Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-19/2022 05.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 4/9 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 06 dekabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 2021-ci il noyabr ayının axırlarında Ağdaş şəhəri, Maşad kənd qəbirstanlığının yaxınlığından yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.994 qram olan narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış asetilə edilən tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə 04 dekabr 2021-ci il tarixdə, saat 17:10-da ünvan 2 ünvanda yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində tutulmamışdan təxminən 10 gün əvvəl Maşad qəbristanlığının yanından keçərkən yerdə bir ədəd sellofan büküm olduğunu gördüyünü və həmin bükümü götürüb baxarkən içərisində narkotik vasitə olan tiryək olduğunu gördüyünü, həmin bükümü cibinə qoyub özü istifadə etmək üçün üzərində saxladığını, 04 dekabr 2021-ci il tarixdə, təxminən saat 16:30 radələrində Ağdaş şəhərində Müşviq İsayev küçəsi ilə piyada gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan boz rəngli paltonun sağ yan cibindən 01 ədəd alışqan və həmin paltonun sol yan cibindən isə 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli maddə aşkar edildiyini, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 04 dekabr 2021-ci il tarixdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 4/9-da qeydiyyatda olan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 16:30 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sağ yan cibindən 01 ədəd alışqan və həmin paltonun sol yan cibindən isə 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli maddə aşkar edildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, şəxsi axtarış video çəkilişlə aparıldığını, protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni tutulmamışdan təxminən 10 gün əvvəl Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlığının yaxınlığından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini göstərdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 05.12.2021-ci il tarixli 17/841 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0, 994 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 05.01.2022-ci il tarixli 08 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmək halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞ-nin NHdə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sağ yan cibindən 01 ədəd alışqan və həmin paltonun sol yan cibindən isə 01 ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli maddə aşkar edilmiş, aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkilmiş və zərfə qablaşdırılmış, bundan başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən heçnə aşkar edilməmiş və götürülməmişdir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 315.1, 66.2-ci maddələri ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 12.07.2019-cu ildə cəzasını çəkib qurtarmışdır, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və cavanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, 04 dekabr 2021-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu, cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkünlüyü qənaətinə gələrkən onun şəxsiyyətini səciyyələndirən halları, üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 05 aprel 2022-ci il tarixdən hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında həbs edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,894 qram narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryək məhv edilməli, hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə, cəmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0.894 qram narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəasetilə edilən tiryək məhv edilsin. Hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №1(014)-19/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-19/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver