Məhkəmə qərarları › İş №1(014)-33/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-33/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-33/2023 15.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdaş şəhəri, Maşad küçəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, tarixdə və şəraitdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,006 qram eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayıb, daşımış, xx.xx.2022-ci il tarixdə saat 12:48 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 1 ünvanında yerləşən RPŞ-nin inzibati binasının Növbətçi Hissəsində həmin tarixdə saat 14:04-dən saat 14:16-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində olan şəffaf sellofan torbadakı bir ədəd qəhvəyi rəngli qadın jaketinin içərisindən 2 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,501 qram və 0,505 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xəstə olduğuna görə bədənində ağrılar var. Buna görə də narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. 2022ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda həmin cəzanı çəkir. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Ağdaş şəhəri, C.Cabbarlı küçəsi ilə piyada təkbaşına gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını bildirərək onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər. Ağdaş RPŞ-də ona hüquq və vəzifələri izah edilmiş, ərizə ilə müraciət edərək hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi istəmiş və dövlət hesabına müdafiəçi Ağdaş rayonunda vəkil kimi fəaliyyət göstərən Müdafiəçi təyin edilmiş, həmin vaxt şübhəli kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara gödəkçənin sağ yan cibindən ona məxsus 1 ədəd qara rəngli “Samsung J3” markalı mobil telefon və əlində olan sellofan bükümdəki qadın jaketinin içərisindən 2 ədəd sellofan büküm aşkar edilmişdir. Üzərindən aşkar edilmiş sellofan bükümlər açılan zaman hər birinin içərisindən ağ rəngli kristal halında maddə aşkar olunmuşdur. Həmin maddənin narkotik maddə olduğunu bildirmiş və istifadə etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş, hər birinin çəkiləri müvafiq olaraq 0,57 qram və 0,59 qram olmuşdur. Sonra həmin sellofan bükümlər zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli “Samsung J3” markalı mobil telefon da zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və iştirakçılar tərəfindən həmin zərfə imza edilmişdir. Protokol tərtib olunmuşdur. O və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etmişlər. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini ağrılarını sakitləşdirmək üçün saxlamışdır. Üzərindən aşkar olunmuş iki bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşayan əslən Ağdaş rayon sakini olan Gülər Abduləzizovanın (ata adını bilmir) kodunu xatırlamadığı "xxxx" ASC-yə aid kartına 45 (qırx beş) manat pul göndərərək Gülər Abduləzizovadan həmin psixotrop maddə olan metamfetamini satın almışdır. Metamfetamini ona Ağdaş şəhərinə üzdən tanıdığı, lakin adını sonradan bildiyi taksi sürücüsü kimi fəaliyyət göstərən Ağdaş şəhər sakini Şahid3 gətirib vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Gülər Abduləzizova ilə telefonla danışan zaman Gülərə onda olan psixotrop maddə metamfetamini götürüb ona gətirib verməsi üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, Bakı şəhərində Gülər Abduləzizovadan ona çatası çanta olduğunu və həmin çantanı ona, yəni Ağdaş şəhərinə gətirməsini, gətirdikdə taksi pulunu burada verəcəyini bildirmişdir. Gülərin nömrəsini Şahid3 vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şahid3 idarə etdiyi “Kia Ceed” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gətirib içərisində psixotrop maddə metamfetamin olan bir ədəd qadın jaketini Ağdaş şəhəri, H.Əliyev prospektində ona vermişdir. O da taksi pulu kimi Şahid3 5 (beş) manat pul vermişdir. Həmin vaxt onlar tək olmuşlar. Şahid3 həmin jaketin içərisində psixotrop maddə metamfetamin olmasından məlumatı olmamışdır. Gülər Abduləzizova ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Gülər Abduləzizovadan istifadəsi üçün narkotik vasitə və ya psixotrop maddə almaq üçün Gülər Abduləzizovaya məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərimişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, Maşad küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 12:48 radələrində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, C.Cabbarlı küçəsində təkbaşına piyada getməsini görmüşlər. Onlar həmin zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etmişlər, Sadiq də onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. RPŞ-də Sadiqə dövlət hesabına müdafiəçi təyin edilmiş və Təqsirləndirilən şəxs, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung J3” markalı mobil telefon və əlində olan sellofan bükümdəki qadın jaketinin içərisindən 2 ədəd sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümlər açılan zaman hər birinin içərisindən ağ rəngli kristal halında maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş, hər birinin çəkiləri müvafiq olaraq 0,57 qram və 0,59 qram olmuşdur. Sonra həmin sellofan bükümlər zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli “Samsung J3” markalı mobil telefon da zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və digər iştirakçılar tərəfindən həmin zərfə imza edilmişdir. Protokol tərtib olunmuşdur. O və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından tərtib olunmuş protokola imza etmişlər. İlkin sorğu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminləri xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşayan əslən Ağdaş rayon sakini olan X1 pul göndərərək aldığını və xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ağdaş Şahid3 idarə etdiyi avtomobili ilə gətirib bir ədəd qadın jaketinin içərisində Ağdaş şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs vermişdir. X2 istintaqa təhvil verilməsi istiqamətində tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman o və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 ifadəsində göstərimişdir ki, “Kia Ceed” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gündəlik taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin maddi dolanışığını təmin edir. Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımış və Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmən münasibəti yoxdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Bakı şəhərindən Təqsirləndirilən şəxs çatası çanta olduğunu və gətirə bilib-bilməyəcəyini soruşmuşdur. O da Təqsirləndirilən şəxs həmin çantanın Bakı şəhərində yerləşən 3-cü mikrorayon dairəsinə gətirilməsini və oradan götürə biləcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona 5 manat artıq pul verəcəyini və həmin dediyi çantanı “Nəsimi” metrostansiyasının yaxınlığından götürməyini bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşmış və həmin günü təxminən saat 17:00 radələrində Bakı şəhəri, “Nəsimi” metrostansiyasının yaxınlığına getmişdir. Metrostansiyasının yaxınlığına çatdıqda Təqsirləndirilən şəxs ona verdiyi Gülər adlı qadının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək çatdığını bildirmişdir. Təxminən 15 dəqiqə sonra onun yanına adını bilmədiyi oğlan gələrək ona 1 ədəd içərisində qadın jaketi olan sellofan vermişdir. O daha sonra Ağdaş şəhərinə gələrək xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs təhvil vermişdir. Daha sonra polis əməkdaşları onu rayon polis şöbəsinə gətirdikdə həmin qadın jaketinin içərisində iki bükümdə psixotrop maddə olan metamfetamin olduğunu eşitmişdir. Bildikləri bunlardan ibarətdir. Təqsirləndirilən şəxs verdiyi bir ədəd sellofanda olan 1 ədəd qadın jaketinin içərisində psixotrop maddə olan metamfetamin olmasını bilməmişdir. Əgər bilsəydi bu barədə dərhal polisə məlumat verərdi. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung J3” markalı mobil telefon və əlində olan sellofan bükümdəki qadın jaketinin içərisindən 2 ədəd sellofan büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümlər açılan zaman hər birinin içərisindən ağ rəngli kristal halında maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmiş, bundan sonra aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş, hər birinin çəkiləri müvafiq olaraq 0,57 qram və 0,59 qram olmuş, sonra həmin sellofan bükümlər zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli “Samsung J3” markalı mobil telefon da zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və digər iştirakçılar tərəfindən həmin zərfə imza edilmişlər, ilkin sorğu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminləri xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşayan əslən Ağdaş rayon sakini olan X1 pul göndərərək aldığını və xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şahid3 idarə etdiyi avtomobili ilə gətirib bir ədəd qadın jaketinin içərisində Ağdaş şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs vermiş, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/879 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd içərisində narkotik maddəyə bənzər olan sellofan bükümlər. 1/imza/ S. Şaxanov...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 2 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,501 qr., 0,505 qr., ümumi təmiz çəkisi – 1,006 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd sellofan bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 95 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsindən yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, C/İ 352 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(014)- 59/2022 saylı hökmü ilə ona təyin edilmiş cəzanın 2 il 1 ay 19 gün çəkilməmiş hissəsi qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X6 (xx.xx.1963-cü il təvəllüdlü); X4 (xx.xx.1963-cü il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:50də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 4(014)-175/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetaminin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, valideynləri ilə birlikdə yaşamaqla ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun əvvəllər məhkum olunması, cəzasını çəkib qurtarmadan yeni cinayət törətməsi şəxsiyyətini mənfi səciyyələndirən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-59/2022 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 1 (bir) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 1 (bir) il 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 0,906 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-59/2022 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 1 (bir) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 1 (bir) il 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,906 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar