Məhkəmə qərarları › İş №1(014)-23/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-23/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-23/2023 30.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxx 1996-cı ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, Maşad küçəsində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində 09 noyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,759 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 23:10 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Ağdaş RPŞ-nə gətirilməklə xx.xx.2022-ci il tarixdə saat 00:03-dən 00:14-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz əldə edərək saxladığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,759 qram olan həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayının əvvəllərində Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən qəbirstanlığın yanından keçən zaman siqaret qutusu görüb həmin siqaret qutusunda siqaret dənələrinin olmasını güman edib həmin siqaret qutusunu götürüb içərisinə baxan zaman siqaret qutusunun içərisində 01 ədəd sellofan büküm olduğunu görmüş, sellofan bükümü siqaret qutusunun içərisindən götürərək şalvarının sol yan cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Yaşadığı evdə olan vaxtlarda isə tapdığı 01 ədəd içərisində “kakos” kimi tanıdığı narkotik maddəni şalvarının cibində evdə heç kim bilməməsi üçün saxlamışdır. Daha sonra həmin narkotik maddə olan kakosdan iki dəfə istifadə etdikdən sonra yenidən həmin sellofanda olan narkotik maddəni şalvarının cibində sonralar yenə də, istifadə etmək üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:10 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Kolxoz bazarı” deyilən yerin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirərək onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm və həmin şalvarın sağ yan cibindən 02 ədəd 5 manatlıq pul əskinasları aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılarkən içərisindən qəhvəyi rəngli, kristal halında, markotik maddəyə bənzər maddə aşkar olunmuş, həmin maddənin narkotik maddə olduğunu, 3-4 gün öncə Ağdaş şəhəri Məşəd küçəsində yerləşən qəbiristanlığın yaxınlığından tapdığını demiş və özü istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 02 ədəd 5 manatlıq pul əskinasları iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. İş üzrə şahid, Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid2 Təbriz oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Maşad kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə, saat 23:10 radələrində Şahid1la birlikdə Pərvinin Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Kolxoz bazarı” deyilən yerdə piyada hərəkətdə olmasını görmüşlər. Həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişdir. Bundan sonra Pərvini RPŞ-nə dəvət etmiş, Pərvin də onlarla birlikdə Ağdaş RPŞ-nə gəlmiş, Ağdaş RPŞdə Pərvinə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində Pərvinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Pərvinin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm və həmin şalvarın sağ yan cibindən 02 ədəd 5 manatlıq pul əskinasları aşkar olunmuşdur. Onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılarkən içərisindən qəhvəyi rəngli, kristal halında, narkotik maddəyə bənzər maddə aşkar olunmuşdur. Pərvin həmin maddənin narkotik maddə olduğunu, 3-4 gün öncə Ağdaş şəhəri Məşəd küçəsində yerləşən qəbiristanlığın yaxınlığından tapdığını və özü istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan qəhvəyi rəngli, kristal halında olan narkotik maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 02 ədəd 5 manatlıq pul əskinasları iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 3- 4 gün öncə Ağdaş şəhəri Maşad küçəsində yerləşən qəbiristalığın yaxınlığından tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını barədə RPŞ-nə məlumat daxil olmamışdır. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/828 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,759 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərizəsində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1853 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümün aşkar olunmuş, büküm açıldıqda içərisindən qəhvəyi rəngli kristal halda olan narkotik maddəyə bənzər maddə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır, Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu, tutulmamışdan 3-4 gün əvvəl Ağdaş şəhəri Maşad küçəsində yerləşən qəbristanlığın yaxınlığından tapdığını bildirmişdir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmış, cəza çəkdiyi müəssisədən azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və xroniki bronxial astma xəstəsi olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhmum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin sadə residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 07 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,709 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,709 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar