Məhkəmə qərarları › İş №1(014)-34/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-34/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-34/2024 19.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 0712.2018-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(014)-1878/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 27 aprel 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 4720,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində 1998-ci ildə Ruhiyyə Əsgərova ilə evləndiyini və həmin ailəsindən üç övladının olduğunu, 2005-ci ildə Ruhiyyə ilə boşandıqdan sonra xx.xx.2007ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ikinci dəfə evləndiyini, həmin nikahdan xx.xx.2008-ci il tarixdə Röyanə, xx.xx.2009-cu il tarixdə isə Elcan adını verdikləri övladlarının doğulduğunu, evləndikdən sonra Nərminlə uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan onunla ayrıldığını, bir müddət ayrı yaşadıqdan sonra Nərminin aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etdiyini və Ağdaş Rayon Məhkəməsi tərəfindən nikahın pozulması, həmçinin cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair xx.xx.2018ci il tarixli qətnamə çıxarıldığını, qətnamənin icrasının icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunduğunu, həmçinin alimenti ödəmədiyinə görə iki dəfə inzibati məsuliyyətə cəlb edilərək hər dəfə 10 gün müddətinə həbs edildiyini, lakin məsuliyyətsizlik edib alimenti ödəmədiyini, bundan başqa Nərmindən ayrıldıqdan sonra yenidən evləndiyini və həmin ailəsindən də bir uşağı olduğunu, fərdi qaydada işlədiyini və aylıq qazancının 500- 600 manat təşkil etdiyini, yaranmış aliment borcunu hazırda ödəyə bilməyəcəyini, lakin çalışıb qısa müddətdə borcunu ödəyəcəyini bildirmiş, əməlindən peşmandır, ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, şahidin ifadəsi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində həqiqətən xx.xx.2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla evləndiklərini, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Röyanə, xx.xx.2009cu il təvəllüdlü Elcan adını verdikləri övladlarının doğulduğunu, evləndikdən sonra xeyli müddət səmimi ailə münasibətləri olsa da, sonradan Təqsirləndirilən şəxs təqsiri ucbatından münasibətlərinin pozulduğunu və ayrıldıqlarını, ayrılarkən uşaqların onun himayəsində qalmasına baxmayaraq İlhamın uşaqlarla maraqlanmadığını və onların saxlanılmalarına maddi köməklik göstərmədiyini, həmçinin artıq bir ailə kimi yaşamaqlarının mümkünsüz olduğunu, odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etdiyini, Ağdaş Rayon Məhkəməsi tərəfindən aralarında bağlanmış nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair xx.xx.2018-ci il tarixli qətnamə çıxardığını, qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq İlhamın barəsində olan məhkəmə qətnaməsinə də məhəl qoymadığını və ötən müddətdə müəyyən olunmuş aliment məbləğinin ödənilməsini təmin etmədiyini, halbuki, İlhamın Bakı şəhərində fərdi qaydada işlədiyini və onun alimenti ödəməyə maddi imkanının olduğunu, buna baxmayaraq onun qərəzli şəkildə alimenti ödəmədiyini, uşaqların məktəbli olduqlarını və onların maddi tələbatlarının xeyli artdığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin uşaqların hazrki təlabatı ilə müqayisədə olduqca az olduğunu, buna baxmayaraq İlhama güzəşt edərək alimentin artırılması barədə məhkəməyə müraciət etmədiyini, lakin İlhamın buna əhəmiyyət vermədiyini və hazırki qətnamə ilə müəyyən edilmiş məbləği belə ödəmədiyini, yaşayış evləri olmadığından hazırda uşaqlarla birlikdə Bakı şəhərində kirayədə yaşadığını, 2021-ci ildə ürək əməliyyatı olunduğunu və xəstəliyi ilə bağlı 2-ci qrup əlil olduğunu, buna baxmayaraq məcburiyyət qarşısında qalıb fərdi qaydada işləsə də qazancı və əlillik pensiyası ilə evin kirayə pulunu, kommunal xərclərini və uşaqların gündəlik zəruri xərclərini ödəməyin mümkün olmadığını, maddi vəziyyətlərinin olduqca ağır olduğunu, buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacının çox olduğunu, ötən müddətdə dəfələrlə icra məmurlarına da müraciət edib maddi vəziyyətini onlara bildirdiyini və alimentin alınmasına köməklik göstərmələrini xahiş etdiyini, icra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq İlhamın yenə də alimenti ödəmədiyini, ümumiyyətlə uşaqlarla maraqlanmadığını, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu, odur ki, uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək yaranmış cəmi 4720,00 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-1878/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulmalı olduğunu, həmin icra sənədi üzrə 14 yanvar 2019-cu il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verildiyini, verilmiş müddətdə borclunun tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanıldığını, məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmamasının öyrənildiyini, nəticədə hər hansı əmlakı və gəlirlərinin müəyyən edilmədiyini, borclunun icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyətinin ona izah edildiyini, alimentin ödənilməsinin tələb olunduğunu, məsuliyyəti diqqətinə çatdırıldığını, borclunun hər dəfə müəyyən edilmiş alimenti ödəmək istədiyini bildirərək ona vaxt verilməsini istədiyini, vaxt verilməsinə baxmayaraq ödəniş etmədiyini, odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildiyini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edildiyini, bundan sonra da məcburi icra tədbirlərinin davam etdirilərək yaranmış aliment borcunun ödənilməsinin borcludan tələb olunduğunu, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verildiyini, lakin borclunun bundan sonra da alimenti ödəmədiyini, həmçinin görülmüş icra tədbirləri nəticəsində olduğu yeri müəyyən etmək mümkün olmadığını, odur ki, barəsində xx.xx.2020-ci il tarixli qərarla axtarış elan edildiyini, borclunun xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirildiyini, icra şöbəsində qətnamə üzrə yaranmış aliment borcunun ödənilməsinin bir daha borcludan tələb olunduğunu, həmçinin məsuliyyəti barədə xəbərdarlıq verildiyini, lakin borclunun yaranmış aliment borcunu ödəmədiyini, odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində yenidən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edildiyini, inzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsinin borcludan tələb olunduğunu, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verildiyini, lakin görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün heç bir tədbir görmədiyini, icra sənədinin icrasına etinasız yanaşdığını, eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılsa da o, açıq şəkildə aliment borcunu ödəmək fikrində olmadığını bildirdiyini, icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, həmçinin cinayət məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqların edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmadığını və xx.xx.2023-cü il tarixədək 4720,00 manat məbləğində alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayındığını, icra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etdiyini, göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərildiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1878/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2008ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100 manat miqdarında alimentin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 8(014)-180/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadın surətindən görünür ki, ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 8(014)-182/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadın surətindən görünür ki, Ağdaş rayonu, Ağdaş rayonu, Qrağan Sədi kəndində yaşayan borclu Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci tarixli borclunun axtarılması haqqında qərarların surətlərindən görünür ki, ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 3(014)-55/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 3(014)-95/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qarağan Şıxlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixlinömrəli xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X5 Məşğulluq filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 1ində qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin “bundan sonra – MEİS) “Əmək və Məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) işaxtaran və ay işsiz şəxs kimi qeydiyyata alınmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Şəki regional ədliyyə idarəsinin xx.xx.2023-cü il tyarixli, 65 nömrəli məcburi gətirilmə haqqında qərarından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Şəki şəhəri, 20 Yanvar küçəsi 94də yerləşən Ədliyyə Nazirliyi Şəki regional Ədliyyə idarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli ittiham elan etmək üçün şəxs barəsində axtarış elan etmə və tutulma haqqında qərardan görünür ki, 233820010nömrəli cinayət işi üzrə xx.xx.1977-ci il təvəllüdlü ünvan 1ində qeydiyyatda olan Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və ona ittiham elan edilməsi üçün tutularaq Şəki ŞRPŞ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, saat 11:00-da tərtib edilməyə başlanmış axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Şəki ŞRPŞ-nin MSY-yə təhvil verilməsi məqsədi ilə Ağdaş RPŞ-yə gətirilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə verilmiş Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:36-da azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(014)-34/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, NZS qəsəbəsi ərazisində tutularaq Ağdaş RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs övlad xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 50 manat, cəmi 100 manat miqdarında alimentin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-1878/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 3(014)-55/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə, Ağdaş Rayon Məhkəməsinin 3(014)-95/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarıilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə və icra sənədi üzrə tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun məhkəmə istintaqından yayınmasını, zərəri ödəmək üçün real addımlar atmamasını isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 1ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduğu bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla, cəmi 1 gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduğu bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla, cəmi 1 gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlaılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar