Məhkəmə qərarları › İş №1(014)-27/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-27/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-27/2022 15.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1974-cü ildə Ağdaş rayonu, Cardam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Cardam kəndində qeydiyyatda olan və yaşayan, barəsində 21 yanvar 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 19 noyabr 2021-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 20 noyabr 2021-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasinin ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 01 may 2020-ci il 161 №-li Qərarının 4.5.5-ci və 4-1.2-ci bəndlərinə zidd olaraq 01 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş rayonu, Cardam kəndində yerləşən yaşadığı evi tərk edərək piyada yaşadığı evin yerləşdiyi küçəyə çıxmış və bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 15:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində 19 noyabr 2021-ci il tarixdə Ağdaş RMX Publik Hüquqi şəxsdə COVİD-19 pandemiyasının yoxlanması məqsədi ilə analiz verdiyini, 20 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olan zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə SMS gəldiyini və həmin SMS-i oxuyan zaman 19 noyabr 2021-cil tarixdə Ağdaş RMX Publik Hüquqi şəxsdə COVİD-19 pandemiyasının yoxlanması məqsədi ilə verdiyi analizin nəticəsinin “pozitiv” olduğunu, özü və ailə üzvlərinin yaşayış yerini tərk etməmələri xahiş olunduğunu, karantin rejmini pozduqları təqdirdə Azərbaycan Respublikası İXM-də və CM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəkləri barədə SMS vasitəsi ilə xəbərdarlıq olunduğunu, həmçinin həmin gün Ağdaş RMX-da tanıdığı həkim Nüşabə Kazımova tərəfindən onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanıldığını və evi 14 gün ərzində tərk etməməyini bildirdiyini, evi tərk etdiyi halda məsuliyyətə cəlb olunmağı barədə ona xəbərdarlıq olunduğunu, 01 dekabr 2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə olunan Karonavirus xəstələrinin vəziyyətinə dair reyd keçirilən zaman həmin gün saat təxminən 14:55 radələrində yaşadığı evdə olduğunu, həmin zaman 3 nəfər polis əməkdaşlarının onu çağırdıqlarını, polis əməkdaşlarının ona COV-19 xəstəsi olduğu üçün onun evdə olub olmadığını yoxlamaq üçün gəldiklərini bildirdiklərini, evdə olduğunu və evdən çölə çıxmadığını dediyini, həmin polis əməkdaşlarından birinin ona atasıgilin evinin harada olduğunu soruşduğunu, onlara onun yaşadığı evdən təxminən 150 metr qabaqda olduqlarını dediyini, polis əməkdaşlarının ona evdən çölə çıxmamasını dediklərini, bundan sonra da avtomobilə əyləşib çıxıb getdiklərini, ona maraqlı olduğu üçün həmin vaxt oğlu Nihadla birlikdə yolda dayanaraq onların arxası ilə baxdığını, həmçinin həmin vaxt həmkəndlisi Mahirin də onu yolda gördüyünü və ondan polislərin onu niyə axtarırdıqlarını soruşduğunu, bir neçə dəqiqədən sonra polis əməkdaşlarının avtomobillə gəldiklərini və həmin zaman onun küçədə gördükləri üçün vidoçəkiliş apardıqlarını gördüyünü və ona nə üçün çölə çıxdığını, ona küçəyə çıxmamasını deyildiyini bildirdiklərini, həmin zaman polis əməkdaşlarının ona yaxınlaşmağını dediklərini, lakin polis əməkdaşlarının onu videoya çəkdikləri üçün yaşadığı evin həyətinə girdiyini, bundan sonra həmin gün küçəyə çıxdığı üçün polis əməkdaşlarının onun barəsində tədbir görülməsini üçün Ağdaş RPŞ-nə raportla müraciət etdiklərini bildiyini, barəsində Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlandığını sonradan bildiyini, yaşadığı evi bir dəfə tərk etdiyini, başqa heç bir vaxt tərk etmədiyini, COVİD-19 pandemiyası ilə bağlı analiz verən zaman ona məlumat verilməsi üçün xəstəxanada öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini bildirdiyini, telefonunun dalğası yaxın kəndlər olduğu üçün Tofiqi, Kotanarx, Məlikballı kəndləri ərazisində tuta biləcəyini, lakin Ağdaş şəhəri H.Əliyev prospekti və Ağdaş rayon Maşad kəndi ərazisində olmağı yadına gəlmədiyini, ola bilər ki, oğlunun onun telefonunu götürüb evdən harasa gedəndə telefonunun həmin dalğalarda tuta biləcəyini bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi, özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə şahidlərin ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, iş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 2015-ci ildən X3 xidmət etdiyini, 2021-cu ildən isə Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində xidmət etdiyini, mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş rayonu ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri Pozitiv çıxan şəxslər barədə Ağdaş RPŞ-nə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq əməkdaşlara verildiyini, bundan sonra əməkdaşlar tərəfindən həmin siyahı üzrə COVİD-19 testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsinin onlar tərəfindən yoxlanıldığını, 01 dekabr 2021-ci il tarixdə, saat təxminən 14:20 radələrində Ağdaş İTB-nin sahə polis nəfəri Müşfiq Bilalov və Tərlan Mikayılov ilə birlikdə Ağdaş rayonu, Cardam kəndində yaşayan 20.11.2021-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticələri pozitiv çıxmış Təqsirləndirilən şəxs yaşadığı ünava getdiklərini, həmin zaman Ağdaş rayonu, Tofiqi kənd yolu ilə piyada hərəkətdə olan sonradan adının Mahir olduğunu bildikləri şəxsdən Nofəlin yaşadığı ünvanı soruşduqlarını, Mahir adlı şəxsin də onları Nofəlin yaşadığı evin yerini başa saldığını və daha sonra Nofəlin yaşadığı evə gedib onun evində olub-olmamasını yoxladıqlarını, Nofəlin evdə olduğunu gördükdən sonra ona evdən çölə çıxmamasını, evdən küçəyə çıxdığı anda məsuliyyətə cəlb olunacağını dediklərini, bir daha onu karantin qaydalarına əməl etməsini, yaşadığı evdən çölə çıxmamasını bildirərək oradan uzaqlaşıb getdiklərini, təxminən aradan 20 dəqiqə keçdikdən sonra başqa bir xəstəni yoxlamaq üçün Nofəlin yaşadığı ev yerləşən küçədən keçən zaman Nofəlin həmin Mahir adlı şəxs və yanında bir nəfər şəxslə birlikdə küçədə söhbət etdiklərini gördüyünü, bu zaman avtomobildən düşərək onun videogörüntüsünü çəkdiklərini və həmin zamanda ona karantin qaydalarına əməl etməsini, yaşadığı evdən çölə çıxmamasını bildirdiyini dediklərini, bundan sonra Nofəl bir daha xəbərdarlıq edildikən sonra evlərinə yola salındığını, daha sonra Nofələ karantin rejimi qaydalarını pozaraq 01.12.2021-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı evi tərk edərək evdə mülaciə olunmalı olduğu halda yaşadığı evin yerləşdiyi küçədə aşkar olunduğuna görə protokol tərtib edildiyini, protokol əməkdaşlar tərəfindən imzalandığını, bundan sonra Nofəlin barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, Təqsirləndirilən şəxs ifadəsində 01.12.2021-ci il tarixdə onu evdə olub olmamasını yoxladıqdan sonra atasının evini göstərməyini bildirmələrini, bundan sonra onun yaşadığı evin həyətindən küçəyə çıxıb 150 metr qabaqda atasının evinin olduğunu dediyini, bundan sonra onun atasının yaşadığı ev istiqamətə getdiklərini, bir neçə dəqiqə sonra qayıdaraq onu videoçəkilişə alıb küçəyə çıxdığını dediklərini bildirməsi ilə bağlı Nofəlin yalan dediyini, onun evdə olub olmamasını yoxlayan zaman evdə olduğunu, ona da küçəyə çıxmamağı barədə xəbərdarlıq etdiklərini, bundan sonra da çıxıb getdiklərini bildirşdi İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonu, Cardam kəndində yaşayan Təqsirləndirilən şəxs onun qonşusu olduğunu, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, qonşu kimi münasibətlərinin yaxışı olduğunu, 01.12.2021-ci il tarixdə, saat təxminən 14:20 radələrində Ağdaş rayonu, Tofiqi kənd yolu ilə piyada yaşadığı evə gəldiyini, həmin zaman 3 nəfər polis əməkdaşlarının göy rəngli VAZ- 2107 markalı avtomobili ilə onun yanında dayandıqlarını və ondan Təqsirləndirilən şəxs evinin harada olduğunu soruşduqlarını, polis əməkdaşlarına Cardam kəndinə gedəndə sağa dönmələrini, sağda birinci qapı olduğunu dediyini, polis əməkdaşlarının da çıxıb getdiklərini, piyada təxminən 20 dəqiqəyə yaşadığı ev yerləşən küçəyə çatanda Nofəl və yanında qohumu Ruslanın oğlu Ağalar ilə birlikdə söhbət etdiklərini gördüyünü, onlara yaxınlaşdığını, salam verdiyini və Nofələ polis əməkdaşlarının onu axtardıqlarını dediyini, Nofəlin də ona polis əməkdaşlarının gəldiyini, onu yoxlayıb getdiklərini və ona evdən çölə çıxmamasını dediklərini bildirdiyini, bəs nə səbəbə küçəyə çıxdığını dediyini, həmin zaman Nofəlin də ona polis əməkdaşlarının çıxıb getdiklərini dediyini, Nofəllə söhbət edən zaman həmin polis əməkdaşlarının həmin avtomobillə qayıtdıqlarını gprdüyünü, onları görən kimi həmin yerdən uzaqlaşmaq istədiyini, bu zaman polis əməkdaşlarının Nofəli videoya çəkdiklərini, Nofəlin də onlara heç nə demədən yaşadığı evin həyətinə girdiyini, özünün də aralanıb evinə getdiyini bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında müəllim X2 iştirakı ilə verdiyi ifadəsində 20.11.2021-ci il tarixdə evdə olduğunu, həmin vaxt qapıda maşın dayandığını və qapıdan polislərin onları çağırdığını gördüyünü, özünün də atasını çağırdığını və yola çıxdıqlarını, həmin vaxt polislərin onlara COV-19 xəstəsi olduqlarını və küçəyə çıxmamalarını dediyini, daha sonra onlardan onun babasının evini soruşduqlarını, babasıgilin evini göstrədiklərini, daha sonra polislərin avtomobili sürüb getdiklərini və onların arxası ilə baxdıqlarını, polislərin gedib babasıgilin həyətində dayanmadıqlarını və ötüb çıxıb getdiklərini, daha sonra geri qayıtdıqlarını və onları evə qayıdarkən videogörüntüyə aldıqlarını və onlara çölə çıxmamaları deyildiyini bildidiklərini, babasının yaşadığı evlə aralarında təxminən 150 metr məsafə olduğunu, polislər həmin 150 metr məsafəni gedib geri qayıdana qədər onlara maraqlı olduğu üçün polislərin arxası ilə baxdıqlarını bildirdi. Cinayət işinə əlavə edilmiş Ağdaş MRX Publik Hüquqi şəxsin 20.12.2021-ci il tarixli 1818 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs test nəticələrinin pozitiv olması ilə bağlı onunla 20.11.2021-ci il tarixdə əlaqə saxlanılaraq məlumat verilmiş, 14 gün ərzində yaşayış yerinin tərk etməmək barədə təlimatlandırılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olması, həmin nömrəyə daxil olan və çıxan zənglərin, mesajların antenna danışıqlarına və SMS-ə dair siyahısı, SMS-in mətni, həmçinin həmin nömrəyə daxil olan və çıxan zənglərin, mesajların, SMS-in kimlərə məxsus olması barədə antenna danışıqlarına dair məlumatların əldə edilməsində dair DİN-nin BKİ-dən daxil olmuş məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs karantin müddəti ərzində müxtəlif vaxtlarda rayonun ayrı ayrı kəndlərində və şəhər ərazisində olmuşdur. Tələbnamədən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, X1 iştirakçısı olmasını, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar