Məhkəmə qərarları › İş №1(014)-3/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-3/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-3/2022 29.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs 12 avqust 1996-cı ildə Tovuz rayonu, İbrahim Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Tovuz rayonu, İbrahim Hacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 01 oktyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə, saat 19:20 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 260-cı kilometrində idarə etdiyi Kamaz-5511 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və ona qoşulu QKB 8527 markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə Bakı şəhəri istiqamətində sağ hərəkət zolağı ilə hərəkət edərkən «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkətin təhlükəsizliyini təmin etməyən idarə etmə hərəkətləri etməsi nəticəsində qoşqu sola istiqamətlənmiş, bu zaman qoşqunun arxa sol hissəsi arxadan sol hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes-benz C 180 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sağ hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Mercedes-benz C 180 markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 üzün sağ yarısının, üst dodağın, burnun çapılmış yaraları, sağ qamış və burun sümüklərinin sınıqları xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs2 4850 manat məbləğində maddi ziyan vurmaqla Mercedes-benz C 180 markalı **- DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdir ki, 09 avqust 2021-ci il tarixdə, axşam saatlarında idarə etdiyi Kamaz 5511 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və qoşquya Goran qəsəbəsindən gips yükləyərək Bakı şəhərinə yola düşmüşdür. Həmin vaxt avtomobildə tək olmuş, avtomobil və qoşqu texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat təxminən 19:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində sağ hərəkət zolağı ilə hərəkət edirmiş. Ağdaş rayonunun ərazisində olduğu zaman bir anlıq güclü zərbə ilə qoşquya başqa bir avtomobil çırpılmış və güclü slikələnmə baş vermişdir. Güzgü vasitəsilə arxaya baxanda arxadan gələn tünd rəngli Mersedes-benz markalı avtomobilin qoşquya çırpıldığını və arxasının yerdən qalxıb fırlandığını görmüşdür. Dərhal avtomobili bir qədər irəlidə yolun sağ kənarında saxlayıb hadisə yerinə yaxınlaşmış, bu zaman yoldan keçən digər avtomobillər də hadisə yerində dayanmışlar və tanımadığı şəxslər Mersedes-benz markalı avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Mersedes-benz markalı avtomobildə qabaq oturacaqda olan sərnişin xəsarət almış və onu avtomobildən çıxarıb kənarda su vermişlər. Bir qədər sonra hadisə yerinə gəlmiş təcili-tibbi yardım briqadası həmin şəxsi xəstəxanaya aparmışdır.Hesab edir ki, onun tərəfindən «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun hər hansı bir maddəsinin tələbi pozulmamışdır, yol-nəqliyyat hadisəsinin baş verməsində o deyil, Mercedes-benz C 180 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 təqsirkardır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən qaçmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 09 avqust 2021-ci il tarixdə, saat təxminən 18:00 radələrində özünə məxsus Mersedesbenz C 180 markalı avtomobillə Gəncə şəhərindən çıxıb Bakı şəhərinə yola düşmüşdür. Həmin vaxt avtomobildə tək olmuşdur. Goranboy rayonu, Nadirkənd kəndinə çatan zaman yolun kənarında dayanacaqda bir nəfər cavan oğlanın dayandığını görüb avtomobili saxlamış, ondan hara getdiyini soruşmuş və o da Bakı şəhərinə getdiyini bildirmişdir. Bundan sonra onu da götürüb yoluna davam etmişdir. Həmin şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 qabaq oturacaqda əyləşmişdir. Yolda bir qədər söhbət etdikdən sonra o yuxulamışdır. Saat təxminən 19:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində yolun sol zolağı ilə hərəkət edərkən Ağdaş rayonu ərazisində ondan irəlidə eyni istiqamətdə yolun sağ zolağı ilə hərəkət edən Kamaz markalı yük avtomobilinə çatmağa az qalmış həmin avtomobilə qoşulu olan qoşqu qəflətən onun yoluna istiqamətlənmişdir. Bu zaman aralarında məsafə çox yaxın olduğundan o heç bir tədbir görə bilməmiş və avtomobilinin qarşı sağ hissəsi həmin qoşqunun arxa sol tini ilə toqquşmuşdur. Toqquşmanın təsirindən avtomobilin arxası fırlanmış və yolun hərəkət hissəsində dayanmışdır. Hadisə nəticəsində o, heç bir xəsarət almamış, lakin avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Dərhal təcili-tibbi yardıma məlumat vermiş və bir qədər sonra hadisə yerinə gəlmiş təcili-tibbi yardım briqadası ilə onu xəstəxanaya aparmışlar. Hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qarşı şikayətçidir, avtomobilinə dəymiş ziyanın ödənilməsini tələb edir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdir ki, 09 avqust 2021-ci il tarixdə Goranboy rayonu, Səmədabad kəndindən magistral yola çıxıb Bakı şəhərinə getmək üçün dayanacaqda avtobus gözləyirdi. Bu zaman Mersedes-benz markalı avtomobil onun yanında dayanmış və sürücü Bakı şəhərinə gedib-getməyəcəyini soruşmuşdur. O, Bakı şəhərinə getdiyini bildirmiş və on beş manata razılaşıb Bakı şəhərinə yola düşmüşlər. Yol boyu söhbət edərək hərəkət etmişlər. Həmin gün bir neçə saat əvvəl Covid-19-a qarşı 2-ci doza peyvənd olunduğu üçün Goran qəsəbəsini keçəndən sonra yuxulamışdır. Bir müddət sonra güclü zərbədən ayılmış və üzünün və paltarlarının qan olduğunu görmüşdür. Üzündə və ayağında şiddətli ağrılar var idi. Tanımadığı şəxslər onu avtomobildən çıxarıb üzünə su vurmuşlar, bir müddət sonra hadisə yerinə gəlmiş təcili-tibbi yardım briqadası onu xəstəxanaya aparmışdır. Hərəkətdə olan zaman bir neçə dəfə Mersedes-benz markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 mürgülədiyini görmüşdür. Səhhətinə vurulmuş ziyanın ödənilməsini tələb edir. İş üzrə Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdir ki, 09 avqust 2021ci il tarixdə idarə etdiyi Kamaz 5511 markalı avtomobillə Tovuz rayonundan çınqıl yükünü avtomobilə yükləyərək Bakı şəhərinə yola düşmüşdür. Yolda Aran qəsəbəsində həmyerlisi Oqtay Cabbarovla görüşüb birlikdə yollarına davam etmişlər. Oqtay ondan irəlidə hərəkət edirdi. Saat təxminən 19:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində sağ hərəkət zolağı ilə hərəkət etmiş, Ağdaş rayonunun ərazisində körpünün üzərinə çatarkən arxadan sürətlə gələn tünd rəngli Mersedes-benz markalı avtomobil yolun ortası ilə hərəkət edərək onu ötüb keçmiş və irəliyə hərəkət edərək Oqtayın idarə etdiyi avtomobilə qoşulu olan qoşqunun arxa sol hissəsi ilə toqquşub fırlanmışdır. Dərhal avtomobili bir qədər irəlidə yolun sağ kənarında saxlayıb hadisə yerinə yaxınlaşmışdır. Bu zaman yoldan keçən digər avtomobillər də hadisə yerində dayanmışlar və tanımadıqları şəxslər Mersedes-benz markalı avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Mersedes-benz markalı avtomobildə qabaq oturacaqda olan sərnişin xəsarət almış və onu avtomobildən çıxarmışlar. Bir qədər sonra hadisə yerinə gəlmiş təcili-tibbi yardım briqadası həmin şəxsi xəstəxanaya aparmışdır. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 535 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər-üzün sağ yarısının, üst dodağın, burnun çapılmış yaraları, sağ qamış və burun sümüklərinin sınıqları bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri üzrə nəqliyyat-trasaloji ekspertizasının xx.xx.2021-ci il tarixli 8/2066 №-li rəyindən görünür ki, təqdim edilmiş avtomobillərin üzərində olan zədələrin təsviri və qarşılıqlı vəziyyətləri rəyin tədqiqi hissəsində verilib. İlkin kontakt anında Mercedes-benz C 180 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi (qabaq sağ qanad) ilə QKB 8527 markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun arxa sol hissəsi arasında təxminən 5-10 dərəcə altında baş vermişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/2350 №-li rəyindən görünür ki, Kamaz-5511 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Nümayəndə vəsatəti əsasında istintaq eksperimenti keçirilmiş, istintaq eksperimentinin nəticəsinə əsasən iş üzrə təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş təkrar (əlavə) məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/859 №-li rəyindən görünür ki, hadisədən əvvəl Kamaz-5511 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı, qoşqulu avtomobilin sağ zolaqla, arxadan Mercedes-benz C 180 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sol zolaqla hərəkətdə olması və toqquşma yerinə xarakterik izlərin, toqquşma yerinin sol zolaqda, yəni Mercedes-benz C 180 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında yerləşməsi nəzərə alınmaqla avtomobillər arasında toqquşmanın Kamaz-5511 markalı qoşqulu avtombilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğun deyildir və real olmayan hadisə mexanizmi üzrə tədqiqat aparılmır.İstintaq tərəfindən müəyən edilən şəraitdə Kamaz-5511 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.İstintaq tərəfindən müəyyən edilən şəraitdə Mercedes-benz C 180 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AE 330131 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2027-ci il tarixə qədər qüvvədə olan V və CE kateqoriyalı sürücülük vəsiqəsi vardır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cavanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9 və 9.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndində göstərilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən təyin edilmiş əsas və əlavə cəzadan azad edilməli, həmin Qərarının 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs, 128 manat Zərərçəkmiş şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan OKB 8527 markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun Təqsirləndirilən şəxs, Mersedes-Benz C 180 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, hökmün ekspertiza xərcinin tutulması barədə hissəsinin icrası iş üzrə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə və iş üzrə Zərərçəkmiş şəxs1 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzadan azad edilsin. «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs, 128 (yüz iyirmi səkkiz) manat Zərərçəkmiş şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan OKB 8527 markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun Təqsirləndirilən şəxs, Mersedes-Benz C 180 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmün ekspertiza xərcinin tutulması barədə hissəsinin icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə və Goranboy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar