Məhkəmə qərarları › İş №1(014)-22/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-22/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-22/2023 15.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu Mürsəl kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 fevral 2023-cü il tarixdə saat 15:00-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham olunur ondan ötrü ki, 12 iyun 2022-ci il tarixdə saat 18 radələrində Ağdaş rayonu Malay kəndi ərazisində baş tutan toy məclisi zamanı Zərərçəkmiş şəxs onun qohumuna baxmasını bəhanə gətirərək Ağdaş rayonu Malay kəndi ərazisində toy məclisinin təşkil edildiyi çadırın yaxınlığında insanların hərəkət etdiyi və toplaşdığı küçədə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozaraq öz üstünlüyünü ətrafdakılara və Zərərçəkmiş şəxs göstərmək məqsədilə əsaslı səbəb olmadan qəflətən sonuncunun üzərinə hücum edib özündə olan silah qismində istifadə etdiyi bıçaqla onun ayaq və gövdəsinin sol yan nahiyəsinə qəsdən iki dəfə vurmaqla aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib, Zərərçəkmiş şəxs və ətrafdakıların mənafelərinə toxunan hərəkətlər etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edib Zərərçəkmiş şəxs səhhətin qısa müddətə pozulmasına səbəb olan sol bazunun yuxarı 3/1-də və gövdənin sol yan orta şöbəsində periton arxası sahəyə keçən (böyrəklər, böyrəküstü və mədəaltı vəzilər, sidik kisəsi zədələnməməklə) kəsilmiş-deşilmiş yaraları kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib xuliqanlıq, yəni silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində heç bir yerdə işləmədiyini, vətən müharibəsi iştirakçısı olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, xx.xx.2022-ci il tarixdə dayısı Cavanşir Abdullayev yaşadığı Ağdaş rayonu Malay kəndində yerləşən evin həyətində qızı üçün toy şənliyi təşkil etmiş və o da həmin toy şənliyində iştirak etmək üçün xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində dayısı Cavanşirgilə getmiş və gecəni də onlarda qalmışdır. Toy günü, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində az miqdarda, yəni 2 rumka spirtli içki-araq qəbul etmişdir. Lakin onda heç bir sərxoşluq olmamışdır. Özünü sərbəst idarə etmişdir. Toy zamanı əmisi Əfrayıl İsmayılov spirtli içkinin təsirindən sərxoş olmuş və özünü idarə edə bilməmişdir. Buna görə də o, əmisini qucağına götürərək toy çadırından bayıra aparmışdır. Həmin vaxt əmisi nalayiq ifadələr işlətmişdir. O da əli ilə əmisinin ağzını tutmuş və söyüş söyməməsini tapşırmışdır. Bundan təxminən 30 dəqiqə sonra iki nəfər sonradan adlarının Alim və Famil olduğunu bildiyi şəxslər onu kənara çəkərək əmisinin ağzını əli ilə tutduğuna görə ona irad bildirmişdirlər. Həmin vaxt onlardan biri, yəni Alim adlı şəxs Famil adlı şəxsə “ə vurum bunu” deyə söyləmişdir. O da onlara heçnə deməmişdir. Belə ki, toy zamanı dava-dalaş baş verməsini istəməmişdir. Daha sonra Famil adlı şəxs ona “əlimə keçmə, səni vuracam” deyə söyləmişdir. O da ona heç bir söz deməmiş və onlardan aralaşmışdır.Toy davam edən zaman təxminən saat 17 radələrində dayısı oğlu Samirin bir qədər əvvəl onunla mübahisə edən Alim ilə mübahisə etməsini görmüşdür. Buna görə də o onlara tərəf getmişdir. Daha sonra Alimin qolundan tutaraq dayısı oğlunun ondan balaca olmasını və mübahisə etməyə ehtiyac olmadığını bildirmişdir. Bu zaman həmin şəxs onun qolundan itələyərək “istəyirsən onun söhbətini sən həll elə” deyə söyləmişdir. O da dayısı oğlu Samirin qolundan yapışaraq oradan uzaqlaşdırmaq istəmişdir. Həmin vaxt kənardan onlara yaxınlaşan Famil onun boğaz nahiyəsindən yapışaraq yumruqla onun boğaz nahiyəsindən bir dəfə vurmuşdur. O da onu vrmaq istəyən zaman Alim və Famil yumruqla onun baş nahiyəsindən vurmuşdurlar. Daha sonra Alim yenidən onu təpiklə bir dəfə vurmuşdur. Buna görə də o həmin vaxt əyinndə olan şalvarın sağ arxa cibində olan meyvə bıçağı ilə Alimin sol qol nahiyəsində bir dəfə vurmuşdur. Bundan sonra Alim yenə də onu təpiklə vurmaq istəmişdir. O yenidən əlində olan bıçaqla Alimin sol böyür nahiyəsindən zərbə ilə vurmuşdur. Daha sonra yaxınlıqda olan atası Azər onu oradan aralaşdırmaq istəmişdir. Həmin vaxt onun əlində olan bıçaq yolun kənarına düşmüşdür. Bu zaman yaxınlıqda olan sonradan adının Valeh olmasını öyrəndiyi şəxs onun əlindən yerə düşən bıçağı yerdən götürərək yaxınlıqdakı kolluğa tərəf atmışdır. Daha sonra Valeh onun üzərinə gələrək yumruqla bir dəfə onun sol qulaq nahiyəsindən zərbə ilə vurmuşdur. O da həmin zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Atası Azər də onu yerdən qaldıraraq dayısıgilin həyətinə aprmışdır. Bu zaman dayısı uşaqları olan Samir və Elgün də həmin yerə gəlmişlər və onun qoluna girərək ona kömək etmişdirlər. Həmin vaxt Valeh arxadan gələrək onu təpiklə vurmuşdur. O da həmin zərbənin təsirindən arxası üstə zibilliyə yıxılmışdır. Yerə yıxılan zaman o, xəsarət almamaq üçün sağ əlini yerə qoymuşdur. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməkdə məqsədi onu öldürmək olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə həmkəndlisi və qonşusu olan Cavanşir Abdullayev yaşadığı evin həyətində öz qızı üçün toy şənliyi etmiş və o da həmin toyda iştirak etmişdir. Həmin gün təxminən saat 17 radələrində Cavanşirin oğlu Samir ona yaxınlaşaraq “Alim qaqa səni qırağa olar” deyə söyləmişdir. O da Samir ilə razılaşmış və onunla birlikdə toy çadırından təxminən 5-6 metr kənara keçmişdir. Həmin vaxt Samir ondan onun bacısına baxıb-baxmadığını soruşmuşdur. O da Samirə onun bacısına göz vurmadığını, təhqir etmədiyini və söz atmadığını bildirmiş, həmçinin “qıza baxarlar” deyə söyləmişdir. Daha sonra o yenidən toy çadırına qayıtmaq istəmişdir.Bu zaman Samir onu yenidən çağıraraq onun yanına gəlməsini söyləmiş və ondan nəyə görə bacısına baxdığını soruşmuşdur. Samirə bu gün onun bacısının toyunun olmasını bildirmiş və artıq sözsöhbətə ehtiyac olmadığını bildirmişdir. Bundan sonra onlar Samirin yaşadığı evin həyətindən çıxaraq küçəyə tərəf getmişdir. Onlar küçədə kolluğun arxasında dayanmış və Samir yenə də eyni sözləri təkrar etmişdir. Həmin vaxt Samirin digər qardaşı Elgün onlara yaxınlaşmış və Samirə onu işarə edərək “kişidən nə istəyirsən, imkan ver toya gəlib toya baxsın” deyə söyləmişdir. Bu zaman Samirin bibisi oğlu olmasını və Yevlax rayonundan olmasını xatırladığı Məhəmməd adlı şəxs də bizə yaxınlaşmışdır. Məhəmməd onun ünvanına nalayiq ifadə işlətmişdir. O da bundan əsəbləşdiyi üçün ona öz iradlarını bildirmişdir. Həmin vaxt Samir onu qucaqlamışdır. Həmin vaxt o, sol böyür nahiyəsindən bıçaqla vurulduğunu hiss etmiş və dərhal geriyə doğru çevrilmişdir. Bu zaman əvvəllər tanıdığı Səbuhi adlı şəxsin əlində olan bıçaqla onun böyür nahiyəsindən vurmasını görmüşdür. Daha sonra onun Səbuhiyə tərəf çevrilməsini görən Səbuhi həmin bıçaqla bir dəfə də onun sol qol nahiyəsindən vurmuşdur. Bundan sonra o, Səbuhinin oradan uzaqlaşmasını gördüyü üçün ona yaxınlaşmış və Səbuhi ilə mübahisə etmək istəmişdir. Daha sonra o yaxınlıqda olan şəxslərin köməkliyi ilə Ağdaş rayon mərkəzi xəstəxanasına gəlmiş, xəstəxanada ona ilk tibbi yardım göstərilmiş və səhhətində ciddi problem olduğu üçün onu Mingəçevir şəhər mərkəzi xəstəxanasına təxliyyə etmişdirlər. Təqsirləndirilən şəxs ilə aralarında heç bir mübahisənin baş verməmişdir, Səbuhi onu anidən bıçaqla vurduğunu göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onunla qonşuluqda yaşayan Cavanşir Abdullayev qızına toy şənliyi etmişdir. O təxminən saat 18 radələrində toya getmişdir. Cavanşirin yaşadığı evin qarşısında olan zaman küçədə bir neçə şəxsin həmçinin onun tanışı olan Alimin kimləsə mübahisə etməsini görmüşdür. Buna görə də həmin şəxsləri aralaşdırmaq üçün onlara yaxınlaşmışdır. O, Alimi aralaşdrmaq istəyən zaman onun qolundan qan axmasını görmüşdür. Buna görə də dərhal əynində olan maykasını çıxararaq Alimin qolun bağlamışdır. Həmin vaxt Səbuhinin qaçaraq Alimin üzərinə gəlməsini görmüşdür. Lakin həmin vaxt Səbuhinin əlində bıçaq olmasını bilməmişdir. Səbuhi qaçaraq gələn zaman ayağı iliş və yerə yıxılmışdır. Səbuhi yerə yıxılan zaman onun əlindən meyvə bıçağı yerə düşmüşdür. Həmin vaxt Səbuhinin həmin bıçağı götürərək başqa kiməsə xəsarət yetirməməsi üçün həmin bıçağı yerdən götürərək kolluğa atdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onunla qonşuluqda yaşayan Cavanşir Abdullayev qızına toy şənliyi etmiş və o da həmin toyda iştirak etmişdir. Təxminən saat 18 radələrində onunla qonşuluqda yaşayan Alim ilə Səbuhi, Samir və Məhəmmədin mübahisə etmələrini görmüşdür. Buna görə də onlara tərəf getmişdir. Bu zaman Səbuhinin bıçaqla Alimin qolundan və böyüründən vurmasını görmüşdür. Dərhal yaxınlıqda olan şəxslər onları aralaşdırmışdır. O və Valeh Alimə tərəf getmişlər, Valeh əynində olan maykanı çıxaraq Alimin qolunu sarımışdır. Təqsirləndirilən şəxs döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Həmçinin Valeh və Alimin Səbuhini döyməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadıqları Ağdaş rayonu Malay kəndində yerləşən evlərinin həyətində bacısı üçün toy şənliyi keçirilmişdir. Həmin toy şənliyində onun bibisi oğlu Səbuhi, həmçinin həmkəndliləri və qonşuları olan Alim, Famil və Valeh də iştirak etmişdirlər. Toy gedərkən küçədə səs-küy olmasını eşitmişdir. Buna görə də küçəyə çıxmış və bu zaman Alim ilə Səbuhinin dalaşmasını görmüşdür. Buna görə də dərhal onlara tərəf getmiş və bibisi oğlu Səbuhini geriyə doğru çəkərək oradan uzaqlaşdırmışdır. Qardaşı Samir ilə Alim arasında mübahisə baş verməsi barədə heç bir məlumatı olmamışdır. Səbuhinin Alimi bıçaqla vurmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onun yaşadığı Ağdaş rayonu Malay kndində yerləşən evin həyətində bacısı üçün toy şənliyi keçirilmişdir. Həmin toy şənliyində onun bibisi oğlu Səbuhi, həmçinin həmkəndliləri və qonşuları olan Alim, Famil və Valeh də iştirak emişdirlər. Toy zamanı o Alimin onun bacısı Lamiyəyə baxmasını görmüşdür. Buna görə də Alimi kənara, toy çadırından yola tərəf çərək onun bacısına baxdığı üçün ona irad bildirmişdir. Alim də ona “qıza baxarlar da” deyə söyləmişdir. O da Alimə toyda onun da anasının və bacısının iştirak etməsini söyləmişdir. Bu zaman Alim ona bacısına pis gözlə baxmadığını bildirmişdir. O da Alimə bacısına pis gözlə baxa bilməyəcəyini söyləmişdir. Buna görə də aralarında sözdə mübahisə baş vermişdir. Bu zaman onların olduğu yerə bibisı oğlu Səbuhi də gəlmişdir. Səbuhi qəflətən arxa cibindən balaca meyvə bıçağını götürərək bir dəfə Alimin qolundan və bir dəfə böyüründən vurmuşdur. Bundan sonra Səbuhi yerə yıxılmışdır, həmin vaxt Famil, Valeh, qardaşı Elgün və o, Səbuhini və Alimi aralaşdırmışdırlar. Belə ki, o, arxadan Səbuhini qucaqlayaraq oradan kənarlaşdırmaq istəmişdir. Bu zaman Səbuhinin əlində olan bıçaq yerə düşmüşdür. Həmin vaxt orada olan Valeh bıçağı götürərək kolluğa atdığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 394 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bazunun yuxarı 3/1-də və gövdənin sol yan orta şöbəsində periton arxası sahəyə keçən (böyrəklər, böyrəküstü və mədəaltı vəzilər, sidik kisəsi zədələnməməklə) kəsilmiş-deşilmiş yaralar iti kənara malik deşici-kəsici əşyanın təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlirlə və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlərə uyğun gəlir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 395 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-boyun yuxarı 1/3-nin arxa sağ nahiyəsinin, sağ əlin İİİ daraq falanqa oynağının və İİ daraq falanqa oynağının üst səthlərinin sıyrıqları, küt alət təsinindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Mürsəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 noyabr 2022-ci il tarixli № 168 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Mürsəl kəndində qeydiyyatda olmaqla yaşayır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli № 1424 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən qismən səfərbərliyə cəlb olunmuş və xx.xx.2021-ci il tarixdək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına” və “Vətən müharibəsi iştirakçısı” meddalları ilə təltif olunmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 16:40da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 15 iyun 2022-ci il tarixli, 4(014)-74/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 4(014)-125/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdəsaxlama müddəti 01 (bir) ay 15 (on beş) gün, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olması nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməlidir. Barəsində barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 25 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar