Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-23/2025 17.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1972-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər Azərbaycan respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş şəhəri, C.Cabbarlı küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 475 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, C.Cabbarlı küçəsində saxlanıldıqdan sonra həmin tarixdə saat 15:26-dan 15:38-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli idman gödəkcəsinin alt hissəsindən 1 ədəd sellofan torbada təmiz çəkisi 475 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Ağdaş şəhəri, C.Cabbarlı küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşayır. Təxminən 10 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. Həmçinin əvvəllər Cinayət Məcəlləsinin bir sıra maddələri, eləcə də 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan qəbiristanlıqda olan zaman yerdə 1 ədəd sellofan torba görmüş, həmin torbanı yerdən götürmüş və açıb baxdıqda içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. Həmin torbanı gələcəkdə istifadə etmək üçün üzərində saxlamış, narkotik vasitəni gizlətməyə yer tapa bilmədiyindən yer tapana qədər üzərində gəzdirməyi planlaşdırmışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Ağdaş şəhəri, C.Cabbarlı küçəsində piyada hərəkətdə olarkən sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman polis əməkdaşları ona özlərində narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O da buna heç bir etiraz etməmişdir. O qərarla tanış olunmuş, hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim edilmiş, ondan üzərində narkotik vasitələr saxlayıb- saxlamamağı soruşulmuş, o da üzərində özünün istifadə etməyi üçün narkotik vasitə olmasını bildirmişdir. Daha sonra o, qara rəngli idman gödəkcəsinin alt hissəsində gizlətdiyi içərisində narkotik vasitə marixuana olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 481 qram olması müəyyən edilmişdir. 1 ədəd sellofan torba 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı qısaqol gödəkcəsinin sol yan cibindən 1 ədəd içərisində siqaret dənəcikləri olan siqaret qutusu və 1 ədəd alışqan aşkar olunmuş, daha sonra siqaret qutusu və alışqan geri qaytarılmışdır. Şifahi qaydada sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitələri xx.xx.2025-ci il tarixdə Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan qəbirstanlığın yaxınlığında olan su kanalından balıq tutan zaman zibillikdən tapdığını bildirmiş, lakin həmin an həyəcanlandığından belə bildirmişdir. Belə ki, o həmin sellofan torbanı qəbirsitanlıqda olan zaman yerdə tapmış, həmin qəbirstanlıq su kanalının yaxınlığında yerləşir. Bundan sonra şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 1 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ona üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. O, üzərində olan qısaqol gödəkcəsinin sol yan cibindən 1 ədəd içərisində siqaret dənəcikləri olan siqaret qutusunu və 1 ədəd alışqanı təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman qısaqol gödəkcəsinin sağ yan cibindən hüquq və vəzilərinin əks olunduğu bildiriş aşkar edilmiş, daha sonra bildiriş, siqaret qutusu və alışqan geri qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Ağdaş şəhəri, Maşad küçəsində yerləşən qəbirsitanlıqda olan zaman yerdən tapmış, gələcəkdə istifadə etmək üçün saxlamış, bu barədə kimsənin xəbəri olmamış, heç vaxt narkotik vasitələrin və ya psixitrop maddələrin satışı ilə məşğul olmamış, ifadəsinin alınmasında heç bir güc və ya psixoloji təzyiq tətbiq edilməmişdir. O, özünə məxsus “Samsung” markalı mobil telefonu olmaqla həmin mobil telefonun üzərində özünə məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ağdaş RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:26-da Ağdaş şəhəri, C.Cabbarlı küçəsində saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra o, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə soruşulmuş, o, üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba təqdim etmiş, narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 1 ədəd sellofan torbanın təxmini çəkisi 481 qram olması müəyyən edilmiş, daha sonra 1 ədəd sellofan torba 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qısaqol gödəkcənin sol yan cibindən 1 ədəd içərisində siqaret dənəcikləri olan siqaret qutusu və 1 ədəd alışqan aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni xx.xx.2025-ci ildə Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan qəbiristanlığın yaxınlığında olan su kanalından balıq tutan zaman yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanıılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 1 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞ-in təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qısaqol gödəkcəsinin sol yan cibindən 1 ədəd içərisində siqaret dənəcikləri olan siqaret qutusunu və 1 ədəd alışqanı təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman qısaqol gödəkcəsinin sağ yan cibindən hüquq və vəzilərinin əks olunduğu bildiriş aşkar edilmişdir. Daha sonra bildiriş, siqaret qutusu və alışqan geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:26-da Ağdaş şəhəri, C.Cabbarlı küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 481 qram olmuş, sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qısaqol gödəkcənin sol yan cibindən 1 ədəd içərisində siqaret dənəcikləri olan siqaret qutusu və 1 ədəd alışqan aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci ildə Ağdaş şəhərində yerləşən “Maşad qəbiristanlığı” adlanan qəbiristanlığın yaxınlığında olan su kanalından balıq tutan zaman yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2025-ci il tarixli, 17/59 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə”. yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisində olan üzəri yapışqan lentlə sarınmış 1 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 475,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-сi il tarixli, № 176 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əzizov X2 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 67-ci maddəsi tətbiq edilməklə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikaı Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılıb. xx.xx.2023-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 2 ay 5 gün hissəsindən vaxtından əvvəl şərti azad olunub. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)- 70/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş yeddi ay iyirmi iki gün hissəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş yeddi ay iyirmi iki gün hissəsi hazırki hökmlə təyin edilmiş iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza, iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, c/1-152 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı üzrə cəzasını xx.xx.2023-cü ildə tam olaraq çəkib qurtarmış və üzərində heç bir öhdəlik qalmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2025-ci il tarixli 18-1-22/2-153/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X6 Poliklinika şöbəsində “Eroin (Tiryək) qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 fevral 2025-ci il tarixli, № 5-32-12/2-Ə-403/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, C.Cabbarlı küçəsi, 3№-li evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: arvadı – xx.xx.1974-cü il təvəllüdlü X4, oğlu - xx.xx.2003cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 fevral 2025-ci il tarixli, № 5-32-12/2-Ə-403/2025 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:26da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 4(014)-8/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Cinayət qanunu ilə şəxsin əvvəllər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi və yaxud ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması residivin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. CM-in 65-ci maddəsi residivə görə təyin edilən cəzanın müddətini residivin növündən asılı etdiyindən, hökmdə residivin hansı növünün müəyyən edildiyi, yəni residivin sadə, təhlükəli və ya xüsusilə təhlükəli olması müvafiq əsaslar gətirilməklə aydın şəkildə göstərilməlidir. Əgər residivin müəyyən edilməsi şəxsin əvvəllər hökmlərin məcmusu qaydasında məhkum edilməsi ilə əlaqədardırsa, yalnız həmin (hökmlərin məcmusu qaydasında cəzanın təyin olunmasına dair) hökm deyil, həm də hökmlərin məcmusunu təşkil etmiş daha əvvəl çıxarılmış digər hökmlər də ayrı-ayrılıqda nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 21 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 474,90 qram qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 474,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-23/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-23/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver