Məhkəmə qərarları › İş №1(014)-19/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-19/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-19/2023 26.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Ağdaş rayonu, Pirəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində 06 oktyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək saxlamaqla üzərində daşımış, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Ağdaş rayonu Pirəyir kəndi ərazisində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq psixotrop maddələri gəzdirməsində şübhəli olduğundan ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nə gətirilməklə Ağdaş RPŞ-nin növbətçi hissəsində xx.xx.2022-ci il tarixdə, saat 23:30-dan saat 23:38-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz əldə edərək saxladığı 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,506 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində göstərdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində Ağdaş rayonu Pirəyir kəndi ərazisində piyada gedərkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitələrin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirmiş və onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm, sağ yan cibindən isə ona məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunmuşdur. O, həmin maddənin psixotrop maddə “patı” olmasını və özünün istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış və protokol tərtib olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddəni tutulduğu gün saat təxminən 15:00 radələrində Ağdaş şəhəri Ləki dördyolu deyilən ərazidən, su kanalının kənarında yerdən tapmış, heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. İş üzrə şahid, Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid2 Təbriz oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri Pirəyir kəndində yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Şahid1la birlikdə Ağdaş rayonu Pirəyir kəndi ərazisində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada getməsini görmüş, bundan sonra Qəzənfərə yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Qəzənfəri Ağdaş RPŞ-nə dəvət etmişlər. Ağdaş RPŞ-də Qəzənfərə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində Qəzənfərin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Qəzənfərin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm, sağ yan cibindən isə ona məxsus 01 ədəd Samsung markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunmuşdur. Qəzənfər həmin maddənin psixotrop maddə “patı” olmasını və özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Şəxsi axtarış mobil telefon vasitəsilə videoqeydə alınmış, sonra da protokol tərtib olunmuşdur. Qəzənfər üzərindən aşkar edilmiş həmin maddəni tutulduğu gün saat 15:00 radələrində Ağdaş şəhəri Ləki dördyolu deyilən ərazidən su kanalının kənarında yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/771 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kiçik sellofan torbada təmiz çəkisi 1.506 qram olan maddə kustar üsulla hazırlnamış psixotrop maddə -metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərizəsində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1836 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞnin NH-də müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü günorta saatlarında Ağdaş şəhəri Ləki dördyolu deyilən ərazidən taparaq istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə ölçüldükdən sonra qablaşdırılmış və üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində üç azyaşlı xəstə uşaqların və 69 yaşında pensiyaçı anasının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi 04 oktyabr 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 12 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1.456 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 12 qəpik (yüz iki manat on iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1.456 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar