Məhkəmə qərarları › İş №1(014)-33/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-33/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-33/2024 30.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1956-cı ildə ünvan 3ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, ünvan 3ində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda) narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, xeyli miqdarda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda), yəni 26,66 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Mürsəl kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 16:43-dən 16:59-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisində təmiz çəkisi 26,66 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində uzun müddət narkotik vasitələrdən mütəmadi istifadə etdiyini, lakin hal-hazırda aradabir istifadə etdiyini, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəbi xəstəliyi olmadığını, xx.xx.2023-cü il tarixdə günorta saatlarında, **-HD- *** dövlət nömrə nişanlı, “Mercedes-Benz Vito” markalı avtomobillə Ağdaş rayonu, Mürsəl kəndi ərazisində olan kafeyə yemək qəbul etmək üçün gəldiyini, Ağdaş rayonu, Yenikənd kəndi ərazisindən keçəndə təbii ehtiyacını ödəmək üçün maşını saxlayıb yolun kənarında olan yulğunluq sahəyə getdiyini, həmin vaxt yolun kənarında siqaret qutusu gördüyünü, siqaret qutusunu açanda içərisində qurudulmuş bitki kütləsinin olduğunu anladığını, narkotik vasitələri tanıdığına görə həmin kütlənin “nəşə” olduğunu başa düşdüyünü və istifadə etmək üçün götürüb üzərində saxladığını, bundan sonra yoluna davam edərək Mürsəl kəndində olan kafeyə gəldiyini, həmin kafedə yemək yeyərkən həmin tapdığı narkotik vasitədən də istifadə etdiyini, təxminən saat 16 radələrində Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞ-yə gətirdiklərini, Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu və seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu, əgər varsa təqdim etməyi təklif olunduğunu, o, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunu, sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd maşın açarını, əynindəki şalvarın sol yan cibindən 5 ədəd 20 manatlıq, şalvarının sağ yan cibindən 1 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq, arxa sol cibindən isə 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 15 ədəd 20 manatlıq əsginasları, ümumilikdə isə 665 manat pulu masanın üzərinə qoyaraq təqdim etdiyini, bundan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmadığını, götürülmədiyini, həmin siqaret qutusunun içərisində narkotik vasitə olan “nəşə” olmasını yenidən söylədiyini, ilkin olaraq 1 ədəd siqaret qutusunun açıldığını, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin aşkar olunduğunu, bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu bükümün təxmini çəkisinin 33,8 qram olması müəyyən edildiyini, 1 ədəd siqaret qutusunun 1 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürləndiyini, zərfin şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağının söylənildiyini, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd maşın açarı, 5 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq, 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 15 ədəd 20 manatlıq əsginasları, ümumilikdə isə 665 manat pulun özünə qaytarıldığını, daha sonra idarə etdiyi **-HD-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Vito” markalı avtomobilə onun razılığı ilə müdafiəçi, eləcə də şahidlərin iştirakı ilə, videoçəkiliş vasitəsilə baxış keçirildiyini, baxış zamanı heç bir qanunsuz əşya və narkotik vasitə aşkar olunmadığını, daha sonra baxışın sonlandırıldığını, protokol tərtib edildiyini, iştirakçılar tərəfindən protokolun imzalandığını, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunduğunu, heç kimə narkotik vasitə satmadığını, şəxsi axtarış zamanı həyəcanlı olduğundan Ağdaş rayonunun yan-yana olan Yeniarx və Mürsəl kəndlərinin adını səhv söylədiyini, dəqiq olaraq ifadələrdə qeyd etdiyi kimi, Ağdaş rayonu, Mürsəl kənd ərazisində yerləşən kafedə yemək qəbul etdikdən sonra kafenin həyətindən çıxdıqdan sonra polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, yuxarıda qeyd etdiyi kimi narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğunu, həmin kütlənin ona məxsus olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 3ində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində və idarə etdiyi **-HD-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Vito” markalı avtomobildə saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 ilə birlikdə Ağdaş rayonu, Mürsəl kəndində kafenin həyətində Hidayəti saxladıqlarını, özlərini təqdim edərək ona üzərində və idarə etdiyi avtomobildə narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu söylədiklərini, bundan sonra Hidayəti RPŞ-yə dəvət etdiklərini, Hidayət ilə birlikdə onun idarə etdiyi avtomobillə Ağdaş RPŞ-yə gəldiklərini, daha sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra Hidayətin üzərində RPŞ-nin inzibati binasında şəxsi axtarış aparıldığını, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunu, sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd maşın açarını, əynindəki şalvarın sol yan cibindən 5 ədəd 20 manatlıq, şalvarının sağ yan cibindən 1 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq, arxa sol cibindən isə 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 15 ədəd 20 manatlıq əsginasları, ümumilikdə isə 665 manat pulu masanın üzərinə qoyaraq təqdim etdiyini, bundan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmadığını, götürülmədiyini, Təqsirləndirilən şəxs boz rəngli gödəkçənin sağ yan cibindən çıxardığı 1 ədəd siqaret qutusunu göstərərək içərisində narkotik vasitə olan “nəşə” olduğunu söylədiyini, ilkin olaraq 1 ədəd siqaret qutusunun açıldığını, siqaret qutusunun içərisində xüsusi iyə malik, yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunduğunu, bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu bükümün təxmini çəkisinin 33,8 qram olması müəyyən edildiyini, 1 ədəd siqaret qutusunun 1 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürləndiyini, zərfin şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd maşın açarı, 5 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq, 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 15 ədəd 20 manatlıq əsginasları, ümumilikdə isə 665 manat pulun Hidayətin özünə qaytarıldığını, daha sonra idarə etdiyi **-HD-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Vito” markalı avtomobilə Hidayətin razılığı ilə müdafiəçi, eləcə də şahidlərin iştirakı ilə, videoçəkiliş vasitəsilə baxış keçirildiyini, baxış zamanı heç bir qanunsuz əşya və narkotik vasitə aşkar olunmadığını, baxışın sonlandırıldığını və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalandığını, ilkin sorğu zaman Hidayətin üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında, **-HD-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Vito” markalı avtomobillə Ağdaş rayonu, Mürsəl kəndi ərazisində olan kafeyə yemək qəbul etmək üçün gələn zaman Ağdaş rayonu, Yenikənd kəndi ərazisindən keçəndə təbii ehtiyacını ödəmək üçün maşını saxlayıb yolun kənarında olan yulğunluq sahəyə gedən zaman yolun kənarında siqaret qutusunun olmasını gördüyünü, siqaret qutusunu açanda içərisində qurudulmuş bitki kütləsinin olduğunu gördüyünü, narkotik vasitələri tanıdığına görə həmin kütlənin “nəşə” olduğunu anladığını və istifadə etmək üçün götürüb üzərində saxladığını söylədiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Hidayət üzərində narkotik vasitə “nəşə” olduğunu söyləmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunu təqdim etdi, sol yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd maşın açarını, əynindəki şalvarın sol yan cibindən 5 ədəd 20 manatlıq əsginası, şalvarın sağ yan cibindən 1 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq əsginası, arxa sol cibindən isə 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 15 ədəd 20 manatlıq əsginası masanın üzərinə qoymuş, bundan sonra üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zamanı yuxarıda göstəriləndən başqa heç bir şey aşkar olunmamış, götürülməmiş, bundan sonra gödəkçənin sağ yan cibindən aşkar olunmuş siqaret qutusunun içərisində xüsusi iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsi olması müəyyən olunmuş, siqaret qutusu təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş kütlənin olduğu bükümün təxmini çəkisinin 33,8 qram olması müəyyən edilmiş, 1 ədəd siqaret qutusu 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmiş, digər əşyalar özünə qaytarılmış, sorğu-sual aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 28 noyabr 2023-cü il tarixli 17/818 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusu.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 26,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 2017 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 09 dekabr 2023-cü il tarixli PHŞ- 1890/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispenser müşahidəsində dayanmır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 09 dekabr 2023-cü il tarixli PHŞ- 1890/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində dispenser müşahidəsində dayanmır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Xalq Məhkəməsinin xx.xx.1979-cu il tarixli hökmü ilə AZ SSR CM-nin 143 maddəsinin 2 hissəsi, maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, SSRİ X10 Heyətinin xx.xx.1980-ci il tarixli Fərmanının 3M “a” bəndinə əsasən 01 il 07 ay 11 gün şərti azad edilib, xx.xx.1982-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Yevlax Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 226-1 M 1 hissəsinə əsasən 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1992-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1992ci il tarixli Qərarı ilə CM 50 maddəsinə əsasən 5 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.1996-cı il tarixli Yevlax Rayon Xalq Məhkəməsinin hökmü ilə AR Cinayət Məcəlləsinin 226-1 M 1 hissəsinə əsasən 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunub. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 1(101)-1101/09 nömrəli 31 avquts 2009-cu il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaradağ Rayon Məhkəməsinin 7(002)-414/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək cəzadan şərti olaraq 10 (on) ay 04 (dörd) gün vaxtından əvvəl azad edilmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya şöbəsinin 122/2 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-414/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 04 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını xx.xx.2014-cü il tarixdə çəkib qurtarmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra hakimiyyəti başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 dekabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra hakimiyyəti başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 dekabr 2023-cü il tarixli, 5-9-19/2-631/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3i ünvanında qeydiyyatdadır və ailə tərkibi – arvadı xx.xx.1964-cü il təvəllüdlü X2, oğlu xx.xx.1985-ci il təvəllüdlü X4, oğlu xx.xx.1987-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 16:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 26,56 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 26,56 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanna məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar