Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-21/2022 25.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, Ağdaş rayonunun Yuxarı Ləki kəndində Elman Əliyev adına tam orta məktəbdə ingilis dili fənni üzrə müəllimə işləyən, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 24.11.2021-ci il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə COVİD-19 infeksiyasının yoluxması ilə bağlı verdiyi testin nəticəsi pozitiv olduqdan sonra 25.11.2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə SMS gələrək 24.11.2021-ci il tarixdə COVİD-19 pandemiyasının yoxlanılması məqsədi ilə verdiyi testin nəticəsinin pozitiv olması barədə məlumat verilmiş, bundan sonra yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə, COVİD-19 infeksiyasına yoluxduqdan sonra yaşayış yerini tərk etməməli olduğu halda, təcrid olunma qaydalarına əməl etməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 161 nömrəli qərarının 4.5.5 və 4-1.2-ci bəndlərinin tələblərini pozaraq 01.12.2021-ci il tarixdə saat 11:20 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdən Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsinə getməklə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 11:27 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. Ali təhsillidir və universiteti fərqlənmə diplomu ilə bitirərək müəllimlərin işə qəbul müsabiqəsində uğurla imtahan verərek işə qəbul olunmuşdur Artıq 9 ildir ki, yaşadığı ünvandan uzaq kəndlərdə işləyir, öz vəzifəsini layiqincə icra edir. 4 və 6 yaşlı iki oğlan anasıdır. Özündə heç bir simptom hiss etməməsinə baxmayaraq, işi ilə əlaqədar olaraq 24.11.2021-ci il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində COVİD-19 infeksiyasına dair analiz vermişdir. Analiz verərkən onu sonradan iltizam olduğunu bildiyi və imzalayarkən oxumadığı sənədə imzalatmışlar. 25.11.2021-ci ildə evdə olan zaman istifadəsində olan +**********15 saylı mobil telefon nömrəsinə verdiyi analizin nəticəsinin pozitiv (+) olması barədə SMS daxil olmuşdur. Həmçinin, ona Ağdaş RMX-nin əməkdaşı zəng edərək yalnız analizinin nəticəsini və kimisə göndərərək ona ayrılmış dərmanları götürməsini bildirmişdir. Bundan sonra telefonuna Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaratdığı “e-TƏBİB” mobil tətbiqini yükləmiş və COVİD-19 ilə bağlı məlumatları daim oradan təqib etmişdir. Həmin vaxt orada laboratoriya analizlərinin nəticələri bölməsində onun 24.11.2021-ci il tarixində “Sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlandı” deyə məlumat mövcud olmuşdur. Buna görə də analizinin nəticəsi ilə razılaşmaq məcburiyyətində qalaraq şifahi qaydada eşitdiyi qaydalara riayət etmiş və yaşadığı yeri tərk etməmişdir. Daha sonra 29.11.2021-ci il tarixində onun istifadəsində olan mobil telefona quraşdırılmış “e-TƏBİB” mobil tətbiqinin laboratoriya bölməsində “Sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlanmadı” məlumatı daxil olmuşdur. Eyni hal əri X2 da baş vermiş, onun da nəticəsi əvvəlcə pozitiv olmuş, daha sonra ona da analizin nəticəsinin neqativ (-) olması ilə bağlı məlumat daxil olmuşdur. Neqativ nəticə ilə bağlı məlumat hər ikisinə eyni gündə, eyni tarixdə, yəni 29.11.2021-ci ildə məlumat daxil olmuşdur. Onlar da əvvəl gündən özlərində xəstəliyin heç bir əlamətlərini hiss etmədiklərindən, analiz verdiklərindən bir neçə gün əvvəl vaksin vurdurduqlarından, əvvəlki SMS-in texniki səhv olması və öz yanlışlıqlarını aradan qaldırdıqlarını düşünmüşlər. 24.11.2021-ci il tarixində verdikləri yaxma (PZR) testinden sonra qeyri heç bir analiz verməyiblər. Yaxma analizi verməzdən 14 gün öncə buster (gücləndirici) doza ilə vaksin olunmuşlar. Məlumatdan sonra iki gün yeni bir məlumatın daxil olub-olmayacağını gözləmişlər. Heç bir yeni məlumat daxil olmadığını gördükdən sonra neqativ analiz nəticəsi ilə razılaşmış və analizin nəticəsinin neqativ olmasına tam əmin olmuşlar. 2 gün sonra, 01.12.2021-ci ildə anasıgilə getmək üçün evdən çıxmışdır. Bir neçə dəqiqə sonra əri onunla əlaqə saxlayaraq polis əməkdaşlarının yaşadıqları ünvana gəldiyini və onu axtardıqlarını söyləmişdir. O da təcili evə geri qayıtmış, ünvana çatanda 4 nəfər polis əməkdaşı dərhal onun video və foto şəkillərini çəkmişlər. İlk dəfə belə bir hadisə ilə qarşılaşdığı üçün çox həyəcanlanmış və özünü itirmişdir. Yüksək təzyiq və diabet kimi xəstəliklərinin olması səbəbindən halı pisləşmiş, lakin polis əməkdaşları buna əhəmiyyət vermədən çəkilişlərinə davam etmişlər. Əri onlara gələn neqativ analiz nəticəsini göstərmək, izah etmək istəsə də, onlar buna məhəl qoymayaraq öz mülki avtomobillərinə əyləşib getmişlər. Təxminən 3 gün sonra o, video görüntülərini televiziya kanallarının bütün xəbər proqramlarında görmüşdür. Bu isə onun üçün mənəvi zərbə olmuşdur. Müəllimə adı, nüfuzu zədələnmiş, bu hadisədən sonra yaşanan ailə daxili mübahisələr həm özünün, həm də azyaşlı iki övladının psixolgiyasına çox pis təsir etmişdir. Bütün həyatı boyu Azərbaycan Respublikasının qanunlarına əməl etmiş, heç bir qanun pozuntusuna yol verməmiş, ona əvvəlcə analizinin nəticəsinin pozitiv (+) olması barədə məlumat gəldikdən sonra evdən çıxmamışdır. O, evdən verdiyi analizin neqativ olması barədə məlumat daxil olduqdan sonra çıxmışdır. Əgər həmin vaxt analizinin nəticəsinin həqiqətən də neqativ olmadığını bilsəydi, yaşadığı yeri tərk etməzdi. Bunlara baxmayaraq, barəsində belə bir araşdırmanın aparılması ona bir qadın, azyaşlı iki övlad anası kimi mənəvi əzab olmaqla, ən əsası da zəhmətkeş bir gənc müəllimə kimi onu həm də şagirdlərinin yanında rüsvay etmişdir. Mobil telefonunda olan “e-TƏBİB” mobil tətbiqində analizinin nəticəsinin neqativ görünməsi ilə bağlı yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına verdiyi məlumata məhələ qoyulmadığından və o, hüquqi prosessual hərəkətlərin necə aparıldığını bilmədiyindən, sonradan təkrarən istintaq zamanı bu barədə təkrar məlumat verməmiş və polis əməkdaşlarının onsuz da bunu bildiklərini və heç bir əhəmiyyətinin olmadığını düşünmüşdür. Qeyd olunanlara əsasən əməlində heç bir qəsdin və cinayətin olmadığını bildirərək barəsinə bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində heç bir ruhi əsəsb və s. xəstəliyi olmadığını, 2018-ci ildən ildən daxili işlər orqanında xidmət etdiyini, 2021-ci ildən isə Ağdaş RPŞ-nin İTB-də sahə rəisi vəzifəsində xidmət etdiyini, 01.12.2021ci il tarixdə günorta radələrində RPŞ-nin İTB-nin sahə polis nəfərləri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3lə birlikdə Ağdaş şəhərində inzibati sahədə olduğunu, həmin gün səhər radələrində COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyatda olan ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs evdə olub-olmamasını yoxlayan zaman Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq yaşadığı evdə olmadığını, həmin gün saat 11:27 radələrində yaşadığı ünvana piyada gəldiyini gördüklərini, bundan sonra özü tərəfindən yuxarıda adlarını qeyd etdiyi şəxslərin iştirakı ilə sonuncunun karantin rejimi qaydalarını pozaraq 01.12.2021-ci il tarixdə 11:20 radələrində yaşadığı evi tərk edərək evdə müalicə olunmalı olduğu halda Ağdaş şəhəri ərazisinə getməsi barədə protokol tərtib edildiyini, protokol əməkdaşlar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs aşkar olunduğu yerdə videoçəkilişi aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün raportla RPŞ-nin rəhbərliyinə müraciət etdiyini, Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə COVİD-19 infeksiyasının yoluxması ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduqdan sonra 25.11.2021-ci il tarixdə COVİD-19 pandemiyasının yoxlanılması məqsədi ilə verdiyi testin nəticəsinin pozitiv olması barədə ona məlumat verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. İş üzrə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində Ağdaş RMX-nin PHŞ-nin TTTY-nin müdiri vəzifəsində işlədiyini, COVİD-19 pandemiyası ilə əlaqədar işlərin qeydiyyatının ona həvalə edildiyini, Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə COVİD-19 pandemiyası ilə əlaqədar test verdiyini, 25.11.2021-ci il tarixdə testinin cavabının müsbət çıxdığını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxladığını, Təqsirləndirilən şəxs testinin nəticəsinin müsbət çıxdığını, evdən çölə çıxmamasını, əks halda cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə məlumat verdiyini, adam göndərməsini və ona ayrılmış dərmanları götürməsini bildirdiyini, həmçinin onun ancaq yaxma analizinə cavabdeh olduğunu, analiz alındıqdan sonra Mingəçevir şəhərində olan mərkəzə göndərildiyini, analizin nəticələrinin həmin mərkəzin yoxladığını, sonra analizin nəticələrinin onlara və TƏBİB-ə göndərildiyini, daha sonra da analizin nəticələrinin TƏBİB-in vətəndaşlara göndərdiyini bildirmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, qandan koronavirusla bağlı analiz təhlil və tədqiqat üçün, o cümlədən sitokinlərin sərbəst buraxılma sindromunu (CRS) yoxlamaq üçün götürülür. Konkret olaraq Təqsirləndirilən şəxs nə vaxt və harada qan analizinin götürülməsini xatırlamasa da, sənədlərlə müəyyən edilir ki, ondan qan analizi götürülmüş və ehtimal edir ki, onun mobil telefonunda olan analizin nəticəsinin neqativ olmasına dair ikinci məlumat həmin qan analizinin cavabıdır. İş üzrə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində Ağdaş RMX-nin PHŞ-nin laborantı vəzifəsində işlədiyini, onun vəzifəsinə ancaq qan analizinin alınması olduğunu, analizi aldıqdan sonra üzərinə barkod yapışdırıldığını, analizin dəyişik, yəni başqa şəxsə məxsus olmasının mümkün olmadığını, analizi götürdükdən sonra laboratoriyaya təhvil verdiyini, lakin laboratoriyada yoxlanılmadığını, oradan analizlərin hara getdiyini və harada yoxlanıldığını bilmədiyini, Ağdaş rayonu üzrə işlədiyini və Təqsirləndirilən şəxs məhkəmə iclasında üzdən tanıdığına görə ondan analiz götürdüyünü xatırladığını, lakin konkret olaraq Təqsirləndirilən şəxs nə vaxt, harada və necə analiz götürdüyünü xatırlamadığını, onun bildiyinə görə qan analizi vasitəsilə koronavirus infeksiyasına yoluxub-yoluxmamanın yoxlanılmadığını, buna görə də Təqsirləndirilən şəxs mobil telefonuna gəlmiş analizinin nəticəsinin neqativ olmasına dair məlumatın qan analizinin cavabı olmadığını və nəyə görə belə məlumatın ona gəldiyini bilmədiyini bildirmişdir. İşin materiallarında olan Ağdaş RMX-nin PHŞ-nin 20.12.2021-ci il tarixli, 1819 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 saylı evdə yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə COVİD-19 infeksiyasına görə test götürülmüş, 25.11.2021-ci il tarixdə nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs 25.11.2021-ci il tarixindən 14 gün müddətində Ağdaş RMX PHŞ tərəfindən evə nəzarətə götürülmüşdür. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan 08 fevral 2022-ci il tarixli, 1(014)-21/2022 saylı sorğulardan görünür ki, məhkəmə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-yə və “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə sorğu verərək, Təqsirləndirilən şəxs (AZE********, xxxxxxx) istifadəsində olan mobil telefona (+**********15) quraşdırılmış “e-TƏBİB” mobil tətbiqi vasitəsilə 24.11.2021-ci il tarixdə, saat 11:16:41-də ona “Sizin verdiyiniz analizdə COVİD- 19 virusu aşkarlandı” məzmunda məlumat verilməsini, daha sonra Təqsirləndirilən şəxs ifadəsində 24 noyabr 2021-ci il tarixdə yalnız PZR analiz verməsini, bundan başqa əlavə analiz (qan və s. formada) verməməsinə baxmayaraq, ona təkrarən 29.11.2021-ci il tarixdə, saat 17:02:05-də “e-TƏBİB” mobil tətbiqi vasitəsilə “Sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlanmadı” məzmununda yeni məlumat verilməsini, hazırda məhkəmənin icraatında olan həmin cinayət işi üzrə zərurət yarandığından bu ziddiyyətin səbəbinin ətraflı şəkildə izah olunmasına dair arayışı məhkəməyə göndərilməsi xahiş olunmuşdur. İşin materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məhkəmənin 08 fevral 2022-ci il tarixli, 1(014)-21/2022 saylı sorğusuna cavab olaraq verdiyi 14.02.2022-ci il tarixli, 210 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə COVİD-19 infeksiyasına görə test götürülmüş, 25.11.2021-ci il tarixdə nəticəsi pozitiv olmuşdur. Test nəticəsi və 14 gün evdə fərdi təcrid olunma haqqında 25.11.2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs əlaqə vasitəsi kimi verdiyi ********** nömrəli mobil telefona Ağdaş RMX PHŞ-nin həkimi Nüşabə Kazımova ********** nömrəli mobil telefonla zəng edərək məlumat vermişdir. 25.11.2021-ci il tarixdən vətəndaş Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ tərəfindən 14 gün müddətində evdə fərdi təcrid olunaraq nəzarətə götürülmüş, dərman preparatları ilə təmin edilmişdir. COVİD-19 infeksiyasına qarşı iki doza vaksin olunmuş və vaksinasiyadan sonra COVİD-19 infeksiyasına yoluxmuş şəxslərin qan nümunələrinin təhlili məqsədi ilə 27.11.2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs evində Ağdaş RMX PHŞ-nin laborantı Rəxşəndə Əhmədova qan nümunəsi götürmüşdür. İşin materiallarında olan Təqsirləndirilən şəxs (AZE********, xxxxxxx) istifadəsində olan mobil telefona (+**********15) quraşdırılmış “e-TƏBİB” mobil tətbiqindən çıxarışdan görünür ki, ona həmin tətbiq vasitəsilə 24.11.2021-ci il tarixdə, saat 11:16:41-də ona “Sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlandı” məzmunda məlumat verilmiş, daha sonra ona təkrarən 29.11.2021-ci il tarixdə, saat 17:02:05-də “e-TƏBİB” mobil tətbiqi vasitəsilə “Sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlanmadı” məzmununda yeni məlumat daxil olmuşdur. İşin materiallarında olan Təqsirləndirilən şəxs əri X4 (AZE15906539, 1BFV9FP) istifadəsində olan mobil telefona (+**********67) quraşdırılmış “e-TƏBİB” mobil tətbiqindən çıxarışdan görünür ki, ona həmin tətbiq vasitəsilə 24.11.2021-ci il tarixdə, saat 11:39:57-də ona “Sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlandı” məzmunda məlumat verilmiş, daha sonra ona təkrarən 29.11.2021-ci il tarixdə, saat 17:02:31-də “e-TƏBİB” mobil tətbiqi vasitəsilə “Sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlanmadı” məzmununda yeni məlumat daxil olmuşdur. İşin materiallarında olan Təqsirləndirilən şəxs (AZE********, xxxxxxx) istifadəsində olan mobil telefona (+**********15) daxil olmuş SMS-dən görünür ki, onun 24.11.2021-ci il tarixdə verdiyi testin nəticəsi pozitiv olmuşdur. Lakin ona hansı müddətdə karantində qalmalı olması həmin SMS-in məzmununda göstərilməmişdir. İşin materiallarında olan fərdi təcrid olunma haqqında razılıq formasından (iltizam) görünür ki, Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdən başlayaraq müşahidə müddətində, yəni 7-14 (!) gün ərzində (1-ci bənd) ev şəraitini tərk etməməli olması barədə məlumat verilmişdir. İşin materiallarında olan ********** (bu həm də ona pozitiv nəticə ilə bağlı gəlmiş SMS-də göstərilən İD nömrə ilə eynilik təşkil edir) unikal nömrəsi olan immunitet sertifikatından (rəqəmsal COVİD sertifikatı) görünür ki, Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə COVİD-19 üzrə verdiyi PZR testinin nəticəsi ilə bağlı 01.12.2021-ci il tarixdə ona sağlam olmasına dair immunitet sertifikatı verilmişdir və həmin sertifikat 23.05.2022-ci il tarixədək qüvvədədir. İşin materiallarında olan 01 mart 2022-ci il tarixli, 1(014)-21/2022 saylı sorğulardan görünür ki, məhkəmə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-yə sorğu verərək məhkəmənin icraatında olan cinayət işi üzrə sualların ayrı-ayrılıqda cavablandırılmasını xaiş etmiş və işin materiallarında olan 26.04.2022-ci il tarixli, PHŞ/1.1-2-2022-1919 saylı məktubla həmin sorğuya cavab verilmişdir. Müvafiq olaraq verilmiş suallar və onların cavabları aşağıdakı qaydada olmuşdur: Sual 1: Qan analizi vasitəsilə şəxsin COVİD-19 virusuna yoluxmasını aşkar etmək mümkündürmü? Cavab 1: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 21 iyul tarixli, 377s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyat keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair” Protokolun (Protokol) 2.2-ci bəndinə əsasən, COVİD-19 infeksiyasına yoluxmaqda erkən şübhəli hesab olunan şəxslərdən yaxma, qan və ya digər üsulla test götürülə bilər. Sual 2: Azərbaycan Respublikasında fəaliyyət göstərən mərkəzi xəstəxanalarda şəxsin COVİD-19 virusuna yoluxub-yoluxmaması qan analizi vasitəsilə yoxlanılırmı? Cavab 2: Protokolun həmin bəndinə əsasən, TƏBİB-in tabeliyində olan tibb müəssisələri tərəfindən COVİD-19 infeksiyasına yoluxmaqda erkən şübhəli hesab olunan şəxslərdən test götürülə bilər. Sual 3: COVİD-19 virusu ilə əlaqədar PZR test nəticəsi pozitiv olan şəxslərdən sonradan qan analizi götürülürmü? Götürülürsə, hansı məqsədlə götürülür? Cavab 3: Protokolun 2.10-cu bəndinə əsasən, laboratoriya testinin nəticəsi pozitiv olan, lakin COVİD-19 xəstəliyini yüngül formada keçirdiyinə görə yaşadığı və ya olduğu yerdə müalicə alan xəstələrin yaşayış yerinə və ya olduğu yerdə 14 gün ərzində təcrid olunması təşkil edilir. Protokola 1 nömrəli əlavə ilə təsdiq edilmiş “COVİD-19 infeksiyasına yoluxma faktı təsdiq olunmuş şəxslə təmasda olanların dairəsinin müəyyən edilməsinə dair Tövsiyələr”in 9-cu bəndinə əsasən, yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün onlara SMS bildirişlər göndərilir. Yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitməmiş şəxslərdən sonradan test götürülməsi barədə normalar COVİD-19 xəstəliyi ilə bağlı tənzimləyici hüquqi aktlarda mövcud deyildir. Sual 4: Şəxsin COVİD-19 virusuna yoluxub-yoluxmaması ilə bağlı qanından götürülmüş analizin nəticəsi “e-TƏBİB” mobil tətbiqində görünürmü? Cavab 4: “e-TƏBİB” mobil tətbiqində COVİD-19 PZR test analiz nəticələri öz əksini tapır. Sual 5: Şəxsdən qan analizi götürülərkən, qanın həqiqətən də həmin şəxsdən götürülməsini təsdiq etmək üçün vətəndaş hər hansı sənədi imzalayırmı? Cavab 5: Şəxsdən COVİD-19 xəstəliyi ilə bağlı qan analizi götürülərkən, qanın həqiqətən də həmin şəxsdən götürülməsini təsdiq etmək üçün vətəndaşın hər hansı sənədi imzalaması barədə normalar COVİD-19 xəstəliyi ilə bağlı tənzimləyici hüquqi aktlarda mövcud deyildir. Sual 6: Təqsirləndirilən şəxs (AZE********, xxxxxxx) istifadəsində olan mobil telefona (+**********15) quraşdırılmış “e-TƏBİB” mobil tətbiqi vasitəsilə “Sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlanmadı” məzmununda 29.11.2021-ci il tarixdə, saat 11:16:41-də yerləşdirilmiş məlumatın əsası nə olmuşdur? Cavab 6: “e-TƏBİB” mobil tətbiqi vasitəsilə göndərilən SMS-lərə əsas “e-TƏBİB” elektron sisteminə daxil olan məlumatlardır. Sual 7: Təqsirləndirilən şəxs 01.12.2021-ci il tarixdə verilmiş ********** saylı immunitet sertifikatının əsası nə olmuşdur? Cavab 7: Təqsirləndirilən şəxs 24.11.2021 ci il tarixində “COVİD-19” PZR test analizinin müsbət nəticəsinə əsasən 01.12.2021-ci il tarixində ********** saylı immunitet sertifikatı təyin olunmuşdur. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin küçə tərəfdən qarşısında polis əməkdaşları yaxınlaşmış və ondan niyə yaşadığı evi tərk etməsi barədə soruşmuşlar. Təqsirləndirilən şəxs həyəcanlı və özünü itirmiş şəkildə onlara yaxında yaşayan valideyninin yanına inyeksiya vurdurmaq üçün yaşadığı yeri tərk etdiyini bildirmişdir. İşin materiallarında olan digər diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin çəkiliş Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra ardıcıllıq etibarilə ikinci çəkilişdir və Təqsirləndirilən şəxs protokol formasında şablon cümlələrlə polis əməkdaşlarının suallarına cavab vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 dekabr 2021-ci il tarixli, 4450 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 saylı evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: əri - X6; oğlu – X7 (2015ci il təvəllüdlü), oğlu – X8 – (2018-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları aşağıdakı qaydada qiymətləndirir. - Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi baş vermiş hadisəni detalları ilə birlikdə daha ətraflı təsvir edir və o, ifadəsində səmimidir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları olan şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri müdafiə tərəfindən yalnız protokolun tərtib edildiyi yerə münasibətdə mübahisələndirilmiş, Şahid1 da suallara verdiyi cavabında həqiqətən də protokolu sonradan RPŞ-nin binasında təqsirləndirilən şəxsin iştirakı olmadan tərtib etdiyini etiraf etmişdir. Qalan hissədə müdafiə tərəfi polis əməkdaşlarının hadisə vaxtı Təqsirləndirilən şəxs kobud formada sorğu-sual etdiklərini, onun da həyəcanlandığını və buna etiraz etdiklərini bildirsələr də, ümumilikdə hadisənin təsviri baxımından onların ifadələri mübahisələndirilməmişdir. - Əlavə şahid qismində dindirilmiş X1 ifadəsi isə TƏBİB-in məhkəmənin sorğusuna verdiyi cavabla təkzib olunur. Belə ki, N.Kazımova ifadəsində mobil tətbiqdə olan analizin nəticəsinin neqativ olmasına dair 29.11.2021-ci il tarixli ikinci məlumatın qan analizinin cavabı olmasını bildirsə də, TƏBİB-in məhkəmənin suallarına verdiyi cavabdan (4-cü cavab) görünür ki, “e-TƏBİB” mobil tətbiqində qan analizinin deyil, COVİD-19 PZR test analiz nəticələri öz əksini tapır. - Əlavə şahid qismində dindirilmiş X3 isə ifadəsində Təqsirləndirilən şəxs qan analizini götürdüyünü bildirsə də, təqsirləndirilən şəxs bunu qətiyyətlə inkar etmiş və mübahisələndirərək belə bir analiz vermədiyini qeyd etmiş, TƏBİB-in məhkəmənin sorğusuna verdiyi cavabda (5-ci cavab) isə qan analizləri götürülərkən şəxsin heç bir sənədi imzalamaması göstərildiyindən, təqsirləndirilən şəxsin həqiqətən qan analizi verməsi şübhə altına düşmüş və bu hissədə də sübut etmə yükü ittiham tərəfinin üzərində qalmışdır. Lakin buna baxmayaraq, şahid R.Əhmədova özü də Təqsirləndirilən şəxs mobil telefonuna gəlmiş analizinin nəticəsinin neqativ olmasına dair 29.11.2021-ci il tarixli məlumatın qan analizinin cavabı olmadığını və nəyə görə belə məlumatın ona gəldiyini bilmədiyini bildirmişdir. - Məhkəmə işin materiallarında olan digər sübutları qarşılıqlı şəkildə təhlil edərək birbaşa Təqsirləndirilən şəxs baş vermiş hadisədə təqsirinin olub-olmamasını müəyyən etmək üçün onun şüur və iradəsindən asılı olan məsələləri də araşdırmışdır. Təqsirləndirilən şəxs şüur və iradəsinə uyğun hərəkət (və ya hərəkətsizlik) etməsi üçün əvvəlcə müvafiq məlumata sahib olması zəruri idi. İttihamın nəticə hissəsində olmasa da, ümumilikdə ittihamın məzmununa görə onun 14 gün ərzində yaşadığı yeri tərk etməməli olduğu qeyd edilsə də, Təqsirləndirilən şəxs imzaladığı 24.11.2021-ci il tarixli iltizamda bu rəqəm 7-14 gün kimi göstərilmiş (hadisə isə 7 gün sonra baş vermişdir), ona gəlmiş 25.11.2021-ci il tarixli SMS-də isə karantin müddəti ilə bağlı heç bir məlumat olmamışdır. Göründüyü kimi ona neçə gün karantində qalmalı olması bildirilməmişdir. Ümumiyyətlə, ittihamda istinad olunan Nazirlər Kabinetinin qərarında da karantin müddətinin neçə gün olmasına dair heç bir konkret müddət müəyyən edilməmişdir. Bundan başqa, karantin müddətindən asılı olmayaraq Təqsirləndirilən şəxs heç bir təkrar analiz verməməsinə baxmayaraq, 29.11.2021-ci il tarixdə mobil tətbiq vasitəsilə PZR testinin nəticəsinin neqativ olmasına dair məlumat almış, 01.12.2021-ci il tarixdə isə sağlam olmasına dair ona immunitet sertifikatı verilmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs şüur və iradəsindən asılı olaraq cinayət törətməsini, əməlinin ictimai təhlükəli olduğunu dərk etməsini, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsini demək mümkün deyil. Ona elan olunmuş ittiham isə mahiyyət etibarilə yalnız şüur və iradə ilə ifadə oluna bilən ittiham olduğundan, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə heç bir simptom hiss etməməsinə baxmayaraq, işi ilə əlaqədar COVİD-19 üzrə PZR test vermiş, həmin testin nəticəsinin pozitiv olması 25.11.2021-ci il tarixdə ona SMS vasitəsilə bildirilmiş, Təqsirləndirilən şəxs heç bir əlamət hiss etməsə də, testin nəticəsinə uyğun olaraq yaşadığı evi tərk etməmiş, 29.11.2021-ci il tarixdə istifadəsində olan mobil telefona quraşdırılmış “e-TƏBİB” mobil tətbiqində 24.11.2021-ci il tarixdə vemiş olduğu PZR testinin nəticəsinin neqativ olması barədə məlumat daxil edilmiş, 01.12.2021-ci il tarixdə isə “e-TƏBİB” mobil tətbiqinə onun sağlam olduğunu təsdiq edən immunitet sertifikatı yerləşdirilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı yeri tərk etmiş və həmin tarixdə də polis əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması əsası ilə onun küçədə video və foto şəkillərini çəkmişlər, daha sonra Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid1 tərəfindən RPŞ-nin inzibati binasında protokol tərtib edilmiş və raportla RPŞ-nin rəisinə məlumat verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, həmin ittihamda ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci və 4-1.2-ci bəndlərinin tələblərinin pozulmasına istinad olunmuş və o, məhz buna görə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Həmin Qaydaların qeyd olunan bəndlərinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. Göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittihamda istinad olunan bəndlər onun analizinin nəticəsinin pozitiv olacağı təqdirdə hüquqi əhəmiyyət daşımışdır. Halbuki, işin materialları ilə (“e-TƏBİB” mobil tətbiqindən çıxarış, COVİD sertifikatı, sorğulara verilmiş cavablar və s.) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yeri tərk etməsi barədə protokol tərtib edilən gün onun verdiyi PZR testinin nəticəsinin neqativ olması barədə “e- TƏBİB” mobil tətbiqinə daxil edilmiş məlumat, o cümlədən sağlam olmasına dair immunitet sertifikatı olmuşdur. Bundan başqa, məhkəmə xüsusilə vurğulayır ki, əvvəla faktiki olaraq Təqsirləndirilən şəxs həmin tarixdə COVİD-19 infeksiyasının daşıyıcısı olub-olmaması sübut olunmur və şübhəlidir, həmçinin, real olaraq onun xəstəliyin daşıyıcısı olubolmamasından asılı olmayaraq, işin halları ilə sübut olunur ki, Təqsirləndirilən şəxs karantin qaydalarını pozmaq niyyəti və qəsdi olmamış, onun yaşadığı yeri tərk etməsinə səbəb isə özündə heç bir simptom hiss etmədiyinə, eyni zamanda rəsmi məlumatlandırma vasitəsilə sağlam olmasına dair məlumatları alması olmuşdur. İttiham tərəfi isə bunun əksini sübut edə bilməmişdir. Dövlət ittihamçısının məhkəmə çıxışı zamanı Təqsirləndirilən şəxs həmin Qaydaların başqa bəndinin tələblərinə riayət etməməsinə istinad etməsi ilə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə həmin bəndin pozulması ilə bağlı ittiham verilmədiyindən, buna müvafiq olaraq da nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı onun özünü bu hissədə müdafiə etmək imkanı olmamışdır. Buna görə də məhkəmə işə verilmiş ittiham çərçivəsində baxmışdır. Onu da qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona quraşdırılmış “e-TƏBİB” mobil tətbiqinə gəlmiş məlumatlar eyni analizin nəticəsidir. Yəni Təqsirləndirilən şəxs tərəfindən təkrar analiz verilməmişdir. Buna görə də onun eyni analizə görə iki fərqli nəticəsi ola bilməzdi. Hazırkı halda isə təqsirləndirilən şəxsin bu nəticələrdən hansının həqiqəti əks etdirdiyini müəyyən etmək imkanı olmadığına görə bir neçə gün gözləmiş, bundan sonra mobil tətbiq vasitəsilə ona immunitet sertifikatı da verildiyi üçün sağlam olduğundan əmin olmuş (həmçinin, xəstəliyin heç bir əlaməti olmamışdır) və yaşadığı yeri tərk etmişdir. Belə olan halda isə təqsirləndirilən şəxsin əməlinin qəsdən törədilməsi və onun təqsirli olması kimi qiymətləndirilə bilməz. Ona elan olunmuş ittiham isə qəsdən törədilmiş cinayəti özündə ehtiva etdiyi üçün yalnız qəsdlə ifadə oluna bilər. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi təqsirləndirilən şəxsin bu Qaydaların pozulmasında ittiham olunan bəndləri müvafiq olaraq təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsini və yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərin təcrid olunmasını tənzimləyir. Yəni bu Qaydalar PZR testinin nəticəsi neqativ olan və sağlam olmasını təsdiq edən şəxslərə şamil edilmir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı təsdiq edə biləcək şəxslər kimi analizi götürmüş və PZR testinin nəticəsinin pozitiv olduğunu bildirmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məhkəmə istintaqı zamanı ifadə verən əməkdaşlarının ifadələri bir-biri ilə ziddiyyət təşkil etməklə yanaşı, həm də ifadələrinin özüözlüyündə də ziddiyyətli, mücərrəd və məntiqsiz olduğundan məhkəmə həmin şəxslərin ifadələrini Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın təsdiqi üçün yetərli hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 371 nömrəli Qərarı ilə təsdiq edilmiş “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydasının 2.1.1-ci bəndinə əsasən COVİD Sertifikatı – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən formalaşdırılan, ölkə daxilində istifadə və xarici ölkələrə səfər etmək üçün nəzərdə tutulmuş və COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiqləyən, sahibinin fərdi, o cümlədən COVİD-19 xəstəliyi ilə bağlı sağlamlığının vəziyyəti barədə məlumatları özündə cəmləşdirən, elektron və ya kağız daşıyıcı üzərində olan sənəddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə təqsirləndirildiyi əməlində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.41-ci maddəsinin məzmununa görə təqsirləndirilən şəxsin barəsində ittiham sübut olunmadığı halda bəraət almaq hüququ vardır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İİİ bəndinə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsirsizlik prezumpsiyası və təqsirə görə məsuliyyət prinsipləri ilə təqsir cinayət tərkibinin mütləq elementi kimi təsbit edilir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsasını təşkil edir. Belə ki, Cinayət Məcəlləsinin 7-ci maddəsinə uyğun olaraq, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Əqli meyar ondan ibarətdir ki, təqsirli şəxs əməlin ictimai təhlükəliliyini və belə əməlin törədəcəyi ictimai təhlükəli nəticələri dərk edir. İradi element cinayətin subyektinin şüurunda baş verən iradəvi proseslərlə səciyyələnir: şəxs ictimai təhlükəli nəticələrin baş verməsini arzu edir və ya şüurlu surətdə onlara yol verir, yaxud yüngül fikirliliklə ictimai təhlükəli nəticələrin qarşısının alınmasına ümid edir. Göründüyü kimi qanunvericilik də cinayətin qəsdən törədilməsini bütün hallarda onun ictimai təhlükəli nəticələrini arzu edib-etməməsindən asılıl olmayaraq qabaqcadan görməklə şərtləndirmişdir. Hazırkı halda isə işin tədqiq olunan halları ilə Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli və onun nəticələrini görə bilməsi birmənalı olaraq istisna edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli, 15 saylı qərarının 58-ci bəndinə əsasən CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd olunan normaların mənasından göründüyü kimi, heç bir sübut, o cümlədən ekspert rəyi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarından görünür ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə bilavasitə məhkəmə istintaqı zamanı araşdırdığı faktlara məcmu halında qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydaları”nın tələblərini pozaraq yoluxmuş olduğu yeni növ koronavirus (COVİD-19) infeksiyasının hava-damcı yolu ilə yayılması, digər şəxslərlə sosial məsafənin qorunması, infeksiya yoluxmuş şəxslərin digər şəxslərlə birbaşa təmasda olmaması kimi xüsusatları bildiyi halda, epidemiya əleyhinə və karantin rejimi qaydalarını pozmaqla yoluxmuş olduğu yeni növ koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratması, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməkdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman aparılmış çəkilişə dair videogörüntü olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinаyət-Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və bu hüququ ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbacan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 42.2.4, 344-347, 349, 350, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dərhal ləğv edilsin. İş üzrə maddi sübut 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və bu hüququ ona izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-21/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-21/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver