Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-2/2022 26.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1998-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 267 saylı mənzildə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, 11.10.2021-ci il tarixdə saat 11:30 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə 18.01.1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında yerləşən həyətinə daş hasardan keçməklə saxlanc yeri olan yaşayış sahəsinə evin giriş qapısından qanunsuz daxil olmaqla, xx.xx.2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus evin yataq otağında olan dolabdan 1 ədəd 8 manat dəyərində sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan bijuteriya sırğa cütü, 1 ədəd 2 manat dəyərində sarı rəngli metaldan ibarət, üzərində ürək formalı kulonu olan bijuteriya boyunbağını, 60 manat dəyərində 1 ədəd sarı rəngli metaldan ibarət bijuteriya saat və 20 manat dəyərində 1 ədəd sarı rəngli metaldan ibarət bijuteriya boyunbağını, evin yataq otağında olan Zərərçəkmiş şəxs2 məxsus kişi şalvarının cibindən 115 manat nağd pulu, yəni ümumilikdə 205 manat dəyərində özgənin əmlakını qəsdən, vahid niyyətlə oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində heç bir ruhi əsəsb və.s. xəstəliyi olmadığını, latın qrafası ilə sərbəst yazmağı bacardığını, X2 tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, Zəhranın babası ilə birlikdə onlarla qonşuluqda yaşadığını, 11.10.2021-ci il tarixdə saat 11:00 radələrində küçədə olan zaman Zəhranın yaşadığı evdən çıxdığını və həyətə giriş dəmir qapını açarla bağlayıb getdiyini, bu zaman Zəhranın yaşadığı evə girərək oğurluq etmək qərarına gəldiyini, belə olub həmin vaxt Zəhranın yaşadığı evinə yaxınlaşıb, sol hissədən daş hasardan həyətə keçdiyini, həyətə keçdikdən sonra sağda yerləşən evin pilləkənlərı vasitəsi ilə onun yaşadığı evinə qalxdığını, solda olan taxta giriş qapısını əli ilə açan zaman evə giriş qapısının açıq vəziyyətdə olduğunu gördüyünü, bundan sonra evə daxil olduğunu, evdə sağda ikinci yataq otağına girdiyini və evdə pul, qızıl-zinyət əşyaları və sair qiymətli əşyalar axtardığını, həmin zaman yataq otağında olan plastik materialından olan bağlı sürməyə baxan zaman sürmənin birində 1 ədəd qızılı rəngli boyunbağı və 1 cüt qızılı rəngli sırğa olduğunu gördüyünü, onları götürüb cibinə qoyduğunu, bundan sonra həmin yataq otağında olan çarpayının üzərində asılı vəziyyətdə olan kişi şalvarının cibinə baxan zaman şalvarın cibində 3 ədəd 5 manatlıq və 1 ədəd 100 manatlıq pul əsginaslarının olmasını gördüyünü, həmin 115 manat pulu da oğurladığını, daha sonra zaldan sağda birinci otağa, yəni yataq otağına daxil olduğunu, həmin yerdə olan paltar dolabına baxan zaman dolabda 1 ədəd saat və 1 ədəd qızılı rəngli boyunbağı olduğunu gördüyünü, həmin əşyaları götürərək cibinə qoyduğunu, bundan sonra evdən çıxmaq istəyən zaman evin zal hissəsinə kiminsə daxil olduğunu, həmin zaman evə gələnin Zəhra olduğunu bildiyini, bu vaxt həmin otaqda içəridə dayandığını, Zəhranın qapını əli ilə içəri basıb keçmək istəyən zaman qapını açıb onu görməməsi üçün içəridən qapını əli ilə ona tərəf çəkdiyini, lakin qapının həmin zaman biraz aralı olduğu üçün Zəhra onu gördüyünü və onu tanıdığını, həmin zaman qışqırdığını və çevirilib qaçmaq istəyəndə onu qışqırmaması üçün arxadan əli ilə ağız nahiyəsindən tutduğunu, ona qışqırmamasını dediyini, Zəhranın da ona qışqırmayacağını dediyini, bundan sonra Zəhranı buraxdığını, Zəhraya “keç sağdakı yataq otağına”, “and iç ki heç kimə heçnə deməyəcəm və mən də çıxıb gedəcəm” dediyini, Zəhranın da “heç kimə heçnə deməyəcəm, nə oğurlamısansa ver get” deyərək and içdiyini, özünün də Zəhraya “evinizdən bir ədəd saat və bir ədəd də boyunbağı oğurlamışam” dediyini, həmin saat və boyunbağını da Zəhraya verdiyini, Zəhranın həmin zaman “babam gələcəkdir, tez get səni görən olmasın” dediyini, bundan sonra həyətə giriş dəmir qapısına yaxınlaşdığını, qapının üzərində açar olduğu üçün onunla qapını açaraq çıxıb şəhərə getdiyini, aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evə gəldiyini, həmin zaman evdə anasının ona “Zəhra babası Oktay ilə birlikdə bizə gəlmişdilər, onun evindən oğurluq etmisən, səni polisə verəcəklər” dediyini, özünün də dərhal küçəyə çıxdığını və Zəhranın yaşadığı evə yaxınlaşdığını, həmin zaman qapını döydüyünü, Zəhranın həyətdən cavab verdiyini “kimsən” dediyini, özünün də ona “mən Vüsalam sənə veriləsi əşyalar var” dediyini, lakin Zəhranın qapını açmadığını, sonra küçədən özü ilə oğurlayıb apardığı 115 manat pulu və qızılı rəngdə olan 1 ədəd boyunbağı və 1 cüt qızılı rəngli sırğanı qapının üzərindən Zəhranın yaşadığı həyətə atdığını, küçədən Zəhra ilə danışan zaman Zəhraya “qapını aç” dediyini, sonradan Zəhranın qapını açdığını və həyətə daxil olan zaman Zəhranın çölə çıxdığını, bu zaman ona “sən həyətə gir mən çölə çıxacam” dediyini, bundan sonra oraya Xəyalə adlı qonşusunun və Zəhranın babası Oktayın gəldiklərini, sonra da oradan çıxıb şəhərə getdiyini, daha sonra da Zəhranın ərizə ilə onun barəsində şikayət etdiyini bildiyini, Zəhranın yaşadığı evə daxil olan zaman əlində hər hansı bir əşya və s. predment olmadığını, ona qarşı hər hansı bir güc və ya zor tətbiq etmədiyini, həmçinin ondan heç nə tələb etmədiyini və ona heç bir xəsarət yetirmədiyini, pulu və digər əşyaları oğurlayan zaman onu Zəhra və heç kim görmədiyini, pul və əşyaları oğurlayıb qurtardıqdan sonra evdən çıxmaq istəyən zaman Zəhra ilə qarşılaşdığını, oğurladığı əşyaların bir hissəsini yalnız 1 ədəd saat və 1 ədəd boyunbağını ona oğurladığını bildirib ona geri qaytardığını, digər 115 manat pulu, 1 ədəd boyunbağını və 1 cüt sırğanı isə özü ilə apardığını, sonradan Zəhranın babasının və özünün ondan şikayət edəcəyindən qorxduğu üçün gətirib ona geri qaytardığını, Zəhranın yaşadığı evinə oğurluq üçün girən zaman onu heç kimin görmədiyini, istifadə etdiyi mobil nömrənin ***-***-**-** olduğunu, ilk dəfə idi ki, belə bir hərəkət etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində heç bir ruhi əsəsb və sair xəstəliyi olmadığını, babası ilə birlikdə yaşadığını, təxminən 15 il bundan əvvəl atası və anasının ayrıldıqları üçün anası onu qardaşı ilə birlikdə ata evinə gətirdiyini, həmin gündən bu günə kimi də babası ilə birlikdə yaşadığını, qardaşının Bakı şəhərində işlədiyini, həmçinin Bakıda yaşadığını, anasının da təxminən 3 ildir ki, İtaliyada olduğunu və orada yaşadığını, özünün isə babası Oktay ilə birlikdə yaşadığını, babasının fərdi əməklə məşğul olduğunu, özünün isə hal-hazırda heç bir yerdə işləmədiyini, lakin Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Təhsil İşçiləri Evi”ndə tibb kurslarına getdiyini, 11.10.2021-ci il tarixdə səhər radələrində babası evdən çıxıb fərdi əməklə məşğul olmaq üçün getdiyini, özünün isə həmin vaxt evdə olduğunu, həmin gün səhər saat 11:00 radələrində evdən çıxdığını, evdən çıxan zaman evin giriş qapılarını açıq qoyub çıxdığını, lakin həyətə giriş dəmir qapını açarla bağlayıb şəhərə gəldiyini, şəhərdə təxminən 15-20 dəqiqə işlərini gördükdən sonra yenidən evə qayıtdığını, evə qayıdan zaman həyətə giriş qapısını açarla açdığını və həyətə girdikdən sonra yenidən qapını açarla bağladığını, evin pilləkənləri ilə yuxarı qalxan zaman evin zala giriş qapısı aralı vəziyyətdə olduğunu gördüyünü, özünün də həmin zaman ani bir vaxtda ola bilsin ki, qapını özü biraz aralı vəziyyətdə qoyub evdən çıxdığını fikirləşdiyini, evin sağda olan yataq otağına girib paltarını dəyişmək istədiyini, həmin zaman yataq otağına yaxınlaşıb əli ilə yataq otağının giriş qapısını içəri itələyib açmaq istəyəndə kimsə arxadan qapını ona tərəf çəkdiyini, özünün də həmin zaman qışqırıb geri qaytımaq istəyəndə həmin adamın qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu gördüyünü, həmin zaman Vüsalın dərhal otaqdan çıxıb onu arxadan tutub sağ əli ilə ağzından tutduğunu və onu özünə çəkib “qışqırma, kəs səsini” dediyini, özünün də ona “yaxşı, qışqırmaram” dediyini, daha sonra Vüsalın onu buraxdığını, sonra ona “keç otağa” dediyini, yəni Vüsalın özü çıxdığı otağa ona apardığını, həmin vaxt Vüsalın əlində hər hansı bir əşya olmadığını və ona qarşı heç bir zorakılıq hərəkətləri tətbiq etmədiyini, həmçinin ona hədə-qorxu gələrək ondan qızıl ziynət əşyaları, pul və s. tələb etmədiyini, Vüsala “çıx get and içirəm ki, heç kimə heçnə deməyəcəm, babam evə gəlir, səni görməyini istəmirsənsə, bilinməyini istəmirsənsə nə əşya götürmüsənsə ver və çıx get, heç kimə də heçnə deməyəcəm” dediyini, bu vaxt Vüsalın əlini cibinə saldığını, cibindən ona məxsus olan təxminən 60 manat dəyərində 1 ədəd bijuteriya saat və təxminən 20 manat dəyərində 1 ədəd bijuteriya boyunbağını çıxardığını və “yalnız bunları oğurlamışam” dediyini, bundan sonra Vüsalın həmin əşyaları ona verdiyini və evdən çıxıb getdiyini, Vüsalın evdən getdikdən sonra babasına zəng etdiyini və babasına “evə tez gəl” dediyini, babasının evə gəldikdən sonra olanları babasına danışdığını, daha sonra babası ilə birlikdə Vüsalın yaşadıqları evə getdiyini, babasının olanları Vüsalın anasına dediyini, Vüsalın anası da “Vüsal səhərdən evdə yoxdur, bu hadisədən heç bir xəbərim yoxdur” dediyini, həmin zaman babası Vüsalın anasına “onu polisə verəcəm mənim evimə oğurluğa giribdir” dediyini, bundan sonra yaşadıqları evə gəldiklərini, daha sonra babasının evdən çıxdığını və iş yerinə getdiyini və ona “qayıdıram” dediyini, özünün də həmin zaman həyətə giriş dəmir qapısını açarla bağladığını, bu vaxt həyətin dəmir qapısı döyüldüyünü, özünün kim olduğunu soruşduğunu, Vüsalın da ona “mənəm, aç qapını, sözüm var” dediyini, özünün də Vüsala “babam gəlir, babama sözünü deyərsən” dediyini, Vüsalın da ona “sənə qaytarılası şeylər var” dediyini, özünün də Vüsala “sənə qapını açmayacam, nə qaytaracaqsansa hasarın üzərindən at” dediyini, bu vaxt Vüsal 115 manat nağd pul, bir ədəd 5 manat dəyərində bijuteriya boyunbağı və bir cüt də 15 manat dəyərində bijuteriya sırğanı hasarın üzərindən atdığını və ona “baban hara getdi, polisə getdimi” dediyini, özünün də ona “iş yerinə gedib, gələcək” dediyini, həmin zaman babasının gəlməyinə az qaldığını və bu səbəblə də qapını açdığını, bu vaxt Vüsalın yaşadıqları evin həyətinə girdiyini, həmin zaman özünün də həyətdən çölə çıxdığını, Vüsalın ona “həyətə gir söz deyəcəm” dediyini, lakin həyətə girmədiyini, bundan sonra Vüsalın həyətdən çölə çıxdığını və “sən həyətə gir” dediyini, həyətə girən zaman Xəyalə adlı qonşusunun onlara gəldiyini, həmin zaman olanları da Xəyaləyə danışdığını, bundan sonra babasının gəldiyini, həmin zaman Vüsalın anasının da küçəyə çıxdığını, babası ilə Vüsal və anası ilə birlikdə söhbət etmək üçün Vüsalgilə getdiklərini, bundan sonra da həmin gün gəlib polisə ərizə verməsə də, 13.10.2021-ci il tarixdə ərizə ilə Ağdaş RPŞ-yə müraciət edərək bu barədə məlumat verdiyini, Vüsalın onun yaşadığı evdən əvvəllər oğurluq etmədiyini, Vüsalın ondan heç bir əşya, qızıl və ya pul tələb etmədiyini, ona qarşı hər hansı bir güc və ya zor tətbiq etmədiyini, həmçinin də ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində latın qrafikası ilə sərbəst yazıb oxumağı bacardığını, heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, qeyd edilən ünvanda nəvəsi X4 ilə birlikdə yaşadığını, təxminən 15 il bundan qabaq qızı ilə kürəkəni Vidadinin ayrıldıqları üçün qızı Günayın övladları ilə birlikdə onun yaşadığı evə gəldiyini, həmin gündən bu günə kimi də nəvəsi Zəhranın onunla birlikdə yaşadığını, digər nəvəsi Taleh Bəkirovun isə Bakı şəhərində işlədiyini, həmçinin Bakıda yaşadığını, qızı Günay Məmmədovanın isə təxminən 3 ildir ki, İtaliyada olduğunu və orada yaşadığını, özünün isə nəvəsi Zəhra ilə yaşadığını, fərdi əməklə məşğul olduğunu, nəvəsi Zəhranın isə hal-hazırda heç bir yerdə işləmədiyini, lakin Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Təhsil İşçiləri Evi”ndə tibb kurslarına getdiyini, 11.10.2021-ci il tarixdə səhər radələrində evdən çıxıb fərdi əməklə məşğul olmaq üçün getdiyini, nəvəsi Zəhranın isə həmin vaxt evdə olduğunu, həmin gün səhər saat təxminən 11:55 radələrində işdə olan zaman nəvəsi Zəhranın ona zəng edərək evə gəlməyini və ona sözünün olduğunu bildirdiyini, özünün də dərhal yaşadıqları evə getdiyini, həmin zaman nəvəsi Zəhranın ona “qonşuluqda yaşayan Əfqanın oğlu Vüsal bizim yaşadığımız evə oğurluğa girib və çıxıb gedib” dediyini, həmin zaman özü və nəvəsi Zəhranın Vüsalın yaşadığı evə getdiklərini, özünün həmin zaman Vüsalın anasına bu barədə bildirdiyini, Vüsalın anasının da onlara “Vüsal səhərdən evdə yoxdur, bu hadisədən heç bir xəbərim yoxdur” dediyini, həmin zaman Vüsalın anasına “onu polisə verəcəm mənim evimə oğurluğa giribdir” dediyini və bundan sonra yaşadıqları evə gəldiklərini, sonra evdən çıxdığını və iş yerinə getdiyini və nəvəsinə də qayıdacağını dediyini, nəvəsi Zəhranın da həmin zaman həyətə giriş dəmir qapısını açarla bağladığını, daha sonra yaşadığı evə geri qayıtdığını, bu zaman Zəhranın ona “Vüsal gəlmişdi və evdən oğurladığı əşyaları geri qaytardı” dediyini, həmin zaman Vüsalın anasının da küçəyə çıxdığını, özünün də Vüsal və anası ilə birlikdə söhbət etmək üçün Vüsalgilə getdiyini, Vüsala və Vüsalın anasına öz iradlarını bildirdiyini, nəvəsi Zəhra da həmin gün gəlib polisə ərizə verməsə də, 13.10.2021-ci il tarixdə ərizə ilə Ağdaş RPŞ-yə müraciət edərək bu barədə məlumat verdiyini, Vüsalın onun yaşadığı evdən əvvəllər oğurluq etmədiyini, lakin Vüsal evdən oğurluq edən zaman evdən özünə məxsus şalvarının cibindən 115 manat pulu və nəvəsi Zəhraya məxsus 1 ədəd 5 manat dəyərində bijuteriya boyunbağı, 1 cüt 15 manat dəyərində bijuteriya sırğanı, 60 manat dəyərində 1 ədəd sarı metaldan ibarət bijuteriya saat və təxminən 20 manat dəyərində 1 ədəd sarı metaldan ibarət bijuteriya boyunbağını oğurlandığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.11.2021 tarixli, 6/4842-9/7791 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş - 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü – metali qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,34 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır; - 1 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı kulonu olan boyunbağı – metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3,02 qramdır, bijuteriyadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 noyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 noyabr 2021-ci il tarixli, № 4271 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Ə.Sabir küçəsi 28 saylı evdə yaşamaqla ailə tərkibi X6, X3 və X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:05də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarına məhkəmə istintaqı zamanı təqdim edilərək əlavə edilmiş "xxxx" MMMC tərəfindən verilmiş 18.01.2022-ci il tarixli, 18-01/07A saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 3 girişli 17 mərtəbəli yaşayış binasındakı 3-cü giriş, 11-ci mərtəbə 267 saylı mənzildə müvəqqəti qeydiyyatsız yaşayır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış 115 manat nağd pulun Zərərçəkmiş şəxs2, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan bijuteriya sırğa cütünün, 1 ədəd sarı rəngli metaldan ibarət, üzərində ürək formalı kulonu olan bijuteriya boyunbağının, 1 ədəd sarı rəngli metaldan ibarət bijuteriya saatın və 1 ədəd sarı rəngli metaldan ibarət bijuteriya boyunbağının Zərərçəkmiş şəxs1 olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13.10.2021-ci il tarixdən 15.10.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 115 manat nağd pulun Zərərçəkmiş şəxs2, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan bijuteriya sırğa cütünün, 1 ədəd sarı rəngli metaldan ibarət, üzərində ürək formalı kulonu olan bijuteriya boyunbağının, 1 ədəd sarı rəngli metaldan ibarət bijuteriya saatın və 1 ədəd sarı rəngli metaldan ibarət bijuteriya boyunbağının Zərərçəkmiş şəxs1 olması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat, əlli qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-2/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-2/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver