Məhkəmə qərarları › İş №1(014)-191/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-191/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-191/2023 06.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, Mingəçevir Dövlət Universitetinin 2-ci kurs tələbəsi, hazırda heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 07 sentyabr 2023-cü il tarixdə saat 01:30 radələrində Ağdaş-Qəbələ yolunun Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində, yolun kənarında, idarə etdiyi “Tayota Prado” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı atomobilin içərisində, qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən onun başından bir dəfə dişləməklə sonuncuya sol təpə nahiyəsinin sıyrığı, bir dəfə sol qolundan və bir dəfə sol əlindən dişləməklə isə sonuncuya sol bazunun orta 1/3-nin bayır səthinin qançırı, sol əlin V barmağının dırnaq falanqasının yarası, sol əlin V barmağının dırnaq lövhəsinin alt səthinin qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 07 sentyabr 2023-cü il tarixdə axşam saatlarında, yəni saat 01:30 radələrində Ağdaş-Qəbələ yolunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində qardaşı Yaşara biriki məsləhətlər vermiş, lakin qardaşı Yaşar onunla razılaşmamışdır. Buna görə aralarında mübahisə yaranmış və dalaşmışlar. Hadisədən 5-10 gün sonra barışmışlar. Hadisə vaxtı yalnız ikisi olmuşdur. Aralarındakı mübahisə və dava-dalaş 2 dəqiqə çəkmişdir. Hazırda qardaşı Yaşarın ona qarşı heç bir şikayət və tələbi yoxdur və məhkəmədən onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinə əlavə edilmiş digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verməkdən imtina etdi və məhkəmə baxışı iclasında sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 07 sentyabr 2023-cü il tarixdə saat 01:30 radələrində yaşadığı kənddə küçədə heç nədən qardaşı Samirlə aralarında mübahisə yaranmış və dalaşmışlar. Aralarında yaranmış mübahisə 15-20 dəqiqə davam etmişdir. Hazırda qardaşı Samirlə barışmışdır, münasibətləri yaxşıdır. Ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan məhkəmə-tibbi ekpertizasının 07 sentyabr 2023-cü il tarixli, 387 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol təpə nahiyəsinin sıyrığı, sol bazunun orta 1/3-nin bayır səthinin qançırı, sol əlin V barmağının dırnaq falanqasının yarası, sol əlin V barmağının dırnaq lövhəsinin alt səthinə qansızma, küt alət təsirindən törənmiş, törənmə müddətləri qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan 24 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Ağdaş-Qəbələ yolunun Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində yolun kənarında baş vermişdir, Zərərçəkmiş şəxs bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs ona həmin yerdə xəsarət yetirmişdir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan 04 oktyabr 2023-cü il tarixli 18-1-22/2-1492/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 24 oktyabr 2023-cü il tarixli 5-32-12/2-602/2023 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26 oktyabr 2023-cü il tarixli 5-32-12/2-610/2023 nömrəli arayışından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatdadır və onun aşağıdakı ailə üzvləri var: atası X3 (1960), anası X1 (1968), bacısı X4 (1993), qardaşı Təqsirləndirilən şəxs (1999) Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Məhkəmə baxışında Dövlət ittihamçısı çıxış edərək göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, lakin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən, o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibindən imtina edilməsini qanuna uyğun hesab edir. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini təklif etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd edilən müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olması, yəni Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışması əsası ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3, 43.1.1 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar