Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-185/2023 28.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdaş şəhəri, H.Əliyev prospekti 145 ünvanında qeydiyyatda olmaqla Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:20-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 19:53-dən 20:05-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu təmiz çəkisi 7,73 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 2 ilə yaxındır ki, narkotik vasitə olan və “nəşə” adlandırdığı, narkotik vasitə istifadə etdiyini, lakin təxminən 5-6 ay idi ki, qurudulmuş marixuanadan istifadə etmədiyini, təxminən 10 günə yaxındır ki, yenidən istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən axşam saat 21 radələrində Ağdaş şəhəri, Nəsimi küçəsində yerləşən su arxının kənarı ilə piyada gedərkən əlini yumaq istədiyini, bu zaman su arxının kənarında kiçik ölçülü şəffaf sellofan paketin içərisində siqaret qutusunu gördüyünü, diqqətini cəlb etdiyi üçün sellofan paketi yerdən götürdüyünü, siqaret qutusunu sellofan paketin içərisindən çıxartdığını, siqaret qutusunun üzərinə “Winston” sözü yazıldığını, siqaret qutusunun içərisinə açıb baxdıqda isə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitədən özü istifadə etmək üçün üzərində saxladığını, sonra ondan istifadə edəcəyini fikirləşdiyini, səhəri günü yəni, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:20-də Ağdaş şəhəri, M.İsayev küçəsində olan zaman, iki nəfər şəxsin ona yaxınlaşdıqlarını, həmin şəxslərin özlərini ona təqdim etdiklərini, Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını söylədiklərini, ona üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və istifadə etməyində şübhəli olduğunu söylədiklərini, həmçinin onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, həmin vaxt polis əməkdaşlarına heç bir etiraz etmədiyini, bundan sonra təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, təhqiqatçıya maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini söylədiyini, daha sonra vəkillərin siyahısının təqdim edildiyini, vəkillərin siyahısından, əvvəllər adını eşitdiyi Ehtibar Abdullayevin onu dövlət hesabına müdafiə etməsini istədiyini söylədiyini, daha sonra RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarışa və götürmə işlərinin aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrinin izah olunduğunu, bundan sonra təhqiqatçının ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoymağı təklif etdiyini, üzərində olan əşyanı masanın üzərinə qoyaraq təqdim etdiyini, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərinə “Winston” sözü yazılmış 1 ədəd siqaret qutusunu çıxararaq masanın üzərinə qoyduğunu, daha sonra üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildiyini, üzərindən hər-hansı bir əşya aşkar olunmadığını, bundan sonra üzərindən aşkar olunmuş siqaret qutusunun açıldığını, içərisindən yaşıl rəngli, kəskin iyə malik, bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşlarına həmin bitki kütləsinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, Nəsimi küçəsində yerləşən su arxının kənarından tapdığını, bundan sonra üzərindən aşkar olunmuş siqaret qutusunun elektron tərəzidə çəkildiyini, çəkisinin 12,8 qram olduğunu, həmin siqaret qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, zərfin üzərinin iştirakçılar tərəfindən imzalandığını, narkotik vasilərin satışı ilə məşğul olmadığını, mobil telefon işlətdiyini, mobil nömrəsinin isə ***-***-**-** olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid2 Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti, 145 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 19:20-də Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Ağdaş şəhəri, M.İsayev küçəsində Sərxanı saxladıqlarını, özlərini təqdim etdiklərini, Sərxana üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumatlar daxil olduğunu söylədiklərini, bundan sonra Sərxanı RPŞ-yə dəvət etdiklərini, Sərxanın da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, həmçinin Sərxana dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərində RPŞ-nin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl, təhqiqatçı tərəfindən Sərxana hüquq və vəzifələrinin izah olunduğunu, həmin vaxt Sərxanın əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərinə “Winston” sözü yazılmış 1 ədəd siqaret qutusunu çıxararaq masanın üzərinə qoyduğunu daha sonra üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildiyini, üzərindən hər-hansı bir əşya aşkar olunmadığını, bundan sonra həmin aşkar olunmuş siqaret qutusunun açıldığını, içərisindən yaşıl rəngli, kəskin iyə malik, bitki kütləsinin aşkar edildiyini, bu vaxt Sərxanın həmin bitki kütləsinin narkotik vasitə olmasını, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, Nəsimi küçəsində yerləşən su arxının kənarından tapdığını, Sərxanın üzərindən aşkar olunmuş siqaret qutusunun elektron tərəzidə çəkildiyini, çəkisinin 12,8 qram olduğunu, həmin siqaret qutusunun 1 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürləndiyini, zərfin onun və digər iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağının söylənildiyini, ilkin sorğu zaman Sərxanın üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, Nəsimi küçəsində yerləşən su arxının kənarından tapdığını söylədiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarlarında və paltarlarının ciblərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Sərxan üzərində narkotik vasitə “nəşə” olduğunu söyləmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərinə “Winston” sözü yazılmış 1 ədəd siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, üzərindən hər-hansı bir əşya aşkar olunmamış, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu açılmış, içərisindən xüsusi iyə malik olan, narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuş, həmin bitki kütləsi tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 12,8 qram olmuş, Təqsirləndirilən şəxs siqaret qutusunun içərisində olan kütlənin “nəşə” olmasını, özü istifadə etmək üçün üzərində saxladığını və həmin narkoik vasitəyə bənzər bitki kütləsini xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Ağdaş şəhəri Nəsimi küçəsində yerləşən su arxının kənarından tapdığını bildirmiş, 1 ədəd siqaret qutusu 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-in 111 №li möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənmiş, şəxsi axtarış Samsung markalı kameradan istifadə olunmaqla həyata keçirilmiş, çəkiliş barədə iştirakçılar xəbərdar edilmiş, çəkiliş lentləri 1 ədəd DVD diskdə protokola əlavə edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/560 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusunda olan yaşıl rəngli bitki kütləsi..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 7,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1491 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 08 avqust 2023-cü il tarixli PHŞ-6-22/2-1189/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX X8in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək Ağdaş Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 1(014)-2/2019 saylı hökmü ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 1(014)-2/2019 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 avqust 2023-cü il tarixli, 104 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 avqust 2023-cü il tarixli, 969 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospekti 145 ünvanında yaşamaqla ailə tərkibi – atası 1967-ci il təvəllüdlü X5, anası 1973-cü il təvəllüdlü X1 və qardaşı X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:36da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 18:00-da tanış edilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, C/1-631 saylı arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü üzrə cəzasını xx.xx.2021-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 7,68 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 7,68 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-185/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-185/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver