Məhkəmə qərarları › İş №1(014)-27/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-27/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-27/2021 09.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Kotavan kəndində qeydiyatda olan, faktiki olaraq Ağdaş rayonu, Pirəyir kəndində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş şəhəri, M.Əfəndizadə küçəsi ev 1-də yaşayan Zərərçəkmiş şəxs ilə onun işlətdiyi Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Abu” mağazasında aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs sağ qolunu qəsdən buraraq ona sağ dirsək oynağının bağlarının gərilməsi ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və ifadəsində Zərərçəkmiş şəxs Abbas qızını 2018-ci il tarixdən tanıdığını, əvvəllər aralarında söz-söhbət və narazılıq olmadığını, 2018-ci ilin noyabrdekabr ayında Ulduzədən 3 dəfəyə, yəni 700, 700 və 500 manat olmaqla ümumilikdə 1900 manat sələmiyə pul götürdüyünü, sələminin faizinin 15 faiz olduğunu, Ulduzəyə hər ay 285 manat olmaqla 2020-ci ilin aprel ayına qədər faiz verdiyini, arada gecikmələrinin olduğu üçün Ulduzəyə olan borcunun faizinin şişib 2700 manat olduğunu, 2020-ci ilin aprel ayında Ulduzənin evində ona 700 manat pul verdiyini, ona 2000 manat borcunin qaldığını, Ulduzənin gəl səni lotoreyaya salım, pulu oradan götürüm, sən hər ay ödəyərsən dediyini, sonra onu 10 ay müddətinə 170 manatdan lotoreyaya saldığını, birinci lotoreyanı götürdüyü üçün 170 manat lotoreyanı təşkil edənə verdiyini, Ulduzənin oradan 1530 manat lotoreya pulunu götürdüyünü, 6 ay lotoreyanı verdiyini, 6 ayının qaldığını, ümumilikdə ona olan borcunun 1490 manat olduğunu, həmin borcdan bu yaxınlarda 100 manatını verdiyini, hazırda Ulduzəyə 1390 manat borcunun olduğunu, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində Ulduzənin mağazasına getdiyini, ona əvvəlcədən 3 kiloluq bankada satması üçün bal verdiyini, Ulduzəyə sat, əgər sata bilməsən gəlib pulu verib balı götürəcəm dediyini, buna görə Ulduzənin mağazasına getdiyini, orada Ulduzədən balı satıb-sata bilmədiyini soruşduğunu, əyləşib əlində avtomobilinin açarını oynatdığını, bu zaman Ulduzənin açarı onun əlindən alıb dartdığını, ondan avtomobilinin açarını istədiyini, lakin Ulduzənin vermədiyini, pulumu gətir, avtomobilin açarını verim dediyini, bundan sonra Ulduzənin onun avtomobilinin açarını vermədiyini, buna görə sonradan gəlib avtomobilini buksir edib apardığını, hazırda Ulduzəyə 3070 manat borcunun olduğunu, borcundan 700 manat ödədiyini, qalan borcunun ödənilməsi ilə bağlı razılığa gəldiklərini göstərdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, əvvəllər Qaliblə aralarında heç bir söz-söhbət və narazılıq olmadığını, Qalibin əvvəllər ondan bir neçə dəfə borca pul alıb qaytarmadığını, bir neçə il bundan əvvəl Qalibin ondan 2200 manat borc pul aldığını, həmin puldan 1700 manat pul qaytardığını, 500 manat borc pulu qaldığını, sonra isə Qalibin ona 30 manat dəyərində bal verdiyini, ancaq balı verdiyi tarixin yadında qalmadığını, Qalibin ona 470 manat borcu qaldığını, 2018-ci ilin təxminən yanvar ayında Qalibin ondan 1000 manat, həmin ilin fevral ayında isə 1700 manat borc pul istədiyini, Qalibə həmin pulları verdiyini, Qalibin ona olan borcunu qaytarmadığını, Qalibin xx.xx.2020-ci il tarixdə borcunu qaytarmalı olduğun, Qalibin həmin borcu qaytarmadığı üçün hüquqşunas Fəqan adlı şəxsin yanına getdiyini, bu barədə Fəqana dediyini, Fəqanın Qalibə zəng etdiyini, sonra Qalibin gətirib ona 100 manat əvvəlki borcundan pul verdiyini, başqa Qalibin ona pul vermədiyini, hazırda ümumilikdə Qalibin ona 3070 borcu olduğunu, dəfələrlə Qalibdən borcunu istədiyini, Qalibin vermədiyini, Fəqanın Qalibə zəng etdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 11:00 radələrində Qalib onlara gəldiyini, şikayət eləmə, sənin pulunu verəcəm dediyini, Qalibin idarə etdiyi VAZ-2106 markalı avtomobilinin açarını ona verdiyini, borcunu 3-4 saata gətirib verəcəyini bildirdiyini, Qaliblə razılaşdığını, təxminən bir saat sonra, yəni saat 12:00 radələrində Qalibin onun işlədiyi H.Əliyev prospketində yerləşən “Abu” marketə gəldiyini, Qalib açarı istədiyini, lakin pulu gətirmədiyini, Qalibdən pulunu istədiyini, Qalibin pul yoxdur dediyini, bunun üstündə aralarında mübahisə yarandığını, mübahisə zamanı Qalibi sinəsindən marketdən çölə çıxması üçün itələdiyini, Qalibin həmin vaxt sağ əlini burduğunu, qışqıraraq qolunu buraxmasını, şikayət edəcəyini dediyini, Qalibin hara istəyirsən get şikayət et dediyini, daha sonra xəbəri olmadan Qalibin öz avtomobilini buksirlə öz evinə apardığını, Qalibdən şikayət etmək fikrinin olmadığını, xx.xx.2020-ci il tarixdə qolu ağrıdığı üçün həkimə getdiyini, həkimin qoluna baxaraq müalicə yazdığını, polisə şikayət etdiyini, Qalibin qolunu buran zaman qonşusu Kəmalənin içəri daxil olduğunu, ümumilikdə 3070 manat borc pul verdiyini, Qalibə borc pul verən zaman yanlarında heç kəsin olmadığını, hazırda Qalibin ona olan 3070 manat borcdan 700 manat qaytardığını, qalan borcun ödənilməsi ilə bağlı razılığa gəldiklərini göstərdi. İş üzrə şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, Ulduzə ilə qonşu olduqlarını, Ulduzənin yaşadığı evin həyətində yerləşən, üzü Ağdaş şəhəri H.Əliyev prospektinə tərəf açılan mağazasının olduğunu, həmin mağazada alver etdiyini, Ulduzənin evi ilə öz evinin arasında yalnız hasar olduğunu, ona görə onun evinin həyətində nəsə olanda eşitdiyini, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində evdə olan zaman Ulduzənin mağazasından səs gəldiyini eşitdiyini, dərhal mağazaya getdiyini, içəri daxil olan zaman bir nəfər oğlanın Ulduzənin qolunu burduğunu və yumruqla çiynindən vurduğunu gördüyünü, Ulduzənin içəri daxil olduğunu görüb üstünə qışqıraraq içəri daxil olmamasını bildirdiyini, bir sözlə qovaladığını, Ulduzədən incidiyini, daha sonra bir neçə dəfə pəncərədən Ulduzənin sağ qolunu tuta-tuta gəzdiyini gördüyünü, Ulduzəyə həkimə getməsini məsləhət gördüyünü, daha sonra Ulduzənin qolunun sarıqlı olduğunu gördüyünü, ondan səbəbini soruşduğunu, Ulduzənin dirsəyinin çatladığını bildirdiyini, həmin oğlanın Ulduzənin qolunu burmasının səbəbini bilmədiyini göstərmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 568 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sağ dirsək oynağının bağlarının gərilməsi, küt alət (ola bilər burulma nəticəsində) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsə də, onun yuxarıda qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, cinayət işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Verilmiş mülki iddia ilə bağlı tərəflər razılığa gəldikləri üçün məhkəmə bunu müzakirə etməmək qənaətinə gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar