Məhkəmə qərarları › İş №1(014)-22/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-22/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-22/2021 23.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına xx xxxxxx 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Ağdaş rayonu Kotanarx kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumruq və təpiklə baş, sifət və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sağ gözətrafı nahiyənin şişkinliyi (dərialtı hematoması), sağ gözün ağlı qişasına qansızma, başın təpə nahiyəsinin, alnın sağ nahiyəsinin səthi yaraları, sol almacıq nahiyəsinin sıyrığı, küt ələt təsirindən törənmiş, törənmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun qayınanası olduğunu, Zərərçəkmiş şəxs onun həyat yoldaşı Şahid1 anası olduğunu, onun Dilşad ilə 2015-ci il tarixdə ailə həyatı qurduğunu, onların iki övladlarının olduğunu, qayınanası Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir problem, mübahisə və ya dava-dalaş baş vermədiyini, lakin son vaxtlar qayınanası Leyli ilə aralarnda narazılıq olduğunu, onların arasındakı narazılığıa səbəb qaynanası Leylinin onun işsiz olmasına görə həyat yoldaşı Dilşadı ondan boşandırmaq istəməsi olduğunu, qayınanası Leylinin tez-tez onların ailə məsələlərinə qarışdığını və arvadı Dilşad ilə onun arasında problemlər yaratdığını, xx.xx.2021-ci il tarixdə qayınanası Leylinin onun yaşadığı evə qonaq gəldiyini, həmin vaxt Leylinin onun atası Mübarizdən Dilşadın yeni il bayramına görə gedib bir neçə gün onun evində qalmasına icazə verməsini istədiyini və xx.xx.2021-ci il tarixdə Dilşadı evlərinə qaytaracağını bildirdiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 14 radələrində onun Ağdaş şəhərində olan zaman orada qayınanası Leyli və həyat yoldaşı Dilşad ilə qarşılaşdığını, həmin vaxt onun Dilşada əşyalarını hazırlamasını və Axşam gəlib onu evlərinə aparacağını söylədiyini, Dilşadın da, onu gözləyəcəyini bildirdiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində həyat yoldaşı Dilşadı yaşadıqları evə gətirmək üçün qayınanası Leylinin yaşadığı Ağdaş rayonu, Kotanarx kəndində yerləşən evə getdiyini, həmin vaxt Leylinin yaşadığı evin qapısının ağzında olarkən qayınanası Leyliyə həyat yoldaşı Dilşadı çağırmasını, onu aparmağa gəlməsini söylədiyini, Leylinin isə ona kobud formada Dilşadın heç bir yerə getməyəcəyini, Dilşadı ondan boşandırmaq üçün evinə gətirməsini söylədiyini, onun da, Leyliyə nə baş baş verməsini və hansı boşanmadan danışmasını soruşduğunu, Leylinin isə ona “çıx qapımdan, sizi boşandıracağam” deyə söylədiyini, onun Leylidən nə üçün onları boşandırmasını soruşduğunu, Leylinin isə ona nalayiq ifadə işlədərək “sən işləmirsən, ona görə də, sizi boşandırcağam, hələ üstəlik səndən alimentdə alacacğam” deyə söylədiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, həmin vaxt onların mübahisə edə-edə evin həyətinə düşdüklərini, onların evin həyətində olarkən Leylinin yenə də, ona nalayiq ifadə işlədərək “evimin həyətindən rədd ol çıx” deyə söylədiyini, onun qayınanası Leylinin hərəkətinə əsəbləşdiyini və qəsdən yumruqla onun sifət nahiyəsindən vurduğunu, həmin vaxt Leylinin yerə yıxıldığını, Leylinin yerdə olan zaman onun qəsdən yumruq və təpiklə bir neçə dəfə Leylinin baş, sifət və bədəninin digər nahyələrindən vuraraq ona qəsdən xəsarət yetirdiyini, daha sonra Leylinin yaşadığı evin həyətindən çıxıb getdiyini, qayınanası Zərərçəkmiş şəxs ilə arasındakı mübahisə və dava-dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada ondan və Leylidən başqa heç kimin olmadığını, səs-küyə də, heç kimin gəlmədiyini, qayınanası Leyli ilə arasındakı mübahisə və davadalaşın xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində qayınanası Zərərçəkmiş şəxs Ağdaş rayonu Kotanarx kəndində yerləşən yaşadığı evin həyətində baş verdiyini, davadalaş zamanı onun qəsdən yumruqla bir neçə dəfə qayınanası Leylinin sifət və baş nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, daha sonra Leylinin yerə yıxıldığını, onun yenidən yumruq və təpiklə bir neçə dəfə qəsdən qayınanası Zərərçəkmiş şəxs sifət, baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirdiyini, qayınanası Leylinin onun həmin vaxt sərxoş olması ilə bağlı söylədiklərinin yalan olduğunu, onun sərxoş olmadığını, Leylinin onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, ona görə də, onun qayınanası Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun kürəkəni olduğunu, Fəqan ilə əvvəllər aralarında mübahisə və ya dava-dalaş baş vermədiyini, lakin son zamanlar Fəqanın spirtli içki aludəçisi olması səbəbindən qızı Şahid1 ilə Fəqan arasında narazılıq olduğunu, xx.xx.2021-ci il tarixdə qızı Dilşadın onun yaşadığı evə yeni il bayramı səbəbi ilə qonaq gəldiyini, qızı Dilşadın xx.xx.2021-ci il tarixdə öz yaşadığı evə qayıtmalı olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində kürəkəni Təqsirləndirilən şəxs onun yaşadığı evə gəldiyini, həmin vaxt onun Fəqanın sərxoş olmasını gördüyünü, onun Fəqana xoş gəlmisən söylədiyini, Fəqanın isə ona əhəmiyyət vermədən həyat yoldaşı Dilşada “səni aparmağa gəlmişəm, dur gedək” deyə söylədiyini, onun da, Dilşada Fəqan ilə getməsini söylədiyini, lakin qızı Dilşadın ona “ana görmürsən Fəqan sərxoşdu, mən onunla necə gedim?” deyə cavab verdiyini, kürəkəni Fəqanın isə həmin vaxt ona nalayiq ifadə işlədərək “sən gətirmisən Dilşadı, sən gətirməsən belə olmazdı” deyə söylədiyini, onun da, həmin vaxt Fəqanın aqressiv olmasını görüb qızı Dilşada çölə çıxmalarını söylədiyini, daha sonra Dilşad və onun yaşadığı evin həyətinə düşdüklərini, onlar həyətdə olarkən Fəqanın da, evin həyətinə gəldiyini, həmin vaxt qızı Dilşadın yenidən evə qayıtdığını, Fəqanın isə ona “sənsən bunun hamısını edən, mənim ailəmi dağıtmaq istəyirsən, ona görə də, qızını evinə gətirmisən” deyə söylədiyini, onun da, Fəqana onun ailəsini dağıtmaq istəmədiyini, Dilşadı onun gətirmədiyini, Dilşadın özünün yeni il bayramına görə gəlib bir neçə gün onun yanında qalmasını söylədiyini, lakin Fəqanın onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlədərək “yalan danışma, sənə inanmıram” deyə söylədiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Fəqanın yumruqla onun sifət nahiyəsindən vurduğunu, onun da, yerə yıxıldığını, onun yerdə olan zaman Fəqanın yumruq və təpiklə bir neçə dəfə onun baş nahiyəsindən, sifət nahiyəsindən və bədəninin digər nahiyələrindən vurduğunu, daha sonra isə Fəqanın çıxıb getdiyini, bundan sonra qızı Dilşadın onun yanına gəldiyini və ona su verdiyini, onun da, özünə gəldikdən sonra yaşadığı evin qarşısındakı yola çıxdığını və həmin vaxt yoldan keçən qonşusu Cavanşir ilə rastlaşdığını və Cavanşirin maşın ilə onu xəstəxanaya apardığını, Ağdaş RMX-nın təcili yarıdm şöbəsində ona ilkin tibbi yardım göstərildikdən sonra onun yaşadığı evə getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında kürəkəni Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində yaşadığı evin həyətində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə yumruq və təpiklə onun baş, sifət və bədəninin digər nahiyələrindən vurduğunu, həmin vaxt orada ondan və Təqsirləndirilən şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, sonradan qızı Şahid1 gəldiyini, başqa heç kimin gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və hal-hazırda heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs oğlu ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Ağdaş rayonu, Kotanarx kəndində yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Şahid3 izahatında Zərərçəkmiş şəxs tanıdığını, Leylinin onun qonşusu olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evin həyətinin çöl qapısının qarşısında olduğunu, həmin vaxt qonşusu Leylinin onun tərəfə gəlməsini gördüyünü, onun Leylinin üzərində xəsarətlərin olmasını gördüyünü, Leylidən nə baş verməsini soruşduğunu, Leylinin də, ona bir az əvvəl kürəkəni Fəqan ilə aralarında dava-dalaş baş verdiyini və Fəqanın onu döyərək ona xəsarət yetirməsini söylədiyini, həmin vaxt qonşuları Şahid2 yanlarından keçdiyini və Cavanşirin də, Leylini öz avtomobili ilə Ağdaş RMX-na xəstəxanasına apardığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid Ağdaş rayonu, Kotanarx kəndində yaşayan, xx.xx.1971-ci il təvəllüdlü Şahid2 Zərərçəkmiş şəxs tanıdığını, Leylinin onun qonşusu olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evə gələrkən yolda qonşuları Şahid3 ilə Zərərçəkmiş şəxs gördüyünü, Leylinin üzərində xəsarətlərin olduğunu, Leylinin ona kürəkəni tərəfindən döyülməsini söylədiyini, daha sonra isə onun qonşusu Leylini özünə məxsus avtomobil ilə Ağdaş RMX-na apardığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 izahatında anası Zərərçəkmiş şəxs Nurəddi qızının izahatında göstərdiyi xüsusatları təsdiq edərək xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində anası Leylinin yaşadığı evdə olarkən həyat yoldaşı Təqsirləndirilən şəxs onu yaşadıqları evə aparması üçün gəldiyini, lakin həmin vaxt Təqsirləndirilən şəxs sərxoş olmasına görə onunla getməkdən imtina etdiyini, buna görə də, anası Leyli ilə əri Fəqan arasında sözsöhbət yarandığını, anası Leylinin evin həyətinə düşmələrini söylədiyini, daha sonra isə onun evə qayıtdığını, anası Leylinin və Fəqanın isə həyətdə qaldığını, aradan təxminən 3- 5 dəqiqə keçdikdən sonra həyətdən səs-küy gəlməsini eşitdiyini, evin pəncərəsindən həyətə baxarkən həyat yoldaşı Fəqanın onun anası Leylinin sifət, baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurmasını gördüyünü, daha sonra Fəqanın çıxıb getdiyini, anası Leyli ilə əri Fəqan arasındakı dava-dalaş zamanı orada onlar ikisindən başqa heç kimin olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2021-ci il tarixli, 11 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ gözətrafı nahiyənin şişkinliyi (dərialtı hematoması), sağ gözün ağlı qişasına qansızma, başın təpə nahiyəsinin, alnın sağ nahiyəsinin səthi yaraları, sol almacıq nahiyəsinin sıyrığı küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2021-ci il tarixli, 12 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RMX-nin xx xxxxxx 2021-ci il tarixli, 35 saylı məktubdan görünür ki, Ağdaş rayon Yuxarı Ləki kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX-nı Publik hüquqi şəxsin konsultativ poliklinikasında ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və o əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon, Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-cü maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar