Məhkəmə qərarları › İş №1(014)-28/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-28/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-28/2021 09.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Cabbarov Canbulaq Ağabala oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci ildə Ağdaş rayonu, Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridaxnasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 09 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:44 radələrində Ağdaş şəhəri, Babək küçəsi, ev 10-da yaşayan Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, H.Əliyev prospketi 79A ünvanında yerləşən paltar mağazasının qarşısına gəlmiş, orada 01 ədəd 40 manat dəyərində qış gödəkçəsini götürüb gizli talamaq istəyərkən mağaza sahibi Zərərçəkmiş şəxs onun arxası ilə küçəyə çıxaraq onu saxlatmaq istəmiş, lakin Təqsirləndirilən şəxs qış gödəkçəsini qaçırmaqla açıq talayaraq soyğunçuluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində hava soyuq olduğundan üşüdüyünü, pulu olmadığı üçün paltar ala bilmədiyini, oğurluq etmək qərarına gəldiyini, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 15:40 radələrində Ağdaş şəhəri, H.Əliyev prosketində yerləşən Canbulaq adlı şəxsin mağazasının qarşısına gəldiyini, Canbulaq həmin mağazada paltarların satışı ilə məşğul olduğunu, Canbulaqın mağazasında girişdə yerləşən vitrində olan gödəkçəklərdən birini oğurlamaq istədiyini, kənardan gəlib gedənlərin olmadığına əmin olduğu üçün əvvəlcə vitrinin sağ tərəfində aşağıda yerləşən qara rəngli qış gödəkçəsinin zamokunu açdığını, sonra gəlib gedən olmadığından tam əmin olduqdan sonra gödəkçəni vitrindən götürdüyünü, əyninə geyinəgeyinə mağazadan aralanmaq istədiyini, bu zaman mağazanın sahibi Canbulaq adlı şəxsin çıxdığını, Canbulaqın dayanmasını dediyini, lakin qaçmağa başladığını, qaçaqaça gödəkçəni geyindiyini, səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşlarına yaxınlaşaraq oğurluq etdiyini dediyini, özünü oğurluq etməyə görə təqsirli bildiyini, lakin soyğunçuluq etməyə görə təqsirli bilmədiyini göstərdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə, yəni soyğunçuluq deyil, oğurluq etməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək və məsuliyyətdən qaçmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş şəhəri, H.Əliyev prospekti 79A ünvanında yerləşən paltar mağazası işlətdiyini,xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 15:44 radələrində mağazada içəridə əyləşdiyini, içəridən küçəyə baxdığını, həmçinin kameradan küçəni, daha doğrusu mağazasının giriş qapısının ağız hissəsini gördüyünü, bir nəfər şəxsin giriş qapısının qarşısında mankenlərdə olan paltarlara baxdığını gördüyünü, həmin şəxsin mankenin üzərində olan gödəkçəyə yaxınlaşıb zamokunu açdığını gördüyünü, dərhal küçəyə çıxdığını, küçəyə çıxana qədər həmin şəxsin qara rəngli gödəkçəni mankenin üzərindən götürüb getdiyini, küçəyə çıxıb onu səslədiyini, gödəkçəni qaytarmasını tələb etdiyini, lakin həmin şəxsin onu görüb qaçdığını, onun arxası ilə qaçsa da çata bilmədiyini, bundan sonra həmin şəxsi axtarsa da tapa bilmədiyini, lakin həmin şəxsin adının Təqsirləndirilən şəxs olmasını öyrəndiyini, bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-nə ərizə ilə müraciət etdiyini, həmin gödəkçənin təzə vəziyyətdə olduğunu, dəyərinin 45 manat olduğunu, gödəkçənin geri qaytarıldığını, yəni ona dəymiş ziyanın ödənildiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərdi. İş üzrə Şahid məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5425 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd L ölçülü, qara rəngli gödəkçənin təzə vəziyyətdə orta bazar qiyməti təxminən 40,00 manat müəyyən olunur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 07 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 08 ay 14 gün, təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza, 01 il 09 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx xxxx 2021-ci il tarixə çəkilməmiş 01 il 06 ay 03 gün cəzası qalmışdır. Gizli oğlurluq edən Təqsirləndirilən şəxs özgənin əmlakını götürmə üzrə hərəkətinin aşkar olunduğunu bildikdən sonra da cinayətini davam etdirdiyi və götürdüyü əmlakla birlikdə hadisə yerindən uzaqlaşdığı üçün onun əməli özgənin əmlakını açıq talama, yəni soyğunçuluq kimi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş məhkumluqlar nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsiniin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 01 il 09 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 06 ay 03 gün hissəsini Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 günü hesabı ilə hesablanaraq, cəmi 09 ay 02 gün, hazırki hökmlə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan bir ədəd gödəkçənin iş üzrə zərərçəkmiş şəxsə qaytarılması, yəni vurulmuş 40 manat ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsiniin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş bi il doqquz ay on altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il altı ay üç gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanaraq, cəmi doqquz ay iki gün, hazırki hökmlə təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd gödəkçənin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması, yəni dəymiş 40 manat ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar