Məhkəmə qərarları › İş №1(014)-25/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-25/2020

19.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-25/2020 19.05.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimov Həsən Ramiz oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs 14 avqust 1962-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, SU-18də qeydiyyatda olan və yaşayan, barəsində 20 fevral 2020-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 oktyabr 2019-cu il tarixdə, saat 09:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1 və 8-ci bəndlərinin tələblərini pozaraq yəni, avtomobili idarə etmək huququ və sürücülük vəsiqəsi olmadan yüngül dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21154 markalı ** HP *** qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospekti ilə üzü Ağdaş avtovağzalı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmalı olduğu halda bunu etməmiş və Ağdaş şəhəri S.Vurğun adına tam orta məktəbin qarşısında yolu soldan sağa adi addımlarla keçmək istəyən piyadalar xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması (QKBT), baş beyinin yüngül dərəcələi əzilməsi, sol alın nahiyəsində epidural hematoma, sol alın sümüyünün xətti sınığı, üzün və bədənin çoxsaylı sıyrıqları, sağ diz oynağının ön səthinin sıyrıqları ilə müşayət olunan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vuran, xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 isə qapalı kəllə beyin travması,beyin silkələnməsi, sol əlin İ barmağının distal falanqasının yerdəyişməyən sınığı, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ və sol diz oynağının ön səthinin sıyrıqları ilə müşayət olunan sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vuran xəsarətlər yetirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən qəsdən hadisə yerindən qaçmışdır. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində oğlu İsmətə məxsus VAZ-21154 markalı ** HP *** dövlət nömrə nişanlı avtomobili idarə etdiyini, həmin avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsinin olmadığını, hərdən bir həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, 09 oktyabr 2019-cu il tarixdə, saat təxminən 09:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ilə üzü Ağdaş avtovağzalı istiqamətinə 50 km/saat sürətlə hərəkət etdiyini, bu zaman Ağdaş şəhəri Mədəniyyət evinin qarşısında sağda bir nəfər tanımadığı lakin xəstəxanada işlədiyini bildiyi bir nəfər qadının ona əl etdiyini, avtomobili saxldığını, həmin qadının onu xəstəxanaya aparmağını bildirdiyini, həmin qadını Ağdaş RMX-na apararkən Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən S.Vurğun adına məktəbin qarşısına çatan zaman işiqforun yaşıl işığı yandığını, hərəkətinə davam edərkən yolun sol hissəsindən sağına adi yerişlə bir nəfər qadının və yanında da azyaşlı oğlan uşağının keçdiyini görüb dərhal əyləcdən istifadə etdiyini, buna baxmayaraq avtomobilinin sağ tin hissəsinin həmin uşağa və qadına dəydiyini və zərbədən hər ikisinin asfalt hissəyə yıxıldığını, həmin uşaq və qadına yardım edib xəstəxanaya aparmaq üçün avtomobili yolun sağ hissəsinə verib saxladığını, lakin bu zaman tanımadığı yol keçən şəxslərin həmin uşaq və həmin qadını xəstəxanaya apardıqlarını, onun sərnişin kimi götürdüyü qadının da avtomobildən yerə düşdüyünü, özü isə avtomobili ilə hadisə yerindən evə getdiyini, evdə oğlu İsmətə məlumat verdiyini,həmin vaxt polislərin onun arxasınca gəldiyini, sonra polislərlə hadisə yerinə qayıtdığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində 09 oktyabr 2019-cu il tarixdə, səhər 07:30 radələrində evdən çıxıb oxuduğu Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən S.Vurğun adına tam orta məktəbə gedib 08:00 radələrində 1-ci dərsə daxil olduğunu, 1-ci dərsin saat 08:45 radələrində qurtardığını, tənəffüs vaxtı acdığı üçün H.Əliyev prospektində üzü şəhər istiqamətindən avtovağzal istiqamətinə gedəndə yolun sağ hissəsində olan ərzaq mağazasından peçenya almaq qərarına gəldiyini, tək məktəbin giriş qapısına gedib, prospektə çıxıb işıqforun qırmızı işığının yanmasını, avtomobillərin hərkətinin dayanmasını gözlədiyini, bu zaman oxuduğu məktəbdən tanımadığı bir qadının çıxıb onun yanına gəldiyini, həmin qadının da yolun digər hissəsinə keçdiyini, qadının ona gəl sənidə yolun digər hissəsinə keçirdim dediyini, etiraz etmədiyini, həmin qadının onun solunda olmaqla birlikdə piyada adi yerişlə yolun digər hissəsinə keçmək istəyəndə avtovağzal istiqamətindən şəhər istiqamətinə gedən avtomobillərin onları görən kimi hərəkətlərini tam dayandırdıqlarını, onlar isə hərəkətlərinə davam etdiklərini, yolun digər hissəsinə təxminən 1-2 metr qalmış avtomobilin tormozunun səsini eşitdiyini, həmin vaxt sağ hissəsindən nəsə ona dəydiyini, bu zaman asfalt hissəyə yıxıldığını, ayılanda Ağdaş RMX-da olduğunu bildiyini, həmin vaxt tanımadığı, lakin adının sonradan Aynur olduğunu bildiyi qadınla, yolun digər hissəsinə keçən vaxt şəhər istiqamətindən gələn VAZ-21154 markalı avtomobilin sürücüsü Fikrət adlı şəxsin avtomobilin qabaq hissəsi ilə həm onu, həm də Aynur adlı qadını vurmasının sonradan ona məlum olduğunu, hazırda iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində 09 oktyabr 2019cu il tarixdə, səhər saat 08:45 radələrində qaynı Elmanın idarə etdiyi VAZ-2106 markalı avtomobillə övladlarını Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən S.Vurğun adına 1 saylı tam orta məktəbə apardıqlarını, Elmanın avtomobili üzü şəhər istiqamətinə gedəndə S.Vurğun adına məktəbin qarşısında yolun sağında saxladığını, avtomobildən düşüb öz oğlan övladını və Elmanın bir oğlan övladını maşından düşürdüb S.Vurğun adına 1 saylı tam orta məktəbə girib öz sinif otaqlarına yerləşdirib, qayıdıb yenidən Elmanın avtomobilinə əyləşib işə getmək istəyəndə Elman avtomobili S.Vurğun adına məktəblə üzbəüz üzü avtovağzal istiqamətinə gedəndə yolun sağında saxladığını gördüyünü, tez adi addımlarla piyada keçidindən yolun digər hissəsinə keçən zaman üzü şəhər istiqamətindən sonradan adını bildiyi Fikrət adlı şəxsin idarə etdiyi qara rəngli nömrəsini bilmədiyi VAZ-21154 markalı avtomobil ilə piyada keçidinin üzərində onu avtomobilinin qabaq hissəsi ilə vurduğunu, yolun sağına asfalt hissəyə düşdüyünü, həmin vaxt onun sağ hissəsində bir uşağında asfalt hissədə uzandığını və həmin uşaqda da xəsarət olduğunu gördüyünü, həmin zaman həmin uşağıda Fikrətin avtomobillə vurduğunu bildiyini, Fikrətin avtomobili ilə təxminən 2-3 metr gedib dayandığını, bu vaxtı qaynı Elmanın qaçaraq onun yanına gəldiyini və onu öz avtomobilinə əyləşdirdiyini, daha sonra həmin uşağıda avtomobilə qoyub xəstxənaya aparmaq istədiyini, həmin uşağın yanına getdiyini və sonra Elman qayıdıb avtomobilə əyləşdiyini, həmin vaxt özünü pis hiss etdiyini və daha sonra nə olduğunu bilmədiyini, ayılanda Ağdaş RMX-da müalicə olunduğunu gördüyünü, sonadan Elmanın ona həmin VAZ 21154 markalı avtomobil onları vuranda Elmanın avtomobilin sol güzgüsü ilə arxaya baxdığını, həmin avtomobilin onları vurduqdan sonra avtomobildən düşdüyünü, həmin sürücüyə dalaşıb yumruqla həmin avtomobilin qabaq alın şüşəsini vurub sındırdığını, daha sonra onu avtomobilə yerləşdirib geri qayıdıb həmin uşağıda avtomobilə yerləşdirib xəstəxnaya aparmaq istəyəndə həmin uşağı bir nəfər şəxsin avtomobilə qoyub xəstəxanaya apardığını, həmçinin Elmanın ona sürücünün həmin vaxtı onlara heç bir köməklik göstərmədən avtomobili çevirib üzü şəhər istiqamətinə sürüb hadisə yerindən yayındığını dediyini, hadisə vaxtı sol baş barmağından qırıq xəsarəti aldığını, həmçinin sağ çiyin və baş nahiyəsindən sıyrıq xəsarətləri aldığını, iş üzrə Təqsirləndirilən şəxs onun müalicəsi üçün köməklik etdiyini, hazırda onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərdi. İş üzrə şahid, eyni zamanda Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 onun doğma oğlu olduğunu, oğlu Zərərçəkmiş şəxs2 Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən S.Vurğun adına tam orta məktəbin 5-ci sinif şagirdi olduğunu, oğlu Məhəmmədin 09 oktyabr 2019cu il tarixdə oxuduğu məktəbə getdiyini, saat 09:05 radələrində ona oğlunu avtomobil vurması və onu xəstəxanaya aparmaları barədə zəng gəldiyini, rayondan kənarda olduğu üçün həyat yoldaşına məlumat verdiyini, sonrada özü xəstəxanaya gəldiyini, olanları oğlu Məhəmməddən soruşanda Məhəmmədin səhər saat 09:00 radələrində məktəbin yanında yolun digər hissəsində yerləşən mağazaya bir qadınla keçməmək istəyərkən, yolun digər hissəsinə təxminən 1-2 metr qalmış şəhər istiqamətindən avtovağzal istiqamətinə hərəkətdə olan VAZ-21154 markalı avtomobil onu və həmin qadını vurduğunu bildirdiyini, sonradan ona oğlu Məhəmmədi vuran VAZ-21154 markalı avtomobilin sürücüsü Ağdaş rayon sakini Fikrət adlı şəxs olması məlum olduğunu, oğlunun baş, sifət nahiyyəsində və həmçinin də bədəninin müxtəlif yerlərində xəsarətlər olduğunu, iş üzrə Təqsirləndirilən şəxs oğlunun müalicəsi üçün köməklik etdiyini, hazırda onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində özünə məxsus VAZ-21154 markalı ** HP *** dövlət nömrə nişanlı avtomobilinin olduğunu, həmin avtomobili idarə etmək üçün lazımı sənədlərinin olduğunu, atası Təqsirləndirilən şəxs ona məxsus VAZ- 21154 markalı ** HP *** dövlət nömrə nişanlı avtomobili idarə etdiyini, lakin atası Fikrətin avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsinin olmadığını, hərdən bir atasının həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, 09 oktyabr 2019-cu il tarixdə, saat təxminən 09:10 radələrində evdə olduğunu, bu vaxt atasının onu çağırdığını gördüyünü, çölə çıxdığını və atasının həyacanlı olduğunu gördüyünü, atasından sənə nə olubdur deyə soruşduğunu, atasının da S.Vurğun adına məktəbin qarşısında biri qadın və bir uşağı avtomobillə vurduğunu bildirdiyini və gəl həmin yerə gedək dediyini, atası ilə söhbət edən zaman bu vaxt Ağdaş DYP-nin əməkdaşlarının atasının arxasınca gəldiklərini gördüyünü, bundan sonra həmin DYP-nin əməkdaşları atasına hadisə yerinə getmək lazım olduğunu dediklərini, atası ilə birlikdə hadisə yerinə gəldiyini, həmin vaxt hadisənin Ağdaş şəhəri H. Əliyev prospektində yerləşən S.Vurğun adına tam orta məktəbin qarşısında baş verdiyini bildiyini bildirdi. İş üzrə şahid x1 RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işlədiyini, 09 oktyabr 2019-cu il tarixdə, səhər radələrində Ağdaş şəhərində DYPB-nin YPX-nin inspektoru Şahid2la birlikdə öz xidməti vəzifəsini yerinə yetirdiyini, həmin vaxt Ağdaş şəhəri S.Vurğun adına məktəbin qarşısında qara rəngli VAZ-21154 markalı avtomobilin azyaşlı məktəblini və bir nəfər qadını vurması barədə məlumat aldıqlarını, həmin vaxt hadisə yerinə getdiklərini və sürücünün hadisə yerində olmadığını gördüklərini, bu zaman onlara hadisəni törədən şəxsin VAZ-21154 markalı ** HP *** qeydiyyat nişanlı avtomobili idarə edən Fikrət adlı şəxs olduğunu bildirdiklərini, bundan sonra Fikrətin yaşadığı ünvana getdiklərini və Fikrətin həmin vaxt yaşadığı ünvanda olduğunu, Fikrətə H.Əliyev prospektində iki nəfər şəxsi avtomobil ilə vurmasını bildirdiklərini, Fikrətin də öz əməlini etiraf etdiyini, daha sonra Fikrəti avtomobili ilə birlikdə hadisə yerinə gətirdiklərini, bundan sonra hadisə yeri müayinə edilərək fotoşəkillər çəkildiyini və həmçinin protokol tərtib olunduğunu, hadisə yerində görüntü kamerası olmadığını, hadisə yerində VAZ-21154 markalı avtomobilə məxsus təxminən 15,6 metr tormoz izi olduğunu, Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirildiyini və onun yüngül dərəcəli sərxoş olması müəyyən edildiyini, Fikrətin həmin avtomobili sürücülük vəsiqəsi, etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etdiyini və həmin şəxsləri vurduqdan sonra hadisə yerindən yayındığını bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 onun doğma oğlu olduğunu, oğlu Zərərçəkmiş şəxs2 Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən S.Vurğun adına tam orta məktəbdə təhsil aldığını və Məhəmmədin 5-ci sinif şagirdi olduğunu, Məhəmmədi 09 oktyabr 2019-cu il tarixdə oxuduğu məktəbə yola saldığını, həmin gün səhər radələrində əri Yaqubun ona zəng edərək Məhəmmədi avtomobil vurmasını və onu xəstəxanaya aparmalarını bildirdiyini, dərhal Ağdaş RMX-na getdiyini, xəstəxanaya gedəndə Məhəmmədin baş və digər nahiyələrindən xəsarət almasını və ona həkimlər tərəfindən tibbi yardım göstərildiyini gördüyünü, həmçinin də xəstəxanada ona Məhəmmədi vuran avtomobilin Məhəmmədin yanında olan digər bir qadını da vurmasının məlum olduğunu, həmçinin sonra əri Yaqubun da xəstəxanaya gəldiyini, daha sonra hadisə barədə oğlu Məhəmməddən soruşanda Məhəmmədin onlara səhər saat 09:00 radələrində məktəbin yanında yolun digər hissəsində yerləşən mağazaya bir qadınla keçmək istəyərkən, yolun digər hissəsinə təxminən 1-2 metr qalmış şəhər istiqamətindən avtovağzal istiqamətinə hərəkətdə olan VAZ-21154 markalı avtomobil onu və həmin qadını vurmasını bildirdiyini, oğlu Məhəmmədi vuran VAZ-21154 markalı avtomobilin sürücüsü Ağdaş rayon sakini Fikrət adlı şəxs olmasının onlara sonradan məlum olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 19.10.2019-cu il tarixli 526 №-li rəyindən görünür ki, x2 bədənində olan xəsarətlər-qapalı kəllə beyin travması (QKBT), baş beyinin yüngül dərəcəli əzilməsi, sol alın nahiyəsində epidural hematoma, sol alın sümüyünün xətti sınığı, üzün və bədənin çoxsaylı sıyrıqları, sağ diz oynağının ön səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 09.10.2019-cu il tarixə uyğun gəlir, həyat üçün təhlükləli olduqlarından zağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər hərəkətdə olan avtomobillə piyadanın toqquşması nəticəsində əmələ gələ bilərlər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 19.10.2019-cu il tarixli 525 №-li rəyindən görünür ki, x4 bədənində olan xəsarətlər-qapalı kəllə beyin travması-beyin silkələnməsi, sol əlin İ barmağının distal falanqasının yerdəyişməyən sınığı, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ və sol diz oynağının ön səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 09.10.2019-cu il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər hərəkətdə olan avtomobillə piyadanın toqquşması nəticəsində əmələ gələ bilərlər. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23.01.2020-ci il tarixli 1022 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21154 markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli sərxoş olması Ağdaş Mərkəzi Rayon x3 Stansiyasının 09.10.2019-cu il tarixli 210 №-li alkoqolun qəbulu faktı və sərxoşluq dərəcəsini təyin edən tibbi müayinə protokolu ilə təsdiq edilir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və vurduğu ziyanı tam olaraq ödəyərək zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdulaşdırılması cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1, 66.2 və 66.4-cü maddələrinə əsasən azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamağı, 05 fevral 2020-ci il tarixdən 19 may 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı üç ay on dörd gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxmağı və üzərində qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 70 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, vurulmuş ziyanın tam olaraq ödənilməsi, iş üzrə maddi sübut olan VAZ-21154 markalı ** HP *** qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 66.2 və 66.4-cü maddələrinə əsasən azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın, iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 fevral 2020-ci il tarixdən 19 may 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı üç ay on dörd gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il səkkiz ay on altı gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Vurulmuş ziyanın tam olaraq ödənilməsi, iş üzrə maddi sübut olan VAZ-21154 markalı ** HP *** qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar