Məhkəmə qərarları › İş №1(014)-29/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-29/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-29/2025 29.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X9 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Ağdaş rayonu, Ağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdaş rayonu, Ağalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 470,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, 30 yanvar 2025-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Qolqəti kəndində saxlanılaraq həmin tarixdə saat 18:15-dən 18:31-dək üstü yoxlanılan zaman özü ilə birlikdə gəzdirdiyi 01 ədəd qara rəngli çantanın içərisində olan qara rəngli sellofan paketdə təmiz çəkisi 470,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 1-2 ildir ki, narkotik vasitələrdən istifadə edir və əvvəllər məhkum olunmuşdur. 2024-cü ilin sentyabr ayının ortalarında Ağdaş rayonu, Zeynəddin kəndində işi olduğu üçün həmin kəndə getmiş və həmin kənd ərazisində maşından aşağı düşüb piyada gedərək yolun kənarında boş sahədə yerdə qara rəngli sellofan paket olmasını görmüşdür. Həmin paketi yerdən götürüb açmış və içərisində narkotik vasitə olan marixuana olmasını görmüşdür. Həmin paketdə olan narkotik vasitəni istifadə etməsi üçün üzərində saxlamış və Ağdaş rayonu, Qolqəti kəndinə gedərək kolluqda gizlətmişdir. Müxtəlif vaxtlarda gizlətdiyi yerə gedərək həmin narkotik vasitədən 1-2 dəfə istifadə etmişdir. Sellofan paketin çöldə qalmasının ona problem olmasından qorxduğu üçün 30 yanvar 2025-ci il tarixdə həmin sellofan paketi yaşadığı evə gətirməsi üçün saat 18 radələrində paketi gizlətdiyi yerdən götürüb özü ilə gəzdirdiyi qara rəngli çantanın içərisinə qoymuşdur. Həmin gün saat 18:15 radələrində Ağdaş rayonu, Qolqəti kəndi ərazisində yaşadığı evə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib, üzərində narkotik vasitənin olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər. O da üzərində gəzdirdiyi 01 ədəd qara rəngli çantanın içərisində olan qara rəngli sellofan bağlamada olan narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşı ondan təqdim etdiyi bağlamanı haradan əldə etdiyini, içərisində nə olduğunu soruşmuş, o da həmin narkotik vasitəni sentyabr ayında sahəlikdən yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sellofan paket narkotik vasitəyə bənzər bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və üzəri möhürlənmişdir. Daha sonra onu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində ona müdafiəçi təyin edilmişdir. Bundan sonra onun üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, həmin vaxt qeydə alınmış videogörüntü olan diski, üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni və ona məxsus mobil telefonu təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı üzərində şəxsi axtarış aparmış və üzərində heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs daha sonra törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 30 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri üzərində saxlaması və daşıması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 30 yanvar 2025-ci il tarixdə saat 18:15-də Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qolqəti kəndində saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib, ona hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuş, üzərində narkotik vasitə olub-olması soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü ilə birlikdə gəzdirdiyi 01 ədəd qara rəngli çantanın içərisində olan qara rəngli sellofan paketdə narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmiş və həmin kütlənin narkotik vasitə olduğunu və sentyabr ayında Ağdaş rayonu, Zeynəddin kəndi ərazisindən sahədən yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş, kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş, üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, həmçinin ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra şübhəli şəxsin üstünün yoxlanılması protokolu, üstünü yoxlayan zaman qeydə alınmış videogörüntü olan diski, üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə və mobil telefonu qablaşdırılmış şəkildə təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 30 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə saat 18:15-də Ağdaş rayonu, Qolqəti kəndində saxlanılmış, ona hüquq və vəzifələri, ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər olub-olmaması, müsbət halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs özü ilə birlikdə gəzdirdiyi 01 ədəd qara rəngli çantanın içərisində olan qara rəngli sellofan paketdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləsini təqdim etmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və zərfə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin bitki kütləsini sentyabr ayında Ağdaş rayonu, Zeynəddin kəndindən sahədən yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını və 30 yanvar 2025-ci il tarixdə həmin narkotik vasitəni gizlətdiyi Ağdaş rayonu, Qolqəti kəndi ərazisindən götürüb yaşadığı evə gələrkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. 30 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə saat 18:15-dən saat 18:31-dək olan müddət ərzində Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində özü ilə birlikdə gəzdirdiyi 01 ədəd qara rəngli çantanın içərisində olan qara rəngli sellofan paketdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləsinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin sellofan paketin içərisində olan narkotik vasitəyə bənzər bitki kütlələrinə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bitki kütləsini sentyabr ayında Ağdaş rayonu, Zeynəddin kəndindən sahədən yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını və 30 yanvar 2025-ci il tarixdə həmin narkotik vasitəni gizlətdiyi Ağdaş rayonu, Qolqəti kəndi ərazisindən götürüb yaşadığı evə gələrkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, həmin sellofan paket yenidən kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. 30 yanvar 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 31 yanvar 2025-ci il tarixli, 17/69 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi olan sellofan bağlama.” yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisində olan üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd sellofan bağlamada, təmiz çəkisi – 470,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2025-ci il tarixli, 210 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflakitiki qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 07 fevral 2025-ci il tarixli, 18-1-22/2-187/2025 saylı məktubdan görünür ki, ünvan 1 ünvanda yaşayan, xx xxxxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Epizodik həşiş qəbulu” diaqnozu ilə qeydiyyatdadır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 5-32-12/2-P-379/2025 saylı arayışdan görünür ki, Ağdaş şəhəri, Ağalı küçəsi 16 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – atası 24 may 1960-cı il təvəllüdlü X4, anası 03 dekabr 1964-cü il təvəllüdlü X5, qardaşı 24 sentyabr 1991-ci il təvəllüdlü X2 ibarətdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuş, 31 yanvar 2025-ci il tarixdə, saat 21:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 21:40-da təqsirləndirilən şəxs qismində dindirilmiş və 31 yanvar 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saat 22:30da müvəqqəti saxlama yerindən azad edilmişdir. 04 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 470,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 469,90 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 03 ədəd DVD disk sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, 30 yanvar 2025-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 ədəd DVD diski, maddi sübutu, yuxarıda qeyd edilən ekspert rəylərini, 04 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri və bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin və şahid ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ağdaş Rayon Məhkəməsinin 1(014)-43/2018 nömrəli, 10 may 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 03 fevral 2025-ci il tarixli, c/1-158 saylı məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-43/2018 nömrəli, 10 may 2018-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs cəzasını 06 iyul 2020-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin yuxarıda göstərilən 10 may 2018-ci il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən ödənilmiş və onun hazırki iş üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayətin residivini yaradan hallar kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli hökmü ilə məhkum edilməsi istisna olmaqla digər məhkumluğu barədə məlumat yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən qəti cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2025-ci il tarixli, 210 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olmasını, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən məcburi müalicəyə ehtiyacının olmamasını və ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X14 göndərilməlidir. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 470,0 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 469,90 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, əşyalara baxış keçirilərkən və götürülərkən videogörüntülərin köçürüldüyü 03 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 4 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 469,90 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 03 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar