Məhkəmə qərarları › İş №1(014)-20/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-20/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-20/2021 10.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Ağdaş rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respubilkasının vətandaşı, ailəli, himayəsində 2 azyaşlı övladı olan, orta təhsili, "xxxx" MMC-də fəhlə işləyən, əvvələr məhkum olunmamış, Ağdaş rayon Bulaqotağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2021-ci ildə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə xx xxxxxx 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 00:00 radələrində həmkəndlisi xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Ağdaş rayon Bulaqotağı kəndində yerləşən evinin bağ sahəsində toyuq hinin yanında aralarında baş vermiş şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən ağac parçası ilə sağ əl və qol nahiyəsindən vuraraq həyatı üçün təhlükəli olmayan sağ əlin V daraq sümüyünün boynunun yerdəyişməyən sınığı, sağ bazunun yuxarı 1/3-nin iç səthinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilimiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bildiyini, əvvəllər məhkumluğu olmadığını, Zərərçəkmiş şəxs tanıdığını, Eldənizin onun qonşusu olduğunu, Eldəniz ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, Eldənizin məhləsinin arxasında bağ sahəsi olduğunu, Eldənizin həyətində iti olduğunu, həmin iti də Eldəniz in öz həyəti ilə onun bağının arasındakı çəpərə bağladığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 17 radələrində Eldənizə zəng etdiyini və itini başqa yerə bağlamasını və onun itinin qorxusundan onun bağ sahəsinə gedə bilmədiyini söylədiyini, Eldənizin isə onunla kobud danışdığını və telefonda ona nalayiq ifadələr işlətdiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 23:50 radələrində yaşadığı evdə olan zaman həyətdən Eldənizin onu çağırmasını eşitdiyini, ona görə də, həyətə düşdüyünü və Eldənizin həyətdə olduğunu gördüyünü, Eldənizin ona “sən nə üçün mənə itimin yerini dəyişməyimi söyləyirsən, mən iti hara bağlayım” deyə söylədiyini, Eldənizin sərxoş olmasını gördüyünü, ona görə də, Eldənizə sərxoş olmasını və sabah bu barədə danışmaqlarını söylədiyini, lakin Eldənizin onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlətdiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Eldənizin iki dəfə sillə ilə sifət nahiyəsindən vurduğunu, daha sonra isə onu yerə yıxdığını və yaxınlıqda olan uşaqlarının velosipedi ilə bir dəf sol qolundan və bir dəfə də, təpiklə belindən vurduğunu, daha sonra isə Eldənizin çıxıb getdiyini, dava-dalaş zamanı heç kimi vurmadığını, heç kimə heç bir xəsarət yetirmədiyini, dava-dalaş yalnız onunla və Eldəniz arasında olduğunu, dava-dalaş zamanı Eldənizin ona nalayiq ifadələr işlətdiyini, lakin ona nalayiq ifadə işlətmədiyini, dava-dalaş zamanı Eldənizin iki dəfə sillə ilə sifət nahiyəsindən, bir dəfə velosiped ilə sol qol nahiyəsindən və bir dəfə də, təpiklə bel nahiyəsindən vurduğunu, Eldəniz ilə aralarındakı dava-dalaş zamanı Eldənizin uşaqlarının velosipedlərini yarasız hala saldığını, Eldənizin onun qolundan vurduğu velosipedin həmin vaxt çarxını əydiyini, digər velosipedin isə təpiklə qabaq təkərin maşasını vurub əydiyini, Eldənizin ona çarxa görə 8 manat, qabaq təkərinin maşasına görə 12 manat olmaqla ümumilikdə 20 manat maddi ziyan vurduğunu, dava-dalaş zamanı orada özündən və Eldənizdən başqa heç kimin olmadığını, yaranmış səs-küyə atası Mülkəsasahib Əhmədov, anası Əhmədova Ağsurə, arvadı Cəmilə Mustafayeva və Eldənizn arvadı Gülərin gəldiyini, Eldənizin izahatında və ifadəsində onun həyətinə keçmədiyini, hadisə baş verən günü hinin yanında görüşdüklərini, həmin zaman ona itin yerini dəyişməyini dediyini, Eldənizin isə itin yerini dəyişməyəcəyini bildirdiyini, həmin zaman aralarında mübahisə yarandığını, mübahisə zamanı sizin əlində olan ağacla onun sağ əlindən vurduğunu, həmin zaman yerə yıxıldığını, sağ qolunun alt hissəsinin kötüyə dəyib sıyrıldığını, həmin zaman səs küyə arvadı Gülərin gələn zaman ağacla da bir dəfə Gülərin qol nahiyəsindən vurduğunu bildirmədi barədə Eldənizin dediyi yalan olduğunu, onu və onun arvadı Güləri vurmadığını göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini və cinayət məsüliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs tanıdığını Rəşadın onun qonşusu olduğunu, Rəşad ilə əvvəllər aralaında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, özünün bir iti olduğunu, həmin iti yaşadığı evin həyətyanı sahəsində yerləşən hinin yanına bağladığını, həyətyanı sahəsinin aşağısında Rəşadın bağ sahəsi olduğunu, xx.xx.2020-ci il tarixdə günorta radələrində Rəşadın yaşadığı evin həyətinə gəldiyini və ona həyətyanı sahəsindən yerləşən hinin yanına bağladığı iti oradan açıb, başqa yerə bağlamağını söylədiyini, Rəşaddan nə üçün bunu istəməsini soruşduqda Rəşadın ona ailə üzvlərinin itin qorxusundan bağ sahəsinə gedə bilmədiklərini söylədiyini, Rəşada iti oraya toyuqlarını çaqqal aparmaması üçün bağladığını və ona görə də, aça bilməyəcəyini söylədiyini, daha sonra Rəşadın çıxıb getdiyini, aradan təxminən bir neçə saat keçdikdən sonra isə Rəşadın bu səfər ona zəng etdiyini və yenə də, iti hinin yanından açmağımı söylədiyini, Rəşada itin zəncirlə bağlı olduğunu və onun ailə üzvlərinin heç nədən qorxmamalarını söyləyərək iti açmaqdan imitna etdiyini, lakin Rəşadın onun sözlərinə məhəl qoymadığını, yenə də, ondan iti başqa yerə bağlamağını istədiyini, buna görə də, telefonda aralarında mübahisə baş verdiyini, Rəşadın isə mübahisə zamanı ona bir daha iti başqa yerə bağlamağını söylədiyini və axşam bu barədə daha ətraflı danışmalarını bildirdiyini, xx.xx.2020-ci il tarixdə 23:50 radələrində yaşadığı evə gəldiyini və Rəşada evdə olduğunu söylədiyini, Rəşadın da, ona məxsus hinin yanında görüşmələrini söylədiyini, özü və Rəşadın hinin yanında olan zaman Rəşadın ona bir daha itin yerini dəyişməyini söylədiyini, Rəşada itin öz həyətində olduğunu və onun yerini dəyişməyəcəyini söylədiyini, lakin Rəşadın bir daha ona iti başqa yerə bağlamığını söylədiyini, yenə ona iti başqa yerə bağlamaycağını söylədiyini, bu zəmində aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Rəşadın əlindəki ağacı göstərərək onunla başına vuracağını söylədiyini, bundan sonra əlindəki ağacla onun başına vuran zaman ağacın başını yaracağını görüb sağ əlini başına tutduğunu, ağacın onun sağ əlinə dəydiyini, həmin vaxt yerə yıxıldığını və sağ qolunun altının kötüyə dəyib sıyrıldığını, bu zaman arvadı Gülərin onun səsinə yanlarına gəldiyini və ona yaxınlaşan zaman Rəşadın əlindəki ağacla bir neçə dəfə onun qol nahiyələrindən vurduğunu, daha sonra isə Rəşadın çıxıb getdiyini, Rəşad onu sillə ilə iki dəfə sifət nahiyəsindən, onun uşaqlarının velosipedi ilə bir dəf sol qol nahiyəsində və bir dəfə də, təpiklə bel nahiyəsindən vurmağını bildirməsi barədə Rəşadın yalan danışdığını, yaşadığı evin həyətində Rəşad ilə baş verən dava-dalaş zamanı Rəşadı vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, onun yaşadığı evin həyətində Rəşadın uşağının velosipedi olmadığını, dava-dalaş zamanı bir-birinə nalayiq ifadə işlətmədiklərini, dava-dalaş zamanı Rəşadın bir dəfə ağac ilə qəsdən onun sağ əlindən vuraraq ona xəsarət yetirdiyini, davadalaş zamanı orada özündən və Rəşaddan başqa heç kimin olmadığını, yaranmış səsküyə arvadı Şahid gəldiyini, həmin vaxt spirti içki qəbul etmədiyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində Rəşadın onun qonşusu olduğunu, Rəşad ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, xx.xx.2020-ci il tarixdə 23:50 radələrində əri Eldənizin yaşadığı evə gəldiyini və orada qonşuları Rəşada zəng etdiyini və onların həyətlərində hinin yanında görüşməyə razılaşdıqlarını, Eldənizdən nə məsələ olmasını soruşduqda Eldənizin ona Rəşadın hinin yanına bağladıqları itin yerini dəyişmək istəməsini söylədiyini, daha sonra isə Rəşad ilə görüşə getdiyini, aradan təxminən bir neçə dəqiqə keçəndən sonra hin tərəfədn səs-küy gəlməsini eşitdiyini və həyətə çıxan zaman Rəşadın Əlindəki ağac ilə Eldənizin sağ əlindən vurmasını gördüyünü, həmin zaman Eldənizin yerə yıxıldığını, tez özünü Eldənizin yanına kömək üçün çatdıran zaman Rəşadın ona “sən qarışma, sən kənara çəkil” deyərək əlindəki ağacla onun hər iki qol nahiyəsindən vurduğunu, daha sonra isə onlara “sizdən polisə şikayət edəcəyəm” deyərək çıxıb getdiyini, bundan sonra evə gəldiklərini, səhəri gün özü və Eldənizin də polisə gəldiklərini, Rəşadın onlardan şikayət etdiyini bildiklərini, özləri də Rəşaddan şikayət etdiklərini,onunla və əri ilə Rəşad arasındakı dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 24:00 radələrində yaşadığı evin həyətində baş verdiyini və 3-5 dəqiqə davam elədiyini, Rəşadın izahatında əri Eldənizin onu sillə ilə iki dəfə sifət nahiyəsindən, onun uşaqlarının velosipedi ilə bir dəfə sol qol nahiyəsində və bir dəfə də, təpiklə bel nahiyəsindən vurmasını bildirməsi barədə Rəşadın yalan danışdığını, yaşadığı evin həyətində Rəşad ilə Eldəniz arasında baş verən dava-dalaş zamanı Eldənizin Rəşadı vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, həmçinin həmin vaxt özü də, Rəşadı vurmadığını, dava-dalaş zamanı bir-birlərinə nalayiq ifadə işlətmədiklərini, dava-dalaş zamanı Rəşadın bir neçə dəfə ağac ilə onun hər iki qollarından vuraraq ona xəsarət yetirdiyini, dava-dalaş zamanı orada Eldənizdən və Rəşaddan başqa heç kimin olmadığını, yaranmış səs-küyə də özü gəldiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 607 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- sağ əlin V daraq sümüyünün boynun yerdəyişməyən sınığı, sağ bazunun yuxarı 1/3-nin iç səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 603 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər- sağ təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, üzün sağ çənə qanadı proyeksiyasının qançırı, sol bazunun orta 1/3-nin iç səthinin, üzün sol yuxarı nahiyəsinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və o əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, barəsində yaşadığı Qəsil kəndindən icra nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 540 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Bulaqotağı kəndində, yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1 (həyat yoldaşı), xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-ci il təvəllüdlü X2r. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmələrini, törətdikləri əməldən səmimi peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxslə barışmalarını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 36 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 25 saat hüquqi xidmətə görə 150 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 25 saat hüquqi xidmətə görə 150 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar