Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-34/2022 29.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X4 iştirakı ilə xx xxxxx 1972-ci ildə Ağdaş rayonu,Qoşaqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Qoşaqovaq kəndində qeydiyyatda olan, faktiki olaraq Ağdaş rayonu, Qolqəti kəndində yaşayan, barəsində 10 fevral 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29.11.2021-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 30.11.2021-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq o, yəni “Azərbaycan Respublikasinin ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalari”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 01 may 2020-ci il 161 №-li Qərarının 4.5.5-ci və 4-1.2-ci bəndlərinə zidd olaraq 01.12.2021-ci il tarixdə, saat 10:00 radələrində Ağdaş rayonu Qolqəti kəndində yerləşən yaşadığı evi tərk edərək küçəyə çıxmış və bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 10-50 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində oğlunun X5 iştirakçısı olduğunu, qardaşının 1993-cü ildə X3 şəhid olduğunu, 29.11.2021-ci il tarixdə özünü narahat hiss etdiyi üçün Ağdaş xəstəxanasında COVİD-19 qarşı test verdiyini, onunla əlaqə saxlamaq üçün xəstəxanaya ***-***-**-** saylı mobil nömrəsini verdiyini, həmçinin ona özünü təcrid etmə qaydalarına riayət etməyini bir daha izah etdiklərini, həmçinin ona fərdi təcrid olunma barədə razılıq forması imzaladıldığını, fərdi təcrid olunma barədə razılıq formasını imzaladığı tarixdən testinin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməməyi, əgər testin nəticəsi pozitiv çıxarsa 14 gün müddətində olduğu yer üzrə təcrid olunmağı və yaşayış yerini tərk etməməyi, həmçinin sahə həkimi tərəfindən ona xəstəliyinin izlənməsi, müvafiq müalicə tədbirlərinin həyata keçirilməsi üçün müvafiq şərait yaratmasının izah olunduğunu, 30.11.2021-ci il tarixdə xəstəxanadan ona zəng etdiklərini və onunla maraqlandıqlarını, səhhətini soruşduqlarını, ona testinin nəticəsinin pozitiv çıxdığını bildirdiklərini, bundan əlavə GEM-dən də zəng edib onunla maraqlandıqlarını və ona xəbərdarlıq edildiyini, əks halda inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə ona xəbərdarlıq edildiyini, həmçinin 30.11.2021-ci il tarixdə 14:37 dəqiqədə onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə COVİD-19 testinin nəticələrinin pozitiv olduğunu, özünün və ailə üzvlərinin evdən çıxmamağını, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə mesaj gəldiyini, testinin nəticəsi pozitiv çıxsa da özündə narahatlıq hiss etmədiyini, 02.12.2021-ci il tarixdə iynə-dərman almaq üçün xəstəxanaya getdiyini, daha sonra bacanağı Elmangilə getdiyini, onun oğlu faciəli şəkildə vəfat etdiyi üçün Elmanın onu düşürüb qəbristanlığa getməli olduğunu, Elmanla gəlib evə çatan zaman qapısında polislərin onu gözlədiyini gördüyünü, polislərin onu videogörüntüyə çəkdiklərini və nəyə görə yaşadığı yeri tərk etdiyini soruşduqlarını, özünün də sistem vurdurmağa getdiyini bildirdiyini, bundan sonra ona yaşadığı evi tərk etməli olmadığını bildirdiklərini, bir daha ona xəbərdarlıq etdiklərini və çıxıb getdiklərini bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin sahə rəisi vəzifəsində işlədiyini, mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri pozitiv çıxan şəxslər barədə Ağdaş RPŞ-nə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə COVİD-19 testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edibetməməsi onlar tərəflərindən yoxlanıldığını, 02.12.2021-ci il tarixdə, saat təxminən 10:00 radələrində Ağdaş İTB-nin sahə polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə Ağdaş rayonu Qoşaqovaq kəndində yaşayan 29.11.2021-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticələri pozitiv çıxmış xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk edib etməməsini yoxlamaq üçün Ağdaş rayonu Qoşaqovaq kəndində getdiklərini, həmin zaman maraqlananda Təqsirləndirilən şəxs Ağdaş rayonu Qolqəti kəndində yaşadığını bildiklərini, bundan sonra Ağdaş rayonu Qolqəti kəndinə Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiklərini, həmin yerdə Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs yoxlamaq üçün onun yaşadığı ünvana getdiklərini, həmin vaxt Ayazın evdə olmadığını, təxminən 10 dəqiqə sonra Ayazın evə gəldiyini, ondan evi nə üçün tərk etdiyi soruşulan zaman iynə vurdurmaq üçün getdiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi barədə protokol tərtib olunduğunu bildirdi. İş üzrə Şahid2 Natiq oğlu məhkəmə iclasında verdiyi ifadəsində mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri pozitiv çıxan şəxslər barədə Ağdaş RPŞ-nə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə COVİD-19 testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsi onlar tərəflərindən yoxlanıldığını, 02.12.2021-ci il tarixdə, saat təxminən 10:00 radələrində Ağdaş İTB-nin sahə rəisi Şahid1 və polis nəfəri Şahid3 ilə birlikdə Ağdaş rayonu Qoşaqovaq kəndində yaşayan 29.11.2021-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticələri pozitiv çıxmış xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk edib etməməsini yoxlamaq üçün Ağdaş rayonu Qoşaqovaq kəndində getdiklərini, həmin zaman maraqlananda Təqsirləndirilən şəxs Ağdaş rayonu Qolqəti kəndində yaşadığını bildikərini, bundan sonra Ağdaş rayonu Qolqəti kəndinə Təqsirləndirilən şəxs yaşadığı ünavana getdiklərini, gedib Təqsirləndirilən şəxs yaşadığı ünvana çatdıqlarını və Ayazın yaşadığı evin qapısını döydüklərini, lakin qapını açan olmadığını, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs avtomobil ilə qayıdıb yaşadığı evə gəldiyini, yanında isə Elman adlı şəxs olduğunu, daha sonra Təqsirləndirilən şəxs videogörüntüyə aldıqlarını, Təqsirləndirilən şəxs həmin vaxt sistem vurdurmaq üçün getdiyini bildirdiyini, daha sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi barədə protokol tərtib olunduğunu bildirdi. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə tərəfindən məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X7 atasıdır. Müdafiə tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Ağdaş Rayon Şöbəsi tərəfindən verilmiş 10.03.2022-ci il tarixli 174 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu X9 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Azərbaycan Respublikasınün ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə tərəfindən məhkəməyə təqdim olunmuş «Ağdaş Rayon Mərkəzi Xəstəxanası» X11 tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli 196 №-li arayışdan görünür ki, X9 «Partlayış travması nəticəsində beyin silkələnməsi» diaqnozu ilə Ağdaş RMX PNŞnin poliklinika şöbəsində qeydiyyatdadır. Müdafiə tərəfindən məhkəməyə təqdim olunmuş Ağdaş RİB-nın Qoşaqovaq KİƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 10.03.2022-ci il tarixli 45 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X6 12.02.1994-cü ildə İ Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində cərimə cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cərimə cəzası təyin etmək qənaətinə gələrkən İİ Qarabağ Müharibəsinin iştirakçısı olan oğlu X7 müharibədə aldığı «Partlayış travması»nın müalicəsi ilə bağlı hər ay Bakı şəhərinə getmək məcburiyyətində olduğunu, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzalar tətbiq ediləcəyi təqdirdə bunu etmək imkanından məhrum olunacağını, bunun isə X5 iştirakçısı olan oğlu X1 mənfi təsir edəcəyini əsas götürür. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib iki min beş yüz manat cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-34/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-34/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver