Məhkəmə qərarları › İş №1(014)-26/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-26/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-26/2022 26.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1970-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Ağdaş Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 20 mart 2022-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən və naməlum tarixdə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.302 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq, daşımış və həmin psixotrop maddə 24 noyabr 2021-ci il tarixdə, saat 17:30-da ünvan 3 ünvanda yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində narkotik vasitə olan heroindən, marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə etdiyini, 24 noyabr 2021-ci il tarixdə, təxminən saat 16:40 radələrində Ağdaş şəhəri, Vaqif küçəsində olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitələrin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan büküm və həmin qış gödəkcəsinin sağ cibindən 01 ədəd yarım siqaret dənəsi və 01 ədəd kibrit dənəsi aşkar edildiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, üzərindən aşkar olunmuş sellofan bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirdiyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş içərisində psixotrop maddə olan 01 ədəd sellofan bükümü tutulmamışdan üç gün Ağdaş şəhəri, Maşad qəbristanlığının yanından yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. İş üzrə şahid Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 24 noyabr 2021-ci il tarixdə ünvan 1-də qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmə aparıldığını, həmin gün saat 16:40 radələrində Şahid2 ilə birlikdə İlqarı Ağdaş şəhərində Vaqif küçəsində piyada dayandığını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə İlqarın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı İlqarın əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan büküm və həmin qış gödəkcəsinin sağ cibindən 01 ədəd yarım siqaret dənəsi və 01 ədəd kibrit dənəsi aşkar edildiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, Təqsirləndirilən şəxs aşkar olunmuş sellofan bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş içərisində psixotrop maddə olan 01 ədəd sellofan bükümü tutulmamışdan üç gün əvvəl Ağdaş şəhəri Maşad qəbristanlığının yanından yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini göstərdi. İş üzrə şahid Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid3 Fərhad oğlu məhkəmə iclasında verdiyi ifadəsində 24 noyabr 2021-ci il tarixdə, təxminən saat 17:20 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, buna etiraz etmədiyini, ondan sonra bir nəfər də hal şahidi dəvət edildiyini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı İlqarın əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan büküm və həmin qış gödəkcəsinin sağ cibindən 01 ədəd yarım siqaret dənəsi və 01 ədəd kibrit dənəsi aşkar edildiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, İlqarın aşkar olunmuş sellofan bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 25.11.2021-ci il tarixli 17/820 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,302 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd sellofan bükümdəki 01 ədəd papirosda, təmiz çəkisi 0,13 qram olan olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 22.01.2022-ci il tarixli 90 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, 24 noyabr 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün, təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu, cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkünlüyü qənaətinə gələrkən onun şəxsiyyətini səciyyələndirən halları, üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırki cinayət işi üzrə tutulduğu tarixdən, yəni 20 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 107 manat 91 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan psixotrop maddə 1,252 qram metamfetamin məhv edilməli, 01 ədəd CD diski cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, doquz ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 20 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 107 manat 91 qəpik (yüz yeddiı manat doxsan bir qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan psixotrop maddə 1,252 qram metamfetamin məhv edilsin, bir ədəd CD diski cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar