Məhkəmə qərarları › İş №1(014)-34/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-34/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-34/2021 31.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1974-cü ildə Ağdaş rayonunun Hüşün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Hüşün kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə COVİD-19 infeksiyasından test vermiş və testin nəticəsi xx.xx.2020-ci il tarixdə müsbət çıxmış, bundan sonra yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə COVİD-19 infeksiyasına yoluxduqdan sonra yaşayış yerini tərk etməməli olduğu halda, təcrid olunma qaydalarına əməl etməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 161 nömrəli qərarının 4.5.5 və 4-1.2-ci bəndlərinin tələblərini pozaraq xx.xx.2020-ci il tarixdə yaşadığı Ağdaş rayonu Hüşün kəndində yerləşən evini tərk edib Ağdaş rayonu Hüşün kəndində yerləşən əkin sahəsinə getməklə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 11:30 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində əvvəllər məhkum olunmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyinin olmadığını, xx.xx.2020-ci il tarixdə o, hərarəti yüksək olduğu üçün Ağdaş rayon xəstəxanasına getdiyini, orada həkimə müraciət etmək istədiyini, ona yaxma verməyi dediklərini, bundan sonra yaxma verdiyini, daha sonra həkimin “gözlə yaxmanın cavabının çıxmasını, ona uyğun müalicə yazmasını” dediyini, daha sonra evə getdiyini, həmin gün axşam istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna SMS gəldiyini, həmin SMS-də COVİD-19 xəstəliyinə tutulmasının göstərildiyini, həmçinin evdən çölə çıxmamasının, əks halda barəsində cinayət yaxud da inzibati qaydada tədbir görüləcəyi bildirildiyini, bundan sonra xx.xx.2020-ci il tarixdə xəstəxanadan “ailə üzvlərini götürüb gəl, onlardan yaxma götürəcəyik” dediklərini, ailə üzvlərini də götürüb xəstəxanaya getdiyini, xəstəxanada evdən çölə çıxmaması barədə hər hansı bir iltizam alıb-almamalarının hazırda yadında qalmadığını, bundan sonra yaşadığı evə gəldiyini, daha sonra xx.xx.2020-ci il tarixdə əkin sahəsinə getdiyini, orada əkinə baxdığını, bundan sonra polis əməkdaşlarının ona zəng etdiklərini, harada olduğunu soruşduqlarını, əkin sahəsində olduğunu bildirdiyini, daha sonra evə gəldiyini, polis əməkdaşlarının küçədə gözlədiklərini, videoçəkilişlə onu danışdırdıqlarını, hər şeyi dediyini, telefonuna COVİD-19 xəstəliyinə tutulması barədə gələn SMS-i sildiyini, evdən çölə çıxarsa barəsində cinayət yaxud inzibati qaydada tədbir görüləcəyini bildiyini göstərmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2020-ci il tarixdə rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair reyd keçirdiklərini, xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində Ağdaş RPŞ-nin PPXB-nin komandiri Şamil Nəcəfov, PPXB-nin polis nəfəri Şahid3 və Kükəl kənd icra nümayəndəsinin müavini Şahid4la birlikdə Ağdaş rayonu Hüşün kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə getdiklərini, Təqsirləndirilən şəxs COVİD-19 testinin nəticəsinin müsbət çıxdığını və ev şəraitində müalicə almasının məsləhət görüldüyünü, Təqsirləndirilən şəxs yaşadığı ünvanda olan zaman onun yaşadığı evi tərk etməsinin müəyyən olunduğunu, bundan sonra Təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə əlaqə saxladıqlarını, harada olmasını soruşduqlarını, Təqsirləndirilən şəxs sahəyə getdiyini bildirdiyini, bundan sonra ona evə gəlməsini təklif etdiklərini, Təqsirləndirilən şəxs yaşadığı ünvana gəldiyini, Təqsirləndirilən şəxs evdən çıxmaması, əgər çıxarsa barəsində inzibati və ya cinayət qaydasında tədbir görüləcəyi barədə SMS gəlib-gəlməməsini soruşduqlarını, Təqsirləndirilən şəxs ona COVİD-19 xəstəliyi ilə bağlı vermiş olduğu testin müsbət çıxması barədə, eləcə də evi tərk etməməsi barədə SMS gəldiyini, lakin sahəyə işləməyə getdiyini bildirdiyini, həmçinin bu barədə tərəfindən videoçəkiliş aparıldığını, daha sonra Təqsirləndirilən şəxs evi tərk etməsi barədə protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs COVİD-19 xəstəliyinə tutulması, evdən çölə çıxmaması barədə SMS-i telefonundan sildiyini bildirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X1 ifadəsində Ağdaş RMX-nin PHŞ-nin TTTY-nin müdiri vəzifəsində işlədiyini, COVİD-19 pandemiyası ilə əlaqədar işlərin qeydiyyatının ona həvalə edildiyini, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə COVİD-19 pandemiyası ilə əlaqədar test verdiyini, həmin gün testinin cavabının müsbət çıxdığını, özünün istifadəsində olan mobil telefon nömrəsinin ***-***-**-** olduğunu, həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon vasitəsilə əlaqə saxladığını, Təqsirləndirilən şəxs testinin nəticəsinin müsbət çıxdığını, evdən çölə çıxmamasını, əks halda cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə məlumat verdiyini, həmçinin bu barədə Ağdaş RMX-nin PHŞ-də iltizam aldığını göstərmişdir. İş materiallarında olan “xxxx” MMC-dən Təqsirləndirilən şəxs telefon məlumatları əldə edilmişdir. Telefon məlumatlarına baxış keçirən zaman Ağdaş RMX-nin PHŞ-nin həkimi Nüşabə Hacıyevanın istifadəsində olan ***-***-**-** nömrəli telefon vasitəsilə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqəsi saxlaması müəyyən edilmişdir. İş materiallarında olan Ağdaş RMX-nin PHŞ-nin xx.xx.2021-ci il tarixli, 133 nömrəli məktubunda göstərilmişdir ki, Ağdaş rayonunun Hüşün kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş rayon mərkəzi xəstəxanası X8 COVİD-19 infeksiyasına görə analiz alınmış, nəticə pozitiv olduğu üçün ev şəraitində ambulator müalicəyə götürülmüşdür. Ağdaş RMX-nin PHŞ-nin həkimi Nüşabə Hacıyeva test nəticəsinin cavabını şəxsən vətəndaşın özü ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq məlumat verdiyini bildirmişdir. İş materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs evdən çıxmaması, əgər çıxarsa barəsində inzibati və ya cinayət qaydasında tədbir görüləcəyi barədə SMS gəlib-gəlməməsi soruşulmuş, Təqsirləndirilən şəxs ona COVİD-19 xəstəliyi ilə bağlı vermiş olduğu testin müsbət çıxması barədə, eləcə də evi tərk etməməsi barədə SMS gəldiyini, lakin sahəyə işləməyə getdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 52 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş ayon İcra hakimiyyəti başçısının Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 53 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Hüşün kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X3 arvadı; X5 – oğlu (xx.xx.2004-cü il təvəllüdlü); X2 – qızıdır (xx.xx.2007-ci il təvəllüdlü);. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşman olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar