiyi narkotik maddə “metamfetamin” olmuşdur. Polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman ona heç bir fiziki güc və yaxud zor tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır, himayəsində üç azyaşlı uşağı vardır, ailənin yeganə qazanc gətirənidir, ona güzəşt edilib yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 17 oktyabr 2023-cü il tarixdə saat 11:55 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində 01 ədəd qara rəngli siqaret qutusu, 42 manat pul və 01 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, daha sonra əynində olan boz rəngli cins şalvarın sol qabaq cibindən 01 ədəd qara rəngli siqaret qutusu, 01 ədəd şəffaf rəngli sellofan büküm və sağ qabaq cibindən isə 01 ədəd “10”; 06 ədəd “5”; 02 ədəd “1” manatlıq pul əskinaslarını çıxararaq təqdim etmişdir. Bundan sonra ondan üzərində başqa qanunsuz əşya və ya ümumiyyətlə hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və vardırsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs üzrərində təqdim etdiklərindən başqa əşya olmadığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış aparılan zaman yuxarda göstərilənlərdən başqa onun üzərində hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə təxmini çəkisi 0,5 qram olan kütlə müəyyən edilmiş, kütləyə baxış zamanı onun ağ rəngli kristal halda olan psixotrop maddəyə bənzəməsi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli siqaret qutusu, 01 ədəd “10”; 06 ədəd “5”; 02 ədəd “1” manatlıq pul əskinasları iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. 01 ədəd sellofan bükümün içərisində olan kütlə 01 ədəd zərfə qoyulmuş və üzəri “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını, onu xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ağdaş rayonu, Ağcayazı kənd ərazisindən keçən “Şirvan” kanalının üzərindən keçən körpünün yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, arada bir əsəblərini sakitləşdirmək üçün narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək və Müvəqqəti saxlama yerindən azad etmək haqqıda” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində17 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. İş materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, 17 oktyabr 2023-cü il tarixdə saat 12:32 radələrində Ağdaş RPŞ-nin inzibati binasında Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı X2 xidməti iş otağında Ağdaş RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis nəfəri Şahid1, Ağdaş RPŞ-nin polis nəfəri Şahid2 və müdafiəçisi X3 iştirakı ilə şübhəli şəxs Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu izah edilərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edərək onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol qabaq cibindən 01 ədəd qara rəngli siqaret qutusu, 01 ədəd şəffaf rəngli sellofan büküm və sağ qabaq cibindən isə 01 ədəd “10”; 06 ədəd “5”; 02 ədəd “1” manatlıq pul əskinaslarını təqdim etmiş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamış, üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan büküm kəsilmiş, baxış zamanı içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, həmin büküm elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisi 0.5 qram olmuş, 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla, içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər maddə 01 ədəd siqaret qutusu kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 oktyabr 2023-cü il tarixli 17/750 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0.427 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 1773 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 26 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMXnin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartatekasında məlumat yoxdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli 32-12/2-349/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində həyat yoldaşı X5, övladları Təqsirləndirilən şəxs (xx.xx.2013), X4 (xx.xx.2016) və X6 (xx.xx.2018) vardır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli 5-32-12/2-426/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan AZ İ 580539 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında nikah Ağdaş rayon Yuxarı Ağcayazı kənd İcra Nümayəndəliyi tərəfindən 23 sentyabr 2010-cu il tarixdə 15 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bilalova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 11 may 2013-cü il təvəllüdlü X8, 07 oktyabr 2016-cı il təvəllüdlü X4 və 26 noyabr 2018-ci il təvəllüdlü X6 adlı üç azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetamin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailənin yeganə qazanc gətirəni olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi üçün cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğun olduğunu hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 0.427 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-bioloji ekspertizasının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 11 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 66 (altmış altı) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,427 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxsə göstərilmiş 11 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 66 (altmış altı) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar