Məhkəmə qərarları › İş №1(014)-33/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-33/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-33/2020 03.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1984-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 7/6 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət dövründə xəstələnərək tərxis olunmuş Ağdaş rayonu Şəmsabad kənd sakini xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək ona təyin edilmiş sığorta pulunu almaq adı ilə ondan etibarnamə alaraq Zərərçəkmiş şəxs1 verilməsi üçün nəzərdə tutulmuş 6600 manat pulu xx xxxx 2017-ci il tarixdə «xxxxxxxxxxxx» ASC-nin Ağdaş rayon filialından alaraq, cəmi 4500 manatını aldatma yolu ilə ələ keçirib xx xxxx 2017-ci il tarixli müqavilə əsasında öz depozit hesabına qoymaqla sonuncuya maddi ziyan vuraraq özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Zərərçəkmiş şəxs1 onun doğma əmisi oğlu olduğunu, Zərərçəkmiş şəxs1 2015-ci ildə hərbi xidmətə getdiyini, 2016-cı ildə xəstəliklə bağlı hərbi xidmətdən tərxis olunduğunu, hərbi xidmətdən qayıtdıqdan sonra Rufət və onun ailəsinin atası Abdullaya müraciət edərək Rufətə hərbi xidmətdən xəstəliklə bağlı tərxis olunması ilə bağlı əlillik təyin olunması, həmçinin müvafiq sığorta pulunun alınması, həmçinin əlilliyin təyin olunması üçün lazımi sənədlər toplanması ilə bağlı kömək etməsini xahiş etdiklərini, atasının isə bu işdə onun onlara kömək edə biləcəyini bildirdiyini, bundan sonra əmisi oğlu Zərərçəkmiş şəxs1lə görüşdüyünü, Rufətin ona əlillik təyin edilməsi və sığorta pulu alması üçün kömək etmək lazım olduğunu bildirdiyini, Rufətin adından müvafiq işləri həyata keçirmək və həmçinin ona sığorta pulu alması üçün Rufətə ona ümumi etibarnamə verməsini bildirdiyini, 2016-cı ilin axırlarında Rufətin Ağdaş notariat kontorundan ona ümumi etibarnamə verdiyini, bundan başqa ondan hərbi biletini və xəstəliklə bağlı hərbi hissədən verilən müvafiq sənədlərini də aldığını, bundan sonra Rufətə əlillik təyin olunması ilə əlaqədar iş görməyə başladığını və Rufətə əlillik və pensiya təyin etdirdiyini, bunun üçün yol xərci, ümumi xərcləri, yəni zəhmət haqqı kimi onlardan 800 manat pul aldığını, bu pulu Rufətin anası tərəfindən onun razılığı əsasında ona zəhmət haqqı kimi verildiyini, bundan sonra Rufətə sığorta pulu təyin edilməsi ilə əlqadar müraciət etdiyini və ona təyin edilmiş təxminən 6600 manat sığorta pulunu 2017-ci ilin yay aylarında aldığını, pulu alan kimi həmin pulun 4500 manatını öz hesabına yenidən depozitə qoyduğunu, qalan 2100 manata yaxın hissəsini isə Rufətgilə vermək üçün götürdüyünü, daha sonra Rufətə 2100 manat sığorta pulu təyin etdiklərini bildirdiyini və həmin pulu onlara vermək istədiyini, lakin Rufət və Şəlalənin sığorta pulunun çox olmalı olduğunu bildirərək pulu götürmədiklərini və həmin 2100 manatın onda qaldığını, daha sonra Rufət və anası Şəlalənin ondan Rufətin sənədlərini istədiklərini, lakin sənədləri versə Rufətgilin gedib ona nə qədər pul təyin edildiyini öyrənəcəyindən qorxduğunu, lakin sonradan onların Rufətə 6600 manat sığorta pulu təyin edildiyini şifahi olaraq öyrəndiklərini bildiyini, ancaq əllərində rəsmi sənəd olmadığından bunu dandığını və Rufətə 2100 manat sığorta pulu təyin edildiyini bildirərək onları aldatdığını, öz hesabına depozitə qoyduğu pulu az-az götürüb xərclədiyini, lakin Rufətgilə verilməli olan 2100 manata dəymədiyini, onlara dəfələrlə həmin pulu götürmələrini təklif etsə də, Rufət və anası Şəlalənin həmin pulu götürmədiklərini, bundan bir müddət sonra Rufətgilin onun barəsində ərizə ilə Ağdaş RPŞnə müraciət etdiklərini bildiyini, Rufətə düşən sığorta pulunun bir hissəsinin onun tərəfindən götürülməsi və ya xərclənməsi üçün aralarında heç bir razılıq olmadığını, sadəcə olaraq əvvəlcədən Rufətdən etibarnamə aldığı zaman onun sığorta pulunu aldıqdan sonra bir hissəsini ələ keçirməyi fikirləşdiyini, Rufətin ona çox etibar etdiyini və ona hansı məbləğdə sığorta təyin edildiyini desə Rufətin ona inanacağını və həmin işin arxası ilə düşməyəcəyini fikirləşdiyini bildirdi, müddətin keçməsi ilə bağlı barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 məhkəmə iclasında Zərərçəkmiş şəxs1 2015-ci ildə hərbi xidmətə getdiyini, hərbi xidmətdə xəstələndiyi üçün 2016-cı ildə sülh dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi xidmətdən tərxis olunduğunu, bundan sonra yaşadığı Şəmsabad kəndinə gəldiyini, tərxis olunduğu zaman xəstəliyi haqqında şəhadətnamə verərkən xəstəliyi ilə bağlı ona tibbi sığorta düşməsini və müvafiq orqana müraciət edib həmin pulu ala bilməsini ona bildirdiklərini, evə qayıtdıqdan sonra bu barədə əmisi Şahid bildirdiyini, əmisi Abdullanın ona xəstəliyi ilə əlaqdər ona əlillik təyin olunması və sığorta pulu hesablanıb verilməsi məsələsində əmisi oğlu Elnurun ona kömək edə biləcəyini dediyini, bundan sonra Elnurla görüşdüyünü, həmin vaxt 2016cı ilin axırları olduğunu, bu barədə Elnurla məsləhətləşdiyini, Elnurun ona kömək edə biləcəyini və ondan əlillik təyin olunması və sığorta pulu hesablanması üçün müvafiq sənədlərin əldə edilməsi üçün etibarnamə istədiyini, əmisi oğlu olduğu üçün və Elnura güvəndiyi üçün Ağdaş notariat kontorunda Elnura etibarnamə verdiyini, bundan sonra Elnurun onun əvəzindən müvafiq işlər görməyə başladığını, bundan bir neçə ay sonra Elnura etibarnamə verməyi barədə anasına bildirdiyini, anasının da işin nəticəsi ilə maraqlanmaq üçün Elnurgilə getdiyini, həmin vaxt Elnurun onun anasına əlillik təyin olunması üçün 800 manat pul lazım olmasını dediyini, anasının da həyətlərində olan bir baş dananı 800 manata satıb və 2017-ci ilin fevral ayında aparıb Elnura verdiyini, daha sonra 2017-ci ilin may ayında Tibbi komissiyadan onlara kartını götürmək üçün müraciət etdiklərini, gedib kartını götürdüyünü və həmin ayın pulunu aldığını, bu hadisədən bir neçə ay sonra Elnurun onlara sığorta pulunu aldığını dediyini, ona 2100 manat sığorta pulu düşməsini dediyini və həmin 2100 manatı onlara vermək istədiyini, bu hadisədən qabaq maraqlandıqlarını və təxminlərinə görə ona 6000 manata qədər sığorta pulu düşməli olduğunu, pulu az olduğunu əsas gətirərək pulu almadıqlarını və həmin vaxt Elnura sənədləri qaytarmasını dediklərini, bu zaman Elnurun sənədlərin oğurlanmasını bildirdiyini, həmin sənədlərin içində onun hərbi biletinin və tərxis olunmağı ilə bağlı olan həkim sənədlərinin olduğunu, bundan sonra anasının sığorta idarəsinə getdiyini və oradan anasına onun adına hesablanmış 6600 manat sığorta pulu Təqsirləndirilən şəxs tərəfindən imza olunaraq 2017-ci ilin yay aylarında götürüldüyünü bildirdiklərini, əvvəlcədən sığorta idarəsində ona sığorta pulunu özü almasını məsləhət gördüklərini, lakin güvəndiyi üçün həmin pulu Elnurun almasında heç bir problem görmədiyini, daha sonra Elnurdan həmin pulu dəfələrlə istəsələr də, Elnur həmin pulu almadığını bildirdiyini, Elnurun onlardan aldığı 800 manatın müqabilində onun işini gördüyünü və ona pensiya sənədlərini düzəltdiyini, həmin 800 manatı Elnurun əziyyətinin əvəzi olaraq ona bağışladıqlarını, əlavə xəstəliyi ilə əlaqədar ona təyin olunmuş 6600 manat sığorta pulunu alaraq həmin pulun bir hissəsini etibardan istifadə edərək ələ keçirdiyini, hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyini, onunla barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, müddətin keçməsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmədiyini bildirdi. İş üzrə Şahid məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, Zərərçəkmiş şəxs1 isə onun doğma qardaşı oğlu olduğunu, qardaşı oğlu Rufət 2015-ci ildə hərbi xidmətə getdiyini və 2016-cı ildə sülh dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi xidmətdən təxris olunduğunu, gələndən sonra ona Rufətə əsgərlikdə sığorta pulu düşməsini dediklərini, onu almaq üçün və ona əlillik almaq üçün müvafiq sənədlər düzəltməyə köməklik etmək lazım olduğunu bildirdiklərini, onlara oğlu Elnura demələrini Elnurun bu barədə onlara kömək edəcəyini bildirdiyini, bu söhbətin bununla da yekunlaşdığını, sonradan Rufət və anası x1 düşən 6600 manat sığorta pulunu almasını, lakin onları aldadaraq Rufətə 2100 manat sığorta pulu düşdüyünü bildirməsini, həmin pulun qalan hissəsini isə vermək istəmdiyini bildirdiklərini, bu barədə Elnurdan soruşduğunu, lakin Elnurun həmin pulun doğurdan da 2100 manat olduğunu, Rufətgili kiminsə aldatmasını deyərək onu inandırdığını, Elnur öz oğlu olduğu üçün ona inandığını və Şəlaləgilə oğlu Elnurun belə iş görməyəcəyini dediyini, bundan sonra birdə Şəlaləgilin Ağdaş RPŞ-nə ərizə ilə müraciət etdiklərini eşitdiyini, daha sonra Elnurun ona əslində Rufətə 6600 manat pul düşməsini, sadəcə Rufət Elnura inandığı üçün Elnur onun etibarından sui istifadə etməsini və aldığı pulun bir hissəsini Rufətdən gizlətsə Rufət bu işin arxası ilə düşməyəcəyini fikirləşdiyini etiraf etdiyini, buna görə də Rufətə düşən pulun 4500 manatını öz hesabına keçirərək 2100 mantını Rufətə vermək istədiyini bildirdi. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurduğu ziyanı tam olaraq ödədiyini, onunla barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını bildimiş, müddətin keçməsi ilə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmədiyini bildirmiş, iş üzrə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müddətin keçməsi ilə bağlı barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Beləliklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.(o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 178.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 75.1 və 75.1.1-ci madələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar