Məhkəmə qərarları › İş №1(014)-25/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-25/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-25/2023 08.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1965-ci ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şəraitdə və tarixdə qanunsuz olaraq satış məqsədi ilə 1,33 qram eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşımış, həmin psixotrop maddənin bir hissəsini, yəni təmiz çəkisi - 0,051 qramını xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 1 ünvanında Şahid1 5 (beş) manat müqabilində satmış, xx.xx.2022-ci il tarixdə saat 19:45 radələrində Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 Ağdaş şəhəri İ.Millətoğlu küçəsində saxlanılaraq Ağdaş rayon Polis şöbəsinə gətirildikdən sonra, növbətçi hissədə həmin tarixdə saat 20:28 dəqiqədən 20:37 dəqiqəyədək üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,051 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri İ.Millətoğlu küçəsində saxlanılaraq Ağdaş rayon Polis şöbəsinə gətirildikdən sonra Növbətçi Hissədə həmin tarixdə saat 22:32 dəqiqədən 22:45 dəqiqəyədək üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan donun sağ yan cibindən 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, əvvəllər məhkum olunmadığını, xx.xx.2022-ci il tarixdə ərinin əmisi oğlugildə qonaq olan zaman onun telefonuna zəng gəldiyini, telefonu açan zaman Samid adlı polis əməkdaşının ona evinin yanında polis əməkdaşları olduğunu, evinə baxış keçirəcəklərini dediyini, daha sonra evinə tərəf gəldiyini, Gündüz həkimin evinin yanında polislərin onu saxladıqlarını, onu Ramin adlı polis əməkdaşının avtomobilinə mindirildiyini, ona məxsus mobil telefon ondan alındıqdan sonra RPŞ-yə gətirildiyini, polis şöbəsində ona ərizə imzalatdıqlarını və bundan sonra evinə baxış üçün getdiklərini, evinə gedən zaman polis əməkdaşlarının əlində sellofan paket olduğunu, evinin həyətinə daxil olub evə daxil olan zaman evinin dağınıq vəziyyətdə olduğunu gördüyünü, evində polislər tərəfindən axtarış aparıldığını, lakin axtarış zamanı videoçəkilişdən istifadə edilmədiyini, həmin vaxt polislər ona cibində olan əşyaları təqdim etməyi dediklərini, o da cibində olan evinin açarını və 5 manat pulu polislərə göstərdiyini, oğlanlarının narkotik vasitə istifadəçiləri olduğunu, polislər tərəfindən ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət əməlini etiraf etmədiyi təqirdə digər ailə üzvlərini tutacaqlarını bildirdiklərini, onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını, həmin maddəni onun üzərinə Rəşid adlı polis əməkdaşı qoyduğunu, Şahid1 onun qonşusu olduğunu, Şahid1 psixotrop maddə satmadığını, buna görə də ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən şübhəli şəxs qismində ifadə verən zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində ifadə verən zaman ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadəçisi deyil, oğlu Vüsal Allahverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunub, oğlu Vüsaldan yaşadıqları evdə psixotrop maddə olan “patı” qalmış, o da həmin maddəni satıb pul əldə edərək oğlunun müalicəsinə xərcləmək üçün saxlamışdır. Həmin maddədən xx.xx.2022-ci il tarixdə Anar adlı şəxsə 5 manata satmışdır. Bundan sonra Ağdaş rayon Polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək Şahid1 tutulduğunu və üzərindən psixotrop maddə metamfetmin aşkar edildiyini, həmçinin Anarın həmin psixotrop maddəni ondan amasını söylədiyni bildirmişdir. Buna görə də polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmiş, orada ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Vəkilin iştirakı ilə rayon polis şöbəsinin növbətçi hissəsində onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan donun sağ yan cibindən 1 ədəd sellofan büküm və 1 ədəd 5 manatlıq pul əsginası aşkar edilmişdir. Həmin sellofan büküm açılan zaman içərisindən ağ rəngli, kristal halında maddə aşkar edilmiş, həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,46 qram olmuşdur. Polis əməkdaşı həmin maddənin nə olmasını və haradan əldə etməsini soruşmuş, o da cavabında bildirmişdir ki, həmin maddə həbsdə olan oğlundan qalmış psixotrop maddədir və həmin maddəni sataraq oğlunun müalicəsi üçün xərcləyəcək. Üzərindən aşkar edilmiş 1 ədəd 5 manatlıq pul əsginasını Anara satdığı psixotrop maddənin müqabilində Anar ona vermişdir. Anara xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində 5 manat müqabilində psixotrop maddə satmışdır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində vermiş olduğu ifadəsi, üzləşdirmə istintaq hərəkətinin protokolu, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-kimyəvi ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospekti 74 ünvanında qeydiyyatda olan, xx.xx.1996-cı il təvəllüdlü Şahid1 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu, buna görə də tərəfindən həmin tarixdə müvafiq sənədləşdirmələr aparıldığını və rəisə məruzə olunduğunu, həmin gün təxminən saat 19:40 radələrində Ağdaş rayon Polis şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Ağdaş şəhəri İ.Millətoğlu küçəsində olan zaman Şahid1 küçədə piyada getməsini gördüklərini, buna görə də Anara yaxınlaşaraq özlərini təqdim etdiklərini, daha sonra Anara üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmasını bildirdiyini və onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirdiyini, Anar da onlarla razılaşdığını, bundan sonra Anar onlarla birlikdə rayon polis şöbəsinə gəldiyini, burada Anara dövlət hesabına hüquqi yardım almaq hüququ izah edildiyini və Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edildiyini, Anara dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, daha sonra rayon polis şöbəsinin növbətçi hissəsində Anarın üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı Anarın əyinində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kağız büküm aşkar edildiyini, daha sonra həmin kağız büküm açıldığını, həmin kağız bükümün içərisindən ağ rəngli, kristal halında psixotrop maddəyə bənzər maddə aşkar edildiyini, həmin bükümdə olan maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 0,11 qram olduğunu, Anar həmin maddənin “patı” adlandırılan psixotrop maddə olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Ağdaş şəhəri, “cırtdanlar” küçəsində yaşayan Şəhla adlı qadından 5 manata aldığını bildirdiyini, bundan sonra həmin kağız büküm kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, daha sonra Şahid1 şəxsi axtarış aparılan zaman psixotrop maddəni almasını bildirdiyi Şəhla adlı qadının şəxsiyyətinin müəyən edilməsi üçün tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirildiyini, keçirilmiş tədbirlər nəticəsində həmin qadının ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edildiyini, buna görə də Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün tərəfindən müvafiq sənədləşmələr aparılaraq rəisə məruzə olunduğunu, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi Şahid4 ilə birlikdə Ağdaş şəhəri İ.Millətoğlu küçəsində olan zaman Şəhlanın küçədə olmasını gördüklərini, buna görə də ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, daha sonra Şəhlaya üzərində narkotik vasitə saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə məlumat daxil olmasını bildirdiklərini, onu rayon polis şöbəsinə dəvət etdiklərini, Təqsirləndirilən şəxs Hikmətin avtomobili ilə onlarla birlikdə rayon polis şöbəsinə gəldiyini, rayon polis şöbəsində ona hüquqları izah edildiyini və dövlət hesabına müdafiəçi ilə təmin edildiyini, bundan sonra rayon polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan donun sağ yan cibindən açar, 1 ədəd sellofan büküm və 1 ədəd 5 manatlıq pul əsginası aşkar edildiyini, həmin sellofan büküm açıldığını və içərisindən ağ rəngli, kristal formada psixotrop maddəyə bənzər maddə aşkar edildiyini, sonra həmin sellofan bükümdə olan maddə elektron tərəzidə çəkildiyini və çəkisinin 1,46 qram olduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin psixotrop maddə olmasını, hazırda həbsdə olan oğlundan qalmasını və həmin psixotrop maddəni sataraq oğlunun müalicəsinə xərcləyəcəyini bildirdiyini, həmçinin Şəhla üzərindən aşkar edilmiş 5 manatlıq pul əsginasını Şahid1 psixotrop maddə sataraq əldə etdiyini bildirdiyini, daha sonra Şəhlanın üzərindən aşkar edilmiş sellofan büküm və 1 ədəd 5 manatlıq pul əsginası iş üçün maddə sübut əhəmiyyəti kəsb etdiklərindən kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurularaq götürüldüyünü, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evinə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən qanunsuz olaraq saxladığı hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, baxışın videoçəkiliş vasitəsi ilə keçirildiyini, baxışın və şəxsi axtarışın keçirilməsinə dair protokollar tərtib edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumatlar daxil olduğunu, lakin həmin məlumatları realizə etmək mümkün olmadığını, həmçinin Şəhlanın evində kamera olub-olmamasından xəbəri olmadığını, həmin kamera görüntülərini götürmədiyini, ümumiyyətlə görüntülərin götürülüb-götürülmədiyindən xəbəri olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağdaş şəhəri İ.Millətoğlu küçəsində olan zaman Şəhlanın küçədə olmasını gördüyünü, buna görə də ona yaxınlaşaraq özünü təqdim etdiyini, daha sonra Şəhlaya üzərində narkotik vasitə saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmasını bildirdiyini və onu rayon polis şöbəsinə dəvət etdiklərini, Təqsirləndirilən şəxs onlarla birlikdə RPŞ-yə gəldiyini, RPŞ-də ona hüquqları izah edildiyini və dövlət hesabına müdafiəçi ilə təmin edildiyini, bundan sonra rayon polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan donun sağ yan cibindən açar, 1 ədəd sellofan büküm və 1 ədəd 5 manatlıq pul əsginası aşkar edildiyini, həmin sellofan büküm açıldığını və içərisindən ağ rəngli, kristal formada psixotrop maddəyə bənzər maddə aşkar edildiyini, sonra həmin sellofan bükümdə olan maddə elektron tərəzidə çəkildiyi və çəkisi 1,46 qram olduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin psixotrop maddə olmasını, hazırda həbsdə olan oğlundan qalmasını və həmin psixotrop maddəni sataraq oğlunun müalicəsinə xərcləyəcəyini, həmçinin Şəhla üzərindən aşkar edilmiş 5 manatlıq pul əsginasını Şahid1 psixotrop maddə sataraq əldə etdiyini bildirdiyini, daha sonra Şəhlanın üzərindən aşkar edilmiş sellofan büküm və 1 ədəd 5 manatlıq pul əsginası iş üçün maddə sübut əhəmiyyəti kəsb etdiklərindən kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurularaq götürüldüyünü, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən qanunsuz olaraq saxladığı hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, baxış videoçəkiliş vasitəsi ilə keçirildiyini, baxışın və şəxsi axtarışın keçirilməsinə dair protokollar tərtib edildiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində latın qrafikası ilə yazıb-oxumağı bacardığını, onun və ya yaxın qohumlarından heç birinin ruhi əsəb xəstəliyi olmadığını, təxminən 8-9 il əvvəl yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını, sol ayağının diz oynağı təxminən 1 il əvvəl şişməsi və qan laxtalanmasının baş verdiyini, həmin xəsarətlərlə bağlı müalicə alan zaman ona güclü ağrıkəsici həblər verildiyini, lakin daha sonra həmin həblərin onun ağrılarının kəsilməsində heç bir kömək etmədiyini, bundan sonra narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başladığını, yəni narkotik vasitələrin istifadəçi olduğunu, təxminən 7-8 aydır ki, “kakos” adlandırılan narkotik vasitə olan heroindən və hərdən bir isə “patı” adlandırılan psixotrop maddə metamfetamindən istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:45 radələrində Ağdaş şəhəri İ.Millətoğlu küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlayaraq daşımağı və istifadə etməyi barədə onlarda məlumat olduğunu bildirdiklərini, daha sonra onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, RPŞ-də ona müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərinə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı əyinində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kağız büküm aşkar edildiyini, daha sonra həmin kağız büküm açıldığını və içərisindən ağ rəngli, kristal halında olan maddə aşkar edildiyini, həmin maddə elektron tərəzidə çəkildiyini, çəkisinin 0,11 qram olduğunu, polis əməkdaşı ondan həmin maddənin nə olduğunu və haradan, hansı məqsədlə əldə etdiyimi soruşduğunu, o da polis əməkdaşına həmin maddənin “patı” adlanan narkotik maddə olduğunu, həmin maddəni özü istifadə etmək üçün Ağdaş şəhəri “cırtdanlar küçəsi” deyilən küçədə yaşayan Şəhla adlı qadından aldığını, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Şəhla adlı qadından 5 manata aldığını, Şəhlanın yaşadığı evə gedərək onu çağırdığını, Şəhlanın onu həyətə dəvət etdiyini, daha sonra Şəhlaya “patı” almaq istədiyini bildirdiyini, daha sonra Şəhlaya 5 manat pul verdiyini, Şəhla da yaşadığı evə gedərək təxminən 1-2 dəqiqə sonra geri qayıdaraq ona 1 ədəd kağız bükümdə “patı” yəni psixotrop maddə olan metamfetamin gətirdiyini bildirmişdir. Amma əslində o, Təqsirləndirilən şəxs oğlanlarını tanıyır. Onun oğlanları həbs olunduqdan sonra hərdən Şəhlaya baş çəkir. 13 avqust 2023-cü il tarixdə onu Təqsirləndirilən şəxs evindən təxminən 200 metr aralı məsafədə polis əməkdaşları yaxınlaşaraq saxlamışlar. Saxlanıldığı gün ona Təqsirləndirilən şəxs psixotrop maddəni aldığını dəyərsə, onu həbsdən azad edəcəklərini bildirmişlər. O da ayağında ağrılar olduğundan və əməliyyat olunmalı olduğundan, məcbur qalıb bu məzmunda ifadə vermişdir. Əslində isə Şəhladan psixotrop maddəni vasitə almamışdır. Həmin psixotrop maddəni kolların dibindən siqaret qutusunun içərisində olan kağız bükümdə tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin rəisi vəzifəsində işlədiyini, ümumiyyətlə nə Anarın, nə də ki, Şəhlanın saxlanılmasına dair tədbirdə iştirak etmədiyini, Şahid1 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 əməliyyat məlumatı daxil olduğunu, buna görə də əvvəlcə Şahid1 tutularaq polis şöbəsinə gətirildiyini, sorğu zamanı Anar xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Şəhla adlı qadından 5 manata 1 ədəd kağız bükümdə “patı”, yəni psixotrop maddə olan metamfetamin aldığını bildirdiyini, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığını, onunla hər hansı bir düşmənçiliyi və ədavəti olmadığını, Şəhlanın harada və necə saxlanılmasından xəbəri olmadığını, ümumiyyətlə Şəhlaya zəng etmədiyini, Şəhlaya zəng edilən nömrənin ona məxsus olmadığını, əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olsa da, lakin həmin məlumatları realizə edə bilmədiklərini, həmin məlumatlar tam və dolğun olmadığı üçün Təqsirləndirilən şəxs barəsində əməliyyat işi açılmadığını bildirdi. Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclasında yenidən şahid qismində dindirilən Şahid6 ifadəsində Şəhlaya zəng etməyini xatırlamadığını, əgər edibsə, Şəhlanın yerini müəyyən etmək üçün zəng etdiyini, əməliyyat məlumatı əsasında Şəhlanın evində olmadığını bildiyi üçün Şəhlanın evinə gedilmədiyini, Anara sorğu zamanı onun və ya digər polis əməkdaşları tərəfindən heç bir təsir edilmədiyini, sorğu zamanı Anar xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Şəhla adlı qadından 5 manata 1 ədəd kağız bükümdə “patı”, yəni psixotrop maddə olan metamfetamin aldığını bildirdiyini göstərdi. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində Təqsirləndirilən şəxs onun əmisi gəlini olduğunu, aralarında hər hansı bir ziddiyyət və ədavətin olmadığını, Şəhla xx.xx.2022-ci il tarixdə onlara gəldiyini, bu zaman uşaqlara Şəhla 1 manat pul verdiyini, həmin vaxt onun xəstə olduğunu, Şəhla onlara gəldikdən sonra onun mobil nömrəsinə zəng gəldiyini və Şəhla onlara polislərin evdə onu gözlədiklərini, bundan sonra Şəhla onların evindən çıxıb getdiyini, səhəri gün Şəhlanı polislərin tutduğunu eşitdiyini, Təqsirləndirilən şəxs onların evində yarım saat qaldığını, Şəhlaya hansı polis əməkdaşının zəng etdiyini bilmədiyini, sonradan ona Şəhlaya zəng edən şəxsin Samid olduğunu dediklərini, Samidin onların uzaq qohumları olduğunu bildirdi. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında dindirilən şahid qismində dindirilən X10 ifadəsində fərdi qaydada informasiya texnologiyaları sahəsində xidmətlə məşğul olduğunu, yaddaş qurğuları öz xüsusiyyətinə görə görüntüləri 60 gündən bir sildiyini, kameraların yaddaşının əl ilə mexaniki surətdə format oluna, müdaxilə ilə silinə və ya bloklana biləcəyini, bundan başqa bəzi kameraları 5-6 dəfə cərəyana qoşub ayıranda yaddaşının silinə biləcəyini, polis şöbəsində kameralara baxış keçirilərkən texniki yardım lazım olduqda dəvət olunduğunu, Təqsirləndirilən şəxs evinə quraşdırılmış kamera görüntülərinin götürülməsi üçün polis şöbəsinə dəvət edilən gün başqa oğurluq hadisəsi ilə bağlı da görüntülərə baxmaq zərurəti var idi, müstəntiqin göstərişinə əsasən hər iki qurğunu açdığını və hansı yaddaş qurğusunun yaddaşının boş, hansının isə yaddaşında fayllar olduğunu xatırlamadığını, həmin yaddaşlar qurğularında olan görüntüləri köçürüb müstəntiqə təhvil verdiyini, həmin görüntülərin işlək vəziyyətdə olub-olmamasını bilmədiyini, faylların işləyib-işləmədiyini yoxlamadığını, müstəntiqə neçə fayl yükəyib verdiyini xatırlamadığını, həmin yaddaş qurğularından heç bir görüntü silmədiyini, həmin görüntüləri hansı tarixdə köçürdüyünü xatırlamadığını, ümumiyyətlə kameralara standart parollar qoyulduğunu, ev sahibinin öz istəyi ilə həmin parolların dəyişdirildiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirili bilinərək tutulması barədə məlumatı olduğunu, belə ki, xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 raportla rəisə məruzə edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını bildirdiyini və müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etdiyini, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq RPŞ-yə gətirildiyini, ondan olan məlumata görə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən təmiz çəkisi 1,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürüldüyünü, həmçinin xx.xx.2022-ci il tarixdə üzərində narkotik vasitəni saxlamasında və qəbul etməsində şübhəli bilinərək saxlanılan Şahid1 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,051 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini həmin tarixdə Təqsirləndirilən şəxs 5 manat qarşılığında satın aldığını bildirdiyi ona sonradan məlum olduğunu, Təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə dindirilən zaman ifadəsində xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Samid adlı polis əməkdaşının ona zəng edərək harada olmasını soruşması, daha sonra ona arxasınca polis əməkdaşları göndərməsi, həmin polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlməsini tapşırdığını, daha sonra onun arxası ilə gələn Ramin adlı polis əməkdaşının idarə etdiyi avtomobilə mindiyini, lakin Ramin adlı polis əməkdaşının avtomobilinə mindikdən sonra Raminin avtomobili Ağdaş RPŞ-yə sürdüyünü bildirməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq üçün bu cür yalandan ifadə verməsi olduğunu, onun Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə görmədiyini və idarə etdiyi avtomobil ilə RPŞ-yə gətirmədiyini, Təqsirləndirilən şəxs dedikləri həqiqəti əks etdirmədiyini, Təqsirləndirilən şəxs tutulmasında iştirak etmədiyini, həmin vaxt məzuniyyətdə olduğunu, Təqsirləndirilən şəxs ilə hər hansı bir düşmən münasibəti və ədavəti olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumatlar daxil olduğunu, lakin həmin məlumatları realizə etmək mümkün olmadığını bildirdi. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 Mahir oğlu ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Şəhla ilə hər hansı düşmən münasibəti və ədavəti olmadığını, Təqsirləndirilən şəxs borcu olduğunu, bununla bağlı bir neçə dəfə telefon danışıqları olduğunu, bundan başqa aralarında olan SMS-dən xəbəri olmadığını, SMS olmuşdursa da, SMS-in məzmunun onun yadından çıxdığını, həmin SMS-in onun telefonundan silindiyini bildirdi. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Şəhla ilə hər hansı düşmən münasibəti və ədavəti olmadığını, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Şəhlanın üzərinə təhqiqatçı baxış keçirdiyini, Şəhla onun haqqında tamamilə yalan danışdığını, Şəhla saxlanılan vaxt işdə olmadığını, istintaq zamanı Şəhlanın onun adını çəkmədiyini, lakin sonradan onun adını çəkməyə başladığını, Şəhlanın sənədləşmə işini etmədiyini, ümumiyyətlə Şəhlanı sənədləşmə işləri aparıldıqdan sonra gördüyünü, Şəhlanın bu məzmunda ifadə verməsinə səbəb onun öz əməlinə bəraət qazandırmaq istəməsi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospekti 74 ünvanında qeydiyyatda olan, xx.xx.1996-cı il təvəllüdlü Şahid1 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu, həmin gün təxminən saat 19:40 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağdaş şəhəri İ.Millətoğlu küçəsində olan zaman Şahid1 küçədə piyada getməsini gördüklərini, buna görə də Anara yaxınlaşaraq özünü təqdim etdiyini, daha sonra Anara üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olmasını və onlarla birlikdə RPŞ-yə getməli olduğunu bildirdiyini, Anarın da onlarla razılaşdığı, bundan sonra Anar onlarla birlikdə RPŞ-yə gəldiyini, burada Anara dövlət hesabına hüquqi yardım almaq hüququ izah edildiyini və Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edildiyini, Anara dövlət hesabına müdafiəçi təyin edilərək şübhəli şəxs qismində tutulduğunu, daha sonra RPŞ-nin növbətçi hissəsində Anarın üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı Anarın əyinində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kağız büküm aşkar edildiyini, daha sonra həmin kağız büküm açıldığı, həmin kağız bükümün içərisindən ağ rəngli, kristal halında psixotrop maddəyə bənzər maddə aşkar edildiyini, həmin bükümdə olan maddə elektron tərəzidə çəkildiyini və çəkisinin 0,11 qram olduğunu, Anar həmin maddənin “patı” adlandırılan psixotrop maddə olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Ağdaş şəhəri, “cırtdanlar” küçəsində yaşayan Şəhla adlı qadından 5 manata aldığını bildirdiyini, bundan sonra həmin kağız büküm kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu bildirmişdir. İşin materiallarında olan Şahid1 üzərinə baxış keçrilməsi haqqında CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə, saat 20:28-də müdafiəçinin iştirakı ilə Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəsində Şahid1 üzərinə axtarış aparılmış, şəxsi axtarış zamanı Anarın əyinində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kağız büküm aşkar edilmiş, daha sonra həmin kağız büküm açılmış və içərisindən ağ rəngli, kristal halında olan maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, çəkisi 0,11 qram olmuşdur. Polis əməkdaşı Anardan həmin maddənin nə olduğunu və haradan, hansı məqsədlə əldə etdiyini soruşmuş, Şahid1 polis əməkdaşına həmin maddənin “patı” adlanan narkotik maddə olduğunu, həmin maddəni özü istifadə etmək üçün xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Şəhla adlı qadından 5 manata aldığını, Şəhlanın yaşadığı evə gedərək onu çağırdığını, Şəhlanın onu həyətə dəvət etdiyini, daha sonra Şəhlaya “patı” almaq istədiyini bildirdiyini, daha sonra Şəhlaya 5 manat pul verdiyini, Şəhla da yaşadığı evə gedərək təxminən 1-2 dəqiqə sonra geri qayıdaraq ona 1 ədəd kağız bükümdə “patı” yəni psixotrop maddə olan metamfetamin gətirdiyini bildirmişdir. İşin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə baxış keçrilməsi haqqında CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə, saat 23:03-də Ağdaş rayon Polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Şəhla narkotik vasitə istifadəçisi olmadığını, oğlu Vüsal Allahverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğunu, oğlu Vüsaldan yaşadıqları evdə psixotrop maddə olan “patı” qaldığını, o da həmin maddəni satıb pul əldə edərək oğlunun müalicəsinə xərcləmək üçün saxladığını, həmin maddədən xx.xx.2022-ci il tarixdə Anar adlı şəxsə 5 manata satdığını bildirmiş, həmçinin Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Şəhlanın əynində olan donun sağ yan cibindən 1 ədəd sellofan büküm və 1 ədəd 5 manatlıq pul əsginası aşkar edilmiş, həmin sellofan büküm açılan zaman içərisindən ağ rəngli, kristal halında maddə aşkar edilmiş, həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,46 qram olmuşdur. İşin materiallarında olan Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilməsinə dair CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 stolun üzərində sərilmiş süfrənin altında balaca bir büküm olduğunu və həmin bükümü Anara verə biləcəyini söylədiyini, daha sonra həmin bükümü götürərək Anara verdiyini, bundan sonra Anarın ona 5 manat verdiyini, Anara həmin pula ehtiyacının olmadığını söylədiyini, Anarın da həmin pulu su almaq üçün verdiyini və pulu stolun üzərinə qoyaraq çıxıb getdiyini bildirmişdir. Məhkəmənin sorğusu əsasında maddi sübut kimi tanınmış yaddaş qurğusu Ağdaş RPŞ tərəfindən məhkəməyə təqdim olunmuş və həmin yaddaş qurğusuna məhkəmə iclasında baxış keçirilərkən yaddaşında heç bir məlumatın olmadığı müəyyən edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 14 avqust 2022-ci il tarixli 17/656 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid1 üzərindən aşkar olunmuş kağız büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,051 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X9 Bölməsindən alınmış 14 avqust 2022-ci il tarixli 17/657 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,279 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə olan metamfetamin ilə üzərində “Vət. Şahid1 üzərindən aşkar olunmuş kağız büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd göy-ağ rəngli kağız bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Qeyd: a) metamfetaminin təmiz çəkisi1,279 qram, tədqiqata sərf edildi 0,005 qram, qalıq 1,229 qram; b) metamfetaminin təmiz çəkisi 0,031 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,011 qram. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1784 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nakotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 2009 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır, aşağıdakı tərkibdə ailə üzvləri vardır: xx.xx.1985-ci il təvəllüdlü X2, xx.xx.1986-cı il təvəllüdlü X4, xx.xx.1994-cü il təvəllüdlü X6. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(014)-110/2022 saylı qərarından görünür ki, Ağdaş RPŞ-nin İstintaq qrupunun icraatında olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs, xx.xx.1965-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 4 ünvanında qeydiyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti üç ay həddində müəyyən edilmiş, həbsdə saxlanılması müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən, saat 22:20-dən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(014)-161/2022 saylı qərarından görünür ki, xx.xx.1965-ci ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbs müddəti, 2 (iki) ay, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bildməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun şübhəli şəxs qismində verdiyi ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə ibtidai istintaq zamanı şahid Anar Abdullyev təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı üzünə qarşı bildirmişdir ki, ondan 5 manata 1 ədəd kağız bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin almışdır. Bundan başqa, müdafiə tərəfi Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl ona polis əməkdaşlarının zəng etməsini bildirmiş və bunun səbəbi məhkəmə tərəfindən araşdırılarkən həmin mobil nömrənin məxsus olduğu Şahid6 ifadəsində Şəhlaya zəng etməyini xatırlamadığını, əgər edibsə, Şəhlanın yerini müəyyən etmək üçün zəng etdiyini, əməliyyat məlumatı əsasında Şəhlanın evində olmadığını bildiyi üçün Şəhlanın evinə gedilmədiyini bildirmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmasına ehtiyac yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,229 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,011 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd yaddaş qurğusu Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 138 manat 20 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd 5 manatlıq pul əsginası dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri cəmi 138,20 (yüz otuz səkkiz manat, iyirmi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,229 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,011 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 5 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd yaddaş qurğusu Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd 5 manatlıq pul əsginası dövlət nəfinə müsadirə olunsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar