Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-25/2024 30.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi. Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində qeydiyyatda olan, Ağdaş şəhəri, H.Əliyev prospekti 1/9 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddəni əldə edərək üzərində saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, qanunsuz olaraq ümumi təmiz çəkisi 1,368 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda, həmin tarixdə saat 14:44-dən 14:58-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən olan 1 ədəd siqaret qutusunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 1,368 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində uzun müddət narkotik vasitələrdən mütəmadi istifadə etdiyini, lakin hal-hazırda aradabir istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində küçə ilə hərəkət etdiyini, həmin vaxt yaşadığı küçədə, “Səma” şadlıq sarayının yaxınlığında yerdə sellofan büküm gördüyünü, yaxınlaşıb onu yerdən götürdüyünü, həmin bükümü açdıqda içərisində ağ rəngli kristal halında narkotik maddə olduğunu, həmin ağ rəngli maddənin narkotik maddə olan “patı” olduğunu güman etdiyini, həmin bükümü sonra istifadə etmək məqsədilə cibinə qoyduğunu, daha sonra isə evə gəldiyini, həmin bükümü cibində saxladığını, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində yaşadığı Ağdaş şəhəri, H.Əliyev propekti ünvanında yerləşən yaşadığı küçədə (Səma Şadlıq saryının yaxınlığındakı) piyada gedərkən Ağdaş RPŞ-nin 2 nəfər polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona psixotrop maddələrdən istifadə etməsi barədə məlumat daxil olduğunu, ona görə də üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini, özünün də onlarla birlikdə polis şöbəsinə gəldiyini, Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu və seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmamasının soruşulduğunu və əgər varsa təqdim etməyi bildirildiyini, əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd üzərinə “Magna” yazılmış siqaret qutusunu, 1 ədəd alışqanı, həmin şalvarın sağ arxa cibindən isə 1 ədəd pul qabını təqdim etdiyini, həmin əşyaları masanın üzərinə qoyduğunu, bundan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmadığını, daha sonra üzərindən aşkar edilmiş pul qabının açıldığını və içərisindən 1 ədəd boş kiçik sellofan paket, 1 ədəd gediş kartı və 1 bank kartı aşkar olunduğunu, bundan sonra üzərindən aşkar edilmiş siqaret qutusunun açıldığını və içərisindən 1 ədəd siqaret dənəsi və 1 ədəd şəffaf sellofan büküm aşkar edildiyini, həmin vaxt həmin sellofan bükümün içərisindəki maddənin narkotik vasitə olan patı olmasını bildirdiyini, bundan sonra 1 ədəd şəffaf rəngli sellofan bükümün kəsildiyini, baxış zamanı içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər maddə aşkar olunduğunu, bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisinin 1,5 qram olması müəyyən edildiyini, 1 ədəd bükümün 1 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürləndiyini, zərfin onun, müdafiəçi və şahidlər tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağının bildirildiyini, daha sonra üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən yaşadığı küçədən Səma şadlıq sarayının yaxınlığındakı yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını, polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etmədiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərində psixotrop maddə metamfetamin olmasından və onu şəxsi istifadəsi üçün saxlamağından heç kimin xəbəri olmadığını, ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıdığını, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanıldığını və Ağdaş RPŞ-yə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçinin təyin olunduğunu, Ağdaş RPŞ-nin təhqiqatçısı Elçin Mütəllimovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanıldığını, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirdiyini, əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd üzərinə “Magna” yazılmış siqaret qutusunu, 1 ədəd alışqanı, həmin şalvarın sağ arxa cibindən isə 1 ədəd pul qabını təqdim edərək masanın üzərinə qoyduğunu, bundan sonra onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmadığını, daha sonra aşkar edilmiş pul qabı açıldığını və içərisindən 1 ədəd boş kiçik sellofan paket, 1 ədəd gediş kartı və 1 bank kartı aşkar olunduğunu, bundan sonra aşkar edilmiş siqaret qutusunun açıldığını və içərisindən 1 ədəd siqaret dənəsi və 1 ədəd şəffaf sellofan büküm aşkar edildiyini, həmin vaxt Kənanın həmin sellofan bükümün içərisindəki maddənin narkotik vasitə olan “patı” olmasını bildirdiyini, bundan sonra 1 ədəd şəffaf rəngli sellofan bükümün kəsildiyini, baxış zamanı içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər maddə aşkar olunduğunu, bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini narkotik vasitəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisinin 1,5 qram olmasının müəyyən edildiyini, 1 ədəd bükümün 1 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürləndiyini, zərfin üzərinin iştirakçlar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı bildirildiyini, daha sonra Kənanın üzərindən aşkar edilmiş digər əşyaların iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıdığını, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman ona qarşı heç bir zor və güc tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və bu barədə məlumatlar daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd üzərinə “Magna” yazılmış siqaret qutusunu, 1 ədəd alışqanı, həmin şalvarın sağ arxa cibindən isə 1 ədəd pul qabını təqdim etmiş, həmin əşyaları masanın üzərinə qoymuş, bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamış, daha sonra aşkar edilmiş pul qabı açılmış, içərisindən 1 ədəd boş kiçik sellofan paket, 1 ədəd gediş kartı və 1 bank kartı aşkar olunmuş, aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən 1 ədəd siqaret dənəsi və 1 ədəd şəffaf sellofan büküm aşkar edilmiş, 1 ədəd şəffaf rəngli sellofan büküm kəsilmiş, baxış zamanı içərisində ağ rəngli, kristal halında narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisi 1,5 qram olmuş, 1 ədəd büküm 1 ədəd zərf ə qablaşdırılmaqla üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/767 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ağ rəngli, kristal halında maddə olan sellofan büküm....” sözləri, imzalar və adlar yazılmış zərfi içərisindəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,368 qran olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-сü il tarixli, № 1972 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xstəliyindən məcburi ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli 18-1-22/2-1728/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası” X7 poliklinika şöbəsində “Tiryək qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-64/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 66.2, 66.5-ci maddələri ilə təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş beş ay iyirmi doqquz gün hissəsinin Salyan Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 66.2, 66.5-ci maddələri ilə təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş beş ay iyirmi doqquz gün hissəsi hazırki hökmlə təyin edilmiş iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza, iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 7(002)-546/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 66.2, 66.5, 67.1 və 76.6.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr -Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 1 (bir) il 10 (on) ay 11 (on bir) gün azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldılması qərarı alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 07 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 07 noyabr 2023-cü il tarixli, № 1139 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospekti 1/9 №-li evdə yaşamaqla ailə tərkibi 1961-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən narkotik vasitə istifadə etdiyi üçün əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Cinayət qanunu ilə şəxsin əvvəllər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi və yaxud ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması residivin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. CM-in 65-ci maddəsi residivə görə təyin edilən cəzanın müddətini residivin növündən asılı etdiyindən, hökmdə residivin hansı növünün müəyyən edildiyi, yəni residivin sadə, təhlükəli və ya xüsusilə təhlükəli olması müvafiq əsaslar gətirilməklə aydın şəkildə göstərilməlidir. Əgər residivin müəyyən edilməsi şəxsin əvvəllər hökmlərin məcmusu qaydasında məhkum edilməsi ilə əlaqədardırsa, yalnız həmin (hökmlərin məcmusu qaydasında cəzanın təyin olunmasına dair) hökm deyil, həm də hökmlərin məcmusunu təşkil etmiş daha əvvəl çıxarılmış digər hökmlər də ayrı-ayrılıqda nəzərə alınmalıdır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə X2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 1,318 qram narkotik vasitə olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,318 qram narkotik vasitə olan metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-25/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-25/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver