Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-35/2020 03.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil x1 Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi 7 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 25 mart 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 mart 2020-ci il tarixdə, saat 20:15 radələrində orta dərəcəli sərxoş vəziyyətində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə qanunsuz daxil olaraq mətbəxdə əyləşən Zərərçəkmiş şəxs1 özünün arxasınca danışdığına görə irad tutaraq əlində olan bıçağı nümayiş etdirməklə, yəni hədənin icra ediləcəyi ilə bağlı real əsas olduğu halda sonuncunu öldürməklə hədələmiş, bundan sonra Zərərçəkmiş şəxs1 başını bir neçə dəfə mətbəxin divarına qəsdən vuraraq ona başın sağ ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sağ dirsək oynağının arxa səthinin sıyrığı kimi nəticələnən sağlamlığa zərər vurmayan xəsarət, sonradan mətbəxə daxil olmuş Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs3 saçından tutaraq onun baş nahiyəsini mətbəx mebelinə vurmaqla sonuncunun sağ ayağının üzərinə çıxaraq ona sağ ayağın üst səthinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, yəni zor tətbiq etməklə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsinin ziddinə mənzilə daxil olmuşdur. Məhkəmənin 03 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilmiş və o cinayət məsuliyyətindən həmin hissədə azad edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində bildirdi ki, 22 mart 2020-ci il tarixdə evdə yemək yeyərkən təxminən 300-400 qram spirtli içki olan araq qəbul etdikdən sonra şəhərə çıxıb biraz gəzməyə qərar vermiş, şəhərdə gəzdiyi zaman yadına Ağdaş şəhər sakini əvvəllər tanıdığı və əvvəllər münasibətdə olduğu Yazgül adlı qadına zəng edib ondan nə üçün başqalarına onun barəsində danışmasının səbəbini soruşmaq düşmüş, tanışlarından Yazgülün son vaxtlar onun barəsində olurolmaz, ona yaraşmayan sözlər danışdığını eşitmiş, həmin vaxt Yazgülün ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən zəng etdiyi zaman onun mobil nömrəsinə zəng getməmiş, bundan sonra daha da əsəbləşib piyada Yazgülün yaşadığı evə getmiş, onun yaşadığı evə çatıb həyətin giriş qapısına əlini atdıqda qapının açıq olmasını görüb icazəsiz həyətə daxil olmuş, həyətə daxil olanda Yazgülün əri Abdullanın həyətdə olmasını görmüş, ondan Yazgülün harada olmasını soruşub cavab gözləmədən evə qalxmış, evə qalxdıqdan sonra evin giriş qapısından içəri daxil olmuş, Yazgülün evin sol tərəfində yerləşən mətbəxdə tək əyləşdiyini görüb ona yaxınlaşıb sol əli ilə onun saçından tutaraq ona “mən sənə nə etmişəm, sən mənim arxamca danışırsan” deyib yolda gələrkən cibindən çıxarıb əlində saxladığı gümüşü rəngli açılıb-bağlanan bıçağı sağ əlində açıq vəziyyətdə olduğu üçün ona göstərmiş, həmin vaxt Yazgül qorxub onun arxasınca danışmadığını demiş, bu vaxt Abdulla mətbəxə daxil olub onun əlində bıçağı açıq vəziyyətdə görüb həmin bıçağı əlindən almaq istəyən vaxt bıçağın kəsici hissəsindən tutmuş, bu vaxt bıçağı geriyə çəkdikdə Abdullanın əlini bıçaq kəsmiş və özü də yerə yıxılmış, mətbəxdə yaranmış səs-küyə Yazgülün qızı Aydan gəlmiş və onun üstünə qışqıraraq mətbəxdən bıçaq götürüb onun üstünə gəlmiş, ona çıxıb getməyini dedikdə özü də bilmədən onu itələyən zaman baş nahiyəsi mətbəx mebelinə dəymiş və əlindən bıçaq yerə düşmüş, o, da öz əlində gətirdiyi bıçağı cibinə qoyub oradan çıxıb getmiş, təxminən 15 dəqiqə sonra şəhərdə polis əməkdaşları ilə rastlaşdıqda ona Yazgülün evinə gedib onu öldürməklə hədələdiyi üçün onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Zərərçəkmiş şəxs1 saçından tutub ona bıçaq nümayiş etdirdiyini, lakin həmin vaxt onun başını divara vurmadığını, ona səni öldürəcəm demədiyini, həmin vaxt əsəbi və sərxoş olduğu üçün onun baş nahiyəsini divara vurduğunu xatırlamadığını, qızı Aydana da heç bir xəsarət yetirmədiyini, Aydanı bilmədən itələyən zaman baş nahiyəsinin mətbəx mebelinə dəydiyini, həmin vaxt onu boğaz nahiyəsindən tutub boğmadığını, onun ayağının üstünə çıxıb ona xəsarət yetirdiyini xatırlamadığını, Zərərçəkmiş şəxs2 qəsdən xəsarət yetirmədiyini, həmin vaxt ona Zərərçəkmiş şəxs1 və ya digər ailə üzvləri tərəfindən heç bir xəsarət yetirilmədiyini, ona 22 mart 2020-ci il tarixdə axşam saat 20:15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evinə daxil olan zaman həmin evdə yaşayan hər hansı bir şəxs tərəfindən yaşayış evinə girməyə icazə verilmədiyini, həmin vaxt çox əsəbi və sərxoş vəziyyətdə olduğu üçün onların evinə icazəsiz daxil olduğunu, bəzən meyvə doğramaq üçün lazım gəldiyindən üzərində bıçaq gəzdirdiyini, Zərərçəkmiş şəxs1 yaşadığı evinə gedəndə yolda əlini cibinə atanda bıçağın üzərində olduğunu gördükdən sonra bıçağı çıxardıb əlində saxladığını, həmin vaxt Zərərçəkmiş şəxs1 və ya başqa birinə bıçaqla xəsarət yetirmək və ya kimisə öldürmək niyətinin olmadığını, həmin vaxt Zərərçəkmiş şəxs1 arxasınca danışdığı üçün qorxutmaq istədiyini, həmin vaxt orada Yazgül, həyat yoldaşı Abdulla və qızı Aydan olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, qayınanası x5 mülkiyyətində olan ünvan 2 ünvanında həyat yoldaşı Abdulla, qızı Aydan və oğlu Ayxan ilə birlikdə yaşayır, qayınanası rəhmətə getmişdir. Təxminən 15 ildir ki, həmin evdə yaşayır. 22 mart 2020-ci il tarixdə, saat təxminən 20:15 radələrində evdə mətbəxdə tək əyləşmiş, telefonla məşğul olmuşdur. Həyat yoldaşı Abdulla həyətdə imiş, qızı Aydan isə digər otaqda yatıbmış. Oğlu Ayxan isə evdə yox imiş. Bu vaxt görmüşdür ki, təxminən 5-6 il bundan əvvəl tanıdığı Təqsirləndirilən şəxs qəflətən əlində bıçaqla yaşadığı evin mətbəxinə daxil olmuş, həmin vaxt dərhal qışqırıb “sənin nə işin var mənim evimə daxil olmusan” demişdir. Həmin vaxt Elnur onun üstünə hücum çəkmiş və cəhd edib oturduğu yerdən qalxa bilməmişdir. Elnur həmin vaxt sol əli ilə onun saçından tutub baş nahiyəsini divara bir neçə dəfə vuraraq əlindəki bıçağı onun qarın nahiyəsinə aparıb-gətirərək ona “səni öldürəcəm, nə üçün mənim arxamca danışmısan" demiş, həmin vaxt Elnur onun saçından tutmuş, Elnurun əlindən çıxa bilməmiş, həmin vaxt oturduğu stol da altında o tərəf-bu tərəfə silkələnmiş, stol silkələndiyi üçün bədəninin müxtəlif nahiyələri stolun kənarlarına və divara sürtünmüş, həmin vaxt sağ dirsəyində sıyrıq da yaranmışdır. Elnur onu ölümlə hədələyərkən çox əsəbi və sərxoş vəziyyətdə olmuş, bu vaxt həyat yoldaşı Abdulla həyətdən onun səsini eşidib mətbəxə daxil olmuş, Elnurun əlində bıçaq olduğunu görüb onu öldürəcəyindən qorxaraq tez Elnurun əlində olan bıçağın tiyə hissəsindən tutaraq ona evi tərk etməsini demiş, bu vaxt səs-küyə, qışqırığa qızı Aydan da digər otaqdan çıxaraq mətbəxə gəlmiş, vəziyyəti görüb Elnurun üstünə qışqıraraq Elnura evdən çıxıb getməsini, onu buraxmasını demiş, Elnur həmin vaxt Abdullanın kəsici hissəsindən tutduğu bıçağı onun əlindən çəkib çıxartmış və onun saçını buraxıb Aydanın saçından tutaraq onun baş nahiyəsini mətbəx mebelinə vurmuş və ayağı ilə də Aydanın ayağının üzərinə çıxaraq ona xəsarət yetirmiş, həmin vaxt Abdulla da şikəst olduğu üçün özünü ələ ala bilməyib yerə yıxılmışdır. Abdullanın əlindən qan gəldiyini gördükdən sonra birtəhər birlikdə Elnuru evin giriş qapısından çölə çıxarıb qapını bağlamışlar. Elnur evin giriş qapısının qarşısında dayanıb onların ünvanına nalayiq ifadələr işlətdikdən sonra çıxıb getmişdir. O, da daha sonra DİN-nin 102 xidmətinə zəng edib Elnur adlı şəxsin əlində bıçaqla evinə gəlməsini və evdə münaqişə yaratmasını bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir münasibət olmadığını, Təqsirləndirilən şəxs əvvəllər onun işlətdiyi gözəllik salonunu təxminən 8 il bundan qabaq yandırdığı üçün onun barəsində şikayət etdiyini, bu barədə də Ağdaş RPŞ-də araşdırma aparılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərildiyini, Təqsirləndirilən şəxsla aralarında başqa heç bir münasibət olmadığını, onunla hər hansı bir düşmənçiliyi, ədavəti olmadığını, Təqsirləndirilən şəxs 22 mart 2020-ci il tarixdə yaşadığı evə daxil olarkən ondan, yoldaşından və ya qızından icazə almadığını, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və təlbinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ağdaş şəhəri, M.Hüseynzadə küçəsi, 12 ünvanında atası Abdulla, anası Yazgül, qardaşı Ayxan ilə birlikdə yaşayır. 22 mart 2020-ci il tarixdə, saat təxminən 20:15 radələrində işdən gəlib yorğun olduğu üçün evdə digər otaqda yatmış, bu vaxt mətbəxdən anasının qışqırıq səsini eşidib dərhal yatağından qalxaraq nə baş verdiyini öyrənmək üçün mətbəxə getmiş, mətbəxə daxil olan zaman əvvəllər tanıdığı, adının Elnur olduğunu bildiyi şəxsin bir əlindəki bıçağı anasının qarın nahiyəsinə aparıb-gətirdiyini, digər əli ilə də anasının saçından tutub divara vuraraq anasına səsini yüksəldərək “səni öldürəcəm” dediyini görmüş, həmçinin, həmin vaxt atası Abdullanın da mətbəxdə onların yanında olduğunu, Elnurun əlində olan bıçağın kəsici hissəsindən tutaraq saxladığını görmüş, Elnurun əlindəki bıçağı anasının qarın nahiyəsinə aparıb-gətirdiyi zaman atası bıçağın kəsici hissəsindən tutduğundan atasının əlinə xəsarət yetirdiyini, atasının əlindən qan gəldiyini görmüş, həmin vaxt Elnura qışqıraraq “anamı burax, anamdan nə istəyirsən, bu dəqiqə polisə zəng edəcəm” dedikdə Elnur sərxoş vəziyyətdə daha da azğınlaşaraq bıçağı atasının əlindən arxaya çəkib çıxartmış, anasının saçını buraxıb çevrilib onun saçından tutaraq başını mətbəx mebelinə vurmuş, ayağında olan ayaqqabı ilə onun ayağının üstünə çıxaraq tapdalayıb onun sağ ayağına xəsarət yetirmiş, Elnur həmin vaxt həmçinin, onun boğaz nahiyəsindən tutub sıxmış, mətbəxdə Elnur ilə süpürləşəndə atasının əlindən qan gəldiyini gördükdən sonra bir təhər Elnuru evin giriş qapısından çölə çıxardıb, evin giriş qapısını bağlamış, lakin Elnur evin giriş qapısının qarşısında onların ünvanına nalayiq söyüşlər söyməyə başlamış və çıxıb getməmiş, bundan sonra anası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdikdən sonra Elnur həyətdən çıxıb getmiş, həmçinin, atası da aldığı xəsarətlə bağlı Ağdaş RMX-na müraciət etmişdir. Təqsirləndirilən şəxs təxminən 8 il bundan qabaq anasının işlətdiyi gözəllik salonunu yandırdığı zaman tanıdığını, lakin sonradan Təqsirləndirilən şəxs görmədiyini, Elnurun anasını nə üçün ölümlə hədələdiyini bilmədiyini, Elnurun hadisə vaxtı anasının saçından tutub divara vuranda və onun qarın nahiyəsinə bıçağı “səni öldürəcəm” deyib aparıbgətirəndə“ sən mənim dalımca danışmısan” dediyini, Təqsirləndirilən şəxs əvvəllər onların yaşadığı evə gəlmədiyini, Elnurun həmin gün yaşadıqları evə qanunsuz daxil olduğunu, anasından, atasından və ya ondan heç bir icazə almadığını, Elnurun həyət girib yaşadıqları mənzilə daxil olarkən hətta atasının həyətdən “hara gedirsən, dayan” deməsini vecinə belə almadan qanunsuz olaraq yaşadıqları mənzilə daxil olduğunu, Elnurun onun anasının baş nahiyəsini divara vurduğunu, həmin vaxt qışqırdığı üçün onun saçından tutub mətbəx mebelinə vurduğunu, boğazından boğub ayağının üstünə ayaqqabı ilə çıxaraq ona xəsarət yetirdiyini, atası onun əlindəki bıçağı almaq üçün bıçağın tiyəsindən tutduğu üçün atasının da əlini bıçaq kəsdiyini, Elnurun anasının baş nahiyəsini divara vuraraq ona “mənim arxamca danışmısan deyə səni öldürəcəm” dediyini, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və təlbinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ağdaş şəhəri, Mehdi Hüseynzadə küçəsi, 12 ünvanında yoldaşı Yazgül, qızı Aydan və oğlu Ayxan ilə birlikdə yaşayır. Yaşadığı ev anası x5 adınadır və anası rəhmətə getmişdir. Təxminən 20 ilə yaxındır ki, həmin evdə ailəsi ilə birlikdə yaşayır. 22 mart 2020-ci il tarixdə saat təxminən 20:15 radələrində yaşadığı evin həyətində olmuş, hava qaranlıq olmuş, qızı və həyat yoldaşı evdə olmuş, oğlu isə evdə olmamışdır. Bu vaxt kiminsə həyətin giriş qapısından həyətə daxil olduğunu görmüş, həyətə girənin oğlu Ayxan olduğunu zənn edib ona səslənmiş, lakin səs çıxmadığı üçün həmin şəxsin Ayxan olmadığını bilmiş, bu vaxt oona yaxınlaşıb həmin şəxsə “sən kimsən və hara gedirsən” dayan demiş, həmin şəxs ona “Yazgül evdədirmi” sualını verib cavab belə almadan pilləkən ilə qalxıb evə daxil olmuş, ayaqları şikəst olduğu üçün evə qalxana kimi evdən səs-küy gəldiyini eşitmiş, evə birtəhər qalxıb mətbəxə daxil olanda həmin şəxsin mətbəxdə əlində bıçaq həyat yoldaşı Yazgül ilə mübahisə etdiyini, bir əlində bıçaq, bir əli ilə də Yazgülün saçından tutub onun başını divara vurduğunu, əlindəki bıçağı da Yazgülün qarın nahiyəsinə aparıb-gətirərək ona “mənim arxamca danışmısan, ona görə də səni öldürəcəm” dediyini görmüş, ona yaxınlaşıb əlində açıq vəziyyətdə olan açılıb-bağlanan bıçağın kəsici hissəsindən tutaraq həmin bıçağı onun əlindən almaq istəmiş, lakin o bıçağı arxaya çəkən kimi bıçaq ehtiyatsızlıqdan onun əlini kəsmiş, Elnur ona həmin vaxt qəsdən xəsarət yetirməmiş, lakin onu itələyib yerə yıxmış, daha sonra da qızı Aydan digər otaqdan gəlib həmin şəxsə “anamı burax” deyib üstünə qışqırmış, bundan sonra həmin şəxs Yazgüldən aralanıb Aydanın saçından tutaraq başını mətbəx mebelinə vurmuş və ayağı ilə də Aydanın ayağının üstünə çıxaraq ona xəsarət yetirmiş, birtəhər yerdən qalxıb Yazgül və qızı Aydanın köməkliyi ilə onu evin giriş qapısından çölə çıxarıb qapını içəridən bağlamış, həmin şəxs qapının arxasında dayanıb onların arxasınca nalayiq ifadələr işlətməyə başlamış, daha sonra da Yazgül DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, sonradan həmin şəxsin Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs olduğunu bilmiş, lakin həmin şəxsi əvvəldən tanımamış, nə üçün yaşadığı evə gələrək yoldaşı Zərərçəkmiş şəxs1 ölümlə hədələməsinin səbəbini bilməmiş, hadisədən sonra həyat yoldaşıdan soruşduqda ona Elnurun onu ölümlə hədələyəndə ona “sən mənim dalımca danışmısan” demiş, Təqsirləndirilən şəxs yaşadığı evə girərkən ondan və ya həmin evdə yaşayan ailə üzvlərinin heç birindən icazə almamış, Təqsirləndirilən şəxs onların yaşadığı evə həmin gün qanunsuz daxil olmuşdur, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və təlbi yoxdur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 140 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Zübeyir qızının bədənində olan xəsarətlər-başın sağ ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması) sağ dirsək oynağının arxa səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 22.03.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 138 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarət-sağ ayağın üst səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti 22.03.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Ağdaş şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 30 mart 2020-ci il tarixli 1175 №li arayışdan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Əliyev x2, M.Hüseynzadə küçəsi 12 ünvanında yaşayırlar. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 23 mart 2020-ci il tarixdən 25 mart 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxmağı məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 51 manat 06 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut, Ağdaş rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 mart 2020-ci il tarixdən 25 mart 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 51 manat 06 qəpik (əlli bir manat altı qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut, Ağdaş rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-35/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-35/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver